Küçə uşaqları üçün sosial evlər tikiləcək 

 

Elnur Kələntərli: “Bakıda və rayonlarda 8 belə evin tikilməsi nəzərdə tutulur”

 

Dəfələrlə müzakirə olunmasına baxmayaraq, təəssüflər olsun ki, bu gün də cəmiyyətimiz üçün küçə uşaqları problemi qalmaqdadır. Havaların uzun müddətdir ki, qarlı və şaxtalı keçməsi bu məsələni daha da aktuallaşdırıb. Əgər nəzərə alsaq ki, uşaq cəmiyyətin gələcəyidir, onda küçədə tərbiyə alan bir fərdin necə təhlükəli ola biləcəyini görmək o qədər də çətin deyil. Çünki ağ vərəqə bənzəyən uşaq beyni gördüklərini pis-yaxşı olmasının fərqinə varmadan mənimsəyir.

Küçə həyatına üstünlük verən əsasən oğlanlar olsa da, onların arasında baxımsız şəraitdə olan qızlar da var. Ən pisi isə odur ki, küçə uşaqlarının çoxu zərərli vərdişlərə düçar olur. Bunun yaratdığı ciddi fəsadlardan biri də küçə uşaqlarının insan alveri qurbanı olmalarıdır. Eyni zamanda, küçədə dilənçilərin sayının artması da əlavə problem kimi qiymətləndirilməlidir. Bir məqamı unutmamalıyıq ki, insan alveri qurbanı ola biləcək valideynlərin biganəliyindən, məsuliyyətsizliyindən küçələrdə pul qazanmağa sövq olunan uşaqlar da var. Bu fikirləri təsdiqləyən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva deyir ki, bunun aradan qaldırılması üçün birinci növbədə valideynlərlə iş birliyi qurulmalıdır. Valideyn övladının küçədə hansı təhlükə ilə rastlaşa biləcəyindən xəbərdar olmalıdır: “Çox təəssüf ki, uşaqların insan alveri qurbanı olmasına səbəb çox vaxt elə valideynlərin özləri olur. Bəzən uşağı kiçik yaşdan küçəyə ataraq pul qazanmağa vadar edirlər. Hətta, uşağın doğma valideyn tərəfindən dilənməyə vadar edilməsi faktları ilə də dəfələrlə rastlaşmışıq”.

Küçə uşaqlarının sayına dair göstərilən rəqəmlər də müxtəlif olur. Məlumatlara görə, dünyada 1 milyard uşaq günlərini küçələrdə keçirir. Təkcə Türkiyədə 20 min uşaq həyatını küçədə yaşayır. Bir müddət əvvəl Azərbaycan Dövlət Statistika Komitəsi ölkəmizdə yaşayan küçə uşaqlarının taleyi barədə statistik məlumat hazırlamışdı. Rəsmi statistikaya görə, paytaxtda 9-17 yaş arasında 208 baxımsız uşaq var. Onlardan 165-i oğlan, 43-ü qızdır. Bu uşaqların yarısı doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi də alıb. Hər 10 uşaqdan biri bu sənədlərə malik olmadığını söyləyib. 40 faizi ümumiyyətlə, bu sənədlərin nə olduğunu da bilmir. Küçədəki uşaqların 40 faizinin ailəsi Bakıdan kənarda yaşayır. Hər 3 oğlandan birinin və qızların 70 faizinin ailəsi əsasən, Yevlax, Bərdə, Ağdaş və Ağsu rayonlarındadır. Hər iki uşaqdan birinin ailəsi isə 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində köçən ailələrin uşağıdır. Qeyd edək ki, bu, təxminən 2 il əvvəlin məlumatıdır.

Diqqət yetirsək görərik ki, küçə uşaqlarının gələcək həyatı cəmiyyət üçün əsl təhlükə mənbəyidir. Bundan xilas olmağın isə düzgün yollarından biri nəzarətsiz uşaqların reabilitasiyası üçün müəyyən işlər görməkdir. YUNİSEF başda olmaqla müxtəlif ölkələrin, o cümlədən də Azərbaycanın çoxsaylı hökumət və qeyri-hökumət təşkilatları bu problemin həlli üçün müxtəlif layihələr hazırlayıb həyata keçirir. Xatırladaq ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil, Ədliyyə Nazirlikləri deinistituializasiya proqramı üzərində birlikdə işlədikləri açıqlanmışdı. Əsas məqsəd uşaq evlərində yaşayan uşaqların ailələrə verilməsi idi. Ancaq uşaq evlərindəki uşaqların hamısının ailələrə verilməsi çox çətindir.

