Əzilən qadınların son sığınacağı
«Anam
məni də, bacımı da döyür, cəzalar verirdi. Hətta,
bir dəfə məni 4 ay
qarajda saxladı…»
Zorakılığa məruz qalan qadınlar üçün sığınacaq yaratmaq məsələsi son vaxtlar tez-tez gündəmə gəlir. Əslində cəmiyyətdə baş verən müxtəlif cinayətlər, zorakılıq hallarının çoxalması bu cür sığınacaqların yaranması məsələsini qabardır. Bəzilərinin “Sığınacaqlar yaranandan sonra boşanmaların sayı artacaq”, bəzilərinin isə “qadınları zorakılıqdan qorumaq üçün bu cür sığınacaqlara ehtiyac var” deyə fikirləri haçalansa da, artıq 2002-ci ildən bəri belə bir sığınacaq mövcuddur. “Təmiz dünya” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa isə ölkənin hər yerindən müraciət edirlər. İB-nin sədri Mehriban Zeynalovanın dediyinə görə, o vaxtdan bəri yüzlərlə insana sığınacaqlar verilib, onlara yardım göstərilib, reabilitasiya edilib.
Zorakılıq qurbanları
Sığınacağın
şəraiti ilə tanış olmaq, orada məskunlaşanların
həyat hekayətlərini dinləmək üçün
yolumuzu həmin məkandan saldıq.
İB-nin
sosial işçisi Məlahət Nəbiyeva bildirdi ki, təkcə
bu il mərkəzə 901 qadın müraciət edib. Onların
içərisində işsizliklə və ailədaxili
zorakılığı ilə bağlı müraciət edənlər
daha çoxdur: «Demək
olar ki, təxminən
500 nəfərin şikayəti zorakılıqla
bağlıdır. Onlar müxtəlif
rayonları əhatə edirlər. Bakıdan və Bakıətrafı
qəsəbələrdən müraciət edənlər də
çoxdur».
Məlahət
xanımın dediyinə görə, qadınların şikayəti
daha çox alimentlə bağlı müraciət edirlər:
«Kişilər boşanandan sonra çox vaxt ailələrinə
aliment ödəmək istəmirlər. İctimai
vəkil kimi bir
neçə belə prosesdə iştirak
etmişəm. Bəzən kişilər 2-3 dəfə evlənirlər
və azyaşlı uşaqlarının hamısına
görə pul ödəyə bilmirlər.
Deyirlər ki, pul
çatdırıb birinci arvadıma
ödəyə bilmirəm. Hara istəyir,
müraciət etsin, yoxumdur,
vermirəm».
Mərkəzə müraciət edən qadınlar arasında fiziki zorakılığa məruz qalanlar da çoxdur: «Amma yoldaşım bilməsin ki, mən zəng vurmuşam» - deyirlər. İş ondadır ki, onlar polis orqanlarına müraciət edəndə də laqeydliklə qarşılanırlar”.
Keçən
həftə mərkəzi tərk edən Mehriban
Xudaverdiyevanın taleyi sığınacağa üz tutan bir
çox qadınların acı həyatına misaldır. Belə
ki, yaş
yarımlıq övladının arxasınca üz
tutan ana Masallı rayonunda əri tərəfindən
bıçaqlanıb. “Qadın əslində Buzovnada
yaşayır. Amma əri uşağı
götürərək çıxıb gedib.
O da uşağını geri
almaq üçün
lazımi orqanlara müraciət etsə də
xeyri olmayıb. Əri onu
döydüyü vaxtlarda
da polis orqanlarına
müraciət edib, ancaq
heç bir nəticə
verməyib. Mehriban hazırda xəstəxananın
reanimasiya şöbəsindədir”.
İş
ondadır ki, mərkəzə üz tutan qadınların
problemləri heç də asanlıqla həll olunmur. Məmur
süründürməçiliyi və laqeydliyi
talelərinin əzabı kimi onları
addım-addım izləyir. Birliyin
üzvləri problemlərin həllində müxtəlif maneələrlə
qarşılaşırlar. Getməyə yeri
olmayanları Qocalar evində də yerləşdirmək
həmişə mümkün olmur: «Qocalar evində yerləşmək
üçün övladlarının razılığı
olmalıdır. Bəzən övladları axtarıb tapmaq çətin olur”.
Bütün qapıları
üzümüzə bağlamayın
Hazırda
mərkəzə sığınan qadınlarla söhbətləşirik.
