“Gərək belə şeylərə fikir verərdim”
Cavid Hüseynov yığmanın oyunlarının
klub karyerasına mənfi təsir etdiyini deyir
Türkiyənin
“Adana Dəmirspor” klubunun və Azərbaycan millisinin
futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Komandada
işləriniz necədir?
- Nə
pis, nə də yaxşı.
- Çempionatda qısa fasilə
olsa da, Bakıya gəlmişdiniz. Səbəb nə idi?
-
İcazə almışdım. Bakıda cəmi 1 gün qaldım. Anamla
görüşməyə gəlmişdim. Ailəm
Adanadadır. Türkiyədə çempionat
tez başlayır. Artıq yanvarın 20-də
oyunumuz var.
- Ötən ay millidən
qayıdandan sonra əsas heyətdə yerinizi itirib, sonradan
meydana çıxırsınız. Vəziyyətin heç
də yaxşı olmadığını
düşünürsünüz?
- Əsas heyətdə
oynamamağım təsir
edir. 4-5 dəfə start heyətində
oldum, sonradan millinin oyunları başladı. Yığmaya
gedəndə, burda çempionat dayanmır. Yəqin ki, bunları çox demişəm və təkrar bildirirəm. Klubuma qayıdıram
və orada 4 oyun milliyə görə buraxmışam.
Üstəlik, oyuna 2 gün
qalmış gəlirəm.
Baş məşqçi deyir ki, sən indi
gəlmisən, ancaq o
biri futbolçular 1 həftədir burdadırlar,
mən səni necə buraxım? Elə oldu ki,
mənim mövqeyində
yer alan
futbolçunun oyunu uğurlu alındı. Komandamız
5 oyun dalbadal qələbə qazandı.
Buna görə də mən əsas heyətdə yerimi itirdim.
- Klubla yığmanın oyunlarının üst-üstə
düşməyəcəyini gözləmək olardı.
Çünki dünyanın
hər yerində yüksək liqadan fərqli, aşağı
divizionda oyunlar yığmanın matçları
zamanı dayanmır...
- Sözün düzü, bunu bilmirdim. Baxıram ki, gərək belə şeylərə fikir verərdim. Ancaq bir şey də
var ki, bir
müddət millidə
oynamadım və bura gələndən sonra məni yığmaya çağırdılar.
- Yəni Türkiyəyə
getməyinizdə yaxşı
cəhətlər də
oldu...
- Bəli. Milliyə qayıtdım, 2 görüşdə oynadım.
Bu, yaxşı oldu və yığmanı
da qeyd etmək
lazımdır. Pis odur ki, aşağı divizionda çempionat dayanmadığı üçün
klubumda yerimi itirdim. Ancaq belə götürəndə,
vəziyyət normaldır,
həyatımı yaşayıram.
Bu işdə heç bir problem görmürəm.
- Futbolçu üçün klub karyerası çox vacibdir. Ən azı ona görə, ilin çox hissəsini yığmada yoxsa, klubda keçirirsiniz.
Bu mənada “Adana Dəmirspor”un əsas heyətində möhkəmlənmək
üçün bir müddət yığmaya
çağırılmamağınla bağlı müraciət
etməyi düşünürsünüz?
- Yox. Mən onunla da razı deyiləm ki, yığmanı bir kənara qoyum. Mən bu edə bilmərəm. Çünki milli ilə klubun hərəsinin öz yeri var. Düzdür, klub da vacibdir. Bu, olmasa, milli
də yoxdur, səni ora çağırmırlar.
Ancaq bizim işimiz odur ki, bu
ikisini bir yerdə aparaq. Ancaq burda milliyə görə oyunların dayanmadığını gərək
klub da fikirləşəydi.
Çünki onlar məni
millinin futbolçusu kimi almışdılar.
- Millinin futbolçusu hazır sayıldığından,
oyuna 1 gün qabaq gəlsə belə, əsas heyətdə qoymaq olar...