Elə buna görə də, mövzu ətrafında Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovla əlaqə saxladıq. O, bu problemin bu gün çox aktual olduğunu bildirdi: “Azərbaycanda bu məsələ ilə bağlı deinistituializasiya proqramı həyata keçirildi. Bu proqram əsasında isə küçədə yaşayan və işləyən uşaqların sayı azalacaqdı. Təəssüflər olsun ki, bu proqram qəbul edilsə də, düzgün həyata keçirilmədi. Ona görə ki, bu proqram əsasında uşaqları himayə edənlərə dövlət tərəfində maddi vəsait verilməlidir. Bu vəsait verilmədi, əvəzində internatlardakı uşaqların sayına məhdudiyyətlər qoyulmağa başlanıldı və oraya uşaqların qəbulu azaldıldı. Bu isə əksinə, küçədə yaşayan uşaqların sayını artırdı.

Uşaqlar ona görə küçələrə atılır ki, valideynlərin onu saxlamağa maddi imkanı çatmır. Amma, hesab edirəm ki, internatlara ayrılan maddi vəsaitlər imkansız valideynlərə və ailələrə verilsin. Bununla da onlar öz uşaqlarına sahib çıxsınlar”.

Azərbaycan Uşaq Qaynar Xəttinin direktoru Gülşən Cumayeva isə bildirdi ki, küçə uşaqları ilə bağlı onlara çox az zəng daxil olur: “Sadəcə olaraq, bir-iki zəng daxil olub ki, onlar da yolda hər hansı bir kənar şəxs tərəfindən küçədə gördükləri uşaqlarla bağlı verdiyi məlumatlardır. Bu məlumatlar əsasında bizim nümayəndə uşağın olduğu ünvana getmiş, onun durumu ilə maraqlanmış və valideynlərinə qaytarılması üçün müəyyən tədbirlər görülmüşdür. Yəni bu istiqamətdə müəyyən işlərimiz olubdur”.

Xatırladaq ki, yaxın günlərdə Azərbaycanda küçə uşaqları problemi ilə bağlı araşdırma aparılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin YUNİSEF ilə birgə apardığı araşdırmaya Bakı, Gəncə və Yevlaxda yaşayan küçə uşaqları və bu sahədə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları cəlb olunub. Komitənin Uşaq şöbəsinin müdiri Sənubər Əlizadə mətbuata açıqlamasında bildirib ki, belə uşaqlar arasında küçədə işləyib evdə yaşayan və tamamilə küçədə yaşayan uşaqlara rast gəlinir: “Problemin əsas səbəbi uşaqların baxımsızlığıdır. Küçə uşaqları probleminin yaranma səbəbləri sırasında uşaqların ailə daxilində zorakılığa məruz qalması, onların psixoloji durumundakı problemlər də yer tutur. Elə hallar var ki, valideynlər özləri uşaqlarını belə həyat tərzinə məcbur edir. Övladlarının belə həyat tərzi keçirməsini istəməyən valideynlər də var, amma uşaqlarını küçədən yığa bilmirlər. Küçə uşaqları arasında ailədən qovulanlar, valideynləri olmayan uşaqlar da var”. Onun sözlərinə görə, araşdırmanın nəticələri əsasında Komitə bir sıra tövsiyə və təkliflər hazırlayıb. Komitə problemdən çıxış yolunu belə uşaqlar üçün mərkəzlərin yaradılması, valideyn məsuliyyətinin artırılması, cəmiyyətin problemin həllinə cəlb edilməsi, yerli polis inspektorlarının bu sahədə fəaliyyətinin gücləndirilməsində görür. Komitə rəsmisi valideynlərin bu sahədə maarifləndirilməsini vacib sayır.

Sənubər Əlizadə deyib ki, araşdırmanın nəticələri əsasında problemin həlli məqsədilə təkliflər paketi hazırlanacaq və qanunverici orqana təqdim olunacaq. Qeyd edək ki, polis idarələri tərəfindən qeydiyyata alınan 500-ə yaxın küçə uşağı var. Bu araşdırma zamanı isə 1000-ə yaxın küçə uşağı müəyyən edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, havaların bir müddət şaxtalı keçməsi küçə uşaqları üçün, sözün əsl mənasında təhlükəli oldu. Bunun qarşısını almaq üçün Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının 5 rayonunda sığınacaqlar təşkil edildi. Nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərli lent.az-a verdiyi açıqlamasında bildirib ki, həmin sığınacaqlarda gecələyənlərdən 20 nəfəri valideynləri olmayan səfil uşaqlar olub. Qarlı-şaxtalı günlərin təcrübəsinin nəzərə alındığını bildirən Elnur Kələntərli Bakıda, Zabrat qəsəbəsində bu cür insanlar üçün sosial ev tikintisinə başlanacağını da qeyd edib: “Həmin sosial ev 50 nəfərlik olacaq. Rayonlarda da 8 belə sosial evin tikilməsi nəzərdə tutulur. Məqsəd səfil uşaqların küçələrdən yığışdırılmasıdır”.

 

 

Elgün Mənsimov 

 

Kaspi.-2012.-21 fevral.-S.8.