“Kino problemini gündəmə
çıxara bilmişik”
“Azərbaycanfilm”
kinostudiyasına yeni direktor təyinatından bir ilə
yaxın vaxt keçir. Kinostudiyanın
direktoru Müşfiq Hətəmov “Kaspi”yə müsahibəsində
milli kino sənayesini inkişaf etdirmək üçün
görüləcək işlərdən danışıb.
Kino xəyanəti qəbul etmir
- Sizin kinostudiyaya təyinatınızdan
bir ilə yaxın vaxt keçir. Bu müddət
ərzində nələr dəyişib, hansı yeniliklərdən
danışmaq olar?
-
Kinostudiyaya rəhbər təyin olunandan sonra bir neçə
xətt üzrə işləmək nəzərdə
tutulurdu. İlk növbədə «Azərbaycanfilm»in
və yaradıcılıq prosesinin hansı vəziyyətdə
olmasını peşəkar mütəxəssislərlə
müzakirə etdik. Bilirsiniz ki, kino həm
incəsənət, həm də kommersiya olaraq güclü
sahədir. Xarici şirkətlərlə
müştərək işlər qurulmasa kino ön mövqeyə
çıxa bilməz. Və ya «Azərbaycanfilm»
təmir olunanda biz bu vacib və incə işə necə
hazırlaşmalıyıq, taktikanı necə
qurmalıyıq? Ola bilər ki, kinostudiya təmir
olunsun, amma orada industriya qurulmasın və ora gələn
yerli və xarici mütəxəssislər üçün
onun əhəmiyyəti olmasın. Bir də
var ki, çöl qapısından tutmuş direktorun
otağına qədər kinoya xidmət etsin. Məhz bu tələblərə cavab veriləndə
bura mütəxəssislər gələcək. Bir də var gündəlik gördüyümüz
işlər. Biz ilk növbədə
yarımçıq qalmış filmlərimizi tamamlamağa
başladıq. «Dolu», «Çölçü”,
«Sübhün səfiri» filmlərini təhvil verdik. Bir neçə filmlər isə tamamlanmaq üzrədir.
Digər tərəfdən, musiqi və şəkil
arxivlərindəki materialları restravrasiya edib rəqəmsal
daşıyıcılara köçürürük.
Biz həmçinin başa düşdük ki, bu gün
özəl sahələrlə əməkdaşlıq edilməlidir. Sistemi dəyişib
Azərbaycana prodüser kinosunu gətirmək lazımdır.
Məsələn, bizdə peşəkar səviyyədə
filmlər çəkən prodakşnlar vardı. Biz Prodüserlər Gildiyası təsis etdik və mən
həmin qurumun sədri vəzifəsinə təyin olundum.
Bir məqsədimizə də çatdıq ki,
həmin mərkəzlərdə olan peşəkar mütəxəssisləri
«Azərbaycanfilm»in ətrafında birləşdirə bildik.
Biz bu günlərdə Prodüserlər ssenarisi
film festivalı elan edəcəyik. Burada
filmin yarıdan çoxunun pulunu prodüserlər özləri
qoyur. Bu prosesi ya texnika, ya da kadr şəklində
həyata keçirirlər. Bu xətlə
prodüser kinosunu qabağa çəkmək lazımdır.
