Pələng ili 

 

Dekabrın 13-də Gənc Tamaşaçılar Teatrı yeni tamaşasını təqdim etdiya təhvil verdi. Beləliklə... Firuz Mustafa “Pələng ili”.

Sözün düzü, mənim müəllif haqqında elə bir informasiyam yox idi. Lakin yağışlı gündə Gənc Tamaşaçılar Teatrına getməyimlə bəzi mətləblərdən hali oldum. Öyrəndim ki, Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə Azərbaycan dramaturqudur. Filosofdur, estetikdir, yazıçıdır və s.

“Pələng ili” pyesində ətraf mühitin və mənəvi aləmin ekologiyasında gedən aşınmalar mahiyyətcə müxtəlif qütblərdə dayanan adamlar arasında baş verən konflikt və kolliziyalar fonunda baş verir.

Hadisələr təbiətin qoynunda cərəyan edir. Səhnədə təbiət mənzərəsini əks etdirən sadə səhnə tərtibatı qurulmuşdur. İlk gənclik illərindən dost olan üç kişi (Nihad - xalq artisti Tariyel Qasımov, Tumaş - əməkdar artist Sabir Məlikov və Çinar - Ədalət Əbdülsəməd), onlar həyat yoldaşları (Elayə - Nuriyyə Əliyeva, Sevda - Mehriban Abdullayeva, Türfə - Hüsniyyə Əhmədova) ilə böyük şəhərin səs-küyündən, gündəlik gərginlikdən uzaq bir yerdə istirahət etmək qərarına gəlirlər. Onları səfalı bir yerdə meşə gözətçisi (Ağa-Rasim Cəfərov) qarşılayıb müşayiət edir. Əvvəlcə hər şey öz qaydasında gedir, hamı deyib-gülür, yeyib-içir, şənlənir, hər kəs öz iş-gücündən söhbət açır. Amma hadisələrin sonrakı gedişində, sakit vəziyyət tədricən dəyişir, hər bir iştirakçının daxili aləmi, ambisiyası üzə çıxmağa başlayır. Vəhşi meşə pələnginin qəfildən yaxınlıqda peyda olması ilə hadisələr öz təbii axarından çıxır. Artıq hər personaj bu çətin situasiyadan xilas olmaq üçün ən fantastik yollar aramağa başlayır. Pələngsə istirahətə gələnlərin seçdikləri yerin qarşısını kəsdirib nərildəyir. Hərə öz canının hayındadır. Indi hamını bir məsələ düşündürür: nə etməli, necə xilas olmalı?

Lakin burada aktual olan koflikt nədir? Sadəcə pyes deyil, uşaqlar üçün hekayə şəklində oxuna bilənəcək bu tamaşanın ali məqsədi olmadığı üçün nəticəsi yoxdur. Tamaşa boyu hadisələrin gedişində aktyorların bir-birilə ünsiyyəti (bu ünsiyyət o dərəcədə bəsit loruformada təqdim olunur ki, tamaşaçı oturduğu məkanın teatr ya küçə olduğunun fərqinə vara bilmir), tərəfmüqabilləri arasında texniki cəhətdən olan lakin, psixoliji cəhətdən yaşanmayan nünasibətlər (bu da tamaşaçıda hadisələrin reallığına inanmaqda şübhə formalaşdırır - hələ düşünsək ki, söhbət hansı yaş kateqoriyasında olan tamaşaçıdan gedir), səhnədə aktyorların mərkəzdən - ön səhnədən qaçaraq, kənarda edəcəklərini bilməmələri (məsələn Nihad - xalq artisti Tariyel Qasımovun ifasında - səhnəyə üçün çıxdığı görünür aktyorun özünə belə qaranlıq qalır, hərəkətlərdəki çaşqınlıq yorğunluq da nəzərdən qaçmır) tamaşanın sadə teatr qanunlarından vahid rejissor həllindən kənarda hazırlanması fikrinə əsas verir. Rejissor demişkən, quruluşçu rejissor Ağalar İdrisoğludur.

Gənc Tamaşaçılar Teatrının repertuarındaPələng ili”nin uğursuz tamaşalar sırasında olacağına əmin olsam da, uğurlu tamaşalar siyahısında olmayacağına əmin deyiləm. Bizim ölkədə əmin olmaq, xüsusilə teatr-sənət sahəsində qeyri-mümkündür. Premyera olduğunu nəzərə alaraq, bütün kollektivə uğurlar arzu edirəm.

 

Aygün Süleymanova

teatrşünas

kaspi.-2012.-22-24 dekabr.-S.10.