Bir şair
haqqında düşüncələr
Yazılarımın birində Əbülfətlə bağlı qələmə aldığım fikirlərdə bildirmişdim ki, mövzusundan asılı olmayaraq onun şeirlərində bir təlaş var. Bu təlaş da adamın yaxasından yapışaraq elə həyəcanla silkələyir ki, tək gözlərindən yaş, başına da «daş» tökülmür. Ömrünü-gününü göy əskiyə bürümüş bir ağır qəmin və xiffətin cızdağında çırpına-çırpına qalırsan. İllərdir ki, onun şeirləri ilə yol-yoldaşıyam. Dilimin əzbəri olan misraları var ki, hər gün təkrarlayıram. Ahəngindəki dərdin, qəmin burulğanına düşərək ruhum dara çəkilir:
Bəxtəvər ipək qurdları -
ölür evin içində.
Bu həsəd dolu misralar
varlığıma neştər kimi
sancılmaqdadır. İllərdir ki, əllərimiz
yurd yerlərinə uzalı qalıb. Quşun, böcəyin yolunu
belə gedə bilmirik. Biz
insanıq, bütün dayaqlar
itəndə dərdə söykənirik. Bəzən də
həqiqətlər dilimizdə elə qıfılbəndə
düşür ki, nə
demək olur, nə də gizlətmək.
Hər iki halda bütün zərbələrin ünvanı
ürəkdir.
Əbülfət
Mədətoğlu mənim çox sevdiyim və müntəzəm
oxuduğum şairdir. Bəzən də ürək
rahatlığı tapmaq, minlərin
içindəki tənhalığınla təskinliyə qovuşmaq üçün
onu oxuyuram. Oxuduqca da tez-tez
bir sözü
pıçıldamaqdan özümü saxlaya bilmirəm: «Allah sənə
insaf versin, qardaş. Yenə bu
sözləri necə tapıb yan-yana
düzmüsən?» Vallah, onun
sinəsində adi ürək döyünmür. Bir söz çeşməsi
çağlayır, bitib-tükənmir. Bütün
vücudunu yandıra-yandıra vərəqlərə
süzülən sözləri var ki, tonqal kimi
adamın varlığını alışdırır. Beləcə,
Əbülfət yazmağında, mən oxumağımda və
hər dəfə də heyrətlənməkdəyəm.
Bu
yaxınlarda şair qardaşımın «Mənim kimi sevə
bilsən…» adlı şeirlər kitabını yenə bir
içim su kimi alışıb yanan ciyərlərimə
çəkdim. Sanki
varlığıma od doldu.
Elə bil bütün
əzalarıma dərd toxumu səpdilər:
«Tüstüsü özünü
kor qoyan ürək». Doğrudan da, insanı yaşadan ürəyə yaman
laqeydlik göstəririk. Nə onu oxşayırıq, nə tərif deyirik, nə sığal çəkirik.
Əksinə, əlimiz yetmədiyi, ünümüz
çatmadığı vətənin dərdini, qismətimizə
çıxmayan, amma arzusunda
olduğumuz nələrinsə
acığını ürəkdən
çıxırıq. Bəzən onu elə
günahkar bir libasa bürüyürük
ki, sanki
başımıza gələn bütün
fəlakətlərin səbəbi odur. Bəzən
də ondan az qala üz döndəririk:
«Nəğməmi səsləndirən bülbül
arzusundayam». Amma sinəmizin
altındakı ürək var e, o, bizə hamıdan sədaqətli,
hamıdan yaxındır, axı! Bizim formulumuzdur, varlığımızdır,
duyğularımızdır, həyata, insanlara
münasibətimizdir, yaşamaq amilimizdir!
Qayğılarla, dərdlərlə yükləndiyimiz məqamda əlimiz Tanrı ətəyinə uzanır. Görün, bunu Əbülfət Mədətoğlu necə poetik ruhda qələmə alıb:
Qayğı içindəyəm, dərd içindəyəm,
Gözümü açmağa imkanım yoxdur.
Elə bil ən ağır şərt içindəyəm –
Harayıma çatan hayanım yoxdur.