Düzdür, müəllif filmləri də
çəkiləcək. Bunun içərisində
müəllif kinosunda həm prodüser, həm də kassa
filmləri də nəzərdə tutulur. Əsas
odur ki, biz kadrları yetişdirək və rəqabət
yaransın. Bütün bu planları həyata
keçirmək üçün mexanizm
hazırlanmalıdır. Mən
çalışıb burada çəkilən filmlər
haqqında xarici ekspertlərdən rəy aldım. O
cümlədən, bir neçə ssenarini də xarici ekspertlərə
vermişəm. Bununla yanaşı, gənc
kadrlar üçün ustad dərslərinə
başladıq. İndi artıq
industriyanın komponentlərini birləşdirmək
vaxtıdır. Əgər bu proses baş verməsə,
istədiyimiz nəticəni ala bilməyəcəyik. Çünki kino çox incə və
şıltaq sənətdir. Kino xəyanəti
qəbul etmir. Bütün bu işlərlə
bərabər kinostudiyanın layihələşməsi prosesi
gedir. Bilirsiniz ki, neçə illərdir
televiziyalar «Azərbaycanfilm»dən getmişdilər. Artıq bu gün İctimai Televiziya kinostudiyanın
pavilyonunda öz serialını çəkir. Biz bu gün Azərbaycan Televiziyası ilə əməkdaşlıq
edirik. Bu yaxınlarda Mədəniyyət və
Turizm Nazirliyinə müraciət edərək «Kino
haqqında» qanunda bəzi dəyişikliklər etmək təklifini
irəli sürdük. Hazırda
İqtisadi İnkişaf Nazirliyində və Nazirlər
Kabinetində bizim hazırladığımız təkliflər
paketinə baxılır. Mənə elə gəlir ki,
bir il ərzində bu qədər işlər
az deyil. Düzdür, bəziləri deyirlər
ki, mexanizmin qurulması düzgün deyil, dövlət
heç bir kömək etməyəcək və s. Ancaq kinoda
mexanizmin yaradılmasına mane olan hallar aradan
qaldırılacaq. Əsas odur ki, biz bu
gün kino problemini gündəmə çıxara
bilmişik.
Yarı dövlətin, yarı
prodüserin... hesabına
- Siz prodüser kinosuna toxundunuz. Qərbdə prodüseri kinonun «boz kardinalı»
adlandırırlar. Onların funksiyası ideyanı vermək,
ssenarini maliyyələşdirmək, prokatı təşkil
etmək, yayımı ilə məşğul olmaq və
s-dir. Bəs bizdə bu proses necə həyata keçiriləcək?
- Dövlət
öz siyasətinə uyğun sifarişini verəcək.
Tarixi, mənəvi, Qarabağ müharibəsi və s. haqda
filmlərə dövlət maliyyə ayıracaq. Bir də
var, həmin prodüser mərkəzləri “
bizim əlimizdə filan qədər vəsait var və
bizim sinopsisi neçə dövlət alıb. Siz
bizə filan dəstəyi verin” deyəcəklər. Ola bilsin ki, kinostudiya da onlara öz texnikası, geyimləri
ilə kömək edəcək. Təbii
ki, həmin ssenari ilə tanışlıqdan sonra. Məsələn, «40-cı qapı» və bir
sıra başqa filmlərdə prodüserlər vəsaitin
yarısını özləri tapıb, qalanına da dövlət
dəstək verib. Yəni qarşılıqlı proses
gedəcək. Elə bir film olacaq ki, həmin
prodüserə “bu filmin dünyada yayılması hüququnu sənə
verirəm” deyiləcək. Əsas odur ki,
bu prosesin menecerləri, prodüserləri yetişsin. Dövlət görəndə ki, həmin
prodüserin ona təklif etdiyi filmdə hansısa bir gəliri
var, onu maliyyələşdirəcək. Necə
ki, hazırda Türkiyədə Elçinin «Mahmud və Məryəm»
filmi çəkilir. Həmin filmə həm
bizim nazirlik, həm Türkiyənin Mədəniyyət
Nazirliyi, həm də prodüserin özü pul ayırır.
Digər proseslər də bu şəkildə həyata
keçiriləcək.
- Bəzi filmlərin ssenarisinə
xarici kinoşünaslardan rəylər
aldığınızı dediniz. Rəylər
müsbətdirlərmi?
- Rəylərdə
mənfi və müsbət hallar çoxdur. Bu,
mənə həddən artıq kömək edir. Təqdim olunan ssenarilərə görə çox
çətinlik çəkirəm. Çünki
köhnəni dağıtmadan təzəni qurmalıyıq.
Bizdə yaxşı ənənələr var.
Bir də böyük kinonun inkişafına mane olan mənfi
hallar var. Ona görə də bir qismi deyir
mümkündür, bir qismi əksini söyləyir. Mənsə deyirəm ki, problemləri həll etdikcə
bu, mümkündür.
