Həsrət mürəkkəbi ilə
yazılan kitab
Bu
yaxınlarda Əziz Alpoudun “Həyatımın hekayətləri”
kitabından tanıdığım Zakir Sadatlının
“İraq olsun” kitabı Qanun nəşriyyatında işıq
üzü görüb. Adətim üzrə, yeni çıxan kitabın üzərindən
bir həftə ötməmiş,
kitabı aldım. Onunla yanaşı bir neçə kitablar da almışdım. Amma
nədənsə, kitabın adı və cildinin
arxa hissəsində müəllifin tərcümeyi
– hal əvəzinə olan
qarğışları məni cəlb etdi.
Kitabın ilk səhifəsini
açıb, qeydlərimi apara – apara oxumağa
başladım və bir də baxdım ki, bir neçə saat ötüb və mən
kitabı bitirmişəm. Baxdım ki, qeyd dəftərimdə 144 səhifəlik kitabdan 8 səhifə qeydlərim var. Bu, mənim “İraq olsun” haqqında
yazmağıma bir işarə idi. Çünki hər kitabdan bu qədər qeydlər
aparmaq olmur.
Zakir Sadatlının “İraq olsun”u onun İraqa, ordan isə Kərkükə səfərindən bəhs edən sənədli povestdir (Daha doğrusu, romandı. Bəlkə, buna xatirə də demək olar- Z.Q). Əsərdə müəllifin operator Elxan ilə İraqa səfərindən orada onları Kərkükdən olan ziyalı Məhəmməd Mehdi Bayatın qarşılaması, müharibə və zillət içində olan şəhəri gəzdirməsi, bütün çətinliklərə baxmayaraq oradakı vəziyyəti kameranın yaddaşına köçürmələri, hətta bu arada silahlı dəstəyə əsir düşmələri, daha sonra pulla əsirlikdən çıxıb üzü Kərbəlaya, ordan isə Kərkükə getmələrindən bəhs olunur.
“İraq
olsun” əsəri maraqlı fikirlər, aforizimlərlə zəngindir.
Lakin müəllif kimdənsə sitat gətirmədən, özünün
hikmətli sözlərini oxuculara
çatdırır. Bu sözlərdən
bir neçəsini sizə təqdim edirəm:
“İblis
qarışdırmağı, insan
barışdırmağı ilə öz tarixini yazır...”,
“Bəşər necə danışırsa, elə də
yaşayır”, “Bütləri Tanrı yıxır, heykəlləri
isə insan. Bütlər yıxılanda bəşər
üçün yeni
mərhələ başlayır. Heykəllər
yıxılanda cəmiyyət ardı-arası kəsilməyən
faciələr silsiləsinə qədəm qoyur.
Düşən heykəl yerində başqasını oturdur”, “Biz İraq boyu güllələnmiş
heykəllər gördük. Bu sevilə-sevilə ucalanın, söyülə-söyülə
yıxılmağı deyildi.
İnsanın vaxtdan qisas
almaq ehtirası idi”.
Kitrabda
bu kimi hikmətli sözlər çoxdur. Mən isə əsas
bu kitabın ideya
qatından danışmaq istəyirəm. Adından da göründüyü kimi kitab müharibə həyatı
(Amerika qoşunlarının İraqa daxil olması, Səddam
Hüseynin devrilməsi – Z.Q) yaşayn İraq
xalqından bəhs edir. Amma
mənim baxışımla bu kitab bir türki
elinin, bir türk xalqının
ağrı-acısının həsrəti ilə yazılan əsərdi.
Hansı ki, müəllif “İraq olsun, əgər bütün İraq yer üzündən silinsə, təkcə,
“Kərkük” sözü onu
özündə yaşatmaq gücündə
və cazibəsindədir” və “Harda Türk var – orada Kərkük var”
cümlələri ilə əslində bu
torpaqların da qədim türk
xalqına mənsub olduğunu göstərməklə,
onların ağrı-acısını
özününküləşdirib, bütün
türklərin dərdi səviyyəsinə
çatdırıb. Bunun da
izahını “Bu məkan
ölçüsünə sığmayan, amma
əsrlərin, qərinələrin ayrılığına imza atan zaman
məsafəsinin uzaqlığıdır. Tarixin
oynadığı “Beşdaş” oyununun daşları kimi
fırlanıb hərəmiz bir yana düşmüşük“
cümləsi ilə verir.
Əsərdə
Kərkük xalqının yaranma tarixindən üzü bəri,
xeyli maraqlı məlumatlar yer alıb.
Kərkük
xatirələrini qələmə alan müəllif Kərkük
eli və xalqını belə tərənnüm edir: “Bizdən
xəbərsiz bizi soraqlayan, bizi anan insanlar – kərküklülər!!!
Bizdən xəbərsiz bizim üçün yanan el – Kərkük!!!”.
Həmçinin
“İraq olsun”da müharibə həyatı yaşayan kərküklülərin
heç nəyə baxmayaraq, qonaqpərvərliyi, millətsevərliyi
haqqında da geniş məlumat var.
Əsərin
bədii dilinə gəldikdə isə çox oxunaqlı və
səlis dili var. Elə buna görə
də mən bu
kitabı cəmisi bir neçə
saatın içində oxuyub bitirdim.
Kitabın
sonunda müəllifin “Salam baça” adlı hekayəsi də
dərc olunub. Bu hekayə Əfqanıstan müharibəsinin
bədii təsviridi. Amma düzünü
deyəcəyəm, hekayə “İraq olsun” qədər mənə təsir etmədi.
Mən “İraq olsun”la Kərkükü tanıdım, sevdim. İçimdə görmədiyim bir məkana həsrət yarandı.
Mən
virtual şəbəkədə Məhəmməd Mehdi Bayatla
dostam. Ara-sıra söhbətlərimiz, müzakirələrimiz
olur. Amma bu kitabla
tanışlıqdan sonra Məhəmməd
Mehdi Bayatın nə qədər türk dünyasına bağlı, içi həsrətli biri
olduğunu da bildim. Hətta, dəfələrlə, məni
Kərkükə dəvət edən M.M.Bayatla
tezliklə Kərkükdə görüşmək istəyim
oyandı.Təki qismət olsun. Yolçu yolda gərək!
Zaur Qəriboğlu
Kaspi.-2012.-4.6 fevral.- S.15.