Ov da var, ovçu da, amma...
Azərbaycanda turizmin bu növü üçün
böyük potensial olsa da, problemlər
də az
deyil
Hazırda dünyada insanların həddindən artıq marağını cəlb
edən turizm növlərindən biri də ovçuluq turizmidir. Azərbaycanda bütün turizm
növləri kimi, ovçuluğun inkişafı
üçün də
potensial imkanlar mövcuddur. Mütəxəssislərin
fikrincə, ölkəmizin
ərazisi ovçuluq
turizmindən külli
miqdarda gəlir götürmək üçün
münbit imkanlara malik olsa da,
bu potensialdan lazımi qədər istifadə olunmur.
“Quş qripi” ovçuluğa zərbə vurub
Ovçular və Balıqçılar
Cəmiyyətinin üzvü,
ovçuluq üzrə
mütəxəssis Mahir
Hümbətovun sözlərinə
görə, ovçuluq
turizminin Azərbaycanda
çox geniş coğrafiyası var. Ölkəmizdə
həm düzənlik,
həm də dağlıq ərazilər
var ki, orada
bu turizm növünün inkişafı
mümkündür: “Bundan
əlavə, Azərbaycanın
bir tərəfi Xəzər dənizidir, ölkə ərazisində
çoxlu sayda xırda göllər var.
Su-bataqlıq ərazilərdə
yaşayan müxtəlif
növ quşlar, balıqlar buranı ov həvəskarları üçün münbit
məkana çevirir.
Amma 5-6 ildir ki, Azərbaycanda
quş ovu qadağandır. Bunun da əsas səbəbi kimi ölkəmizdə “Quş qripi” virusunun tapılması göstərilir. Artıq son illər
bu problem öz aktuallığını itirsə
də, təəssüflər
olsun ki, həmin qadağa hələ də götürülməyib”.
Mütəxəssisin fikrincə, ov həvəskarları üçün
nə qədər münbit şərait yaradılarsa, bu turizm növünün inkişafına bir o qədər böyük zəmin yaranar. Çünki
ovçuluqla təkcə
yerli insanlarımız
deyil, ölkəmizə
səfərə gələn
xarici vətəndaşlar
da çox maraqlanırlar: “Bir neçə ilə əvvəl biz İmişlidə
ovda olarkən orada İtaliyadan gələn çoxlu sayda ovçularla qarşılaşdıq. Onlar böyük
həvəslə ov edirdilər. Bundan başqa,
qardaş Türkiyədən
gəlib Qəbələdə
dağ heyvanları ovlayanlar da çoxdur».
Mütəxəssis deyir ki, sovet
dövründə Azərbaycanda
çoxlu sayda ovçuluq təsərrüfatları
mövcud olub. Bu təsərrüfatların
əraziləri və
inzibati binaları isə hələ də qalır: «Lakin neçə illərdir həm ov qadağan olunduğu üçün,
həm də bu sahəyə konkret olaraq yatırım qoyulmadığına
görə həmin təsərrüfatlar müasir
tələblərə cavab
vermir. Ona görə də
hər hansı xarici turist ovla
məşğul olmaq
istəsə, bir neçə problemlə qarşılaşmalı olacaq”.
M.Hümbətovun sözlərinə
görə, Azərbaycanın
çox az
yeri var ki, orada ovçuluğun
inkişafı üçün
potensial olmasın. O cümlədən Xəzər
dənizi ilə sərhəd olan əksər rayonlarımızda,
dağlıq rayonlarının
demək olar ki, hamısında, həmçinin şimal və qərb bölgələrində, Mingəçevir
ərazisində bu turizm növü ilə məşğul olmaq istəyənlər üçün də şərait var: “Bizdə olan bu potensialdan gələcəkdə lazımi
səviyyədə istifadə
edilməsi və mövcud maneələrin aradan qaldırılması
Azərbaycana böyük
sayda turist axınına səbəb
ola bilər”.
Xarici ovçular Azərbaycana
quş və dağ keçisi ovuna gəlirlər
Ovçular və Balıqçılar
Cəmiyyətinin sədri
Füzuli Əşrəfov
artıq 5-6 ildir Azərbaycanda quş ovuna qadağa qoyulduğunu bildirir. Onun sözlərinə görə,
bəzi heyvan növlərinin, o cümlədən
dovşan, qaban və dağ keçisinin ovlanmasına
icazə var ki, onun üçün
də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
müvafiq departamenti tərəfindən lisenziya
verilməlidir: “Amma bu lisenziyanı əldə etmək demək olar ki, mümkün deyil. Ümumiyyətlə götürdükdə isə, ovçuluqla maraqlananlar çoxdur.
Turizm şirkətləri və
ölkəmizə gələn
bəzi xarici qonaqlar tərəfindən
bizə tez-tez müraciətlər olur.
Bundan əlavə, bizim cəmiyyətin 20 mindən
artıq üzvü
var. Bu faktın özü
ölkəmizdə ovçuluğa
olan marağın göstəricisidir”.
F.Əşrəfov Azərbaycanda ovçuluq
turizminin əsas inkişaf edən növləri barədə
də məlumat verərək bildirdi ki, respublikamızda quş və dağ keçisi ovu daha çox
inkişaf edib: “Xarici ovçu turistlər Azərbaycana məhz quş və dağ keçisi ovuna gəlirlər. Ümumiyyətlə, istər yerli
ovçular, istərsə
də əcnəbi ovçular əsasən bu heyvanların ovlanmasında maraqlıdırlar”.
Heyvan ovu xüsusi qrafiklə tənzimlənir
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini-daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə,
Azərbaycanın təbii-coğrafi
mövqeyi və zəngin tarixi burada turizmin bütün növlərinin
inkişafı üçün
əlverişli şərait
yaradır: “Hazırda
ovçuluq turizminin inkişafı üçün
də ölkəmizdə
kifayət qədər
potensial var. Turizmin bu növü bütün dünyada çox gəlirli biznes kimi qəbul
edilir. Azərbaycan ovçuluq turizminin
potensialı baxımından
yalnız Afrika ölkələri ilə müqayisə oluna bilər. Ölkəmiz ov həvəskarları
üçün əsl
cənnətdir desək,
yanılmarıq. Çünki Azərbaycanda bir neçə min heyvan və quş növü məlumdur.
Düzdür, bəzi heyvan
və quşların ovlanması Azərbaycanın
mövcud qanunları ilə qadağandır, bəzilərinə isə
xüsusi lisenziya ilə icazə verilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinin direktor müavini Hikmət Əlizadə Azərbaycanda
hansı heyvanların
nə zaman ovlanmasına icazə verilməsinin xüsusi qrafiklə tənzimləndiyini
deyir. Təkə iyun-oktyabr, qaban
(çöl donuzu) sentyabr-dekabr, dovşan dekabr-fevral, bataqlıq qunduzu (nutriya) oktyabr-fevral aylarında ovlana bilər. Çaqqal və yenotun sayının tənzimlənməsi
məqsədilə onların
ilboyu ovlanmasına icazə verilir. Quş ovuna isə “quş qripi” ilə əlaqədar hələlik qadağa qoyulub.
Kaspi.-2012.-7 fevral.- S.11.