- Bu yaxınlarda söhbətləşdiyim
peşəkar kino adamlarından biri ümumiyyətlə,
prodüser kinosuna mənfi münasibətini
açıqladı. Sizcə bu fikirlər, köhnə nəslin
yeni nəsli qəbul etməməsindən yaranır?
- Bu
gün xaricdə ən çox uğur qazananlar həmin mərkəzlərin
prodüser və rejissorlardır. Biz bütün
kəşfiyyatları həyata keçirməliyik. Əlbəttə, 10 prodüserin içərisindən
axırda 2-i qalacaq. 10 nəfər gənc
rejissorun içərisindən 1-i qalacaq. Bu gün
hamı tənqid edir ki, «Bu nə seriallardır çəkirlər?». Bu böyük bir enerji idi,
yığılmışdı, hamı «mənəm-mənəm»
deyirdi. Artıq serial çəkənlərin
30-40 faizi heç qalmayacaq. Bəlkə də
5 faizi qalacaq. Bu da ölkədə bu sahənin
inkişafına kömək edəcək. Amma qoy çəksinlər. Çünki
rəqabət gəlir. Onların içərisindən
işartı verənləri var. Filmə pul qoymaq istəyən
insanlar var. O gənclər tapırlar və filmləri
satırlar. Məsələn, Cənubi Azərbaycandan
Babək Şirinsifətin «Sıfır saatının qatarı» sənədli filmini 8 dövlət
aldı. Və yaxud bizim gəncləri
götürək. Onlar nə qədər
beynəlxalq mükafatlar alırlar. Amma bu
gəncləri daha da inkişaf etdirmək və həvəsləndirmək
üçün işlək bir mexanizm yaratmaq lazımdır.
Bu yaxınlarda 2-3 məşhur Avropa
distributorlarının Azərbaycana dəvətini və ya
onlarla görüşümüzü nəzərdə
tuturuq. Çünki onlar artıq bizim
verdiyimiz sinopsislərdə bəri başdan iştirak etmək
istəyirlər. Bu detallar qurulmasa,
istedadlı gənclər peşəkar səviyyəsinə gətirilməsə,
işləmə mexanizmi yaranmasa kino olmayacaq. Bizim öz qrafistimiz, işıqçımız və
s. olmalıdır. Müasir qrimın
hazırlanması Azərbaycanda yox dərəcəsindədir.
Amma Azərbaycanda istedadlı qrim ustaları var.
Onları sadəcə, peşəkar səviyyəyə
qaldırmaq lazımdır. Həmişə
ən böyük problemimiz o olub ki, böyük işlər
görmək istəmişik, amma onları gənclərə
vermək istəməmişik. Məsələn,
«Cırtdan və Təpəgöz» 10 dəqiqəlik filmdir.
Gənclər bu filmi çəkdi və təqdimatında
bütün tamaşaçıları ayağa
qaldırdı. Artıq məsləhət
görüldü ki, onlara bir də film verək. Əlbəttə, çatışmayan cəhətlər
olacaq. Çünki bu, onların ilk
işidir. Amma indiyə qədər deyirdilər
ki, 2-3 nəfər yaşlı nəslin nümayəndəsi
var və cizgi filmini də yalnız onlar çəkməlidirlər.
Biz öz eksperimentlərimizi etməliyik. Düzdür, bunların hamısı yüz faiz
alınmayacaq, amma tədricən peşəkar səviyyəyə
qalxacaq.
- “Nə üçün
bizdə tarixi seriallar çəkilmir?” Bu gün bu sual hamını maraqlandəırır.
Məsələn, son günlər Şah
İsmayıl Xətainin siyasi fəaliyyəti ilə
bağlı ziddiyyətli fikirlər gündəmə gəlib.
Bu cür şəxsiyyətlər haqda filmlər
çəkməklə tarixdən çıxış etmək
olmazmı?
