Təcrübə
-Cənab Karl sayın görək neçə əsgər itirmişik?
-Sayılmaqla bitməz, cənab zabit.
-O zaman ordunun ümumi sayından, sağ qalanları çıxın.
-Iki nəfər sağ qalır. Mən və siz.
-Kim qalib gəlib ?
-Qarşı tərəf.
-Bəs bu qədər itki olduğu halda biz niyə sağ qaldıq?
-Biz sağ deyilik. Geri qayıdan zaman ətimizi yeyəcəklər.
-Doğrudur, o zaman silahınızı çıxarın, öncə məni, sonra özünüzü öldürün.
-Cənab zabit yox, Siz birinci məni öldürün, sonra özünüzü.
-Niyə ?
-Bilmirəm, sizin qədər cəsarətli deyiləm. Bəlkə sizi öldürdükdən sonra zəiflik göstərərəm və özümü öldürməyə gücüm çatmaz.
-Biz artıq ölmüşük.
-Dərslərini etmisən ?
-Yox.
-Niyə ?
-Fikrimi
bir yerə toplaya bilmirəm, ana.
-Fikri bir
yerə toplamaq üçün cəhd etmək
lazımdı, mənim balam.
-Bacarmıram.
-Niyə ?
-Səhər
bir hekayə oxumuşdum, təsirindən çıxa bilmirəm.
-Nə
hekayə?
-Karl və
onun ordusu.
-Nə
olub ki bu hekayədə, səni təsiri altına alıb ?
-Ordusu məhv
olur, zəfər çalmaq əvəzinə məğlub
olurlar. Axı əslində qələbə
onun tərəfində olmalıydı. Niyə sonda məğlub
oldular ?
-Kitab indi
səndədir ?
-Hə.
-Ver
oxuyum.
-Bu
gün neçə kitab satılıb ?
-20 ədəd.
Çox məhsuldar gün oldu. İnsanlar pullarını bekara şeylərə
verməkdənsə, kitab aldılar.
-Ənənəvi oxuculardı, çox güman.
-Xeyr.
-Düzdü , cənab Ed və xanımı yenə
də bir düjün kitab aldı. Amma,
aralarında öz vətəndaşlarımız da var idi.
-Maraqlıdır.
Neçə nəfər ?
-İki.
-Yalnız
iki ?
-Əslində böyük qələbədi.
-Neçə
saatdır nəm torpağın üzərində
uzanmışıq?
-2 saat
olar.
-Nə düşünürsüz ?
-Uşaqlığımı.
-Maraqlı
keçib uşaqlığınız ?
-Deməzdim.
Bəlkə də heç
uşaqlığım olmayıb. Atam
çox erkən rəhmətə gedib. Anam
kitab mağazasında xadiməçi işləyirdi. Mən isə qəzet satırdım mərkəzi
küçədə. Axşam anamla bir
qayıdırdıq evə. Yol boyu
oxuduğu maraqlı hekayələri nəql edərdi mənə.
-Mənə
yadınızda qalan maraqlı bir hekayə danışın.
-Yaxşı,
baxım xatırlayırammı ?
-İnsan
nə zaman unutmağa başlayır ?
-Məncə
insan heç vaxt, heç nəyi unutmur.
-Çox
pafos var sözlərinizdə, Karl. Bu qədər
şişirtməyin. İnsan zamanla
çox şeyi unudur. Hardan gəldiyini,
niyə gəldiyini və nə edəcəyini.
-Anlamadım
sizi, cənab zabit.
-Bayaqdan nəm
torpağın üzərində ölü kimi
uzanmışıq. Söhbət edirik. Ani olsa da unutmuşuq buraya niyə gəldiyimizi.
Siz danışmaq istədiyiniz hekayəni.
Mən də söz verdiyim insanın
sözünü unutmuşam.
-Xatırladınızmı
hekayəni ?
-Ana, nə
düşünürsən? Bu xəyanət nəticəsində
oldumu ?
Axı onların daha yaxşı silahları var idi, həm
də nisbət baxımından onlar daha çox idilər.
-Çox
dolaşıq hekayədir. Doğrusu səndən
fərqli olaraq, məni təsir altına salmadı. -Bir
də döyüş komandanı başqası olduğu halda
niyə, əsər, Karl və onun ordusu adlanır
?
-Ana, təsəvvürünə
gətir ki, direktorsan. Sənə hansısa bir
qurumdan məktub gəlib. Sən məktubu
aidiyyatı yerə yönəldirsən, başqası icra
edir və sən hər şey tam hazır olandan sonra oraya
imzanı atırsan. Məktub kimin adından gedəcək ?
-Əlbəttə direktorun.
-Bəli,
ana. Sonuncu imza kimindirsə tarix də onundur.
