Eldəniz Zeynalov 75 yaşında
“Gecənin
bir aləmində gördük Yaşar Nuri gəldi ki, Eldəniz,
təbrik edirik sənə ad veriblər. Amma
gec verdilər…”
“O, səhnə üçün yaranıb. O, kino üçün doğulub”- Bu fikirlər sağlığında onun haqqında həmişə səslənirdi. Dünyasını dəyişəndən sonra isə təəssüflə, yanğı ilə dilə gətirilir. Sənət dostları da, kinoda, teatrda onunla tərəf müqabil olanların hamısı da Xalq artisti Eldəniz Zeynalovun yoxluğundan yaranan boşluğu hiss edir.
Bu
yaxınlarda 75 illik yubileyi qeyd edilən aktyorla bağlı
xatirələr də elə bil bu yoxluqdan kədərlə səslənir.
Uşaqlıq həvəsi
Eldəniz
Zeynalov hələ məktəbli ikən dayısı Həsənağa
Salayevlə birlikdə tez-tez teatra gedər, görkəmli
aktyorların oyununa maraqla baxardı. Uşaq rollarına da
dayısının tövsiyəsi ilə nail olur. İlk dəfə "Sevil"
tamaşasında Gündüz rolu ilə çıxır səhnəyə.
Get-gedə Azərbaycan Dövlət Dram Teatrında
oynadığı uşaq rolları böyük sənətkarlar
tərəfindən də razılıqla
qarşılanır. “Bu uşağın yaxşı gələcəyi
olacaq”- deyə düşünürlər.
E.Zeynalov
sonralar uşaqlıqdan səhnədə olmasından qürur
duymasını gizlətmirdi: “13 yaşından səhnədəyəm.
Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyyə Davudova,
dayım Həsənağa Salayevə baxıb səhnəyə
gəlmişəm” deyirdi.
Uşaq
yaşlarından truppa ilə tanış olduğundan səhnənin
nə demək olduğunu yaxşı bilirdi. Səhnə ona
çox doğmalaşmışdı.
Eldəniz
Zeynalovu Teatr İnstitutunun
aktyorluq fakültəsinə gətirən də elə
uşaqlıq həvəsi olur. Həsənağa Salayev
dünyasını dəyişəndə o, artıq İncəsənət
İnstitutunun tələbəsi idi. E.Zeynalov dövrünün
məşhur pedaqoqu və sənətkarı Adil İsgəndərovdan
dərs alır. Böyük ustadın öyrətdikləri
izsiz ötüşmür. Tələbə ikən kinorejissor
Eldar Quliyev onu «Bir cənub şəhərində» filminə
baş rollardan birinə dəvət edir. Bu filmlə də
aktyorun kino yaradıcılığı başlayır.
İnstitutu
bitirib Akademik Dram Teatrına təyinat alan Eldəniz həm
teatrda, həm də «Azərbaycanfilm» kinostudiyasında paralel
çalışır. Fəaliyyəti boyu teatr və kinoda,
televiziya və radio tamaşalarında, "Mozalan" satirik
kinojurnalının bir çox süjetlərində yadda qalan
obrazlar yaradır. “Arvadım mənim, uşaqlarım mənim”, “Babamızın babasının
babası”, “Bağ mövsümü”, “Bəyin
oğurlanması”, “Hər şey yaxşılığa
doğru”, “Həyat bizi sınayır”, ”İyirmialtılar”,
”Qızıl uşurum”, “Mən mahnı qoşuram” , “O
qızı tapın”, “Yaramaz” və s. filmlərdəki
maraqlı rolları aktyorun adını Azərbaycanın kino
tarixinə yazır. O cümlədən, onun istedadı xarici
film istehsalçılarının da nəzərindən
yayınmır. "Dulsineya
Tobosskaya"
(Mosfilm), "Təyyarələr Enmədi" (“Özbəkfilm”)
filmlərində çəkilir. Teatrda
çalışdığı illərdə müəyyən
münaqişələr üzündən teatrdan
ayrılmalı olur. Həsən Turabov teatra direktor təyin
olunandan sonra yenidən Eldəniz Zeynalovu teatra dəvət
edir. O da üz-gözünün öyrəşdiyi səhnəyə
yenidən qayıdır və yaddaqalan rollar oynayır.
Eldəniz
Zeynalov 1974-cü ildə Əməkdar artist fəxri adına
layiq görülür. Tədbirlərin birində Mircəlal
Paşayevin “Məktub” bəhri-təvilini necə peşəkarlıqla
ifa edirsə, ümummilli lider Heydər Əliyevin diqqətindən
yayınmır. Bu
çıxışından sonra ona Əməkdar artist fəxri
adı verilir.
Eldəniz
Zeynalov sənətin – teatrın, kinonun dəyərini bilən aktyor idi. Bir peşəkar kimi dilində
və qəlbində həmişə ötən illərin filmləri ilə
bağlı qəribə bir həsrət yaşayırdı.
