Heç kimin
sığortalanmadığı BƏLA
Mərkəzi Klinikanın onkoloqu
Azər Quliyev deyir ki, kişilərin xərçəngə
tutulma riski daha çoxdur
Mərkəzi Klinikanın onkoloqu Azər Quliyev deyir ki, son illər xərçəng xəstəliyi insanlığın bəlasına çevrilib. Belə ki, artıq insanların hər 5 nəfərindən biri bu xəstəliyə tutulur. Bir neçə il bundan öncə insanlar tərəfindən qeyri-adi qarşılanan bu xəstəlik artıq qrip kimi yayılıb və insanların qorxulu yuxusuna çevrilib. Xərçəng xəstəliyinin yaranması, xərçəngdən sığortalanmağın yollarıyla bağlı suallarımızı Mərkəzi Klinikanın onkoloqu Azər Quliyev cavablandırdı.
Siqaret xərçəngin
siqnalıdır
- Azər müəllim, xəstəliyin
adı niyə məhz xərçəng obrazı ilə eyniləşdirilib?
- Hüceyrələrin böyümə və yayılma prinsipləri nəzərə alınaraq xəstəliyə xərçəng adı verilib. Xəstəlik inkişaf edərək toxumaları aralayaraq böyüyür. Bu zaman müəyyən qollar yaranır ki bu xərçəngi xatırladır. Bu qollar toxumaları bir-birindən aralayır və nəticədə şiddətli ağrı verir. Yəni xərçəng şəklində hər tərəfə yayılaraq inkişaf edir biz bunu əl ilə yoxladıqda şişi hərəkətə gətirdikdə hiss edirik. Sanki bütöv halda xərçəngi xatırladır.
- Xərçəng
xəstəliyinin yaranma səbəbləri
nədir? Yaşadığımız mühit
buna nə dərəcədə təsir edir?
- Xərçəng xəstəliyinin yaranma səbəbi hələ heç
kimə məlum deyil. Amma
bəzi alimlər hesab edirlər ki, bu xəstəliyinin
yaranmasına səbəb olan müəyyən
bakteriyalar var. Onlar düşünürlər ki, Epşteyn Barr virusları leykoz xəstəliyinin,
İnsompapilloma virus
uşaqlıq boyunu xərçənginin,
helikobakteri pilori mədə
xərçənginin yaranmasına zəmin yaradır.
Hal-hazırda bu viruslara
qarşı aparılan vaksinasiya xəstəliyin
profilaktikası sayılır. 8 ildə 1 dəfə bu vaksinasiyanı etməklə xəstəliyə
yoluxmanın qarşısı alınır. Bundan
başqa siqaretin
ağciyər xərçənginin yaranmasında böyük rolu var. Bu xərçəng
növünə siqaret çəkən
şəxslərdə çəkməyənlərlə
müqayisədə 20 dəfə çox
rast gəlinir. Siqaret
yalnız ağciyər xərçəngini deyil
bununla yanaşı ağıziçi, qida borusu, mədə, sidik kisəsi və böyrək şişlərinin
yaranmasına səbəb olur. Radioaktiv şüalar,
günəş şüaları dəri xərçənginin
yaranmasına gətirib çıxarır. Əbəs yerə
deyil ki, bu xəstəliyə ən çox
bağbanlarda, dənizçilərdə,
balıqçılarda rast gəlinir. Düz düşən günəş
şüasının altında qalmaq dəri
xərçəngini yaradır. Göbələklərdə
olan bəzi toksinlər var
ki, bunlar da müəyyən şişli
xəstəliklərin yaranmasına səbəb olur. Amma bəzən elə
olur ki, bunların heç biri olmasa da xərçəng
öz-özünə inkişaf edir və bu da bütün nəzəriyyələri
alt-üst edir.
- Xərçəng
daha çox hansı orqanlarda yaranır?
- Bütün orqanlarda xərçəng müşahidə oluna bilər. Amma ən çox yayılan süd vəzisi xərçəngidir ki, buna daha çox qadınlarda rast gəlinir. Bu xərçəngin 99 faizi qadınların, 1 faizi isə kişilərin payına düşür. İkinci ən çox rast gəlinən xərçəng növü ağciyər xərçəngidir ki, buna daha çox kişilərdə rast gəlinir, lakin son vaxtlar qadınlar da siqaretdən istifadə etdiyinə görə onlarda da ağciyər xərçənginin faizi artır. Üçüncü yeri mədə xərçəngi, dördüncü yeri dəri xərçəngi, beşinci yeri qadınlarda uşaqlıq boyunu xərçəngi tutur. Bundan sonrakı yerləri isə prostat vəzi xərçəngi və bağırsaq şişləri alır.
