«Ulduzlar da hər axşam səndən danışır» 

 

Əgər Ramiz Mirişli yaradıcılığının mühüm qolu yallı ruhlu əsərlərdisə, ikinci, heç də az əhəmiyyəti olmayan hissəsini lirik, təkrarolunmaz melodiyalarla zəngin mahnılar təşkil edir

 

Ulduzun məntiqi mənası-uca səmada, Allaha daha yaxın məqamda olan azad, işıqlı, parlaq bir varlıqdır. Göylərdə sənət ulduzları kimi qısa müddətli parlayıb sönən ulduzlarla yanaşı daima yanan, nur saçan ulduzlar da var. Bu ulduzlar Yeri dinləyərkən özləri kimi sönməyən Ramiz Mirişli musiqisini duyub, hər axşam ondan danışırlar. Maraqlıdır nə danışırlar?

Ramiz sözünün ilk hecası Ra- (Günəş) tanrısını tərənnüm edir. Mirişli sözünün ilk hecası isə Mir-(Əhlibeyt) soyundan gələn seyidlər mənasını verir. Seyidlərin qüvvəsi onların cəddindədir. «Cədd» bir qüvvə olaraq əhlibeyt nümayəndələrinin özləri ilə yanaşı ətraf mühiti də şər qüvvələrdən qoruyur. Eyni zamanda şər qüvvələrinin təsir qüvvəsi «Cad»udadır. Diqqət yetirsək müsbət qoruyucu enerji olan “cədd” sözünün kökü ilə mənfi, dağıdıcı qüvvə olan “cadu” sözünün kökü arasında bir hərf fərqi var. Sanki fiziki qanunun müsbət və mənfi tərəfləri, gecə və gündüz, nifrət və sevgi kimi.

XX əsrdə Muxtariyyət statusu Naxçıvanı ətraf dövrlərdən, hətta Quzey Azərbaycandan təcrid etmişdi. Belə halda Naxçıvandan çıxıb Bakıda tanınmaq, (ələlxüsus sənətkarlar üçün) hər kişinin işi deyildi. Bunun üçün insanda güclü özünə inam, qeyrət, düşüncə və ən başlıcası isə istedad lazım idi. Ramiz Mir Aqil oğlu Mirişli «qədim» naxçıvanlılardan olaraq, tanınmış ziyalı ailəsində anadan olmuşdur. Atası-Aqil Mirişli, anası – Adilə xanım Mirişli Muxtar Respublikanın əməkdar müəllimlərindən idilər.

Mirişlilər tayfasında görkəmli maarifçilərlə yanaşı, təbiblər də çoxdur. Maraqlıdır ki, Peyğəmbər nəslindən olan Miriş ağanın 4 nəsil nümayəndələri də hər iki qolu davam etdirirlər.

Mənim fikrimcə yalnız belə soykökü olan insan Azərbaycanın xalq artisti, professor Ramiz Mirişli səviyyəsinə ucala bilərdi. Yalnız belə genetik irsi olan sənətkar Bakıda dərin kök salmış Qarabağ musiqi korifeylərinə «sinə gər»ə bilərdi. Təsadüfi deyil ki, paytaxtın musiqi aləmi Ramiz müəllimə «Ağa» titulu veribdir.

Azərbaycanın musiqi tarixində hər bölgə özünəməxsus musiqi emblemi ilə tanınır, yəni həmin bölgədə müəyyən musiqi janrı insanların musiqi düşüncəsinə çevrilir.

Naxçıvanın musiqi emblemi «Yallı»dır. Bu emblemi bildiyimiz kimi etnoqrafiyada yaşadan Muxtar Respublikanın Şərur rayonu, onun əhalisi və müxtəlif heyətli yallı kollektivləridir. Bu tarixin bir tərəfidir. Tarixin ikinci tərəfi isə insanların yallı düşüncəsinin professional səviyyədə əks olunması onun klassik əsərlərə həkk olunması və yazılı musiqi ədəbiyyatında qalmasıdır. Bu missiyanı Azərbaycanda Üzeyir Hacıbəyovdan sonra bəstəkar Ramiz Mirişli öz üzərinə götürmüşdür.

Xatırladım ki, dünya musiqi tarixində belə hallara çox rast gəlmək olar. Məsələn, bəşəriyyət Polşa musiqisini bəstəkar Fridrix Şopenin yazdığı mazurkalar, krakovyaklar ilə tanıyır, yaxud macar musiqisini isə  bəstəkar Ferens Listin macar rəqsləri ilə yada salır.