O filmlərə baxanda uşaq kimi kövrəlirdi: “Cavanlığım
yadıma düşür. Çəkiliş vaxtı olan
hadisələr gözlərim önündə canlanır. Bir
də ki, təəccüblənirəm, niyə indi belə
filmlər çəkilmir. Mən demirəm ki, o vaxt çəkilən
filmlərin hamısı yüksək səviyyəlidir.
Düzdür, içində zəifləri də olub. Buna
baxmayaraq, indiki zamanda o zəif filmlər səviyyəsində
də heç filmlər çəkilmir” -deyə təəssüfünü
gizlətmirdi.
Taleyin qəzası
Eldəniz
Zeynalov adi bir qəza üzündən xəstələnir. Təsadüfən
ayağını sındırır və bu hadisədən
sonra 6 ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat
olunaraq iki ay orada yatır. Daha
sonra həkimlər ayağının yenidən əməliyyat
olunmasını məsləhət görürlər. Bu dəfə
Respublika Elmi Artrioloji Mərkəzdə əməliyyat olunur.
Bu dəfə də uğursuz keçirilir. Əməliyyatdan
sonra vəziyyəti günbəgün ağırlaşır.
«Ayağı sınandan sonra atam xəstə yatırdı. Həkimlər
onu düzgün əməliyyat etməmişdilər” deyə
oğlu Elbrus danışır: “Yataq xəstəsi olmuşdu,
gəzə bilmirdi. Heç ayağa da qalxa bilmədi, üstəlik
dinib-danışmır, bütün günü halsız
olurdu. Bəzən kənardan deyirlər ki, məclis adamı
idi və yaxud hansısa səbəbdən rəhmətə
getdi. Amma fakt budur ki, o, məhz ayağının
sınması üzündən dünyasını dəyişdi.
Ayağında çürümə başlamışdı.
İştahası kəsilmişdi. Təsəvvür edin ki,
daim səhnədə hərəkətdə olan bir insan birdən-birə
yataq xəstəsinə çevrildi. O, həm mənəvi, həm
də fiziki qidadan məhrum olmuşdu. Ailəsini dolandırmaq
qabiliyyətini itirmişdi. Bu da ona əzab verirdi. Biz ona qulluq
edirdik, sanatoriyaya aparırdıq. Yaxşı dostları
vardı, onlar da atama köməklik edirdilər”.
Elbrus
Zeynalov atasını ünsiyyətcil, dostsevər, səmimi
insan kimi xatırlayır. “Dostları çox idi. Teatrın
asılqanından çalışanlardan tutmuş, rəhbərliyinədək
hamı ilə dostluq edirdi. Xeyrə-şərə yarayan adam
idi. Atam çox insanlara kömək edib. O, xəstə olanda
da dostları daim onun yanında idi, onu tək
buraxmırdılar. Atam bizi çox yaxşı tərbiyə
edirdi. O bizə həmişə düzgün olmağı
tövsiyə edirdi. Deyirdi, qeyrətli olun, əyri işlərə
getməyin. Atam ailəsinə sədaqətli insan idi. Bir az əsəbi,
çılğın xarakterli olsa da, ailədə yolagedən
idi. Anam isə sakit təbiətli idi. Bəlkə də buna
görə dolanırdılar».
Gecikmiş qiymət
Xalq artisti fəxri adı çox gec verilir Eldəniz Zeynalova. Bu adın sevincini ürək dolusu yaşaya bilmir. O zaman artıq xəstəxanada idi. Onu təbrik edib
“Fəxri ad alacağınızı
gözləyirdinizmi?” deyə
soruşanlara “Gözləyirdim
dedikdə, bu adı elə xalq arasında daşıyırdım. Əməkdar
artist adını almağımdan
görün nə qədər keçib! Bundan əvvəlki fəxri ad almalarda bəzi aktyorlar Xalq artisti adını alanda məndən bir növ utanırdılar.
Sağ olsun, dövlətimiz, yenə də əməyimi qiymətləndirdi”
deyirdi.
Oğlu
xatırlayır ki, fəxri ad almasını
ilk olaraq ona xəbər verən sənət
yoldaşları olub. Bu fərəhli xəbərlə
qapılarını Yaşar
Nuri döyüb.
Daha sonra o biri həmkarları
gəlib. “Gecənin bir aləmində gördük
Yaşar Nuri gəldi ki, Eldəniz, təbrik edirik sənə ad veriblər. Səhəri gün bütün
dost-tanışlar yığılıb
təbrikə gəldi.
Hiss edirdik ki, atam sevinir. Deməsə
də, o adı çoxdan
gözləyirdi. Amma gec verdilər”.
Elbrus Zeynalov danışır
ki, atasının yeganə arzusu aktyorların yaxşı yaşamasını görmək
idi. İstəyirdi ki, incəsənət
adamları hər cür şəraitlə təmin olunsunlar. “Atamın ölümündən
sonra aktyorların yaşayış təminatı
xeyli yaxşılaşıb.
