Lirik xatirələr şairi 

 

İddiasızlar

Tofiq Nurəlini oxucuların bəziləri məhəbbət şairi, bəziləri də xatirələr şairi adlandırırlar. Onların daha çox yekdil rəyləri budur ki, bu şairin şeirləri bütövlüklə oxşarı olmayan, kövrək duyğulu lirikadan ibarətdir:

Rastlaşdıq, bilmirəm indi deyim,

İndi danışım, düşsün yerinə...

Sənin gözlərinlə mənim taleyim

Yaman bənzəyirlər biri-birinə...

 

Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk “Şehli kəpənəkləradlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərininLiteraturnaya qazetada dərc olunması həmin müvəffəqiyyətin davamı idi.

Xalq şairi Fikrət Qoca hələ iyirmi səkkiz il əvvəl Tofiq Nurəlinin şeirlərini belə qiymətləndirmişdi: “...Tofiqin şeirlərini oxuduqdan sonra həmişə nəyisə xatırlamalı, nəyisə yada salmalı olursan, özün-özünə yaxınlaşırsan!..

O zaman şair Fikrət Sadıq gənc həmkarının Yazıçılar Birliyinə üzv qəbul edilməsi üçün verdiyi zəmanətdə yazmışdı: “Tofiq klassik üslubdaheca vəznində sərbəst formada da eyni dərəcədə müvəffəqiyyətlidir, orijinaldır. Tofiqin ictimai məzmunlu şeirləri maraqlıdır, tapıntılıdır, oxucuya yeni söz deyəndir...Tofiq həmçinin həssas şairdir. O insan qəlbiylə ünsiyyəti bacarır...”

Hərəsi tarixdə bir səs,

bir səda

Yaşayır ömrünün heykəl

çağında.

Hamının ürəyi

kövrəlirsə

Heykəllər ağlayır

yağış yağanda...

 

Şair Ələkbər Salahzadənin həmkarı haqqında söylədiyi fikirlər diqqətəlayiqdir: “Tofiq lirik şairdir, şeirləri incə lirizm, xəfif həzinliklə aşılanıb. Xatirələr şairidir, daha çox arxaya boylanır, xatirələr işığında düşünməyi, yazmağı sevir. Xatirələrə çox uysa da, çözələdikcə çözələyərək tel-tel indimizlə bağlaya bilir, bugünün oxucusunu düşündürməyi, ələ almağı bacarır. Onun şeirlərində bir payız həzinliyi duyulur, kövrək yarpaq xışıltısı eşidilir. Bütün yazılarında özüdür, sevimlidir, kimsəyə bənzəri yoxdur...”

Ay işığı pıçıldayır

yarpaqların səsiylə,

Dəyir pəncərəmə ay işığı-

o, qızın saçlarına əlim toxunansayaq.

Döyür pəncərəmi ay işığı-

ürəyimin səsini eşidirəm.

deyir ay işığı: yadına gəlirmi o, ilk

məhəbbət?!

Tofiq bəylə tanış olarkən adama elə gəlir ki, bu qaraqabaq şair dindirəndə danışan, dindirməyəndə susan, ətrafında baş verənlərə biganə olan bir insandır. Sanki, onun üçün bu dünyanın istisi də, soyuğu da eynidir. Amma, yaxından tanış olduqca Tofiq Nurəlinin həm şair, həm də həkim olaraq böyük ürək sahibi olduğunu dərk edirsən. Onun gözəl cəhətlərindən biri də təmənnasızlığıdır. Dostu, yaxud tanımadığı hər bir adam üçün əvəz-əvəzə görənlərdən deyil. Eləcə də şöhrət dalınca qaçmayan, heç kimdən böyük vəzifə, (baxmayaraq ki, o buna layiqdir) imtiyazlı mövqe sədəqəsi ummayan, taleyinə, qismətinə düşən paydan məmnun ziyalı şəxsdir. N.Nərimanov adına Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Tofiq bəy həkimlik fəaliyyətinə Qonaqkənd qəsəbə xəstəxanasında başlamış, çox keçməmiş xəstəxananın baş həkimi işləmişdir. Uzun illər 17 saylı Tibb Sanitariya Hissəsinə rəhbərlik etmişdir. Ömrünün böyük bir hissəsi isə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə bağlıdır.

Tofiq Nurəlinin həkim şair olmaqdan savayı ən önəmli çalışmalarından biri də ölkədə tibbi biliklərin geniş təbliği məqsədi ilə ilk səhiyyə qəzeti – “Şəfqət”i (indiki “Tibb qəzeti”) yaratmasıdır. 1991-1995-ci illərdə qəzetin baş redaktoru olmuş, kütləvi səhiyyə maarifinin inkişafına xidmət etmişdir. Lakin o dövrün qara niyyətli səhiyyə rəhbərlərinə öz xislətlərinə uyğun olmayan, gözükölgəliyi sevməyən qəzet lazım deyildi. Odur ki, müxtəlif bəhanələrlə qəzetin çapını əngəlləyənlər əvvəl kollektivin dağılmasına, sonra da Tofiq müəllimin baş redaktorluqdan çıxmasına nail oldular.

Otuz ilə yaxın yaradıcılığı dövründə şairin cəmi dörd kitabı çap olunub: “Şehli kəpənəklər” (1983), “Yağışdan sonra” (1989), “Tənha bir qüssə” (1998), “Tənha payız çiçəyi” (2003). Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən “Qaçaq Mayıl” kinopovestinin də müəllifidir.

Tezliklə irəlidə 60 yaşın zirvəsi gəlir. İnanırıq ki, yaşının artmasına baxmayaraq Tofiq Nurəli yenə də xatirələrini, sevgi hisslərini lirik, axıcı tərzdə oxucuları ilə bölüşməyə davam edəcək:

Daha gərək deyil yaz yağışları,

Qurumuş bulağam, solmuş çəmənəm.

Nakam sevdalardan nəğmələr deyən

Son sevgi şairi bəlkə mənəm...

 

Rövşən Yerfi

Kaspi.-2012.-22-24 dekabr.-S.23.