Hacıqabul rayonundan olan
54 yaşlı Məryəm Qulamova (ad şərtidir –T.M.) illər boyunca
başı daşdan-daşa dəysə
də, olanları alın yazısı hesab
edir. Məryəm xanım Neftçala
rayonunda doğulub boya-başa çatıb. Sabirabada
gəlin köçəndən sonra
başına həyatın olmazın oyunları gəlib:
«Ailə
qurandan sonra döyülməyə məruz qalmışam. Ən
adi şeylər üstündə də həyat
yoldaşım məni döyürdü. İki körpə uşaqla
hansı şəraitdə yaşayacağımı bilmirdim. Hər dəfə döyüləndən
sonra halsız olurdum,
özümə qapılırdım. Hələ zülmün içində bərkiməmişdim».
Ailə qurandan sonra
qayınatasının onlara verdiyi torpaq sahəsində
özlərinə ev tikiblər. 93-cü
ildə isə növbəyə duraraq həyat
yoldaşının iş yerindən ev alıblar. Bir il sonra isə həmin evə
qeydiyyata düşüb.
Sonradan həyat yoldaşı öz xalası qızı ilə də evlənib:
«Həyat yoldaşım uşaqları mənim əlimdən
aldı, özümü də gətirib
atamın evində qoydu. Bir
müddət qohumların qapılarında yaşadım. Sonra yoldaşımın avtomobil
qəzası keçirib vəfat etməsi
xəbərini aldım».
Həyat yoldaşı dünyasını dəyişəndən sonra M.Qulamovanın evinə yiyə duran tapılıb. Belə ki, qaynı onun evini sataraq özünü Maştağa qəsəbəsindəki ruhi xəstəxanaya yerləşdirib:
«Bir müddət həmin xəstəxanada yatdım. Amma xəstəxananın baş həkimi mənə dedi ki, sən o biri xəstələrlə müqayisədə sağlamsan». Baş həkim Məryəm xanıma Buzovnadakı Qocalar evində yerləşməyi məsləhət görüb. O da etiraz etməyib. 7 ilə yaxın Buzovnadakı Qocalar evində yaşayıb. Oradakı ahıl adamlara xidmət edib. Dediyinə görə, qocalar evinin direktoru Ədilə xanımla aralarında yaranan narazılıq onu yenidən Maştağa xəstəxanasının xəstəsinə çevirib:
«Bizə qarşı haqsızlıq vardı.
Yaxşı yeməklər verilmirdi. Xəstələrlə,
qocalarla yaxşı rəftar olunmurdu. Mən bütün
bu narazılıqlarla bağlı direktora şikayət etdim.
Bu da onun
xoşuna gəlmədi. Mənə iynə
vurdurub zorla yenidən
xəstəxanaya yolladılar. Xəstəxanada da mənə bildirdilər ki,
burada müalicə olunmaq
üçün sənin təqaüd
kartın olmalıdır. Guya qayda belədir ki, təqaüd
kartı olmayan xəstələri orada müalicə almağa
qoymurlar. Dedilər ki,
biz səni 1994-cü ildən
saxlayırıq. Burada yeyib-içirsən.
Daha səni saxlaya bilmərik.
Get özün-özünü
dolandır».
Məryəm
xanımın dediyinə görə, 20 illik iş stajı
var. Həm Neft texnikumunu,
həm də və Sənaye Texnikumunu bitirib. Müxtəlif idarələrdə
çalışıb. Ailə vəziyyətinin
ağırlığı üzündən gündüzlər
işləyib, axşamlar isə təhsil
alıb: “Xəstəxanadan çıxandan sonra
övladlarımın yanına getdim.
Övladlarım vaxtilə qaynatamın bizə verdiyi
torpaqda tikdiyimiz evdə
yaşayırlar. Oğlum məni qəbul
etmirdi. Sürücü
onu danladıqdan sonra
məni evə buraxdılar. Bir müddət
onlarla yaşadıqdan sonra
vəziyyətin dözülməz olduğunu
gördüm. Uşaqlarım işləmirlər,
onların dolanışığı həddən artıq
çətin idi. Özümü
onlara yük kimi hiss edirdim.
Daha sonra bacı və
qardaşımın evində yaşadım. Ancaq
hamının mənə tənəli baxdığını
hiss edirdim. Məni
saymır, adam yerinə qoymurdular.
Stress keçirdiyim üçün adi bir söz də qəlbimə
toxunurdu. Qapılarda yaşamağa
dözə bilmədim və yenidən Bakıya
qayıtdım».