-Oğul,
sən hələ uşaqsan. Belə əsərlərə
çox alüdə olma. Daha yüngül
əsərlər oxu.
-Niyə,
ana ? Bu bəsit əsərlər
axı bizləri puç edəcək.
-Bilmirəm
oğul. Səni itirməkdən qorxuram. Qorxuram ki, çox vətənpərvər biri
olarsan. Axı bir sənlə ,
heç nə dəyişməyəcək.
-Dəyişəcək
ana, mütləq dəyişəcək.
-Ən çox hansı kitablar satılıb?
-18 tarixi
roman, iki intim mövzulu kitab.
-Aydındır .
-Nə
aydındır?
-Aydın
olan odur ki...
-Çox
qısa hekayə idi.
-Amma,
maraqlı gəlmədi doğrusunu deyim. Sən hardan gəlmişdin ?
-Qafqazdan.
-Qafqaz
coğrafi addır. Orada dövlətlər var.
Konkret hansı bölgədənsiniz?
-Azərbaycan.
-Aydındır.
-Nə aydındır ?
-Aydın
olan odur ki...
-Ana, atam
niyə bizi atıb gedib?
-Gecənin
bu yarısı bu nə sözdü ? Kimsə
xətrinə dəyib ?
-Yox ana. Amma, mənə atamdan danış.
-Atan Qarabağ savaşında rəhmətə getdi. Tək qoydu
bizi. Vaxtında qoymadı məni
oxumağa, artıq sonuncu kursda idim. Məni
universitetdən çıxardı. İndi
ziyalı olub pul qazanardım, daha gedib xadiməçi işləməzdim.
Kişilərin ayaqlarının altını təmizləməzdim.
-Demək
mən qəhrəmanın oğluyam.
-Yox
oğlum. Qəhrəmanlıq, döyüşə
gedib, güllə yarası alıb şəhid olmaq deyil.
Sənin atan şəhiddir , amma, qəhrəman
yox.
-Bəs qəhrəmanlıq
necə olur?
-Qəhrəmanlıq
zəfərlə qayıdışa deyilir.
-Sabah yeni
kitablar gələcək mağazaya.
-Hansı
mövzulu ?
-Millətə
lazım olan mövzular, yuxu yozma, intim mövzulu, pornoqrafik əsərlər
və.s.
-Sizcə
insanlar buna pul xərcləyəcəkmi ?
-Xərcləyəcək.
Gəlin təcrübə aparaq.
-Aparaq.
Azərbaycanın
böyük tarixi var. Sizin cəsur
oğullarınız olub. Qüdrətli dövlətiniz.
Sonra sizləri susdurmaqdan ötrü min yerə
parçaladılar. Şaqqaladılar.
Sonra bayaqkı bəsit hekayən kimi beyninizi
oğurladılar.
-Bəs
siz haradansınız, cənab?
-Elə mən
də oralıyam.
-Anlaşıldı.
-Nə anlaşıldı ?
-O
anlaşıldı ki...
-Ana belə
olduğu halda mənə niyə görə qəhrəmanlıq
kitablarını oxumağa qoymursan.
-Sənə
bir hekayə danışmaq istəyirəm.
-Nə hekayə ?
-Karldan.
-Mən
onu oxumuşam.
-Sən
tam oxumamısan. Dinlə məni.
-Dinləyirəm...
-Həftə
sonudur. Kitablar alındımı?
-Xeyr,
alınmadı. Daimi müştərilərimizi
də itirdik.
-Bu necə
olur ?
-Canlı
internet porno resursları olduğu halda, kim hərfləri
höcətləyə-höcətləyə oxuyacaq bu kitabları ?
-Doğru.
-İndi
nə edək ?
-Yandırın
hamısını.
-Hamısını ?
-Bəli.
-Niyə ?
-Lazımdı.
-100 ildən
sonra bütün bu kitabları yandırmaq, indi nəyə yarayacaq ?
-Gəlin
təcrübə aparaq .
-Aparaq.
-Mən
atamın qeyri-qanuni oğluyam. Rusiyada
doğulmuşam. Atam bura alverə gəlibmiş,
sonra anamla qeyri-rəsmi nigahda olub.
-Sonra nə
olub ?
-Sonra
çıxıb gedib. Daha qayıtmayıb.
Sən Azərbaycanlı olduğun halda niyə adın Karldı ?
-Kral Karlın şərəfinə qoyulub. Biz də dəbdir.
Ya dini adlar qoyulur, ya qəhrəman adları.
-Hə, qəhrəman
adları. Ən azından qəhrəmanları
adınızda yaşadırsınız.
-Hə,
dini adlar. Ən aından belə görünmək
istəyirsiniz.