Ramiz Mirişli tərəfindən bəstələnmiş çoxsaylı əsərlər sırasında yallı ruhlu nümunələr bu gün daha çox ifa olunur, yadda qalır. Deməli, onun musiqisi artıq Naxçıvanın peşəkar musiqi embleminə çevrilmişdir və Azərbaycan Naxçıvan musiqisini yallı ruhlu Ramiz Mirişli musiqisi ilə tanıyır. Bu fakt təsadüf ola bilərmi? Düşünürəm yox. Məsələn Ramiz Mirişlidən də başqa Azərbaycanda naxçıvanlı bəstəkarlar var. Ancaq heç birində onun qədər yallı ruhuna uyğun ritmlər və motivlər yoxdur.

Qeyd etmək lazımdır ki, yallı musiqisini təyin edən əsas amil ritmdir. Ritm səslərin zamanda müxtəlif sürətlərdə bölünməsidir. Fərqli bölünmə insanların ruhi istəyinə bağlıdır. Klassik yallılarda mütləq lad və ritm dəyişikliyi var. Bu isə onların ayin olmasından irəli gəlir. Belə ki “yallı” sözü “ Ya Allah” sözünü tərənnüm etdiyindən vahid Qüvvəyə bağlıdır. Həqiqətən də klassik yallı ifa edənlər saylarından asılı olmayaraq tək bir enerji üzərində köklənirlər. Bu enerji Allahın varlığına, bərəkətinə olan inancdır. Deməli insanın daxilində, soyunda olan inanc yallı ruhuna, motivlərinə keçir. R.Mirişli genlərində olan inanc da onun musiqisinə sızmışdır.

Qeyd etdiyimiz kimi Mirişli soyunun nümayəndələri əsasən maarif, tibb, incəsənət nümayəndələridirlər. Həsən Mirişli Azərbaycanın görkəmli teatr xadimi, Faiq Mirişli fizika elm xadimi, Mir Cəfərağa Mirişli, Xalidə Mirişli, Arif Mirişli isə tanınmış müəllimlər olmuşlar. Uşaq həkimi, tibb elm xadimi Adil Mirişlinin şəfalı əlləri isə muxtar respublikanın bir çox körpələrini xəstəliklərdən qurtara bilmişdi. Bu gün bu insanların övladları ata-babalarının ənənəsinə uyğun olaraq aydınlatma missiyalarını nəyinki Azərbaycanda başqa ölkələrdə də davam etdirirlər. Maraqlı faktlardan birisi də odur ki, bu nəslin nümayəndələrini  dəfələrlə müxtəlif vəzifələrə dəvət etmişlər. Ancaq onlar bu vəzifələrdən ya imtina etmiş, ya da qısa müddətli çalışmışlar. Bu onu göstərir ki, halal zəhmətlə çalışmaq Mirişlilərin qanındadır.

Əgər bəstəkar Ramiz Mirişli yaradıcılığının mühüm qolu yallı ruhlu əsərlərdisə, ikinci, heç də az əhəmiyyəti olmayan hissəsini lirik, təkrarolunmaz melodiyalarla zəngin mahnılar təşkil edir. Bu fakt da təsadüfi deyil. Ramiz Mirişli ilk musiqi təhsilini kamançada almışdır. Kamança isə skripka kimi dünyada ən zərif, gözəl və özəl melodiyaları ifa edən alət olaraq tanınmışlar. Ramiz Mirişli həm də Azərbaycan musiqi təhsilinə kamança alətinin dərsliyini bəxş etmişdir. Artıq uzun illər musiqi təhsil ocaqlarında tədris olunan bu qiymətli dərs vəsaiti musiqi ictimaiyyətinə kamança alətinin ifaçılarının sayını (ələlxüsus qızların) qat-qat artırmışdır. Bununla da bəstəkar Azərbaycanın qədim musiqi aləti olan kamançanı erməni qəsbkarlarının əlindən sözdə yox, əməldə ala bilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra bəstəkar Ramiz Mirişlinin yaradıcılığında daha maraqlı bir qol daxil olur. Bu dini-dünyəvi mahnılardır. Böyük əzəmət, fəlsəfi düşüncə daşıyan bu mahnılar insanı orta əsrlər mühitinə, Azərbaycanın intibah dövrünə aparır və sanki İslam mənəvi dəyərlərinə qovuşdurur. İnsan özünü Nizami, Nəsimi, Füzuli dövrlərində, Nəiminin Naxçıvanda intişar tapan hürufilər məktəbində hiss edir. Belə musiqi insanı düşündürür, onun milli-mənəvi dəyərlərini qabardır. Bəstəkarın dahi Nizami Gəncəvinin sözlərinə bəstələdiyi «Məhəmməd Peyğəmbər» əsərində təqdim etdiyi xor çox önəmli bir dövr səsləşir. Belə ki, 2000 (iki min) il bundan əvvəl mərkəzi Naxçıvanda, bölmələri isə bütün Qafqazda yerləşən təkallahlıq məbədlərində oxunan xorlarla uzlaşır. Bu məlumat bir çoxlarının təəccübləndirsə də, artıq danılmaz faktdır. Ona görə də Azərbaycana xor mədəniyyətinin yad olması boş Sovet xülyasıdır.

