Yatmış gözəl
Həmin
gecəni düşünüb yatmaq istəmirdi. Ayağa qalxıb iki qurtum su içir,
yenə yerinə qayıdır. Gözlərini tavanın zil qaranlıq yerinə tuşlayır. Onsuz da yuxusu
gəlməyəcəkdi, yaxşısı budur
gecənin bu aləmində sevdiyi qızın yanına “getsin”.
Elə belə də edir.
Paltarını
geyib yavaşca evdən çıxır. Hər tərəfdə
sakitlik zülmətə
qarışıb. Amma gedəcəyi yer ona cənnət kimi göründüyündən
qaranlığı işıq kimi
yarıb gedir. Yol boyu Tatlını düşünür.
Görəsən, rahat yatıbmı, yatanda da çöhrəsi
gözəl görünürmü? Hardan ağlına gəlib bilmirəm, ama qıza Tatlı deyirdi.
Çox keçmir ki, gəlib çatır qızın mənzilinə. Otağına yaxınlaşıb qapını ehmalca aralayır ki, səsi gəlməsin. İçəri qaranlıq olsa da bu zülmət tatlıya heç toxunmamışdı. Siması yatarkən belə, zülmət qaranlıqda hey parıldayırdı. Bu işığı görmək isə hər adama nəsib olmaz. Bunu yalnız həyata ümidlə baxanlar və bu ümid işığına görə canından keçməyə hazır olanlar görə bilər.
Şükürlər olsun
ki, mən gecənin qaranlığında
bu işığı görə bilirəm,
deyib qıza yaxınlaşır. Görür ki, tatlı mələklərin
qucağında yatmış sanki! Mələklər
də hər adamı qızın yanına buraxmırlar ha, təkcə bizim oğlana yasaq qoymazlar. Çünki onlar bilirlər ki,
tatlısı bunun üçün
səhər ondan yeni əsər
istəyəcək. Ona görə o tatlını seyr edərkən
mələklər, hətta sevinirlər. Və əsərin
yazılmasında oğlana hər cür kömək edirlər. Sözsüz
ki, tatlı bunları bilmir.
–Qoy
heç bilməsin ki, onun necə uyumasını görməmə,
məhz öz mələkləri kömək edir, deyə
düşünərək tatlısının yanında
keçirdiyi gecədən xoşhal olur.
–O
gecə mələklər mənə tatlının yatarkən
necə qorunduğunu göstərdi. Tatlıya
yaxınlaşdığımda onun ağ pambıq kimi bədəninin
bütün hissələri bir-biri ilə mübahisə edirdi.
Başındakı gül qoxulu,
əsmər saçı “tüklərini elinə alıb”
şivən qoparırdı ki, mən qoymuram tatlının başına soyuq olsun. O tərəfdən
sağ qulaq tüklərin
arasından boylanıb çığırır: “Bəsdi də,
imkan ver mənə də
hava dəysin”. Saç
ona məhəl vermədən bir xotma da
artıq tük atır qulağın
üstünə. Sol qulaq
isə məsələni belə görüb
dillənmir. Çünki onun
yarısı çöldə idi. Buna görə rahat hava qəbul edirdi. Amma arzusu ürəyində
qalır. Yanaqdakı o nur
dənəsi kimi olan kiçicik xal necə
bağırırsa tatlının saçları diksinir. Beləcə, sol qulaq da tüklərin
altında qalır.
Görəsən,
xal nədən belə hirslənib, bəlkə, tatlı
oyanıb, onu cırmaqlayıb? Yox, xal buruna əsəbiləşmişdi.
Başqa “mələklər” kimi xalın da görəvi
var. O, tatlının üzündəki bir cüt çiyələyi
qoruyur. Bir tük belə yaxınlaşa bilməzdi o gilə dodaqlara. Xal buruna ona
görə hirslənir ki, o
nəfəs verdikcə xalı mürgü
tutur. Belə olanda isə
çiyələklərə keşik
çəkə bilməz. Bu dəmdə,
o tərəfdən bir
uzun tük xala acıq verir: “Sən
mürgüləyəndə mən də gedib
çiyələklərin arasında uzanıram...”. Sonra da dil
çıxarıb gözdən itir. Hirs vurur xalın beyninə...
– Əlimə düşərsən, ifritə, gör başına nə oyun
gətirrəm! Bunu eşidən əl
barmaqlarından xala dəstək gəlir
və tükün cavabını necə
lazımdı verir: “Aaaz
nə şeşələnirsən, gədəni (xalı deyir) tək görmüsən? Sənin
hünərin var çiyələklərə
toxunasan. Sən öl,
səni bu çeçələ
barmağıma dolayıb ataram tayanın lap o tayına!”. Vəziyyətdən
qürrələnən xal: “Eşitdin? Canın haqqı belin
qirram..!”.
Durumdan
ehtiyat edən burun da xalı başa düşüb bir az
sakit nəfəs verməyə başlayır. Bu yerdə sol əlin sağ ələ, bir də
xala paxıllığı tutur: “Paah, elə bil tatlını təkcə bunlar
qoruyur. Mən qoymaram ki, onun
bir yeri açıqda
qalıb üşüsün”-deyərək, yorğanı
çəkir tatlının bənzərsiz çiyinlərinə.
Bu zaman, bir kirpik yuxarıdan
dığırlanaraq gəlib dayanır üzün
ən tatlı giləsində. Bunu isə
“mələklər”dən heç biri görmür.
Görsəydilər tatlının
qıdıqlanmamağı üçün
“birinci mən götürəcəm” deyə,
yenə mübahisə edərdilər...
-Heç mən də toxunmuram o kirpiyə. Həm mələklər mənim tatlıya toxunmama izin vermirlər, yalnız seyr edə bilərəm. Hər gecəki seyrimdə də fərqli-fərqli hadisələr baş verir. O bir cüt çiyələkləri yemək üçün yanıb tökülsəm də bacarmıram və hər gecəki kimi, bu dəfə də tatlının yatarkən belə güvəndə olduğunu görüb xoşca qal tatlı, şirin yuxular sənə, deyirəm...
Gecə saat 03:24-ü
göstərir, artıq rahatlıqla yatmaq
olar!
Elgün Mənsimov
Kaspi.-2012.-22-24 dekabr.-S.23.