Bəşəriyyətin bəlası 

 

4 fevral – Xərçənglə Ümumdünya Mübarizə Günüdür – həkimlər yenə günahı siqaret də, alkoqol da görürlər

 

4 fevral – Xərçənglə Ümumdünya Mübarizə Günüdür. Bu tarix 2005-ci ildə Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi tərəfindən təsis edilib. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, xəstəliyin nə dərəcədə təhlükəli olduğunu, bəşəriyyət üçün bəlaya çevrildiyini  xatırlatmaqdır.

ÜST-ün məlumatına görə, hər il 12 milyon insana xərçəng diaqnozu qoyulur və 7.6 milyon insan xərçəng xəstəliyindən vəfat edir.  ÜST həmçinin 2030-cu ilə qədər onkoloji xəstələrin sayının iki dəfə artacağını bildirir. Belə ki, ilbəil bu xəstəliyə düçar olanların sayı çoxalır. Tədqiqatlara görə, onkoloji xəstəliklərə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox təsadüf olunur. Ümumilikdə isə, onkologiya sahəsində çox böyük irəliləyişlər olsa da, xərçəngin əmələgəlmə səbəbi hələ də dəqiq bilinmir.

 

“Birlikdə bu mümkündür”

 

BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi, “Lider Qadınlar” İctimai Birliyi və  "Azərbaycan Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi bir araya gələrək Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı təşkil edəcəyi tədbirin mövzusunu “Birlikdə bu mümkündür” adlandırıblar. Bu mövzunun seçilməsində əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökumətlərin birgə fəaliyyəti vasitəsilə 2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində baş verən vaxtından əvvəl ölüm hallarının sayını azaltmağın mümkünlüyünü göstərməkdir. Çünki xərçəng haqqında bugünkü ən pozitiv məlumatlar odur ki,  xəstəliyin  40%-inin zamanında qarşısı alına bilər.

 

Onkoloji xəstələrin sayı artır

 

Alimlər bildirirlər ki, xəstəliyin bu qədər sürətlə artmasının əsas səbəblərindən biri də insanların məlumatsızlığıdır.

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov mətbuata açıqlamasında ölkədə xərçəng xəstəliyinin sayının hər il artdığını bildirib. "Son illər ərzində Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə edilir. Hər il ölkədə orta hesabla 1100-1200 nəfərə ilk onkoloji diaqnoz qoyulur. Xəstələrin sayında hər il 50-60 nəfər artım qeydə alınır". Baş həkim bildirib ki, bədənlərini qaraltmaq istəyən xanımlar salyarından istifadə etməmişdən əvvəl mütləq bır sıra müayinələrdən keçməlidirlər. Bu müayinələr nəticəsində qadında xərçəngyönümlü vəziyyət aşkarlanarsa, onda salyaridən istifadə onun sağlamlığına daha pis təsir göstərəcək. Bunun nəticəsində dəri xərçəngi, yəni melanoma, dəri şişləri yarana bilər. Müayinələr zamanı xərçəngyönümlü vəziyyət aşkarlanmasa belə, orqanizmdə bir sıra narahatlıqların yaranması mümkündür. Onkoloq bu səbəbdən qadınların dəb xatirinə salyaridən istifadə etməsinin yolverilməz olduğunu deyib.

Baş həkim bildirib ki, onkoloji xəstəliyi erkən aşkar etmək üçün dünyada qəbul olunmuş testlər var. O, 40 yaşından sonra hər bir insanın bəzi testlərdən keçməsini xəstəliyin erkən mərhələdə aşkarlanması baxımından əhəmiyyətli hesab edir.

"Onkoloji xəstəliyi aşkarlamaq məqsədilə kişilər və qadınlar üçün müxtəlif testlər var. Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün qan analizi və bir sıra profilaktik müayinələr aparılmalıdır. Profilaktik müayinələrlə xəstəliyin erkən aşkarlanması faizi həddindən artıq yüksəkdir". N.Qasımovun sözlərinə görə, xərçəngin dəri, süd vəzisi, uşaqlıq boynu növünü ilkin mərhələdə çox sadə şəkildə aşkarlamaq olur. Prostat vəzinin xərçəngini də qan analizini vaxtaşırı verməklə tez müəyyən etmək mümkündür. Baş həkim onkoloji xəstələrin sayının artmasında qida, siqaret, günəş radiasiyası, peşə xəstəliyi, irsi faktorların rolunun olduğunu da söyləyib. “Onkoloji xəstəliyin yaranmasında qida faktoru 40 faizə yaxın, siqaret 30 faizdən yuxarı rol oynayır”.

Xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsini vacib hesab edən onkoloqlar qadınların 30-35 yaşdan sonra mammoqrafiya müayinəsindən keçməsin tövsiyə edirlər. Çünki hazırda bu, dünyada qadınlarda süd vəzisi xərçəngini aşkarlamaq üçün ən müasir və düzgün məlumat verən müayinə üsuludur. Hazırda Azərbaycanda Milli Onkologiya Mərkəzində mammoqrafiya üsulu çox geniş tətbiq olunur.

Həkimlər bildirirlər ki, əvvəllər Azərbaycanda onkoloji xəstələr xəstəliyin geçikmiş, yəni III və IV mərhələlərində həkimə müraciət edirdilər. Amma artıq ölkədə xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Xəstəliyi vaxtında aşkarlamaq üçün Milli Onkologiya Mərkəzinin iki səyyar diaqnostik kompleks maşını vasitəsilə rayonlardakı əhali arasında da müayinələr keçirilir. Həmin müayinələr zamanı səyyar briqadalar insanlarda xərçənglə yanaşı, xərçəngönü xəstəlikləri də aşkarlayırlar.

Qeyd edək ki, hər ilin oktyabr ayında Avropa ölkələrində “Süd vəzisi xərçənginə “yox” deyək” devizi altında aksiya keçirilir. Ötən il Azərbaycanda da ilk dəfə olaraq,  iki gün ərzində aksiya keçirilib. Maarifləndirici aksiyanın səmərəsinin böyük olduğunu görən onkoloqlar bu işi daha da gücləndirməyin tərəfdarıdırlar.

 

Fəsadlar

 

Onkoloqlar bildirirlər ki, bir çox xəstəliklərdən fərqli olaraq, xərçəng xəstəliyinin vücuddakı bütün orqanlara yayıla bilmək təhlükəsi var. Belə ki, xəstəliyin xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli şişləri müalicə yolu ilə sağalmaq mümkündür. Bədxassəli şişləri tənəffüs yollarında, ağız boşluğunun selikli qişasının, dərinin hüceyrə örtüyündə əmələ gəlir. Qonşu orqanları yaralamaqdan başqa limfa və qan yolu ilə bütün orqanlara yol tapır. Xəstəliyin əvvəlində klinik əlamətlər aydın xarakterik olmur. Sonra da əlamətlər qabarıq şəkildə təzahür edir, ağrı simptomları törənir, arıqlama, iştahasızlıq, yorğunluq müşahidə olunur. Bu xəstəliyin böyümə sürəti müxtəlifdir: gizli şəkildə inkişaf edən şişlər bir neçə ilə üzə çıxır. Xəstəliyin gedişi onun təkcə orqanizmdə yayılma dərəcəsindən asılı olmur, şişlər, əsasən cavan yaşlarda, hamiləlik və laktasiya zamanı daha tez böyüyür.

Onkoloqlar hesab edir ki, insanlar öz səhhətlərinə laqeyd qalmayıb vaxtında müayinə və əməliyyat olunsalar, əməliyyatdan sonra müalicələrini davam etdirsələr və mütəmadi olaraq, həkim nəzarəti altında olsalar, uzunömürlü ola bilərlər.

 

Alimlərin açıqlaması

 

Britaniya alimləri bildirirlər ki, xərçəng xəstəliklərinin bütün hallarının demək olar, yarısından qaçmaq mümkündür.

Bu ölkənin alimlərinin araşdırmalarında bildirilir ki, onlar siqaret çəkmə, alkaqoldan həddindən artıq istifadə və qeyri-düzgün qidalanma səbəbindən baş qaldırır.

Hər il Britaniyada 130 min halda xərçəng xəstəliyi diaqnozu qoyulur. Bununla yanaşı, "Cancer Research UK" - Xərçəngin Öyrənilməsi Mərkəzinin məruzəsinə görə, risk amilləri arasında siqaret çəkmə liderlik edir.

Belə ki, o, xəstələnən kişilərin 23 faizində, qadın pasiyentlərin isə 15,6 faizində xərçəng şişlərinin yaranmasına səbəb olur.