Kitabın əvvəlində oxucusuna
üz tutaraq şair belə bir istəkdə
bulunur: «Bircə ricam var. Əgər sevirsənsə, sevgiyə
önəm verirsənsə, ən azı sevənləri
anlayırsansa, onda oxu
bu şeirləri. Yox,
əgər başın böyük
işlərə, xüsusilə maddi durumunu həll etməyə
qarışııbsa, onda xeyirli-uğurlu olsun, rahatca öz işinlə
məşğul ol, oxuma!..»
Fikrin birinci hissəsi ilə çox razıyam. Sevənlərin ünvanıdır poeziya,
amma deyəndə ki başın maddi durumla əlaqədar
qarışıbsa oxuma,
yox, qardaşım, razı qalmadım səninlə. Onda gərək
ömrümüz boyu
biz bir-birimizi oxumayaq.
Sənin
bu dərdli şeirlərini eyş-işrət
içində harınlayanlar,
qəlbi gündə
«bir sevda ilə döyünənlər»
anlaya bilməzlər.
Çünki sənin özün
də ən çətin şəraitdə,
qovağalar içində,
dərdlərlə bağrıbadaş
ola-ola yazırsan bu şeirləri. Sevgi təkcə bir insana, oğlanın qıza və ya əksinə, qadının kişiyə
olan hissləri deyil. Sevginin ahəngində daha
dərin mənalar gizlənib. Anadan, vətəndən, övladdan,
bacıdan, qardaşdan,
yardan, dostdan siradaşa qədər minbir rənglə süslənən bu ali duyğuların
ünvanı poeziyadır.
Vaxtilə dost xəyanətindən
inciyib dünyadan küsdüyüm vaxtlarda
dilimə belə misralar qanadlanmışdı:
Mən nə gözləyirdim bu boz şəhərdən,
Bu dərin şəhərdən,
bu üz şəhərdən,
Birüzlü tapmadım minüz
şəhərdən,
Qoşulub küləyə yelə gedirəm.
Bu, mənim özümə verdiyim təsəlli idi. Niyə xatırladım bu misraları? Səni oxuduqca xiffətli duyğularım dilə gəldi. Sanki bu misralar bir güzgü kimi pünhani hisslərimi aynaladı. Əbülfətin şeirlərində mən bir həmdərd tapmışam. Onunla hisslərimi bölüşdürürəm, gileylərimi paylaşdırıram. Bu qədər də yaxınlıq və doğmalıq olar?!
Yorulmuş at kimiyəm,
Sınmış qanad kimiyəm.
O qədər yad kimiyəm –
Hamı ötür yanımdan.
Urcah olduğu biganəliyə bu dərəcədə səlis, poetik libası necə gözəl biçib. Əslində çoxumuz elə bu cür ovqatın məngənəsində sıxılırıq. Bu səbəbdən də şair qardaşımızın təbirincə desək, «şimşəklər ruhumla tutub qol-qola, qəlbimi sinəmdən gəlib apardı». Əgər mənə icazə verilsəydi, bu misralarda belə düzəliş edərdim: «Şeirin ruhumla tutub qol-qola, dərdimi aləmə aşkar eylədi». Bir çox suallara cavab tapmaq istəsəm də, şairin sualları qarşısında özüm aciz qaldım:
Bir ömrüm var – uduzduğum, udduğum,
Günlərini saymaq indi nağıldı.
Ay diz çöküb ətəyindən tutduğum,
Niyə mənim yurdum-yuvam dağıldı?
Başımdan kimlərin belə yanıqlı harayları keçmədi… Şəhriyardan üzü bu yana illər boyu bizi oraq kimi biçən «bizim ellər yerindəmi» ahları içimə od saldı. Yenə də nə vaxtsa dərdlərimi misra-misra kağızlara əmanət etdiyim bir bayatım düşdü:
Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Vətəndə
Qış da bizdən vəfalı.