Mənzillə təmin olunublar,
təqaüd alırlar,
teatrlar təmir olunub – bütün bunlar onun arzuları
idi”- deyə Elbrus danışır.
Unutqanlıq
Eldəniz Zeynalovun arzuları
təkcə həyatını
həsr etdiyi teatr və kino
ilə bağlı deyildi. Bir ata kimi övladlarının xoşbəxtliyini,
onların toyunu görmək istəyirdi.
Ancaq uşaqlarının heç
birinin xeyir işini görmək ona qismət olmur.
Aktyorun
vəfatı ailəni
çətin sınaq
qarşısında qoyur.
Başçısını itirən ailə
çaşqınlıq içində
qalır. Bu acıya
hələm-hələm alışa bilmirlər.
«Atamın ölümündən
sonra ailəmizdə sükut oldu. Bizim üçün çox ağır idi. Nə edəcəyimizi bilmirdik.
Ümidimiz qalmışdı ki, bəlkə kimsə kənardan kömək edəcək.
Mən də, qardaşım da, anam da
işsiz idik. Hamı bizimlə maraqlanırdı,
amma ortada heç nə yox idi”.
Eldəniz Zeynalov dünyasını
dəyişəndən sonra
ailə üzvləri
onun balıncının
altından vəsiyyətnamələr
tapıblar. Aktyor dostlarına – Həsən
Turabova, Telman Adıgözəlova, Mikayıl
Mirzəyə ünvanlanan
məktublarda xəstə
aktyor vaxtsız gedəcəyini duyduğundan
ailəsini onlara tapşırıb. Bəzi vəsiyyətnamələr
isə yarımçıq
qalıb. Ancaq vəsiyyətnamələrin
ünvanlandığı adamlar
sonradan da qəlb ağrıdan bu məktublardan xəbər tutmayıblar.
Aktyorun yas mərasimində Etibar Babayev ailənin böyük oğlu Elbrusu Azərbaycan Televiziyasında işləməyə
dəvət edib. Elbrus da o vaxtdan AzTV-də
rejissor kimi çalışır.
Aktyorun kiçik
oğlu Məmməd isə atasının yolunu davam etdirmək
arzusuyla Mədəniyyət
və İncəsənət
Universitetinə daxil olub. Aktyorluq fakültəsini bitirib, xırda-para rollar oynasa da,
hazırda işsizdir.
«Mən çox istərdim ki, qardaşım teatrda işləsin, atamızın
yolunu davam etdirsin”- deyə Elbrus arzusunu dilə gətirir: “Qardaşım
hərdənbir epizodik
rollar oynaya bilsə, bu, atamızın ruhunu şad edər. Düzdür, o, birdən-birə
peşəkar artist ola bilməz. O, səhnədə yetişməlidir.
Potensialına görə ona
rol verilməlidir.
O, aktyorların arasında
böyüməlidir ki,
5-10 ildən sonra peşəkar aktyor kimi sözünü desin». Ancaq E.Zeynalovun
ailəsi dəfələrlə
Akademik Milli Dram Teatra və digər teatrlara iş üçün müraciət etsə də müsbət cavab ala bilməyiblər.
«Eldəniz Zeynalova hörmət etmək istəyən adam
bu hörməti onun oğluna göstərə bilər.
Həm də təkcə Eldəniz Zeynalovun oğlu kimi yox, onun sosial
problemini, işsizliyini
həll etmək məqsədi ilə bu addımı atmağa çalışmalıdır».
Üstəlik aktyorun adı uzun illər çalışdığı teatrda və “Azərbaycanfilm” studiyası
tərəfindən də
yad edilmir.
Bu yaxınlarda Dövlət
Film Fondu Eldəniz Zeynalovun 75 illik yubileyini qeyd edəcək. Elbrus deyir
ki, elə atasının yubileyi təkcə film fond tərəfindən
qeyd olunur. Nə kinostudiyada, nə də səhnəsində
bir-birindən maraqlı
rollar oynadığı
Milli Dram Teatrı tərəfindən yada düşmür. «Hərdənbir efirdə atam haqqında verilişlər yayımlanır.
Amma yubileyləri keçirilmir.
Səhnəsində böyüyüb başa çatdığı
teatrda da atamı yada salmırlar”.
Bir də Eldəniz Zeynalovu yada salıb, yubileylərini qeyd edən Dövlət Film Fondudur. Bu yaxınlarda da qurum aktyorun 75 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirməyə hazırlaşır.
Amma bu da aktyorun ailəsi
üçün təsəlliyə
çevrilib. Heç olmasa, unudulmaz rolları lentlərin yaddaşına köçən
aktyorun adı insanların da yaddaşından silinməsin...
Təranə Məhərrəmova
Kaspi.-2012.-10 fevral.- S.9.