«Bir hüquq müdafiəçisi ki, Vətənini sevmir mən onu hüquq müdafiəçisi saymıram» 

 

Novella Cəfəroğlu hesab edir ki, insan hüquqları, siyasi məhbus məsələlərini «Eurovision»a qatmaq lazım deyil

 

Son vaxtlar penitensiar sistemdə aparılan işlərdə, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında hüquq müdafiəçilərinin xüsusi fəallıq nümayiş etdirdikləri hiss olunur. Ədliyyə Nazirliyi yanında yaradılan İctimai Komitə mütəmadi olaraq toplaşır və penitensiar sistemdəki vəziyyətlə bağlı müzakirələr aparılır. Eyni zamanda, hüquq müdafiəçilərinin qaldırdığı digər məsələlərin həlli üçün dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülür. Budəfəki müsahibimiz Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə də bu mövzular ətrafında danışdıq.

- Novella xanım, son vaxtlar penitensiar sistemdə aparılan işləri necə qiymətləndirirsiniz?

- Son vaxtlar bu sistemdə davamlı islahatlar aparılır. Yeni cəzaçəkmə müəssisələri inşa olunur. Məsələn, Kürdəxanıda istifadəyə verilmiş yeni cəzaçəkmə müəssisəsi ən müasir tələblərə cavab verir. Amma digər həbsxanalarda şərait buradakı kimi münasib deyil. Digər həbsxanalarda da təmir işləri aparılsa da, onlar müasir standartlara cavab vermir. Elə həbsxanalar var ki, orada 5-6 məhbus bir kamerada qalır. Bu cür soyuq havada istilik sistemi qaydasında olmayan həbsxanalar da var. Son vaxtlar mən hüquq müdafiəçisi kimi demək olar ki, əksər həbsxanalarımızda olmuşam. Əksər cəzaçəkmə müəssisələrinin rəhbərləri çalışırlar ki, məhbuslar üçün nəsə etsinlər. Amma özlərini yaxşı aparmayan müəssisə rəhbərləri var. Məsələn, elə həbsxana var ki, orada 600 məhbus cəza çəkir, amma cəmi 6 tualeti var. Bu insani cəhətdən çox acınacaqlıdır. Əgər insanı həbsə salmısansa, onun üçün normal şərait qurmalısan. Ümumilikdə götürsək penitensiar sistemdə vəziyyətin dəyişməsi üçün çalışırlar, amma köklü dəyişikliklərin olduğunu söyləmək bir qədər tezdir. Kürdəxanıdan başqa digər həbsxanalar haqqında rahatlıqla danışmaq mümkün deyil.

- Bəs həbsxanalardakı vəziyyəti 10 il əvvəlki ilə müqayisə etsək, hansı mənzərə yaranar?

- Əlbəttə ki, 10 il bundan qabaq vəziyyət daha pis idi. İndi xeyli problemlər həllini tapıb. Amma məsələ burasındadır ki, bugünkü Azərbaycan da 10 il əvvəlki Azərbaycan deyil. Ona görə biz istəyirik ki, həbsxanalarımızın vəziyyəti həmişə diqqətdə olsun.

- Bəs hüquq müdafiəçilərinin həbsxanalarda monitorinq aparmalarına lazımi şərait yaradılırmı?

- Mən həmişə demişəm, indi deyirəm ki, Ədliyyə Nazirliyi hüquq müdafiəçilərinin cəzaçəkmə müəssisələrində mütəmadi olaraq monitorinqlər aparmasına şərait yaradır. Düzdür, mən Ədliyyə Nazirliyi yanındakı İctimai Komitənin üzvü deyiləm, amma bununla belə, vaxt müraciət etmişəm, monitorinq aparmağım üçün şərait yaradılıb. Sağ olsun Fikrət müəllimi, heç vaxt bizə problem yaratmır. Düzdür, Penitensiar Xidmətin rəhbərliyində baş verən dəyişiklikdən sonra müəyyən problemlər yaranmışdı. Amma ümumilikdə biz həmişə cəzaçəkmə müəssisələrinə gedə bilmişik. Adamın Allahı var, gərək düzünü desin. vaxt istəmişik, yox cavabı verməyiblər.