Gör nələrə həsəd apardıq, gör nələrə qibtə etdik… Bu yerdə Əbülfətin misraları qolumdan tutdu: «Hamıya yazdığım şeirdə mən öz şeirimi tapmadım». Tapa bilməyəcəyik, qardaş. Çünki bu geniş dünyada okeanın o tayına da gedərik, dəryaları aşarıq, dağlara ucalarıq, min rəngli məmləkətləri seyr edərik, amma beşiyimiz yellənən, laylamız çalınan o yerlərə getmək müşkülə dönüb. Necə deyirsən: «Pirimizi tapa bilmərik». Qəribin nə yeri, nə şeiri? Qürbətdi içimizi dağlayan.
Əsl şairlər həmişə sadə olurlar. Bəzən də onlar insanlara avam təsiri bağışlayırlar. Bunu duyduğu üçün də Əbülfət deyir: «Qovub çıxardın mənim – içimdən adamlığı». Bu təlaşın nahaqdır, qardaş. Səndən özün demişkən, nə mələk, nə də səndə kələk olar. Bu mənada şair öz sözləri ilə mənəvi portretini çox gözəl yaradıb:
Məndən ancaq elə mən ola bilər –
Sakit, fikirli, qəmli, utancaq.
Əslində bütün bunlar insana xas olan məziyyətlərdir. Tanrı onu belə yaradıb. Məhz bu boy-biçimdə, bu ürəkdə, bu fikirdə. Hara qaça bilər ki? Bəlkə də buna görədir ki, hərdən öz-özünə gileylənəndə sözlər ondan xəbərsiz misralarında qəribə bir həsrət şəkli çəkir:
Qulaqlarım səs gəzir,
Gözlərim yol yağırı…
İnan, ürəyim olub
Ürəklərin fağırı…
İçində dünya boyda yük gəzdirən, kürəyində dərdlərin ən ağırını saxlayan, geriyə dönməyə vətəni olmayan, hər kəlməni, hər baxışı min cür fikirə çəkən, öz könlü özünü gözdən salan, açarı kilidə düşməyən, dağı-dərəni min yerə daşıyan, hər naxışda göz oxşarlığı tapmayan, tez-tez özünü aldadan Əbülfət Mədətoğlu yazır:
Əllərim qabardı, dizlərim yağır,
Yüküm öz çəkimdən yüz dəfə ağır.
İnsan tanımıram özümdən fağır,
Bəsdi, künc-bucağa məni sıxmayın.
Mənim şair qardaşım bax, dünyanı elə bu etirazla da sevir. Bəzən də bir kövrək ağac kimi küləklərin əlindən dad edir. Gecikdiyi görüşə, qapısını aça bilmədiyi evə, dəvət almadığı məclisə, başını endirə bilmədiyi doğma yerlərdəki axirət dünyasına, qolundan tuta bilmədiyi əzizinə, sevdiyi, amma üz tuta bilmədiyi yarına, daha kimlərə etiraf dolu məktublar yazır:
Bağışla, gələ bilmədim,
Canım canımda deyildi.
Əli çıraqlı axtardım -
Ruhum yanımda deyildi.