"British Journal of Cancer" jurnalında dərc olunan araşdırmada isə qida rasionunda təzə meyvə və tərəvəzin çatışmazlığı növbəti geniş yayılan səbəb hesab edilir. Bu problem əsasən kişilər üçün xarakterikdir. Qadınlar üçün isə xəstəliyin səbəbləri arasında ikinci yeri artıq çəki tutur. 

Türk Xərçəng Araşdırma və Savaş Təşkilatı isə "Düzgün qidalan, bol hərəkətlə gələcəyinə gülümsə" adlı lahiyəsində hər kəsi xərçəngdən qorunmağa çağırır. Təşkilatın direktoru professor Tezer Kutluk şişmanlığın xərçəngə yaxalanma riskinin artırdığını bildirib. Onun araşdırmalarına görə, dünyada bütün xərçəng xəstəliyinə düçar olmuş insanların 30 faizi çox çəkili və həddindən artıq şişmandırlar. Tütündən istifadə etmə, düzgün qidalanmamaq və hərəkətsiz yaşamağın xərçəng riskini önəmli şəkildə artırdığını deyən Kutlukun bildirdiyinə görə, məktəbyaşlı uşaqlarda hər 10 uşaqdan biri normal kilodadır. Belə ki, bu uşaqların 30-45 milyonu isə şişmandır. Dünyada 1,5 milyard yeniyetmə artıq çəkili və bunlarında ən az 400 milyonu kökdür. 2015-ci ildə isə bu sayın 2,3 milyarda, şişmanların da 700 milyona çatacağı gözlənilir. Düzgün qidalanmama, hərəkətsizliyə imkan yaradan kompüter oyunları ilə televiziya qarşısında saatlarla oturma artıq çəki yaradır. Bundan başqa, araşdırmalarda yeni bir səbəb üzə çıxarılıb. Məlum olub ki, gözəllik salonlarında edilən tatuaj və piersinq də xərçəngə və AİDS-ə yol açır. Əgər həmin tatuaj növləri tibb işçiləri tərəfindən edilmirsə, insana qanla təxminən 40-a yaxın infeksiya xəstəliyi yoluxa bilər. Onu da qeyd edək ki, bəzi insanlar tatuajı və digər döymə növlərini bir-birindən öyrənirlər. Hətta bəzi gözəllik salonlarında tibbə aid olmayan cihazlardan istifadə edirlər.

 

Radiasiya, siqaret, içki...

 

Hər zaman yanımızda daşıdığımız kiçik "dostumuz" saydığımız mobil telefonlar da xərçəng xəstəliynə səbəb olur. Araşdırmalara görə, 10 il mobil telefon işlədən insanlar arasında xərçəng xəstəliyinə tutulanların sayı daha çoxdur. Beynəlxalq Xərçəng Mərkəzinin araşdırmaçısı Elizabet Kardis mobil telefonlardan lazım olmadığında üzərində az gəzdirməyi, mümkün qədər uşaqlardan uzaq tutmağı məsləhət görüb. “Radiasiya, siqaret, içki, düzgün qidalanmamaq, həmişə quru yeməklər yemək və bir də sözsüz ki, genetik amil də xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Bu günə kimi xərçəng xəstəlik diaqnozu qoyulan insanlar ya içki içir, siqaret çəkir, ya da düzgün qidalanmır”.

Xərçəngə Qarşı Mübarizə Təşkilatı isə "Passiv tüstü dumanı və uşaqlar", "Siqareti söndür, üzümü güldür" və s. şüarları ilə insanları xərçəngdən qorunmağa çağırır. “Çünki xərçəngin birinci düşməni sayılan siqaret böyükləri yaralayır, hətta bundan kiçiklər də öz payını alır”- deyə təşkilat bildirir.

Onkoloqlar hesab edirlər ki, ümumiyyətlə, xərçənglə mübarizə mümkün və labüddür. Onların fikrincə, xəstəliklə mübarizədə bütün məsuliyyəti yalnız onkoloqların üzərinə atmaq da düz deyil. Belə ki,  xərçəngə qarşı mübarizə ilə bağlı maarifləndirmə işlərində televiziya kanalları da aktiv iştirak etməli, xəstəlik barədə əhaliyə geniş məlumat verməlidirlər.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2012.- 3 fevral.- S. 12.