Səhnədə aktyorları daha çox çörək
düşündürür
İlhamə Əhmədova: “Çox zaman aktyorlar seriala tanışlıq vasitəsilə çəkilirlər”
Ötən həftə Bakı Uşaq Teatrında “Xaşxaşın göz yaşları” tamaşasını izlədim. Artıq 7 ildir ki, teatrın səhnəsində maraqla baxılan bu tamaşaya İntiqam Soltanın təqdimatında yeni quruluş verilib. Region teatrlarında da davamlı olaraq oynanılan tamaşa bu gün də repertuarı bəzəyir.
Teatrın quruluşçu rejissoru və tamaşanın əsas obrazlarından birinin qəhrəmanı İlhamə Əhmədova təəssüratlarını “Kaspi”yə bölüşdü.
Ən uğurlu obrazım
- Bu obrazı artıq neçə
ildir ki, oynayırsınız. Sizə hansı uğuru gətirib?
-
Bundan öncə Gənc Tamaşaçılar Teatrında fəaliyyət
göstərirdim. O teatrda 14 il ərzində müxtəlif obrazlar
oynamışam. Bu 14 ildə orada çox şey öyrəndim. Ancaq
ən uğurlu anlarım, yaradıcılıq
fəaliyyətim Bakı Uşaq
Teatrında məhz “Xaşxaşın göz
yaşları” tamaşası ilə başladı. Bu tamaşa mənim ən
uğurlu və sevimli
tamaşamdır. Bundan sonra
da uğurlu
obrazlarımın olacağını düşünürəm,
ancaq mənə elə gəlir ki, heç bir obrazım bunun qədər
uğurlu olmayacaq.
Nazı obrazını sevərək oynayıram.
Tamaşanın hazırlıq məşqləri gedərkən
Gənc Tamaşaçılar Teatrında
çalışırdım, amma vaxt tapıb bu
tamaşanın məqşlərinə gəlirdim. O zaman Uşaq Teatrında bu tamaşanı müqavilə əsanasında
oynayırdım. Əvvəllər düşünürdüm
ki, bu obraz
mənim ifamda alınmayacaq. Ancaq sonluqda çox gözəl bir tamaşa ərsəyə gəldi. Bu teatrda məhz bu tamaşa məni
özünə cəlb etdi. Həmin tamaşada ilk dəfə
2005-ci ildə oynamışam. 7 il bundan öncə ifa etməyimizə
baxmayaraq, Gənclər İdman
və Turizm Nazirlyinin sifarişi ilə yenidən oynadıq.
Sözügedən tamaşanı Gənc
Tamaşaçılar Teatrında təqdim etdik.
- Bu
tamaşanın “Mono tamaşalar festivalında” təqdimatı
teatrşünaslar tərəfindən birmənalı
qarşılanmadı...
- Bu
tamaşa uşaqlar üçün nəzərdə
tutulmayıb, gənclər üçün hazırlanıb. Teatrşünaslar bunu bilməlidirlər
ki, bu, gənclər üçün vacib və
məlumat xarekterli bir
tamaşadır. Burada narkotik
maddələrin nə qədər bəlalar gətirdiyi
açıq şəkildə göstərilir. Qoy gənc nəsil bilsin ki, narkotika çox
böyük bəlalar yaradır. Heç bir müharibə
narkotika qədər dəhşətli deyil, bu, bir
növ kütləvi
qırğındır. Biz bu tamaşanı oynayarkən 200-300
tamaşaçıdan biri maariflənirsə,
o yoldan çəkinirsə,
o zaman biz
çox sevinirik. Hesab edirəm ki, mənim ifamda həmin “Mono tamaşa” uğurlu alındı.
Bu tamaşanı bütün
bölgələrdə oynamışam.
Səhnədə
oynamaq istəyirəm
- Rejissorluq fakültəsini bitirməyinizə
baxmayaraq, sizi aktrisa kimi daha çox tanıyırıq.
Hansına daha çox üstünlük verirsiniz?