Əbülfət Mədətoğlu məzmunlu, mündəricəli şeirləri ilə Azərbaycan poeziyasında yeni bir səhifə açdı. Onun poetik çeşməsi çox al-əlvandır. Hansı tərəfdən ləçək çəksən, mənalıdır, oxunaqlıdır, insanın qəlbini ehtizaza gətirəcək, səni xeyli düşündürəcək. Çox fərəhlə və iftixarla deyim ki, müasir şairlərimizin arasında Əbülfət Mədətoğlu da sözün ləyaqət bayrağını ucalarda tuta bilən qələm sahiblərindən biridir. Onun şeirləri ilə tanış olan xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə deyib: «Əbülfət sözün əsl mənasında, şairdi. Dərd yağır, Qarabağ fəryad hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır, köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti». Nə yaxşı ki vaxtilə unudulmaz Bəxtiyar Vahabzadə Əbülfət Mədətoğlu haqqında belə dəyərli fikirlər söyləyib. İndi qəribə bir münasibət var. İstedadlılar haqqında xoş söz deyəndə bəzən qısqanclıqla yanaşılır. Adətən də «hələ tezdi» inadı ilə müqavimət göstərilir. Halbuki Əbülfət Mədətoğlunun bir-birinin ardınca çap edilən şeir kitabları təsdiqlədi ki, o, həqiqətən qüdrətli şairdir. Onun lirik şeirləri də bir-birindən gözəldir. Elə haqqında danışdığım bu yeni kitabı da əslində məhəbbət ünvanlı poetik töhfədən ibarətdir. Qəribədir ki, mövzusundan asılı olmayaraq Əbülfət nə yazsa, mən onun hər bir misrasında Vətən həsrəti, Vətən ətiri, Vətən dərdi görürəm. Vaxtilə böyük Rəşid Behbudov «Ayrılıq» adlı bir mahnı ifa etdi. Onu sonralar İran müğənnisi Ququş (Faiqə Atəşi) da oxudu. Əslində məhəbbət haqqında həzin bir nəğmədir. Amma ötən əsrin sonlarında bu mahnını Yaqub Zurufçu da ifa etdi. Bu dəfə həmin məşhur mahnı Vətən haqqında səslənən ən təsirli nəğmə kimi ruhumuzu dara çəkdi. Mahnının yozumu belə dəyişdi. Bax, Əbülfətin də bütün məhəbbət ruhlu şeirlərinin ünvanında mən Vətəni görürəm. Vaxtilə onun şeirləri haqqında yazanda söyləmişdim ki, ömrü qələm, yolu masa, ünvanı kənd əvəzinə şəhər olan şair illərdir vətən həsrəti ilə əlbəyaxadır. Vaxtı döyə-döyə doğma yerlərə aparan yolun səmtini axtarır:
Havadan asıblar məni,
Ayağım torpağa çatmır.
Nə qədər cəhd göstərirəm,
Dodağım yarpağa çatmır.
Bu, Vətən harayıdır, Vətən dərdidir, Vətən həsrətidir. Başqa bir yozumu yoxdur. Yazılarının birində söyləyir ki, yavaş-yavaş şəhər şirəmi soraraq məni özünə hopdurdu. Kənd-şəhər qarışıq bir bəndəyə çevirdi. Amma o, kürəyini yenə də yerə qoymadı. Köməyinə könül verdiyi sözlər, yazdığı misralar çatdı:
Bu tale…
çəkir hey bərkə məni,
Götürmür tərkə məni,
Əlsiz-ayaqsız canım,
Oyna, «Tərəkəmə»ni
Sümüyünə düşəcək.
Sümüyünə düşüb-düşməməyindən asılı olmayaraq Əbülfət Mədətoğlunun öz havası var. Öz havası olduğu üçün də içini bax, görün necə ifadə edib:
Hələ yaşayıram, hələ ki varam,
Hələ daşıyıram minillik qəmi.
Mən elə həminki köhnə adamam –
Nə dərya dəyişib, nə də ki gəmi.
Yolun açıq olsun, köhnə kişi! Böyük Məmməd Araz deyərdi ki, bu su, bu torpaq kimi köhnəyəm, bala! Köhnə təzəlikdəki şeirlərin gələcəyə ünvanlanıb. Danışmağa, yazmağa sözün tükəndiyi bir vaxtda səsini başına çəkib qələminə sığınaraq ruh oxşayan misralarınla bizi dəli etdiyi üçün sənə minnətdarıq!
Əslində, bu şeirlər Əbülfətin canyanğısıdır. Kitabda 207 şeir təqdim olunub. Neçə min yeddisi də hələ yol gəlir. Özü çox gözəl deyib, daha doğrusu, oxucusu ilə belə sağollaşıb: «Minillik bir sevgi pərvanəsiyəm, qanadım yorulmaz, şamım da sönməz». Nə gözəl, pərvanə həmişə işığa uçar, onun başına fırlanar. Doğulduğun yurda – o yerə uçduğun günü görəydik və sağ əlin başımıza deyə biləydik…
Kaspi.-2012.-22-24
dekabr.-S.16.
Flora
XƏLİLZADƏ