Bir zamanlar, Allahlar yerdə yaşayırdılar. İnsanlar
göydə. Fikir verirsən torpağa
qarışacağımız halda, hörmət əlaməti
olaraq başımız üzərində yerimirik. Ağac kimi ayaqlarımız yerə dirənib, amma,
başımız göyə doğrudur. Biz
göydən yerə düşərkən belə şəkil
almışıq. Haqqımızı tələb
etmirik Allahdan. Axı oralar bizimdir. Bu
dəyişikliyi etməyə kim ixtiyar
verib Allahlara.
-Ana, ona
görə əllərimizi göyə açırıq
yalvararkən?
-Hə,
yalvarırıq. Ancaq yalvarırıq. Səbr edirik. Tələb etmirik.
-Allah da
etdiklərimizi sorur bizdən. Yerə, göyə,
hamına hesabat verməliyik. Niyə ?
Niyə hesabat verməliyik ? Məgər bu
nəyisə dəyişirmi ? Axı günah etmək istəyən onsuzda edəcək.
-Ana,
müqəddəs kitablar göydən nazil olub
?
-Sözlər
qulaqlarımıza göydən gəlib. Kitablar
isə yerdə yazılır, mənim balam. Biz yazırıq.
-Siz
heç atanızı xatırlayırsınız, cənab komandir ?
-Mənim
atam, anamın mənə təsvir etdiyi qədərdir.
-Əcaibmi,
qorxuncmu ?
-Yox. Əksinə, həlim və gözəl xasiyyətli.
-Niyə əcaba ? Məgər ananızın kini
yoxuydumu atanıza ?
-Var idi. Hətta gecələr necə ağlaması,
hıçqırtısı belə yadımdadır. Sadəcə, ikinci ona oxşar birisini yetişdirmək
istəmirdi evdə.
-Cənab
komandir, siz mənə inanırsınız ?
-Niyə
sual edirsən ?
-Elə-belə
fikirləriniz maraqlıdır.
-Mən
heç kimə etibar etmirəm, özümə də.
-Siz
bununla nə demək istəyirsiniz ?
-Demək
istəyirəm ki...
-Müəllim
kolbalar hazırdır. Təcrübəyə başlayaqmı
?
-Bütün
maddələr burdadırmı ?
-Yazdıqlarınızın
hamısını əldə etmişik.
-Belə asan ?
-Deməzdim
asanlıqla, amma, tanışlıqla.
-2 dəqiqə
gözləyin.
-Gözləyək ?
-Bəli.
-Niyə ?
-Ona
görə ki...
-Ana, onda
ağaclar da göydən enib yerə ?
-Bəli
oğul. Allah onların köklərini yerə
basdırıb. Daha dərin, daha möhkəm.
Bir insana gücü çatmayıb. Bir müddət azad dolanan insan, sonra
bütünlükdə torpağa basdırılır. Bəlkə hələ uzun illərdən sonra
köksündə ağac da yetişir. Kökləri
insan bədənindən daha dərinə gedərək.
-Təcrübəyə
başlayaq.
Bir çimdik torpaq.
-Niyə
bir çimdik ? Bunun hamısından istifadə
edə bilmərik ?
-Zərrə-zərrə
oğul. Birdən-birə olsa çox olar.
Səs-küy yaradar. Zərrə-zərrə.
-Narahat
olma hamısı təcrübəyə sərf olunacaq.
-Ana mən
könüllü olaraq Amerikada gedən müharibəyə
qoşulacam. Mənə xeyir-dua ver.
-Dualarım
üstündən əskik olmasın, oğul.
-Axı
Amerikada müharibə getmir .
-Gedir ana , gedir, sən görmürsən.
-Hansı
kitablar gəldi rəflərimizə ?
-Yerli
müəlliflərdi.
-Nizami Gəncəvi,
Fizuli, Nəsimi, Nəimi.
-Axı
indi bunları oxumaq vaxtı deyil. Bizə
müasir mövzular lazımdı.
-Yazmırlar.
Bütün yazılar avropa təfəkkürünün
məhsuludu. Mapossanlar, N.Hikmətlər, Ekolar və.s.
-Bəs Qarabağ ?
-Qarabağı
almışıq, daha yazmaq nə lazım .
-Nə
zaman aldıq?
-İki il olar.
-İndi orada kimlər yaşayır?
-Adamlar.
Məktub.
Ana, vəziyyətim çox yaxşıdı. Yaxşı
bir işə düzəlmişəm. Bu
yaxınlarda səni də yanıma gətirəcəm. Hələlik göndərdiyim pulla bir müddət
dolan. İşdən çıx. Mənim anam xadiməçi olmamalıdır.
-Sürətli
qarışdır kolbanı, indi bir az
yanacaq tök.
