Vətənin istiqlal əsgəri 

Azərbaycanın Milli Qəhrəmanlarının həyatı ibrət məktəbi, mədəniyyət mənbəyidir!

Heydər Əliyev

 

Yazıçı Anarın ölümlə bağlı belə bir fikri var: “İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar”. Bu, həqiqətən də belədir. Millət üçün, xalqı üçün yaşayan, Vətən uğrunda şəhid olanlarsa ölümündən sonra nəinki doğmalarının, minlərin, milyonların, bütövlükdə xalqın yaddaşında əsrlər boyu, nəsildən-nəslə əbədi olaraq yaşayırlar. Haqqında söhbət açacağım qəhrəman da qanının qaynayıb coşan çağında mübarizə meydanlarına, odlu-alovlu döyüşlərə atılaraq xalqının gələcəyi, ölkəsinin ərazi bütövlüyü naminə vuruşmuş və ağır döyüşlərin birində düşmən gülləsinə tuş gələrək, gözlərini bu həyata əbədi yummuşdur. Öz ölümü ilə şəhidlik zirvəsinə ucalmış, milyonların qəlbində əsl qəhrəmana çevrilmişdir.

Yusif Vəli oğlu Mirzəyev 23 may 1958-ci ildə indiki Kəngərli rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. 1975-ci ildə İ.Səfərli adına Naxçıvan şəhər orta məktəbini bitirib. Orta təhsilini başa vurduqdan bir müddət sonra digər yaşıdları kimi o da hərbi xidmətə yollanıb. 1978-ci ildə hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vuraraq doğma yurduna qayıdıb. Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. Ali təhsil almaq arzusu Yusifdə böyük olduğundan işləyə-işləyə sənədlərini o zamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna verib. İmtahanlara ciddi hazırlaşdığından arzusuna çatıb. Hələ ali məktəbin sonuncu kursunda oxuyarkən Bakı Mərkəzi Əmanət bankında baş müfəttiş vəzifəsinə işə götürülüb. İşlədiyi kollektivdə çox ciddi, işinə məsuliyyətlə yanaşan bir gənc kimi tanınan Yusif qısa zaman ərzində hər kəsin hörmətini qazanmağa müvəffəq olub.

Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycanda geniş vüsət alan azadlıq hərəkatı, imperiyanın buxovlarından qurtulmaq istəyi bir vətənpərvər gənc kimi Yusifi də özünə cəlb edib. Anası Rəfiqə xanım dəfələrlə buna görə oğlunun danlasa da, Yusifi yolundan döndərə bilməyib. Sovet qoşunları paytaxtımıza yeridiləndə də Yusif əqidədaşları ilə birlikdə olub. Əliyalın, günahsız insanların qətlinə etiraz edib. Elə buna görə də sevdiyi işindən məhrum olub. Sonra isə xalq hərəkatında iştirakına və 20 Yanvar faciəsini törədənlərin əleyhinə fəaliyyət göstərdiyinə görə Bakı şəhər komendantı tərəfindən həbs olunub. Bir həftə beton döşəməli soyuq kamerada saxlanılan Yusifə olmazın işgəncələr verilib. Millətimizin qanına susamış rus cəlladları hər gün kameraya gələrək Yusiflə bərabər orada saxlanılan gəncləri döyür, təhqir edir, müxtəlif işgəncələr verir, mənəvi və fiziki cəhətdən onları sındırmağa çalışırlar. Lakin öz vətənlərini azad görmək eşqi onların dizlərinə təpər, qollarına qüvvət verib. Hər dəqiqəsi ölüm qoxuyan taleyin bu amansız sınağı Yusifi qorxutmayıb. Ötən bir həftə ərzində isə Yusifin ailəsi ondan xəbər tuta bilməyib. Paytaxtda baş verənləri radioda eşitdikcə gözləri yolda qalan Rəfiqə ananın ürəyindən qara qanlar axıb. Hər dəfə fikirləşib ki, yoxsa...

