Zooparkın subay sakinlərinə
yar axtarılır
Bakı Heyvanat Parkı bununla bağlı xarici
ölkələrlə danışıqlar aparır
Quşların
cəh-cəhi, şirin nəriltisi, maralın mələrtisi...
Söhbət heç də təbiət
qoynundan getmir. Bu səsləri dinləmək və özünü təbiət qoynunda
hiss etmək üçün
nə uzağa getmək, nə də çox pul xərcləmək
lazımdır. “Gənclik” metro
stansiyası yaxınlığındakı Bakı Heyvanat Parkına 1 manata bilet almaq kifayətdir. Biz də özümüzü
təbiət qoynunda hiss
etməklə yanaşı, Bakı Zooparkında baş verənləri həm fotoaparatın, həm
də qələmimizin yaddaşına almaq
üçün üz
tutduq sözügedən məkana. Bələdçimiz
isə Heyvanat Parkının zootexnik şöbəsinin müdiri
Esmira Əhmədova oldu.
Zooparkda hansı heyvanlar var?
Qeyd
edək ki, Bakıda zoopark 1928-ci il 24 dekabrda keçmiş
Lunaçarski - hazırkı Nizami parkında yaradılıb.
Ancaq zooloji park kimi 1942-ci ildə fəaliyyətə
başlayıb. Bir neçə dəfə
yerini dəyişdikdən sonra
hazırkı 4 hektarlıq əraziyə yerləşdirilib. Burada 154 növdə 1200 heyvan
məskunlaşıb. Zoopark 40 növ məməli, 40 növ
balıq, 11 növ sürünən, 63 növ quşun məskənidir.
Bakı Heyvanat Parkında Afrika
aslanı, Amur pələngi, yaquar, bəbir, Şotland ponisi, Avropa cüyürü, pavian qamadril, yenot, Nil timsahı, Afrika dəvəquşusu,
ara tutuquşuları kimi
bizim təbiətə xas
olmayan heyvanlar da saxlanılır. Burada
adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə
olan heyvanlar da var. Bunlara
nəcib maral, ceyran, qarasaqqal, qara kərkəs,
ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə
quşlarından qırqovullar, su
quşlarından qızıl qaz, sultan toyuğu aiddir. Aralıq dəniz tısbağası və
Amur pələngi yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.
Parkın
ən yaşlı sakini Maykl iranlıdır
E.Əhmədova deyir ki, heyvanları mübadilə nəticəsində alırlar. Bir də zooparkdakı heyvanların dünyaya gətirdikləri balalar onların sayının artmasına səbəb olur. Amma ən çox quşların çoxalması nəticəsində zoopark “əhli”nin sayı artır. Buna görə də zooparkın ən kiçik yaşlıları da quşlardır. Quşlardan sonra zooparkın yaşına görə ən balaca sakini maraldır. Belə ki, bu yay Qafqaz maralı ana olub və bir dişi maral dünyaya gətirib. Keçən il isə canavar və yenot ana olub. Amma zooparkda artım olsa da, dünyasını dəyişən heyvanlar da az olmur. Məsələn, keçən il timsah soyuqdan ölüb, bu il isə bəbir ağciyərlərindəki problemdən, 14 yaşlı qırmızı canavar isə qocalıqdan ölüb.
E.Əhmədovadan
öyrəndik ki, zooparkım ən yaşlı sakini “Maykl” ləqəbli
Afrika şiridir. 14 yaşlı Maykl Tehrandan gətirilib. Dəvələr də
zooparkın köhnə sakinlərindəndir. Onlar
da 1990-cı illərdən Bakı Heyvanat Parkındadırlar.
Zooparkın subay sakinləri
Qeyd etdiyimiz kimi, heyvanlar həm də mübadilə yolu ilə zooparka gətirilirlər. Mübadilə yolu ilə son alınan heyvanlara gəlincə, bunlar alpak, kenquru, müxtəlif növdə ördəklər, taclı durna, qara qu, piton ilanı, nil qazı və s.dir. Bunların əvəzində isə bizim zoopark öz sultan toyuqlarını, qara kərkəz və leşyeyən qartalını Çexiyaya bağışlayıb. Amma Çexiyaya bağışlanan heyvanlar bununla bitməyəcək. Onlara ağbaş kərkəz və məzar qartalı da veriləcək. Hazırda Moldova və Belarusla da heyvan mübadiləsi üçün danışıqlar gedir.
Müqavilələrlə zooparkın “sakin”lərinin sayı artsa da, yarını gözləyən bəzi canlıların gözləri hələ də yoldadır. Belə ki, “Cesika” ləqəbli dişi Amur pələngi illərdir ki, yarını gözləyir. Bir neçə dəfə digər ölkələrin zooparkları ilə danışıqlar aparılıb ki, Amur pələngi üçün əcnəbi erkək gətirilsin, amma hər dəfə də danışıqlar müsbət həllini tapmayıb. Bundan başqa, dişi bəbir, qamış pişiyi, ayıların əksəriyyəti də “ailə qurmaq” növbələrini gözləyirlər. Yeni ildən zooparkdakı tək heyvanların əksəriyyətinin tayı gətirilə bilər. Belə ki, gələn ilin mayında Avrasiya Regionları Akvarium və Zooparklar Assosiasiyasının Çexiyada keçirilən konfransından çox şey asılıdır. Sözügedən konfransda bizim zooparkın müdiriyyəti digər ölkələrin zooparklarının rəhbərlikləri ilə danışacaq və bizdə çatışmayan heyvanların mübadilə yolu ilə təmin olunmasına çalışacaq. Çünki qəfəsdə tək qalan heyvanlar buna görə dərd çəkirlər. Zooparkın baş həkimi Çingiz Sultanovun sözlərinə görə, hətta “ailəsi” olmayan heyvanların səhhətində o birilərə nisbətdə daha çox problem olur.
