“Dəli bir ağlamaq keçir könlümdən ...” 

 

 ( Nüsrət Kəsəmənliyə və şair ömrü yaşayıb dünyasını dəyişən bütün şairlərə )

 

...Bir soyuq dekabr günü dünyaya gələn, bir buludlu oktyabr səhəri dünyaya “ əlvida” deyən şair! Ana nəfəsinə, ana südünə həsrət qalan, cırıq köynəyinin yamaqlığının sapı götürülən şair! Evində bir ana yerinin boş qalıb üşüdüyü, süfrə başında qayğının viranə yeri boş qalan şair! Yalın ayağına tikanların qəm nağılı yazdığı, gecələr çatlaq dabanları sızıldayan şair! Həyatda yaxşılıq görəndə üfüqə boylanıb “gün hardan doğub?!” deyən şair! Zülmət gecələrinə səhər ümidinin işıq yandırdığı şair! Dənizdən coşğunluq öyrənən, dalğalartək inadlı şair! Ürəyi köksündə zərif bir çiçəyə bənzəyən, hamının gözünə düz baxan, şeirlərinə qarışıb itən, “ Nüsrət Kəsəmənli” imzası ilə sevgi şeirləri, qəm şeirləri, ağrı şeirləri, ayrılıq şeirləri yazan şair!

Şeir yazmaq istəyəndə təyyarəyə bənzəyən, bir uşaq şarı kimi boşalıb –dolan şair! Şeir yazmaq istəyəndə ayağının altındakı torpağı buluddan yumşaq bilən, körpə uşaq kimi məsum olub rənglərin oxumasına, gecənin ağlamasına, səhərin gülümsəməsinə, bir qəzəbli baxışın şimşəktək çaxmasına inanan uşaq kimi saf şair!

Gözləriylə gördüklərinə yox, ürəyi ilə gördüyünə inanan şair! Şeir yazmaq istəyəndə təyyarə tək havada olub enməyə meydan axtaran şair! Öz yazı masasına-meydana yana-yana enən şair!

Yazı masan sənsiz qalıb! Ürəyindən çıxıb ruhun kimi dünyamızı dolaşan neçə -neçə şeirlərin yazılmaq istəyir vərəqlərə! Kim yaza bilər o şeirləri səndən başqa?! Səndən başqa kimi özünə yaxın qoyar yazı masan?!

Nə tez öpdülər sənin də alnından? tez yasa batdı şeirlərinin vurğunu olan qadınlar? Gözlərində nəm, ürəklərində qəm olan balaların nə tez öpdülər sənin alnından?

Bir vaxt alnından öpüb əbədi dünyaya yola saldığın baban, nənən, anan, neçə-neçə dostların nə yaman çox istəyirlərmiş səni? Orada dodaqlarından öpəcəksənmi ürəyinə yaxınların?

Bu dünya nə tez sənsiz qaldı? Nə tez dikəldi bir daş qəmli-qəmli?

Şəklin qara çərçivədən nə tez baxdı? Qəm nə tez daldalandı gözlərində? Əllərin bir şirin duyğutək nə tez yatdı sinəndə? Nə tez qara paltar geyindi şeirlərinin vurğunu olan neçə qadın? Nə tez sükut uyudu çarpayında? Nə tez qapandı gözləri

“ qapamayın gözlərimi! “ deyən şairin?

Gözlərin qapansa da bir tufan dənizinə dönəcək gözlərin. Hər səhər yurdumuzun dan üzünə baxacaq gözlərin. Gözlərin bir cüt çiçəyə dönüb baxacaq onu sevənlərə! Gözlərin bir bulağa qarışıb gecə-gündüz axacaq. Gözlərin ulduzlara qoşulub hər gecə yerə boylanacaq, sevdiklərinə baxacaq. Gözlərin bir sarı nərgizə dönüb neçə-neçə masanın üstündə saralacaq.

“ Qapamayın gözlərimi! “ -deyən şair!

Bu yazını yazarkən neçə dərdli şairimizə ağı dedim ürəyimdə!

Bu yazını yazarkən elə kövrəldim, işimi elə qəhər boğdu ki...Dəli bir ağlamaq keçdi könlümdən......Sənin şeirini pıçıldadım öz-özümə:

 

Yüyürüb-yüyürüb dərə boyunca,

Düşüm çəmən üstə qoy üzüqoyulu

Öpüm bu torpağı, öpüm doyunca

Üzümə üz qoysun hər soyuq daşı,

Qoy sehrə qarışsın gözümün yaşı

Qurumuş bulaqlar içir könlümdən,

Dəli bir ağlamaq keçir könlümdən...

 

P.S. Yazıda işlənilən sözlər Nüsrət Kəsəmənlinin ayrı-ayrı şeirlərinin misralarıdır...

Sevil Gültən

Kaspi.-2012.-15-17 dekabr.-S. 24.