Bilirdim ki, bu
şeirlərin üzünə bütün qapılar
bağlıdır
Vaqif Səmədoğlu: Azərbyaycanda heç vaxt sovet
dövrü ilə böyük mənada mübarizə
olmayıb, olanda da dərhal qarşısı alınıb
Vaqif
Səmədoğlu Azərbaycanın xalq şairi, Azərbayxan
Yazıçılar Birliyinin Ağsaqqalar şurasının
sədiri, Əməkdar Mədəniyyət
İşçisi və Əməkdar İncəsənət
xadimidir. Onun “Sən uzaq yaşıl ada” və “Mən burdayam,
İlahi” ən çox oxunan və sevilən kitablardndır.
Vaqif müəllimin şeirləri daim ciddi oxucular
üçün nəzərdə tutulub,
hazırlıqsız oxucu onun şeirlərindəki ucqar məqamları
görə bilməz. V.Səmədoğlu öz gənclik
ruhuna sadiq qala bilib. Bu gün gənclərlə münasibəti
olan, onların yazılarını izləyən, kitab təqdimatlarında
və əlamətdar günlərdə iştirak edən, bir
neçə ağsaqqal yazıçılardan biridir.
Redaksiyamızda Vaqif müəllimlə görüşüb,
söhbət etmək doğurdan da böyük həzz idi...
–
Vaqif müəllim, şeirlərinizin çoxu sərbəst
şeirlərdir. O dövürdə isə ədəbiyyatımızda
Səməd Vurğun və Rəsul Rza qarşıdurması
olub, belə çıxır ki, siz sərbəst şeiri
seçərək gizli-aşkar R.Rza yoluna gəlmiziniz, yoxsa?
–
Yox, deməzdim elə olub. Mən nə R.Rzanın, nə də
S.Vurğunun ədəbi yolunu getdim, mənim öz yolum var
idi. Sərbəst şeir yazan hər adamı R.Rza məktəbinə
aid etmək olmaz. R.Rza Azərbaycanda sərbəst şeirin
yaşaması üçün bacardığı hər
işi görüb, özündən sonra sərbəst
yazanların qınağını o çəkib, ondan sonra həmin
vəzində yazanların işini asanlaşdırıb. O,
çalışdığı hər yerdə cavanları
müdafiə edirdi. O, öz nəslinin lideri idi. R.Rzadan sonra
elə bir adam yetişmədi ki, gənclərə yol göstərsin.
Bu gün Azərbaycanda çox tanınmış şairlər
var ki, onlar haqqında birinci məqaləni, yazını da
R.Rza yazıb. Bəzi adamlar elə hesab eləyir ki, sonra
mühit
yumşalmışdı, liderliyə daha ehtiyac
qalmadı. Amma, məncə, elə deyil.
–
Müsahibələrinizin birində demişdiniz ki, sizin mənim
yaradıcılığımdan oxuduğunuz nümunələr
Vaqif Səmədoğlunun yazdıqlarının 30-40 faizidir.
Nəyə görə yazılarınızın az qismini
çapa etdirirsiz?
– Düzü, bilmək istəyirsənsə
şeiri yazandan sonrakı heç bir proses məni
maraqlandırmır. Bu hal bəlkə mənim
dramımdır, bəlkə tradikomediyadır, bəlkə də
faciəm. Elə olub ki, illərlə çap
olunmamışam, amma bunu özümə dərd elədiyim
olmayıb. Bir də sənə kim deyib ki, bütün
yazılanlar çap olunmalıdır? Amma inan ki, yazandan sonra təmiz
həvəsdən düşürəm. Nüşabə
xanım olmasaydı, bəlkə də, indi oxucuların
oxuduğu kitablarım da olmazdı. Nüşabə xanım
filoloqdur, o mənim yazılarımı toplayır, bir yerə
yığır, təqdim edir. Özümə qalsa, çox
az çap olunardım. Nüşabə xanım hazırda iki
kitabımı çapa hazırlayır, bunlardan biri mənim
haqqımda yazılanlardır, digəri isə şeirlərimdir.
Cavanlıq vaxtlarımdan bəri yazdığım yüzlərlə
qeyd dəftərçələrim var, o dəftərçələrdə
lətifələr, ömrüm maraqlı hissələrindən
fraqmentlər, hansısa əsərlər haqqında qeydlərim
var. Hüseyn Ariflə əlaqəli çoxlu lətifələrim
var ki, onları çap etsəm, mənim kitablarımdan on dəfə
çox satılar. Qabillə bağlı da maraqlı qeydlərim
var. Son bir ildir heç nə yazmıram.
– Tolsoyun xanımı Sofiya Tolstoya “Mənim
həyatım”, Matilde Urrutia isə “Pablo Nerudayla yaşanan
ömür” adlı xatirələrini yazıb. Nüşabə
xanım sizinlə bağlı xatirələrini
yazırmı?