Ən
çox pul kimə xərclənir?
E.Əhmədova
Bakı Heyvanat Parkının bütün sakinlərinin şəxsiyyət
vəsiqəsinin olduğunu dedi. Vəsiqədə
onların doğum tarixi,
anadan olduqları yer,
ləqəbləri, xəstəlikləri və s. yer alır.
Zooparkda
ən çox pul xərclənən heyvanlara gəlincə,
bunlar şir və pələngdir. Gün
ərzində sözügedən heyvanlar
7-8 kq ət yeyirlər. Ən az yem yeyənlər isə
quşlardır.
Onu
da öyrəndik ki, zooparkda siçan, siçovul və
dovşanlar ilanın qidalanması üçün bəslənirlər.
Vaşaq, şir
və pələnglər də dovşan ətini
xoşlayırlar. Hətta bəzən özlərini
yaxşı hiss etməyəndə
yırtıcılara canlı dovşan verilir ki, heyvanlar
özlərini vəhşi təbiətdəki kimi hiss edib
sağalsınlar. Baş baytarın
sözlərinə görə, hazırda zooparkda
xəstə heyvan yoxdur.
Hətta zooparkın ən yaşlı “sakin”lərinin belə
heç bir yeri ağrımır. Baş
baytar deyir ki, profilaktika düzgün qurulanda xəstəliklər
minimuma enir: “Heyvanlara hər 3 ayda 1 dəfə
qurd dərmanı və ildə bir dəfə infeksion peyvənd
olanda xəstəliklər az
olur”.
Onu
da öyrəndik ki, xəstələnərkən
yırtıcı heyvanlara uzaqdan iynə vurulmaqla, yaxud yeməklərinə
dərman qatmaqla yatızdırılır, sonra dərdlərinə
çarə tapılır, müvafiq müalicə
aparılır.
Heyvanların sağlam qalması üçün Bakı Zooparkında həftədə 1 dəfə yırtıcı heyvanlar üçün aclıq günü də keçirilir. Həmin gün heyvanlara yem verilmir. Bu zaman həm heyvanların həzm sisteminə istirahət verilir. həm də nəzərə alınır ki, təbiət qoynunda da onlar hər gün yemək tapmırlar.
Heyvanların mədəsindən sellofan çıxır
E.Əhmədova
zooparka gələn tamaşaçılardan şikayət
etdi. Dedi ki, hər
qəfəsin üstündə “yemləndirməyin və
hirsləndirməyin” yazılsa da,
tamaşaçılar həm heyvanları hirsləndirirlər,
həm də əllərinə keçəni heyvanlara
verirlər. Hər heyvanın özünəməxsus yemi olduğundan başqa şeylə qidalandırdıqda, bu, onların səhhətində izlərini qoyur. Hətta ölən heyvanların
içalatına baxarkən orada xeyli sellofan da aşkarlanır. Çünki
tamaşaçılar yeməyi sellofanın içərisində
heyvanlara uzadıblar, heyvan
da yemi onunla
birgə yeyib.
E.Əhmədova
deyir ki, indiyədək buna görə heç bir
tamaşaçı cərimələnməyib: “Bura yüzlərlə
adam gəlir, onların hər birinin dalına düşüb
nə etdiklərinə baxmaq imkanımız yoxdur”.
İşıq söndüyündən timsah ölüb
Onu
da öyrəndik ki, zoopark qışa tam hazırdır. Zooparkın
direktoru Azər Hüseynov
bildirdi ki, qışa
həm yem baxımından, həm də
qızdırıcıları sazlamaq
baxımından hazırdırlar. Ancaq qorxuları
“Bakıelektrikşəbəkə” ASC-nin
işıqları söndürməsidir. Çünki
keçən il timsah
məhz işıq sönməsinə və içində
yaşadığı donduğuna görə
ölüb. İşıq sönərsə,
digər heyvanları da eyni
aqibət gözləyə bilər.
Onu
da deyək ki, Bakı Heyvanat Parkında heyvanları
müşahidə etməkdən əlavə, müxtəlif əyləncə
formaları da var. Ponidə gəzinti, müxtəlif attraksionlar daha çox uşaqların sevimli
əyləncə vasitəsidir. Bundan başqa, tamaşaçılar zooparkın
içərisində çay və ya qəhvə də içə bilərlər.
Hətta özləriylə gətirdikləri yeməkləri
yemək üçün də onlara şərait yaradılır. Zooparka 2 yaşına qədər
uşaqların girişi pulsuz,
2 yaşından böyük uşaqlar 60 qəpik, böyüklər isə
1 manat verməklə keçə bilərlər.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda dünya standartlarına uyğun daha çox heyvanın cəmləşdiyi heyvanat parkı istifadəyə veriləcək. Yeni zoopark Qobu qəsəbəsində ayrılmış 55 hektar ərazidə salınacaq. Bu zooparkda zürafədən tutmuş filəcən hər növ heyvan olacaq.
Lalə Musaqızı
Kaspi.-2012.-21 dekabr.-S.9.