- Əgər tarixi serial çəkmək istəyiriksə, mən Şah İsmayıl Xətaidən çəkilməsinin əleyhinəyəm. O mənada ki, biz buna hazır olmalıyıq. Bu serialı çəkə biləcəyikmi? Biz mexanizmi qursaq, serial da, müəllif filmləri də, ideyalar da gələcək. Dövlətin kinoya dəstəyi var. Məqsəd də odur ki, əsasən özəl sahələr inkişaf etdirilsin. Kinostudiya baza rolunu oynayacaq. Gürcülər xariciləri cəlb etməklə bu modeli seçdilər. İranlıların kinosu var idimi? 25-30 il əvvəl xariciləri gətirdilər şərtləri də bu oldu ki, prosesdə 40 faiz yerli kadrlar iştirak etsin. Onların təcrübəsini öyrəndilər və çəkməyə başladılar. Kinostudiyanın təmirindən sonra bizim də məqsədimiz həm özümüzün kino çəkməyimiz, həm də xarici şirkətləri burada film çəkməyə maraqlandırmaqdır. Bu, dünyaya bir qapıdır. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq, çünki proses gedir.
- Bəs prokatın təşkili barədə nə fikirləşirsiniz? Rejissorlar şikayətlənirlər ki, çəkdikləri filmlər rəflərdə yatıb qalır.
- Biz bu prosesə də başlamışıq. İlk dəfədir ki, «Nizami» kinoteatrında hər həftə yeni bir film nümayiş olunur. Amma bu, o qədər də özünü doğrultmur. Bununla belə, bu o demək deyil ki, bu, olmayacaq. Artıq gələcəkdə biz Azərbaycanın 39 rayonunda «Azərbaycanfilm»in kinosunu eyni vaxtda göstərə bilərik.
- Yeni filmlərin yerli telekanallarda göstərilməsi ilə də bağlı problemlər var.
- Televiziyalar artıq əməkdaşlığa
başlayıblar. Televiziyalarla müqavilə bağlanıb.
Artıq filmlərimizi veririk. Sadəcə, yeni çəkilən
filmləri kinoteatrlarda nümayiş etdirmədən
telekanallara verə bilmərik. Qaldı ki, o filmlərin qiyməti,
bu, başqa mövzudur. Yəqin ki, bu da gələcəkdə
anlaşılacaq. Bu gün əsas odur ki, televiziyalar
kinostudiyanın pavilyonuna gəlir.
Razılar və narazılar
- Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev “Kaspi”yə açıqlamasında kino işçilərinin sosial durumunun ağırlığından şikayətləndi. Kinonun texniki və yaradıcı tərəfləri bir yana, bəs işçilərin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı planda hansısa məsələlər varmı?
- Bilirsinizmi, bu gün cəmiyyətdə olan mənfi
və müsbət hallar hamıya sirayət edir. O cümlədən,
kino işçilərinə də. Ancaq mən bunu o qədər
qəbul edə bilmirəm. Əgər bu gün yaxşı
ssenari yazılırsa, onu heç Azərbaycanda çəkməyə
ehtiyac yoxdur. Həmin ssenarini xaricilər dərhal alır. Bizdə
isə ssenarist həddən artıq azdır. 50-60 nəfər
özünə «ssenaristəm» deyir. Ancaq onların içərisindən
2-3-ünü saya bilərik. Qalanları gözləyirlər
ki, onların ssenarisini «Azərbaycanfilm», yaxud da «Salnamə» və
ya «Yaddaş» çəksin. Əlbəttə ki, o
adamların vəziyyəti ağır olacaq. Və yaxud
ssenarilərini televiziyalara təqdim edirlər, telekanallar da
onları qəbul etmir. Nəticədə deyirlər ki, vəziyyətimiz
ağırdır. Təxminən 200 nəfərə yaxın
adam deyir ki, rejissoruq. Ancaq onların televiziyadan tutmuş
kinostudiyaya qədər çəkdikləri ekran əsərləri
yadda qalmayan filmlərdir. Böyük bir nəsil yetişib ki,
onların bəziləri razı, bəziləri isə
narazıdır. Yaxşı ssenari olmayanda bir qisim aktyorlar və
texniki işçilər işsiz qalır. Bu da onların vəziyyətinə
pis təsir edir. Bu gün mexanizmin olmaması yaxşı ilə
pisi, güclü ilə zəifi ayırmağa mane olur. Amma inanıram
ki, hər şey yaxşı olacaq.
Təranə Məhərrəmova
Kaspi.-2012.-15-17 dekabr.-S.22.