Dədə palıdın kölgəsi
Elə suallar var ki, ona
vaxtında cavab tapmaq lazımdı. Ömrün
hansısa vədəsində ayılıb görürsən ki, dünyanın artıq müxtəlif variasiyalarda cavablandırdığı suallar sənin üçün
hələ də tapmaca olaraq
qalıb. Belə suallar bizdə lap çoxdu, xirtdəyə
qədər. Məsələn, elə son
vaxtların qızğın müzakirə mövzularından
biridi – ziyalı necə olmalıdır? Ya da ki,
demokratik cəmiyyət barədə
söhbət gedəndə uzun illərin partiya sədri beqafıl qayıdır ki, «demokratiya deyəndə
nəyi nəzərdə tutursan?» və s. Mən İsi Məlikzadədən
yazıram, amma belə təsəvvürüm
var ki, mütləq ənənəvi
suallarsız ötüşməyəcəyik. Mütləq soruşan tapılacaq «kimdi
e İsi Məlikzadə?»
Bu
yerinə düşməyən suala bir vaxtlar Vaqif Yusifli yetərli
bir cavab verib, artırıb-əskilmədən onun fikri ilə
yazıya başlayıram: «İsi Məlikzadə… Azərbaycan
bədii nəsrinin XX əsrdə yetirdiyi söz
ustalarından biri… Ədəbiyyatda heç kimə bənzəməyən,
özünəməxsus fərdi deyim tərzi, yolu və
üslubu olan bir sənətkar… Gözəl hekayələr
müəllifi… Müasir Azərbaycan povestinin
yaradıcılarından biri… Bədii nəsrində ən
doğru həqiqətləri sənət dilli ilə ifadə
edən, XX əsr Azərbaycan ziyalısının, kəndlisinin
obrazlarını yaradan ustad nasir… Neçə bədii filmin ssenari müəllifi…»
Tanıdınızmı İsini? İndi keçək mətləbə. Mənim fikrimcə, İ.Mləikzadənin əsərlərini canlı edən bir tərəfdən süjetin dinamikası, daxili dramaturji xətidirsə, digər tərəfdən xarakterlər qalereyasının zənginliyidir. Qəhrəmanlar eyni mühitin övladları olsalar da, sanki tamam başqa dünyaların adamlarıdır, hərənin öz dili var, hərə dünyaya öz pəncərəsindən boylanır. Hətta mənfi qəhrəmanların elədikləri mərdimazarlıqlar da yaradıcıdı, fərqlidi. «Dədə palıd»dakı Piti Namazı, Bağırı «Quyu»dakı Piriyə, Umuda, «Evin kişi»sindəki Qaçayı «Qatar»dakı Dadaşova, «Şehli çəmənlərin işığı»ndakı Mirzəni «Talisman»dakı Ağarəhimə tay tutmaq olmaz. Hərəsinin öz dili, hərəsinin öz davranışı var. İ.Məlikzadənin qəhrəmanları başında mikrorayon tikmək havası rayondan Bakıya gəlib, əlləri boşa çıxandan sonra suları süzülə-süzülə kəndlərinə qayıdan uğursuzlar ordusu deyil. Bu ölçüdə, bu biçimdə Azərbaycan ədəbiyyatında o qədər nümunə tapmaq olar ki, sanki hamısı eyni qəlibdən çıxmış kimi boy-boya veriblər…
Obrazlardan
söz düşmüşkən, İ.Məlikzadənin qəhrəmanları
çox səmimidirlər, onların hər birində
yazıçının özündən nəsə var. Təkcə birini götürək,
«Dədə palıd»dakı Nurcabbarı. Bu
sakit, qaradinməz, çəlimsiz,
boğazının damarları görsənən kişi dərdini Kürə
danışır, gecə-gündüz dayanmadan
nağıllar yazır, anasından qalma bir sandığı var,
yazdıqlarını onun içinə
yığır, heç kimlə bölüşmür, cavanlığında neçə dəfə
nağıllarını çap olunmaq üçün
Bakıya jurnallara göndərib, çap eləməyiblər, heç
vaxt bəxt üzünə gülməyib
Nurcabbarın, ailəsi, evi-eşiyi də
yoxdur, fikri-zikri
nağıl yazmaqdı, deyir ki, yazmasam ölərəm,
ancaq Dədə palıdın, yəni
təbiətin, saflığın xiffətini çəkir, kənddəsə
onu uğursuz adam sayırlar, təxminən dəli kimi baxırlar. Bu qədər
