Bu, sadəcə biabırçılıqdır!

  

İrəvan Dövlət Azərbaycan Dram Teatrının gözdən-könüldən uzaq binasında nəmişlik, rütubət və toz bir-birinə qarışıb

Son illər teatra marağı artırmaq üçün şəhərin mərkəzində, eləcə də bəzi regionlarımızda yerləşən mədəni ocaqlarımız, xüsusən teatr binalarımız ən yüksək səviyyədə təmir olunubyeni avadanlıqlarla təchiz edilib. Məsələn, regionlarımızda faəliyyət göstərən teatrlardan Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı bu gün müasir binaları ilə göz oxşamaqdadır. Ancaq qaçqın teatrlarımız haqqında təəssüf ki, bu sözləri deyə bilmirik.

Məsələn, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının vəziyyəti hazırda son dərəcə acınacaqlıdır. Artıq neçə ildir ki, “təmir olunacaqkimi sözlər deyilsə də, bir dəyişiklik yoxdur. Hər şeyi öz gözümüzlə görmək qərarına gəldik. Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində teatrın qərar tutduğu məkan demək olar ki, şəhərdən kənar, həyət evlərinin üstünlük təşkil etdiyi H.Ağamalıyev küçəsi 5 ünvanında yerləşir. Bu ünvanda istər tamaşaçının, istərsə də media nümayəndəsinin teatr binasını tapması elə də asan deyil. Binadan içəri daxil olduqda isə, qarşılaşdığımız mənzərə ovqatımızı daha da korladı.

Bu binaya da şükür!

Teatrın direktoru İftixar Priyev teatrın şəhərin mərkəzində olmasını daha doğru hesab edir: “Teatrın şəhərin ən çox istifadə olunan məkanlarının yaxınlığında yerləşməsi məqsədə uyğundur. Doğrudur, şəhərin kənarlarında da teatr olmalıdır. Ancaq mərkəzdə yerləşib, şəhər kənarlarına səfərlər etsə, daha doğru olar. Biz dövlət tərəfindən verilən o binaya da şükür edirik. Çünki uzun müddət teatrımızın binası olmayıb. Bu da böyük irəliləyişdir, ancaq teatrımızın təmirə çox böyük ehtiyacı var. Prezidentimzin sərəncamına əsasasən, teatrımız təmir olunmalıdır və o günü səbirsizliklə gözləyirik”.

İftixar Priyev təmirdən sonra teatrda yüksək keyfiyyətli əsərlər hazırlanacağını qeyd etdi. Teatrda yeni tamaşalar hazırlandığını, ancaq tamaşaçı qəbul etməyə imkanı olmadığını bildirən direktor qastrol səfərlərindən də danışdı: “Teatrın foyesində kiçik səhnə yaratmışıq, yeni tamaşalarımızın məşqlərini də orada edirik. Texniki avadanlıqlarımızın yoxluğu, bundan əlavə, səhnəmizin bərbad vəziyyətdə olmasına görə qastrol səfərlərə çıxmağa ehtiyac duyuruq. Onun da müəyyən çətinlikləri olur. Misal üçün, teatrımızın avtobusu yoxdur, eyni zamanda yol, otel, ərzaq xərcləri də buraya əlavə olunur”.

Teatrın direktoru “bu şəraitdə hazırlanan tamaşalardan necə qazanc əldə edirsiniz” sualımıza “teatra qazanc gözü ilə baxmağı doğru hesab etmirəm” – deyə cavab verdi: “Nəinki bizim teatrımızda, ən nəhəng teatrlarda belə, qazanc əldə etmək mümkün deyil. Mədəniyyət ocaqları qazanc gətirən idarələr olmayıb, onlar sənət məqsədi ilə işlərini görür. Mütləq deyil ki, teatr vəsait qzansın, əsas sənətdir. Bu, binası olan teatrlara da aiddir”.

Təmirdən sonra bilet tapmaq çətin olacaq

Teatrın aktyoru Nurullayev Əmrullah bu şəraitə baxmayaraq, hər şeyin düzələcəyinə ümid edir: “İncəsənət qurban tələb edir. Düzdür, bizim binamız soyuqdur, şəraiti yoxdur, amma inanırıq ki, təmirdən sonra hər şey düzələcək. Ümid edirik ki, bu binada gözəl əsərlər oynayacağıq. Binamızın kənarda yerləşməsi səbəbindən, düşünürəm ki, teatrımız medianın da diqqətindən kənarda qalıb. Ancaq binamızın gözəl təmiri olsa, reklam edilsə, kifayət qədər tamaşaçımız olar. O zaman teatrımız mərkəzdə yerləşən teatrlardan da yuxarı səviyyəyə qalxacaq. Dünyanın hər yerilərində teatrlar kənarda yerləşir. İnanıram ki, təmirdən sonra teatrımıza bilet tapmaq çətin olacaq”.

Bina teatr fəaliyyəti üçün yararsızdır

Teatrın mətbuat xidmətinin rəhbəri və aktrisası Afət Su aktyorların səhnə fədailəri olduğunu vurğuladı: “Aktyorlarımız hər an təhlükə ilə üz-üzədirlər. Teatrda vəziyyət gərgindir. Bizə teatrda istilik sistemləri quraşdırmağa imkan vermirlər ki, yanğın ola bilər. Hər məşqdən sonra aktyorlarımız müxtəlif xəstəliklərə məruz qalırlar. Belə ki, nəmişlik, rütubət, toz qarışıb bir-birinə. Aktyorlara şərait yaratmaq lazımdır ki, səviyyəli tamaşalar hazırlasınlar. Bu prosesinzamana kimi davam edəcəyini də bilmirik. Dayanmadan bütün yayı işləmişik, yalnız bir ay istirahət etmişik. İndi məşqlərimizi uzunboğaz qış çəkmələri, qalın geyimlərdə həyata keçiririk”.

Aktrisa onu da vurğuladı ki, ümumiyyətlə, yerləşdikləri bina teatr məkanı deyil: “Adi bir müxbirə teatrımızın yerini izah edə bilmirik. Məcbur oluruq onu haradasa qarşılayaq. Bir teatrşünası teatra gətirənə qədər nə qədər əziyyətlər çəkirik. Teatrımıza 10 nəfər hər bir bacarığa malik gənc kadrlar gəlmişdi. 2-3 ay işlədikdən sonra gördülər ki, belə şəraitdə işləmək mümkün deyil, getdilər. Bu şəraitdə hansı yaradıcılıqdan söhbət gedə bilər? Teatrımızda tamaşa hazırlayanlar da söyləyirlər ki, bu şəraitdə işləmək mümkünsüzdür. Biz bu ağrılara qalib gəlib tamaşa hazırlayırıq. Aldığımız qonorar da o əziyyətə dəymir. Bütün teatr yaradıcı heyətin üzərindədir. Bu, sadəcə biabırçılıqdır”.

Təmir olacaq, yəqin ki

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayevin sözlərinə görə, İrəvan Dövlət Azərbaycan Dram Teatrınınm təmiri nəzərdə tutulub: “Yəqin ki, gələn il təmir olunacaq. Təmir barədə xüsusi göstəriş almamışıq. Bu barədə geniş məlumatım olmadığı üçün öncədən bir söz deyə bilmərəm”.

 

Xəyalə Rəis

Kaspi.-2012.-21 dekabr.-S.15.