- Ən çox hansı yaş
qruplarını xərçəngə tutulma
riski var?
- Yaş artdıqca xəstəlik
riski də artır. Lakin
xərçəngin bəzi növləri var
ki, onların pik rast gəlinmə yaşları var. Leykoz və beyin şişləri daha çox uşaqlarda rast gəlinir,
18-20 yaş intervalında əsasən sümük şişləri olur,
çünki sümüklər həmin
müddətdə sürətlə böyüyür
və hər hansı travma alanda inkişaf edib şişə çevrilir.
Ümumilikdə isə xərçəng əsasən orta yaşlı insanlarda olur.
Xəstəliyin
çarəsi var
- Xərçəng xəstəliyindən
tamamilə xilas olmaq mümkündürmü, yəni xəstəliyin
tam müalicəsi varmı?
- Artıq müalicə metodları yüksək
səviyyədə inkişaf edib. Demək olar ki. mümkündür. Bu, xəstəliyin növündən, mərhələsindən,
xəstənin müraciət etdiyi tibb ocağında, səhiyyə müəssisəsində
o xəstəliyini nə dərəcə
düzgün müalicə olunmasından
asılıdır. Xəstəliyin erkən mərhələsində
müraciət edəndə çox
yaxşı nəticələr almaq olur. Lakin hər xəstə
erkən mərhələdə müraciət etmir,
əsasən daxili orqanlarda
olan şişləri xəstənin hiss etməsi, həkimə müraciət etməsi
bir az vaxt
alır. Xəstə o halda
həkimə müraciət edir ki, artıq xəstəlik digər orqanlara yayılmış vəziyyətdə
olur. Erkən müayinə olunan xəstələr əsasən
vaxtaşırı özündə heç
bir ağrı, şikayət olmadan xüsusi çek-up müayinəsindən keçən
xəstələrdir. Amma xəstədə
yayılma yaxud kənaraçıxma
müşahidə olunarsa, bu
zaman cərrahi müalicə, şüa müalicəsi, kimyəvi müalicə
yerli yerində istifadə olunur
və çox yaxşı nəticələr
alınır.
- Xoşxassəli və bədxassəli
şiş arasında fərq nədir?
- Xoşxassəli şişlərdə cərrahlar onu bir dəfə əməliyyat edir və bununla da problem aradan qaldırılır. Əməliyyat nəticəsində şiş bədəndən ayrılır xəstə bu xəstəlikdən tamamilə yaxasını qurtarmış olur. Bədxassəli şişlərdə isə əməliyyat olunandan sonra da bədəndə müəyyən qədər şiş hüceyrələri qalır, o hüceyrələr sonda ya əməliyyat olunmuş yerdə ya da hansısa bir orqanda üzə çıxır. Başqa orqanda onun metastazına, yəni yayılmasına rast gəlinir və təkrar o xəstəliklər müalicə almalı olurlar. Bədxassəli şiş xəstəliyində ən böyük problem ondadır ki, bu xəstəlikdə şişə aid olan hüceyrələrin bir-biri ilə sıx surətdə əlaqəsi yoxdur. O hüceyrələr çox rahatlıqla bir-birindən ayrılıb şişin içindəki limfaya düşərək asanlıqla orqanizmin hansısa hissəsinə gedib çata bilir və orada inkişaf edir. Biz onu nə qədər radikal əməliyyat ediriksə sözsüz ki onun mərhələsindən asılıdır daha erkən mərhələdə əməliyyat olarsa daha yaxşı nəticə almaq olur. Amma şişin yerləşdiyi nahiyədəki limfa düyünlərində artıq böyümə varsa, şiş hüceyrəsi limfa düyünlərinə gəlib çıxıbsa, o artıq irəli mərhələ sayılır və o xəstələrdə əməliyyatdan sonra şişsiz yaşama periodu azalır. Bunun üçün biz belə xəstələrə əməliyyatdan sonra kimyəvi dərman müalicəsi almağı məsləhət görürük. Çünki kimyəvi dərman müalicəsi verdiyimiz zaman dərman damarlar vasitəsilə bütün bədənə yayılaraq şiş hüceyrələri ilə kontaktda olur, onun inkişafının qabağını alır və onları məhv edir.
İştahsızlıq,
kəskin arıqlama, tez doyma
- Xərçəng
xəstəliyinin əlamətləri nədir? Yəni insan bu xəstəliyə
tutulduğunu necə ayırd edə bilər?
- Bu xəstəliyin konkret əlaməti yoxdur.
