“Təsəvvür edirsiniz,
tamaşalara biletlər iki
ay əvvəldən satılıb
qurtarır”
Bu günlərdə Akademik Milli Dram Teatrının bədii-quruluş hissəsinin əməkdaşları Moskvadan qayıdıblar. Xəbər verdiyimiz kimi, beynəlxalq əlaqələri gücləndirmək, yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov, radio sexinin müdiri Həmid Kazımzadə və butaforçu-dekorçu Samirə Həsənova Bolşoy Teatrda və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında olmuşlar. Onlar texniki heyətin işinin təşkili, tamaşanın istehsalında yeni texnika və texnologiyalardan istifadə üsulları ilə tanış olmuş, eyni zamanda öz təcrübələri ilə bölüşmüşlər. Düşünürəm ki, Azərbaycan teatrının əməkdaşlarının Rusiyanın ən böyük mədəni sərvətlərindən olan Bolşoy Teatrda, eləcə də Vaxtanqov adına Akademik Teatrda yaradıcılıq mübadiləsində bulunması, tək Akademik Milli Dram Teatrı üçün deyil, ümumiyyətlə, milli teatr sənətimiz üçün əlamətdar hadisədir. Çünki adları çəkilən hər iki teatr (ələlxüsus, Bolşoy Teatr) həmişə qapalı olması ilə fərqlənib. Teatr tarixindən bildiyim və eşitdiyim qədərilə hələ bu günə qədər Azərbaycan teatrından heç kim sözügedən teatrlarla yaradıclıq mübadiləsində olmayıb. Bu mənada, Akademik Milli Dram Teatrının əməkdaşları ilə ilk cığır açan şəxslər kimi səfər barədə bir qədər söhbətləşmək qərarına gəldim. Müsahibim Akademik Milli Dram Teatrının bədii quruluş hissəsinin müdiri İlham Əsgərovdur.
- Necə oldu ki, bu
yaradıcılıq mübadiləsi baş tutdu? Ümumiyyətlə,
bu ideya necə
yarandı?
-
Bildiyiniz kimi, “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramında nəzərdə tutulan silsilə tədbirlər
planında öz əksini tapan məsələlərdən
biri də dünya teatr məkanına inteqrasiya, beynəlxalq əlaqələrin
qurulması, gənc kadrların dünyanın qabaqcıl
teatrlarında yaradıcılıq mübadiləsi və
stajkeçmələrinin təmin olunmasıdır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi
ilə artıq bir sıra teatr
xadimlərimiz bu tipli
yaradıcılıq mübadilələrində, stajirovkalarda (stajkeçmə) olublar.
Çox sevinirəm ki,
biz dünya teatr məkanında özünəməxsus yeri və çəkisiylə fərqlənən
Moskva teatrlarında olmaq,
onların iş prinsipi,
təcrübəsi ilə tanış olmaq,
eyni zamanda öz təcrübələrimizlə
bölüşmək imkanı əldə etdik.
Moskva teatr mühiti həmişə
şəxsən mənim üçün
çox maraqlı olub
və Moskvanın Bolşoy Teatr, Vaxtanqov adına Akademik Teatr, Satira Teatrı kimi nüfuzlu və zəngin təcrübəyə
malik teatrlarının işi
ilə yaxından tanış olmaq
imkanını yaratdığına görə Mədəniyyət
və Turizm Nazirliyinə və
teatrımızın rəhbərliyinə, prodüser
şöbəsinə təşəkkürümü bildirməyi
özümə borc bilirəm.
Yaradıcılıq mübadiləsi zamanı çox
maraqlı məqamlarla rastlaşdıq. Düşünürəm
ki, bu mübadilə bizim üçün çox səmərəli və məhsuldar oldu. Moskvada olduğumuz 2 həftəyə yaxın
müddət ərzində o qədər
maraqlı bir prosesin
içində olduq ki,
təəssüratlarımızın hamısını
danışmağa nə vaxt, nə də
ki, bir söhbət
kifayət eləməz. Bildiyiniz kimi, biz Moskvada
əsasən üç teatrda
Bolşoy Teatrda, Vaxtanqov adına Akademik Teatrda və Moskva Akademik Satira Teatrında olduq. Xüsusən, Bolşoy
Teatrla bağlı çox
maraqlı yeni məlumatlar əldə etdik.