- Bəli,
aktyor kimi daha çox tanınıram. Hazırda Bakı Uşaq Teatrının quruluşçu
rejissoruyam. Burada bir çox tamaşalar hazırlamışam. Onlar bu gün
də səhnədə oynanılır. “Allahın bəlası”,
“Heykəl” və bu kimi
tamaşalar mənim sevərək quruluş verdiyim
tamaşalardır. Hazırda uşaqlar üçün yeni bir tamaşa üzərində
işləyirəm. Aktyor kimi
isə daha çox səhnədə
oynamaq istəyirəm. Səhnədə fəaliyyət
göstərməkdən daha çox zövq alıram.
- Oynadığınız obrazlar
daha çox dramatik üslubdadır, təkcə “Heykəl”
tamaşası komediya janrındadır. Dramatik obrazlar sizə
daha çox yaxındır?
- Dramatik obrazları özümə daha yaxın hiss edirəm. Komedik obrazı yaradan zaman isə daxilimdə hiss
edirəm ki, bu mənim
obrazım deyil. Ancaq dramatik obrazları rahat
oynayıram.
- Gənc Tamaşaçılar
Teatrını tərk edib Bakı Uşaq Teatrında balacalar
üçün tamaşalarda iştirak etməkdə tərəddüd
etmədiniz?
-
Buraya gələrkən zərrə qədər də tərəddüd
etmədim, çünki mən Bakı Uşaq
Teatrının iş prinsipindən xəbərdar idim. Düşünmədən
burada işləməyi qərar verdim. Sevinirəm ki, bu gün bu
teatrda fəaliyyət göstərirəm.
Bakı Uşaq Teatrının
tamaşaları maarifləndirici tamaşalardır. Bilirsiniz, elə götürsək “Heykəl”nı,
tamaşası yüngül bir komediyadır. Gəl, otur
bax, əylən və get.
Ancaq belə tamaşalara
repertuarımızda elə də çox
yer verilmir. Bizim istəyimiz gənclərimizi komediyalarla da olsa maarifləndirməkdir. Ona
görə də hazırladımız uşaq
tamaşalarına maarifləndrici hissələr əlavə edirik. Uşaqlar tamaşaya baxıb, əylənərkən oradan tərbiyəvi keyfiyyətlər də
öyrənməlidir.
- Gənc Tamaşaçılar
Teatrından nəyə görə ayrıldınız? Kollektivlə
aranızda ədavət yarandı, yoxsa iş prinsipini bəyənmədiniz?
-
Yox, kollektivlə heç bir ədavətim yaranmadı. Mən
o teatrda
yetişmişəm, teatrdakı bütün
kollektivə böyük hörmətim var. Ancaq nədənsə
bu teatra daha çox istəyim oldu. Ümumiyyətlə, İntiqam
Soltanın çox gözəl üsulu, iş prinsipi var. Mən
Bəhram Osmanovla, Vaqif
Əsədovla, Ağakişi Kərimovla,
Loğman Kərimovla, hətta Cənnət
Səlimova ilə də işləmişəm, ancaq onlardan İntiqam Soltanla
çalışmaq qədər böyük
zövq almamışam. İntiqam
Soltan aktyorlarla rahat işləyir və onlardan
istədiyini çox rahat
şəkildə ala bilir.
- Digər teatrlardan dəvət
alsanız, təklifi qəbul edərsiniz?
- Bəzən
elə olub ki, xırda bir şeyə əsəbləşəndə
“gedəcəm bu teatrdan” deyirdim. Ancaq
mənim bu teatrı tərk etməyim o zaman baş
verə bilər ki, teatrın direktoru məni teatrda istəməsin.
O zaman gedərəm.
- Aldığınız
qonorar necə, sizi qane edirmi?