- Novella xanım, yəqin razılaşarsınız ki, zaman-zaman həbsxanalarda cəza çəkən siyasətçilər, jurnalistlər tərəfindən hüquq müdafiəçilərinin ünvanına müəyyən iradlar da səslənir. Siz bu iradlarla razısınızmı?

- Narazılıqlar olur mən bunları bölüşürəm. Bilirsiniz, biz təkcə həbsdə olan siyasətçilərin, jurnalistlərin hüquqlarının qorunması ilə məşğul deyilik. Həbsxanada siyasi motivlərlə həbs olunanlarla digər məhbusları fərqləndirmək olmaz. Biz cəzaçəkmə müəssisələrinə gedəndə məhbusların hamısı ilə görüşməyə çalışırıq.

- Sizin həbsxanalarda keçirdiyiniz görüşlərin nəticəsi olaraq, müşahidələrinizə uyğun irəli sürdüyünüz təkliflər sonradan nəzərə alınırmı?

- Əlbəttdə alınır. Biz indiyədək cəzaçəkmə müəssisələrində xeyli sayda problemin həllinə nail olmuşuq. Məsələn, elə cəzaçəkmə müəssisələri var idi ki, onlarda soyuducu, dərman vasitələri yox idi. Biz bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edən kimi hamısı həll olunurdu. Adam gərək Allahla danışsın. Bizdə sadəcə olaraq penitensiar sistemdə vəziyyətin daha da yaxşılaşdırılması üçün yeni həbsxanaların tikilməsinə ehtiyac var. İndiki həbsxanalarımızın çoxu «Nikolayın dövründə» tikilənlərdir. Əgər onları yeniləri ilə əvəz edə bilsək, çox şeyi dəyişəcəyik. Hökumət bu sahədə vəziyyətin dəyişdirilməsi üçün çalışır. Özü təkcə həbsxanaların daxilindəki vəziyyətə diqqət yetirilmir. Məsələn, əvvəllər həbsxanalarda çalışanlar işə öz maşınları ilə gəlmək məcburiyyətində idilər. İndi isə onlar üçün ayrıca avtobuslar ayrılır. Məsələn, bəzi cəzaçəkmə müəssisələrində qaz yox idi. Biz hüquq müdafiəçiləri bu barədə məsələ qaldırandan sonra problem həllini tapdı. Bir çox müəssisələrdə su problemi həll edildi.

- Novella xanım, siz ümumilikdə Azərbaycan cəmiyyətinin hüquq müdafiəçilərinə münasibətindən razısınızmı?

- Hüquq müdafiəçiliyi mənim işimdir. İnsanlara kömək etməkdən ləzzət alıram. Hələ hüquq müdafiəçisi olmamışdan öncə mən həmişə insanlara kömək etməyə çalışırdım. Heç vaxt buna görə «sağ ol» gözləmirdim. Ümumiyyətlə, hüquq müdafiəçisi heç vaxt gördüyü işə görə bu «sağ ol»u gözləməməlidir. Neçə illərdir davam edən fəaliyyətimiz boyu biz yüzlərlə insanı həbsxanalardan azad etmişik. Kimi buna görə zəng edib təşəkkürünü bildirib, kimi gül alıb göndərib. Kimi məsələyə başqa nöqteyi-nəzərdən yanaşıb. Deyib ki, məni hüquq müdafiəçiləri yox, Klinton azadlığa çıxarıb. Biz bunu da normal qarşılamışıq. Çünki bizə həmin adamın «sağ ol»u yox, azadlığa çıxması lazımdır. Mənim fikrimcə, hüquq müdafiəçiləri həmişə haqqın tərəfində olmalıdırlar. Biz daim beynəlxalq təşkilatlarla işləyirik. Ölkədə insan hüquqlarının qorunması, siyasi məhbus məsələsinin həll olunması üçün səylər göstəririk. Amma bununla bərabər biz hakimiyyətlə işləyirik. İşimizlə əlaqəli dövlət strukturlarıyla da əlaqədə olmağa çalışırıq. Sözümüzü bir dəfə dinləmirlərsə, ikinci dəfə deməyə çalışırıq, məktublar yazırıq. Mənim fikrimcə, biz bütün problemlərimizi ölkə daxilində həll etməliyik. Təbii ki, beynəlxalq təşkilatların da müəyyən nüfuzu var onların da mövqeyi bəzi problemlərin həllində rol oynayır. Amma əsas olan bizim özümüzük. Son vaxtlar bu mövqeyimə görə məni bəzi jurnalistlər tənqid edirlər.