-
Bolşoy Teatr haqqında teatr tarixindən az-çox məlumatımız
olsa da, istərdim ki, bu teatr haqqında bir qədər
oxucularımıza məlumat verəsiniz.
- Bolşoy Teatrın
tarixi 1776-cı ildən
hesablanır. Teatrın ilk dəfə 1780-ci ildə inşa olunan binası o zamandan etibarən dəfələrlə yanıb,
bərpa olunub. Sonuncu dəfə 2011-ci ilin oktyabrında teatrın binası 6 il davam
edən əsaslı təmir-bərpa işlərindən
sonra istifadəyə verilib. Ümumi sahəsi 80000 kvadrat
metr olan Bolşoy Teatrın binasının möhtəşəmliyini
ifadə etmək üçün söz tapa bilmirəm. Tamaşaçı salonundakı çilçıraq
24000 elementdən ibarətdir.
Teatrın tamaşaçı tutumu 1740 nəfərdir.
Ən maraqlısı isə odur ki, təsəvvür
edirsiniz, tamaşalara biletlər 2 ay əvvəldən
satılıb qurtarır.
Teatrın biletlərinin qiyməti
60 dollardan başlayır.
Buna baxmayaraq, Bolşoy Teatr tamaşaçı sarıdan
problem yaşamır. Teatr təmirdən
sonra ən son texnika və avadanlıqlarla təmin olunub.
- Səhnə texnikası və texnologiyalarının tətbiqi
baxımından Akademik
Milli Dram Teatrı ilə Bolşoy Teatr arasında hansı fərqlər mövcuddur?
- Bolşoy Teatrdakı
səhnə avadanlıqları
ilə bizdəki texnikalar eyni firma tərəfindən hazırlanıb. Sadəcə, orada əsasən, opera və balet tamaşaları
nümayiş olunduğuna
görə səhnə
texnikası, işıq
və musiqi avadanlıqları daha mürəkkəb sistem əsasında qurulub.
- Bəs, dekorasiyaların hazırlanması,
səhnənin qurulması
barədə nə deyə bilərsiniz?
- Bolşoy teatrda əsas binadan əlavə emalatxana da var. Bütün dekorasiyalar, kostyumlar, dülgər sexi, səsyazma studiyası və digər yardımçı sahələr
emalatxanada yerləşir.
Bu binada əsas
səhnə ilə eyni ölçüdə
olan səhnə mövcuddur. Sadəcə, tamaşaçı zalı
yoxdur. Dekorasiyalar bu səhnədə
quraşdırılır. Tamaşanın işıq partiturası,
rekvizitlər, butaforiyalar
– hər şey bu səhnədə hazırlanır, sonra hazır şəkildə
əsas səhnəyə
aparılır. Teatrın əsas
səhnəsində quraşdırma
işi aparılmır,
tamaşadan sonra da dekorasiyalar sökülmür, bütöv
şəkildə səhnənin
altında mövcud olan məkanda saxlanılır. Beləcə, teatrda bədii quruluş hissəsinin işinin effektivliyi və sürəti xeyli yüksəlmiş olur.
– Moskva teatrlarında rekvizitlərin,
butaforiyaların, səhnə
geyimlərinin, qrim ləvazimatlarının və
s. hazırlanması texnologiyasında
hansısa bir yenilik tətbiq edilirmi?
– Materialların, demək olar ki, hamısı
məxsusi olaraq, bu işlə məşğul olan şirkətlər tərəfindən
hazırlanır. Yaradıcılıq mübadiləsində olduğumuz
müddətdə şahidi
olduq ki, bu teatrlarda çox
yüksək keyfiyyətli
və bahalı materiallardan istifadə olunur. Teatr tamaşa üçün
lazım olan hər şeyi – boyaq maddələrini, parçaları, qrim və pastijor ləvazimatlarını, Avropada
fəaliyyət göstərən
ixtisaslaşmış firmalara
sifariş edir. Tamaşalarda
istifadə olunan kostyumlar da məhz
bu cür firmalar tərəfindən
yüksək peşəkarlıqla
hazırlanır.