-Partlamaz?
-Yox,
narahat olma. Bir az yumurta da əlavə et.
-Yumurta niyə ?
-Bu
partlayışı sakitləşdirəcək.
-Yumurta
olmasa nədən istifadə etmək olar, alternativ olaraq ?
-Nə
bilim sehirli sözlərdən yəqin.
-Zarafatınızdan
qalmırsınız, müəllim.
-Hə,
elə zarafatla yaşayırıq.
-Nəsə
çox yoruldum, sən davam et mən bir az
dincəlim.
-Dincəlin.
-(Ürəyində
) Partlayan deyil. Məncə torpaq bir az
çox olsa daha gözəl nəticə əldə etmək
olar...
-Stop kadr.
-Film
çəkildi qalxa bilərsiniz.
-Belimiz
qurudu yerdə.
-Sonluq necə
olacaq ? Öləcəyik ya
yox.
-Bəs
kitabların aqibəti ? Torpaq nə məsələ
idi ?
-Bəs mən
Amerikaya getmişdim. O nə müharibə idi ?
-Əzizlərim səbr edin bu hələ təcrübədir.
Müəllif
Sonda atəş səsi eşitdim. Bu səs sükutu
pozdu. Bilmədim kim-kimi öldürdü. Kim sağ qaldı.
Yadımda deyil bu səsin haradan gəlməsi. Kimin
köksünə sancılması. Sadəcə hamı gizləndiyi
halda mən qaça-qaça səs gələn tərəfə
getdim. Amma gözümə ins-cins dəymədi. Elə bil bu
yurdu hamı tərk etmişdi. Bircə xarabalıqlar var idi,
bir də dərin xəndəklər. Boş idilər. Var
gücümlə çığırdım.
Kim var burda ? Ehey, kim var burda ?
Təklik
elə tükürpədici olur ki, nə zamansa belə halda
olmağı heç kimə arzulamıram.
Bu uçurumun ortasında, bu dağıntıların içində tək qalmaq və küləyin dərmə-deşikdən keçərək uğultulu səs çıxarması, ulaması ətimi ürpəşdirirdi.
Yadıma səhralar düşdü, acından qırılan kütlə. Heyvan kimi yaşamağa məcbur olmuş qara insanlar. Sonra edam səhnəsi.
Hə, qurbanlıq bayramı. İslam qurbanı.
Səddam.
Edam.
Necə də həmqafiyədir.
Duaları. Ürəyində dediyi sonuncu kəlmə. Sonra Qəddafi. Alçaq ölüm.
Ayağımın altında uşaqların kəlləsi
var idi. Qan,
çoxlu qan var idi. Heç qurumayıb. Nə
pis qoxudu, cəsəd qoxusu.
Qaçdım. Çox qaçdım. Uzaqlaşmaq üçün.
Atəş səsi. Gəlirdi. Gəlirdi. Kim idi bu atəşi açan
? Sükutumuzu pozan.
Sənsən Karl? Sapı özümüzdən olan balta.
Saxtakar. Bəlkə sənsən
ananın birəcik övladı? Öz
torpağını qorumaq lazım olduğu halda, buralardan gedən.
Uzaqdan-uzağa vətən hayqırıb kənardan
döyüşə qatılan. Kənardan
silah qaldıran. Kənardan vuran,
öldürən.
Nə pis qar yağır. Elə bu
qalmışdı. Ey, çəkil
qulağımdan inilti. Mən nə edə bilərəm ?
Sən, sən qarın içində yatan körpə.
Sən dağ basılıb gözləri
çıxarılan qoca.
Sən süngüyə taxılmış balaca.
Sən qarnına daş doldurulmuş qadın. Qeyrət,
namus.
Mən
axı nə edə bilərəm ? Nə
edə bilərəm ?
Axı hamı yatıb. Çox dərin
yuxudadılar. Necə oyadım onları ?
Çox çalışdım oyanmadılar.
Daha səninlə mübarizə apaqmağa gücüm
qalmadı, həyat.
Elə mən də yanınızda uzanacağam. Soyuqda. Cəsəd qoxuları burnumdan, ciyərlərimə
dolacaq. Siz mənim sağ olmağıma ,
mən isə sizin ölümünüzə öyrəşəcəyəm.
Hamı kimi. Yalnız hərdən-bir
yadıma düşəcəksiniz. Anacağam
sizi.
Gül qoyacam abidənizin önünə. Qisas ala bilməyəcəyəm.
Bağışlayın məni. Çünki mən də bu təcrübədə
istifadə olunmaq üçün bir maddəyəm.
Ya həll
olacam, ya partlayacağam...
Günel Eyvazlı
Kaspi.-2012.-22-24 dekabr.-S.21.