- Bəli, son vaxtlar «problemlərimizi ölkə daxilində həll etməliyik» sözlərinizə görə sizi kəskin şəkildə tənqid etməyə başlayıblar.

- Bəli, bu, belədir. Amma mən jurnalistlərdən incimirəm. Əvvəllər çox məsələlər olub ki, bu gün məni tənqid edən jurnalistlər o vaxt da sözlərimi qınayıblar. Amma sonradan öz dediklərinə özləri tüpürdülər. Bu məsələ ilə bağlı elə olacaq. Bilirsiniz necədir, mən Vətənini sevən bir kişinin - Cəfər Cəfərovun qızıyam. Ana tərəfim isə Bektaşilərdəndir. Mənim babalarım da Naxçıvanın şeyxləri olublar. Çoxlarından fərqli olaraq mən Vətənimi sevən insanam. Həmişə Vətənimə bağlı olmuşam. Fəaliyyətim boyu heç vaxt özümüzünküləri başqalarından aşağı tutmamışam. Hakimiyyətdən heç ummamışam. Heç müxalifətdən bir umacağım yoxdur. Həmişə bütün tərəflərdən vurulmuşam. Amma eybi yoxdur. Bunları təbii qəbul edirəm. Çünki mən güclü insanam.

- Belə başa düşürəm ki, siz bəzi həmkarlarımızın may ayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsi ilə bağlı apardığı kampaniyanın əleyhinəsiniz.

- Bəli, mən yenə bu fikrimdə qalıram. Hesab edirəm ki, insan hüquqları, siyasi məhbus məsələlərini «Eurovision» mahnı müsabiqəsinə qatmaq lazım deyil. Biz bunu ayrıca müzakirə etməliyik. «Eurovision» isə bütün Avropanın maraqla izlədiyi bir yarışmadır. Biz bundan Avropaya inteqrasiya üçün istifadə etməliyik. Mən bu fikri demişəm həmişə müdafiə etməyə hazıram. Amma bəziləri bunu qəbul edə bilmirlər, məni ittiham edirlər. Amma onlar bilmirlər ki, mən hakimiyyət təmsilçiləri ilə danışanda problemləri onlara çatdırıram. Onlara deyirəm ki, müsabiqə ilə əlaqədar Azərbaycana 2-3 min jurnalist gələcək. Biz elə etməliyik ki, onların ölkəmiz haqqında təəssüratları müsbət olsun. Bunun üçün lazım olan bütün addımları atmalıyıq. Son vaxtlar bu mövqeyimlə bağlı məni çox tənqid edirlər. Jurnalistlər tənqid etsinlər, onlardan incimirəm. Onsuz da jurnalistlərin həmişə sensasiya dalınca qaçmaları olur. Amma haqqımda elə insanlar danışırlar ki, bu məni narahat edir. Özü bəziləri adlarını hüquq müdafiəçisi qoyurlar. Bir hüquq müdafiəçisi ki, Vətənini sevmir, Azərbaycana qarşı bu qədər insanı qaldırır mən onu hüquq müdafiəçisi saymıram. Hesab edirəm ki, Azərbaycanı sevən insan bunu etməz.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2012.-24 fevral.- S.6.