– Gələcəkdə
bu təcrübənin
Azərbaycan teatrlarında
da tətbiq olunması ehtimalı varmı?
– Təbii ki, bu cür iş
prinsipi teatrın işini xeyli asanlaşdıra, tamaşaların
səhnə tərtibatının
keyfiyyətini yüksəldə
bilər. Biz haqqında
danışdığımız firmalarla müəyyən
əlaqələr qura
bildik. Yaxın gələcəkdə bu firmalarla müəyyən
danışıqlar aparmaq
mümkün olarsa, bəzi ləvazimatları
sifariş etmək niyyətindəyik.
– Başa düşürəm ki, biletlərinin iki ay öncədən satıldığı
teatrlarda tamaşalara baxmaq elə də asan deyil.
Moskvada hansı tamaşalara baxa bildiniz?
– Həqiqətən
də, biletlərin hamısının
satıldığına görə çox tamaşalara
baxmaq imkanından məhrum olduq. Məsələn,
Bolşoy Teatrın simvolik
tamaşalarından olan “Qu
gölü” baletinə baxmağı çox istəsək də, bu
bizə nəsib olmadı. Amma Bolşoy Teatrın “Turandot”
(libretto C.Adami, R.Simoni, quruluşçu rejissor Françeska Zambella), Satira
Teatrının “İdeal qətl” (quruluşçu rejissor Andrey Jitinkin), Y.Vaxtanqov adına Teatrının “Madmazel Nituş” (Bəstəkar
F.Erve, quruluşçu
rejissor – Vladimir İvanov) tamaşalarına baxdıq. Hər üç tamaşa həm
bədii səviyyəsi, həm də texniki
imkanları baxımından son dərəcə
maraqlı səhnə əsərləri idi.
- Necə
düşünürsünüz, Azərbaycan
teatrlarının Moskva teatrları ilə əməkdaşlıq
əlaqələri gələcəkdə də davam etdiriləcəkmi?
- Əlbəttə, əslində, məqsədimiz
elə bundan ibarətdir. Bildiyiniz
kimi son illər ərzində
Akademik Milli Dram Teatrının beynəlxalq əməkdaşlıq
əlaqlərinin qurulması istiqamətində xeyli iş görülüb.
Xarici qastrol səfərləri, festivallarda
iştirak, qarşılıqlı pyes, rejissor və aktyor mübadiləsi, yaradıcılıq
mübadilələri və milli teatr sənətimizin dünya
teatr məkanına inteqrasiyasına xidmət
edəcək bu tipli
layihələrin gerçəkləşdirilməsi
teatrımızın fəaliyyətinin prioritet
istiqamətlərindəndir.
O ki qaldı, konkret olaraq, Moskva səfərimizə, orada
qarşılıqlı əməkdaşlıq əlaqələrinin
qurulması və inkişaf etdirilməsi
haqqında bir sıra görüşlərimiz,
müzakirələrimiz oldu. Bu yaradıcılıq mübadiləsi geniş və uzunmüddətli bir layihənin başlanğıcıdır.
Gələcəkdə də Moskva və
Bakı teatrları arasında həm bədii-yaradıcı,
həm də texniki məsələlərlə
bağlı birgə layihələrin keçirilməsi
planlaşdırılır.
P.S. Düşünürəm ki, haqqında danışdığımız bu yaradıcılıq mübadiləsi nəinki Akademik Milli Dram Teatrı üçün, eləcə də Azərbaycan teatr məkanı üçün son dərəcə əlamətdar hadisədir. Bu tipli tədbirlərin, layihələrin həyata keçirilməsi bu gün milli teatr sənətimizə hava-su kimi gərəklidir. Mən Akademik Milli Dram Teatrının bədii quruluş hissəsinin əməkdaşlarını təbrik edirəm və arzu edirəm ki, bu yaradıcılıq mübadiləsi zamanı əxz etdikləri təcrübə konkret olaraq, iş prosesinə tətbiq edilsin.
Elçin Cəfərov
teatrşünas
Kaspi.-2012.-22-24 dekabr.-S.11.