- Qonorarımız çox
azdır. Biz qonorarın
azlığını belə düşünmürük,
yetər ki, işimiz
alınsın. Başa düşürəm
ki, hər bir
insanın qarnı tox olmalıdır. Aktyor mütləqdir ki, ac olmasın, onun beyni, diqqəti obrazında olmalıdır. Hərdən
olur ki, aktyor səhnədə hansısa rolu ifa edərkən
“görəsən mən bu gün evimə çörək apara biləcəyəmmi?” deyə düşünür. O baxımdan aktyor doğrudan da yazıqdır. Ancaq aktyor ailəsini dolandıra bilsə, onun fikri-zikri
bütünlüklə səhnədə olar.
Çox istərdim ki,
aktyorlarımız bütünlüklə səhnədə olsun. Onda teatrlarda
hazırlanan tamaşalar da
gözəl alınar, bu sahədə daha da inkişaf
edə bilərik. Amma nə yazıq ki, aktyorlar çörək
haqda çox düşünür. Düzdür,
əlavə qazancımız da olur, ancaq bu
da kifayət etmir.
Hər küçədən keçəni seriallara çəkirlər
- Aktyorlar yeni qazanc yerini indi
seriallara çəkilməkdə görürlər. Sizin “Pərvanələrin
rəqsi” serialına gəlməyiniz necə oldu?
- Mənim
sənətdə ən uğurlu obrazların Arzu Soltanın
ssenarisi əsasında yazılan əsərlərdə olub. Bu seriala çəkilməyi
mənə ilk dəfə o
təklif etdi. Mən də
danışıqlara getdim. Serialda Nazı obrazını oynadım. Çox sevinirəm ki, serial işinə də Rövşən İsaqla başladım. Nə yaxşı ki, o mənimlə işləməyə
razılıq verdi. Ümid
edirəm ki, seriallarımz getdikcə yoluna düşəcək. Hazırda serial təcrübəmiz o
qədər də çox deyil. Serial çəkən
rejissorların kifayət qədər təcrübələri
yoxdur və bu da azmış kimi,
qeyri-peşəkar insanları seriala
çəkilməyə dəvət edirlər. Təbii ki, o zaman
da serialın keyfiyyəti aşağı
düşür. Bizim
tamaşaçılarımız da deyir ki, biz
yerli seriallara
baxmırıq. Bizim serialı isə doğrudan da
tamaşçılar sevir, çünki yaradıcı heyət, aktyor seçimi gözəldir.
İndi aktyorluqdan xəbəri
olmayan, hər küçədən
keçəni seriallara çəkirlər.
Bu o rejissorlarda
alınmır və heç
tamaşaçı tərəfindən də baxılmır.
- Sizcə, serial üçün
aktyor-aktrisaların xüsusi yetişdirilməsinə ehtiyac
varmı?
- Teatrda fəaliyyət göstərən hər hansı bir aktyor kinoda, serialda çox rahat işləyir. Biz canlı şəkildə 300-500 tamaşaçının qarşısında 2 saat oynayırıq. Bütün səhvlərimiz birbaşa göz qarşısında olur. Filmdə isə alınmayan kadrlar yenidən çəkilir, dubllar olur. Məhz teatr aktyorlarının ifasına görə seriallarımız bu gün az da olsa uğur qazanır. Bu, danılmazdır. Rejissorlar teatrda çalışan peşəkar aktyorlarla işləsələr, seriallarımız da uğursuz olmaz. Təkcə teatrda deyil, kinoda da aktyorlarımız var. Dediyim odur ki, rejissorlar sənətdən xəbəri olmayan, teatrın, kinonun nə olduğunu bilməyən aktyorlarla işləyirlərsə, hansı uğurdan danışmaq olar? Çox zaman seriala aktyorlar tanışlıq vasitəsilə çəkilirlər. Təbii ki, o zaman seriallarımız sevilməyəcək, tamaşaçı onu qəbul etməyəcək. Tamaşaçı da bilmir ki, bu, təsadüfi bir insandır. Yəni onun incəsənət aləmindən xəbəri yoxdur.
Xəyalə Rəis
Kaspi.-2012.-25 dekabr.-S.15.