Amma bu yoxsaların dalını dilinə gətirməkdən çəkinib. Nəhayət, bir həftədən sonra çəkdiyi əzablar xarici görünüşündən oxunan Yusif ailəsinə-anasının, həyat yoldaşının və atasının yolunu gözləyən balaca Nurlanənin yanına qayıdıb. Sağ-salamat olmasına bütün ailəsi sevinib. Hətta qurban da kəsilib. Elə hesab ediblər ki, bundan sonra Yusif onlardan ayrılmayacaq. Ancaq torpaqlarımıza edilən erməni təcavüzü onun Vətən eşqi ilə döyünən ürəyini daim narahat etdiyindən, 1991-ci ilin noyabrında könüllü olaraq cəbhəyə yollanıb. İnstitutda oxuyarkən hərbi kafedrada təhsil aldığına görə cəbhədə baş leytenant rütbəsində Vətənə xidmət etməyə başlayıb. Batalyon komandirinin təchizat üzrə müavini olub. Əsas vəzifəsi ön cəbhəni silah-sursat, yanacaq və ərzaqla təmin etmək olmasına baxmayaraq, o, bir sıra döyüş əməliyyatlarında da iştirak edib. İlk döyüşü Ağdərə-Goranboy istiqamətində olub. Özünü Azərbaycanın istiqlal əsgəri hesab edən Yusif Tərtər, Goranboy, Ağdərə, Marquşavan, Sərsəng, Aterkonlarla digər yaşayış məntəqələrinin yağılardan təmizlənməsində qəhrəmanlıq göstərərək, əsl türk igidi olduğunu təsdiqləyib.

1992-ci ilin sonlarında Ağdərə uğrunda gedən döyüşlərin birində yaralansa da ailəsinə bildirməyib. Sağaldıqdan sonra təkrar cəbhəyə yollanıb. Ağdərənin 17 kəndinin ermənilərdən boşaldılmasında isə xüsusi qəhrəmanlıq nümunəsi göstərib. 14 nəfər silahdaşı ilə mühasirəyə düşən Yusif gərgin vəziyyətdən çıxmaq üçün fənd işlətməli olub. Radioqəbuledici vasitəsilə aparılan danışıqların ermənilər tərəfindən izləndiyini hiss edən Yusif tez-tez qərargahla əlaqə saxlayaraq 140 nəfər Azərbaycan hərbiçisinin gözləmə mövqeyində dayandığını, əgər düşmən geri çəkilməzsə əmrə əsasən əks-hücuma keçəcəklərini silahdaşlarına çatdırıb. Bu məlumatı ciddi qəbul edən erməni yaraqlıları tədricən tutduqları mövqedən geri çəkilməyə başlayıblar. Mühasirənin səhərisi günü Yusifgilə silah-sursat yardımı gətirənlər burada 140 deyil, 14 nəfərin olduğunu görüb təəccüblənirlər. Baş verənləri öyrənəndən sonra onlara aydın olub ki, Yusif qərargaha belə bir məlumatı verməklə düşmənə kələk gəlib, mühasirəni yararaq hamının həyatını xilas edib. Bunun kimi bir çox hərəkətlərinə görə, o zaman batalyon komandiri vəzifəsini icra edən Nəcməddin Sadıqov Yusif Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə raport yazıb. Beləliklə də Yusif hələ sağ ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk hərbiçi zabit olub. Lakin o zaman naməlum səbəblərdən müdafiə nazirliyində Yusif Mirzəyevin sənədləri “itir”. Buna baxmayaraq, hamı Yusifi Milli Qəhrəman kimi tanıyır. O, isə təvazökarlıq mövqeyindən çıxış edərək özünü qəhrəman hesab etməyib.

Bir dəfə Azərbaycan Dövlət Televiziyasının hərbi jurnalisti Şəmistan Əlizamanlı çəkiliş zamanı ona belə bir sualla müraciət edir:-Sən milli qəhrəman kimi özünü necə hiss edirsən? O isə cavabında belə deyir: -Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ana-bacılarımızın gözünün yaşı qurumayıb, şəhidlərimizin qisası alınmayıb, mən özümü Milli Qəhrəman hesab edə bilmərəm.

Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Vəng kəndinin daşnak tör-töküntüsündən təmizlənməsi zamanı qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Yaxınlarının da istəyi ilə Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Öz ölümü ilə şəhidlik zirvəsinə ucalan bu igid döyüşçü milyonların qəhrəmanlıq timsalına çevrilib. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Bir vaxtlar yaşadığı Bakı şəhərindəki 44 saylı orta məktəb indi onun adını daşıyır. Məktəbin həyətində ucaldılmış əzəmətli büstü isə burada təhsil alan yeniyetmə və gənclərin and yerinə çevrilib.

 

 

Rufik İSMAYILOV 

Kaspi.-2012.-4-6 fevral.- S.8.