izahatdan sonra Nurcabbar kimdir
sualını vermək heç yerinə düşmür,
deyilmi? Necə yəni Nurcabbar
kimdir – bütün
dövrlərin fikir adamı, səsi
eşidilməyən, qiyməti verilməyən,
yazdıqları oxunmayan
yazıçı. Nurcabbar sənsən,
mənəm…
Çexov
8 mindən çox obraz yaratmaqla rus xarakterinə necə
güzgü tuturdusa, İ.Məlikzadə də əsil Azərbaycan
insanının boyasız, filansız obrazını
formalaşdırmaqla ədəbiyyatımızda hələ
ki, ancaq özünün addımladığı
çığır açıb. Niyə hələ ki? Çünki, onun açdığı cığırla
yeriyə bilən, heç olmasa o cığıra tərfə
boylanan yazıçımız yoxdu. Yalnız iri
həcmli əsərlərə istehsal edən
qələm adamlarımız görünür
hekayənin, povestin yığcam cümlələrlə
hətta romandan da
ötə həqiqətləri anlatmaq gücünü ya
görmürlər, ya da
qalın kitabların cildinə yayxanıb yığcam janırlarda
söz deməyi öz
böyüklüklərinə
sığışdırmırlar. Aşağıdakı
cümlələrə diqqət yetirin, bu fikrimə dayaq durmaq üçün gətirə
biləcəyim yüzlərlə sitatdan biridir: «Kişi yenə nəsə
demək istədi. Elə bu heyndə
«QAZ-69»un tırıltısı eşidildi. Faraların işığı
artırmanın əhəngli divarını yalayıb ötdü. Yolun
sapsarı tozu həyətin ağappaq tüstüsünə
qarışdı…» Qısa cümlələr göz
önündə konkret mənzərə
yaradır, nə pafos var,
nə bayağı elementlər. İ.Məlikzadəni oxuduqca adam Azərbaycan dilinin incəliklərinə, dərinliklərinə
baş vurur. Dilimizin bu qədər şirin olduğunu, heç bir yabançı
sözün yardımı olmadan
ən qəliz mətləbləri belə məharətlə
ifadə etdiyini niyə bu
vaxta qədər bilməmişik? Bəlkə
heç dilimizi bilməmişik?
Başqa
bir nümunəyə fikir verək – «Atam düz demir. Dünyanın
pis adamlara ehtiyacı yoxdur. Pislər düzləri də əyə
bilərlər. Hər şeyi əyə
bilərlər. Hətta Yer kürəsini
də». Atasının qazdığı quyuda özünün gələcəyini
basdıran Umud onun üçün hazırlanan rahat
həyatdan imtina edir və
yazıçı əsgərlikdən təzə gələn
kəndli balasının qənaətini ilk
baxışda köntöy tərcümə
təəssüratı yaradan əndirəbadi
fəlsəfi cümlə ilə yox,
elə sadə kəndli balasının öz
düşüncəsinin süzgəcindən keçirərək
ifadə edər «dünyanın pis adamlara ehtiyacı yoxdur».
Əgər
İ.Məlikzadə əcnəbi yazıçısı
olsaydı, lap elə sovet dövründə rus ədəbiyyatının
təmsilçisi olsaydı, indi onun haqqında etalon kimi
danışırdıq. Biz özümüzün qədir-qiymətimizi
niyə bilmirik? Niyə özümüzə
yuxarıdan aşağı baxırıq? Niyə belə
amansızıq? Nə bilim…
İ.Məlikzadənin əsərləri təkcə özünün daxili dünyasının yox, elə böyüyüb boya-başa çatdığı torpağın, mühitin inikasıdır. Fikir vermişəm, torpaqlarının düzlüyü aran adamlarının xarakterinə hopur, axar-maxar, kələ-kötür, girinti-çıxıntı, dağ-dərə bilməzlər, eləcə düz olarlar. Düz də ki, görünür dağdan düşən babalarımızın sözüdü, düzdə qalar. İ.Məlikzadə düzdə qalan yazıçı deyil, düz adamların ürəyində yer eləyən yazıçıdı. Ovqata köklənən bu yazını yazmağı özümə borc bildim ki, İsinin düz adamların qəlbindəki yeri bir az da gen olsun. Düz yazıçılarımızı unudulmağa qoymayaq.
Natiq MƏMMƏDLİ
Kaspi.-2112.- 4-6 fevral.- S. 15.