- Bunu klubumdakılar fikirləşməlidir. Məni nə
qədər pula alırlar,
ancaq istifadə edə bilmirlər. Bu, nə mənə,
nə də onlara xeyirdir. Hazırda olan durum heç kimə xeyir deyil.
- Bəlkə bununla bağlı baş məşqçiniz,
yaxud klub rəsmilərindən kiminləsə
danışasınız?
- Baş məşqçiyə
oynamaq istədiyimi demişəm. Belə olmaz, mən
bununla razılaşmıram.
Soruşmuşam ki, sizin fikriniz nədir, haqqımda nə düşünürsünüz? O da cavab verdi ki, hələ tezdir, bu haqda danışarıq.
Ancaq bundan sonra danışmadıq.
Yəqin
ki, bu günlərdə
söhbətləşərəm.
- Qış fasiləsi “transfer pəncərəsi”
açılan dövr
olduğundan, klubunuzu dəyişməyə imkan
yaranır. Bundan istifadə etmək
fikrindəsiniz?
- Mən indidən sizə heç bir şey deyə
bilmərəm.
- İndiki vəziyyətdə
ən optimal variant yüksək
liqa təmsilçisinə
keçməyinizdir. Hələ
Şimali İrlandiya ilə oyundan qayıdarkən Belfastdakı
hava limanında sizinlə bu haqda söhbətimiz olmuşdu...
- Düzdür. Mən yüksək liqada
oynamaq istəyirəm.
Ancaq gərək ora çağırsınlar, istəsinlər
də. İstəmədikləri halda, mən
necə yüksək liqada oynaya bilərəm?
- Bəs
Azərbaycan Premyer Liqasında oynamaq variantı necə? Bəlkə bunu
geriyə addım saydığınızdan, dəyərləndirmək
istəmirsiniz?
- Azərbaycana qayıtmağı
geriyə addım saymıram. Niyə ki?
Belə söhbət ola bilməz. Bizim çempionat da inkişafdadır. Məsələn, bizim yüksək liqa təmsilçiləri
Türkiyənin I divizionunda yüz faiz çempion
ola bilərlər. Buna
görə də öz
çempionatımızı aşağı saymıram. “Neftçi” gedib kimlərlə
oynayır. Bizim vaxtda yayda, qışda təlim-məşq
toplanışında “Beşiktaş”, “Antalyaspor”u görmüşük.
Çempionatımız zəif deyil, əksinə,
güclüdür. Sadəcə, bizdə
meydançaların vəziyyəti pisdir
və oyunlarda azarkeş
yoxdur. Buna görə
sürəti “öldürürlər”, futbolu
aşağı səviyyəyə salırlar. Belə hiss etsən də, belə deyil.
Sadəcə, dediyim 2 problem
yoluna qoyulsa, bizdə
də səviyyə yüksək olar.
- Öz klublarımızdan sizinlə
maraqlanan var?
- Bəli, təklifim var. Ancaq heç nə demək istəmirəm.
- Klubla hələ il yarımlıq
müqaviləniz var. Bizim
komandalar isə daha çox sərbəst futbolçuları
almaqda maraqlıdır.
Ortada təzminatın olmağı
keçidinizə problem yaratmayacaq?
- Mən burda sərbəst futbolçu
statusunu alacağam. Müqavilədə bəzi şərtlər
yazmışam ki, bu, mənə sərf edir.
- Bilmək olar hansı şərtlərdir?
- (gülür) Onu
demək istəmirəm,
sonra danışarıq.
- Bəlkə sizə borcun olmağı sərbəst
getməkdə işinizə
yarayacaq?
- Bu da var. FİFA-nın qanununa görə, neçə ay əmək
haqqı almayanda, avtomatik sərbəst olur. Sadəcə, hələ gözləyirəm.
- Yeri gəlmişkən, borcla bağlı vəziyyət
nə yerdədir?
- Pullarda sıxıntımız
yoxdur, normal almışıq.
Az məbləğ
qalıb.
Kaspi.-2012.-27 dekabr.-S.14.