Ümumilikdə iştahsızlıq, kəskin arıqlama, tez doyma, yerləşdiyi orqandan asılı olaraq
şikayətlər formalaşır. Məsələn, mədə
xərçəngində tez doyma olur çünki
şiş böyüyərək mədənin
müəyyən hissəsini tutur. Bu zaman mədə genişlənə
bilmir və tez doyma halları olur. Eyni zamanda şiş
qanayır və bağırsaqda müəyyən həzm dəyişkənliyinə
səbəb olur - buna
melena deyilir. Melena tam qara
rəngdə olur, nəcisdə qara rəngin alınması insanlar
üçün ciddi
siqnal olmalıdır. Bu
mədədə qanamanın olduğunu
göstərir. Dəri xərçənglərində dəridə
uzun müddət sağalmayan
yaralar olur və xəstələr
bunun fərqinə varmırlar. Belə hallarda mütləq həkimə müraciət
etmək lazımdır.
Müayinədən
keçin
- Xərçəng
irsən keçə bilərmi?
- Bəzi formalar var ki, orada
irsiyyətin rolu var. Amma bütün növlərə bunu şamil etmək olmaz. Süd vəzisi xərçəngində
əgər ailədə
anada, yaxud bacıda bu xəstəlik varsa, buna növbəti bacıda 50 faiz xəstəliyin bu növünə rast gəlmək olar. Eyni zamanda mədə şişi, bağırsaq
şişlərində irsiyyətdə
hər hansı problemin olmasından dolayı qohumlarda da bu şiş
prosesi özünü
göstərir. Məsələn, Napaleonun atası, babası, özü və 3 qardaşı mədə xərçəngindən
ölüblər. Bu da irsiyyətlə əlaqəlidir. Əgər ailədə
anada, bacıda və bir neçə
adamda xərçəng
xəstəliyinə rast
gəlinirsə, digərlərinə
də məsləhət
görülür ki, müayinədən keçsinlər.
- Xərçəng
xəstəliyi qadınlarda,
ya kişilərdə
daha çox özünü göstərir?
- Bu xəstəliyə daha çox kişilərdə
rast gəlinir. Yalnız süd vəzisi xərçəngində qadınlar
kişiləri üstələyir.
Kişilərin xərçəngə tutulma riski daha
çoxdur. Kişilər arasında bu xəstəliyin ən çox yayılan növü isə ağciyər xərçəngi,
dəri xərçəngi
və prostat vəzi xərçəngidir.
- Azər müəllim, bu xəstəliyə tutulan şəxsə qoyulan diaqnozu deyirsinizmi? İnkişaf etmiş ölkələrdən
fərqli olaraq, bizdə çox vaxt həkimlər xəstədən diaqnozu gizlətməyə çalışırlar.
- Müalicə metodları yüksək səviyyədə
inkişaf etdiyinə görə artıq xərçəng xəstələri
öz xəstəliyindən
qorxmurlar. Əksər xəstələrə bu diaqnozu deyirik
və yaxşı nəticələr alacağımıza
inandırırıq. Çünki öz xəstəliyini
bilən xəstələr
daha məsuliyyətli
olurlar və həkimlə tez-tez əlaqə saxlayırlar.
Amma o xəstələrə ki,
ailənin xahişi ilə xəstəliyi barəsində məlumat verilmir bu çox
pis nəticələrə
gətirib çıxarır.
Mən onun tərəfdarıyam ki, xəstə bu xəstəliyə tutulanda onun psixologiyasına uyğun davranılsın yəni dərhal desək ki, “bu xəstəliyə
tutulmusunuz” bu onda stress yaradar müəyyən mərhələdən
sonra bunu xəstəyə demək
lazımdır.
Hər həkimə inanmayın
- Son dövrlər xərçəng
xəstəliyinin müalicəsi
ilə bağlı hansısa yenilik olubmu?
- Hər gün, hər saat onkoloji
xəstəliklərdə yeniliklər
olur. Bu yeni
dərman preparatlarının
hazırlanması ilə
əlaqədardır. Hər hansı müalicə metodunun yaranması effektiv nəticələrə
gətirib çıxarır.
Bəzən sensasiya xarakterli
məlumatlar eşidirik.
Respublikaya haradansa həkim
gəlir, hansısa müalicə metodundan danışır. Mən xəstələrə
müraciət edirəm
ki, hər məlumata inanmasınlar.
Belə bir məlumat alanda mütləq ixtisas həkimi ilə maraqlanmalıdırlar.
Çünki hansısa müalicə
metodu tapılanda bu, bütün səhiyyə işçilərinə
bildirilir.
Aygün Cəfərli
Kaspi.-2012.-25 dekabr.-S.11.