Bu gün Naxçıvanda bəstəkarın ulu babası Miriş ağanın ocağı üzərində ucaldılmış çox dəbdəbəli və yaraşıqlı məscid tədricən elm, təhsil mərkəzinə çevrilir. Bu məbədin yaradılması maraqlı hadisəyə bağlıdır. Belə ki, uzun illər məscidin ərazisində müxtəlif məqsədli obyektlər (məktəb, tikinti idarəsi, fabrik) tikilməsi nəzərdə tutulmuşdur. Ancaq onların əsası belə dözməyib, uçub dağılırdı. Hətta ərazi vətəndaşlara belə satılmırdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qərarı ilə ucaldılan Came (məscid) tikilib başa çata bildi. Burada yaradılmış ümummilli liderimiz Heydər Əliyevin və Mir Cəfər Mirişlinin xatirə otaqları insanları özünə cəlb edir. Qeyd edim ki, Mirişli soyunun cədd qüvvəsi bir çox hadisələrdə özünü büruzə vermişdir. Hələ 19 əsrdə  Naxçıvanın Şərur rayonunun Qarabağlar kəndində Mir Tağı ağa Mirişlinin adı ilə bağlı məscid salınmışdır. Kənd sakinlərinin dediklərinə görə Pir kimi pak olan bu insan kafir rusların əlinə düşməsin deyə Allahdan kömək istəmiş, Allah da onu qeybə aparmışdır. Mən inanıram ki, gələcəkdə bu qiymətli məbədlər, nəinki Naxçıvanda, hətta Yaxın Şərqdə ən möhtəşəm mənəvi ocaqlardan birinə çevriləcəklər. İnsanların bu ocaqlara inamı artdıqca, onların dini elmi düşüncələri də zənginləşəcək, maarifləşəcək və İslam dəyərlərini düzgün qəbul edəcəklər. Necə ki, Mirişli ocağından törənən insanlar qəbul edirlər.

Sonda bəstəkar Ramiz Mirişlinin yaradıcılıq irsinə qayıdaraq vurğulamaq istərdim ki, qeyd etdiyim hər üç istiqamət birlikdə Azərbaycanın bütöv tarixi-ənənəvi dəyərlərini özündə cəmləşdirir. Bir tərəfdən yallı ruhu, ikinci tərəfdən sevgi-məhəbbət dolu lirik ruh, üçüncü tərəfdən isə dini-mənəvi, səmavi ruh. Bu ruhlar birlikdə Ramiz Mirişli dünyasını, qəlbini təşkil edir.

Ramiz Mirişlinin Naxçıvana hər gəlişi çox təvazökar, nəslinə xas olan şan-şöhrəti sevməmək üslubunda keçir. O öncə ata-baba qəbirlərini, «Əshabü-kəhf»i ziyarət edər, sonra Naxçıvanın ziyalıları ilə Naxçıvan Dövlət Televiziyasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində, Dövlət teatrında, Filarmoniyada görüşlər keçirir. Naxçıvanın musiqiçilərinə və bəstəkarlarına  təhsil ocaqlarında qiymətli məsləhətlər verir. O, sanki öz həlim, «ağa» münasibətini doğma yurduna bəxş edir, çıxışlarında bu torpağın musiqisinə qiymət verir.

Əgər Ramiz Mirişli yaradıcılığından başqa Azərbaycana Aqil kimi tanınmış rəssam, Nazim, Yusif Mirişlilər kimi bəstəkarlar veribsə, Naxçıvana qəlbini, ruhunu verib. Bu qəlbin və ruhun özəyini isə onun dəyişilməz Əqidəsi, tükənməz Vətən sevgisi və cəddi doldurur.

 

 

Əqidə Ələkbərli,

Əməkdar İncəsənət xadimi,

sənətşünas 

 

Kaspi.-2012.-25-27 fevral.- S.8.