Məryəm xanım Bakıya dönəndən sonra pulsuz-parasız vəziyyətdə qalmağa yer axtarıb. Sədərək Ticarət Mərkəzinin «Meyvəli» bazarında çalışıb. Günə 2-3 manat qazanmaqla bir müddət özünü dolandırıb. Axşamlar isə vağzallarda, Milli Parkdakı skamyaların üstündə gecələyib. «Həmçinin vaxt tapdıqca sənədlərimi hazırlayırdım. Əmək kitabçamı, diplomumun surətini Bakıdakı arxivdən topladım. Sonra öz evimi geri almaq üçün məhkəməyə müraciət etdim». Ancaq üz tutduğu instansiyalar qadının müraciətlərinə laqeyd yanaşıblar: «İnsan haqları müvəkkilinə müraciət etdim. Məndə onların bir neçə məktubu var. Mənə yalnız gedib-gəlməklər qaldı. Hara getdimsə qalaq-qalaq sənədlər istədilər. Ombudsmandan mənə ünvanlanan məktubla Şirvan rayon məhkəməsinə müraciət etdim. Məhkəmənin «Siz nə işləyirsiniz, nə də təqaüd alırsınız, başım çıxmır, bəs necə dolanırsınız? Harda belə yeyib-içirsiniz?» - deyə təhqiramiz ifadəsi onun ümidini üzdü.
M.Qulamova heç
kəsə möhtac olmamaq
üçün 2-ci qrup
əlil kimi təqaüd almaq
istəyir. Ancaq problemlə bağlı üz tutduğu ünvanlardan naümid
qayıdır. Onu təhqir edirlər, ələ
salırlar, lağa qoyurlar,
aşağılayırlar:
«Əlil
kimi təqaüd alıb onun-bunun əlinə baxmaq istəmirəm.
İstəyirəm ki, həm işləyim,
həm də təqaüdümlə dolanım». Sonra zərərçəkən kimi «Təmiz Dünya» İctimai Birliyinə üz
tutub. Birliyə üzv
olaraq bir müddət
burada yaşayıb:
«Burada daimi
yaşamıram. Amma hər gələndə
3-5 gün qalıram. Harada
iş tapıramsa işləyirəm. Axşamlar isə yenə də vağzallarda, skamyaların üstündə
gecələyirəm. Bəzən məscidlərdə təmizlik
işi görürəm və orada qalmağa icazə
verirlər. Üzümü xeyirxah insanlara tutub deyirəm ki, bütün qapıları üzümüzə
bağlamasınlar. Öz
haqqımızı bizə verməyə yardımçı olsunlar. Lazımsız sənədlərdən
ötrü insanları get-gələ
salmasınlar. Mənim təqaüd almağıma kömək
etsinlər».
Geri qayıtmaq üçün məskən
Mərkəzə
sığınan Zöhrə Əliyevanın (ad şərtidir)
isə cəmi 18 yaşı var. «Sovetski»də anadan olub. Zöhrə isə
anasının zorakılığına məruz qalıb: «Anam məni həmişə döyürdü.
Ona görə də ANS-ə məktub
yazdım. Sonradan məni bura
gətirdilər». Z.Əliyevanın dediyinə görə,
anası həm ona, həm də
özündən kiçik
bacısına qarşı amansız olub:
«Bizi döyür, cəzalar
verirdi. Hətta, məni bir
dəfə qarajda 4 ay
saxladı. Atam ikinci dəfə
evləndiyindən diqqəti bizə azalmışdı. Sonradan atam rəhmətə
getdi. Biz tamamilə
anamın ümidinə qaldıq. Anam həm
vərəm, həm də diabet xəstəsi
idi. Mən də, bacım da
evdən getdik. Bacımın harada olduğunu hələ
də bilmirəm. Bura gələndə çox ağır vəziyyətdə idim. Mənə psixoloq çox kömək etdi.
Həmçinin həkim müayinəsindən keçib müalicə olundum».
Z.Əliyeva artıq 5 aydır ki, mərkəzə
sığınıb. Anası ilə barışsa da, onun mərhəmətinə
ümidi yoxdur: «Anam ümumiyyətlə, geri
qayıtmağımı istəmirdi. Deyirdi
ki, «onu görməyə
gözüm yoxdur». Amma indi evimizə gedib-gəlirəm.
Əgər bir gün
evə qayıtsam və sonradan əvvəlki
vəziyyətlə üzləşsəm, bilirəm ki, arxada geri
qayıtmaq üçün bir məskən var».
Müvəqqəti...
Qadınlar
üçün sığınacaq bu cür ağır və
əzablı taleyi olan insanların ümid yeridir. Həyatlarının
dərdlərindən, əzablarından qaçıb burda məskunlaşırlar. Burda
kədərlərini ovudurlar, problemlərinə
kömək axtarırlar, bura
sığınırlar... Amma müvəqqəti...
burdan ayrılandan sonra
da çox vaxt onları eyni həyat
gözləyir. Çünki problemin köklü həlli
təkcə bu divarlar
arasında çözülə bilməz. Olsa-olsa
yardım edər.
Bütünlükdə
cəmiyyət problemə çarə axtarsın bəlkə...
Təranə Məhərrəmova
Kaspi.-2012.-18 dekabr.-S.8.