Dahi Niyazinin 100 yaşı qeyd edildi 

 

Tədbirdə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti keçirilib

Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dirijor, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti keçirilib.

Tədbir maestro Niyazi haqqında filmin nümayişi ilə başlayıb.

Sonra ön sözü ilə çıxış edərək tədbiri açıq elan edən Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru, respublikanın əməkdar müəllimi Natiq Vəliyev maestro Niyazinin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan musiqisinin inkişafındakı böyük əməyindən bəhs edib.

Sonra söz musiqiyə verilib. Konsert iştirakçıları əməkdar mədəniyyət işçisi Səbuhi Məmmədovun rəhbərlik etdiyi Bakı Şəhər Musiqi və İncəsənət məktəbləri şagirdlərinin birləşmiş skripkaçılar ansamblı Fəridə Quliyevanın konsertmeystrliyi ilə A.Məlikovun “Pyes”, D.Şostakoviçin “Poema” əsərlərini, 17 saylı ÜMM-nin müəllimi Sevda Bəxtiyarova “Qara gilə” xalq mahnısını, Ə.Bədəlbəyli adına 23 saylı ÜMM-nin müəllimləri Adilə İbrahimli, Səbinə Orucova fortepianoda Niyazinin “Xoreoqrafik vals”ını, Niyazi adına 22 saylı ÜMM-nin müəllimləri Kamal Abdullayev balabanda Pikə Axundovanın “Qəlbimin səsi”, Aynur Qasımova kanonda D.Dadaşovun “Skertso”sunu və digər musiqiçilərin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.

Qeyd edək ki, Niyazi Zülfüqar oğlu Tağızadә-Hacıbәyov (Maestro Niyazi) 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirib.

1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb. 1949-cu ildə ən məşhur əsərini – “Rastsimfonik muğamını yazır. 1951-ci ildə “Praqa baharı” festivalında iştirak edib. Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.

Maestro Niyazi Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti adını alıb, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı, SSRİ Dövlət mükafatı, “Çitra” baletinə görə Cəvəhirləl Nehru adına Beynəlxalq mükafatlara layiq görülüb.

 

Kaspi.-2012.-18-20 fevral.- S.12.