– Bilmirəm, yazır yoxsa yox. Amma
bildiyim odur ki, mən nə Tolstoy kimi ölmək, nə də
evdən getmək fikrim var (gülür). Yəqin məndən
sonra nəsə yazar, ya da yazır, bilmirəm. Hər halda o
filoloqdur və işləri də təkcə məndən
ibarət deyil.
– Şeirlərinizin çoxunda
çıxıb getmək istəyi qürbət abu-havası
var, bu hal nəylə bağlıdır?
– Şeiri heç vaxt manifest kimi qəbul
eləməyin. Mən də insanam, ola bilər ki,
ovqatımın hansı məqamındasa yazmışam. Bir də
görürsən dünya mənə qərib
görünür, bəs onda başımı
götürüb hara gedim? Elə olub ki, Azərbaycan mənə
dünyanın ən yad yeri kimi gəlib, elə də olub ki,
dünyanın hər yeri mənimçün Azərbaycan
olub.
– Vaqif
müəəlim 11 il çap olunmamaq sizi həvəsdən
salmırdı bəs?
– Yox. Elə
şeirlərim var idi ki, mətbu orqanlara verə bilməzdim.
Məsələn, “Sən mənim doğma anamsan, azadlıq,
mən sənin yad qapısında böyümüş balan”.
Belə şeyləri o vaxt çap etməzdilər. Həm də başqa bir səbəb
vardı. Qardaşım Yusif Səmədoğlu “Azərbaycan”,
dostum, əzizim Anar “Qobustan” jurnalının baş redaktoru
idi. Mən o ədəbi orqanlarda şeirlərimi çap
etdirib onları necə zərbə altında qoya bilərdim?
Sovet dövründə senzura var idi, amma o senzura işlərinə
baxan elə yaxşı oğlanlar var idi ki, indi elə
adamları gözüm gəzir. Bir dəfə qlavritdə
çalışan bir adam zəng edib dedi ki, gəl sənin
yerinə Lelin haqqında şeir yazım kitabına salım,
kitabın çapına imkan versinlər. Razı olmadım. O
vaxt elə şeirlərə paravoz deyirdilər. O cür ucuz
şeylərə getmədim. Sovet dövrü çox çətin
idi, 11 il çap olunmamışam, sonra Əkrəm Əylisli məndən xəbərsiz,
yazılarımı “Azərbaycan” jurnalında çap elədi.
Kitab çıxartmağa da marağım yoxdu. Bilirdim ki, o
rejimlə mübarizə aparmaq çətindir. O vaxt elə
şeirləri çap elətdirmək mümkün deyildi.
Kor-kor gör-gör. Bilirdim ki, bu şeirlərin üzünə
bütün qapılar bağlıdır. Ürəyimin əleyhinə
getmirdim, içimə dolan hissləri, düşüncələri
yazırdım, amma çapa vermirdim. Bilirdim ki, gec-tez vaxtı
gələcək və yazılarım çap olunacaq, qəlbimdə
bunu hiss edirdim. Ola bilsin ki, indi də gənclərin elə bir
yazıları var ki, onlar da gələcək də çap
olunacaq. Həmişə belə olub, hər şeyin öz
vaxtı var.
–
Başqa ölkələrdə çap olunurdumu
yazılarınız?
–
Demokratiiya güclü dəyərdir, bütün sistemlər
özünü demokratik göstərmək istəyib, eləcə
də Sovet rejimi. Amma hər ölkəyə eyni dərəcədə
azadlıq vermirdilər. Uldis Berzinş Latviyada o vaxtı mənim
şeirlərimi tərcümə etmişdi. Mənə məktub
yazdı ki, hansı mətbu orqana şeirlərini aparıram
çap eləmirlər. Hətta bəzi redaktorlar ona
deyirmiş ki, şeirləri səhv tərcümə eləmisən
və bu yolla da öz antisovet ideyalarını yaymaq istəyirsən.
Rusiyanın özündə isə yazıçılara
heç imkan vermirdilər. Bütün səfirlikləri
Moskvada yerləşdirmişdilər ki, heç kəsin əli,
heç bir yerə çatmasın. Bizim ölkəmiz kimi
ölkələri isə qismən azad buraxmışdılar.
– O, dövürdə S.Vurğunun
lider seçilməsi, sizcə, nəylə bağlı idi?
– Sovet
hökümətinin yüksəltdiyi adamlar da heç də
elə-belə adamlar olmurdu. Səməd Vurğun çox böyük
əlaqələri olan adam idi, Simonov, Fadayev və
Şoloxovnan şərab nuş edən, dostluq münasibətləri
olan adam olub. Rus dilini çox əla bilirdi. Sovet rejimini hər
üzünü yaxşı tanıyırdı. Çox adam
elə bilir ki, o rejimlə mübarizə aparsaydı Səməd
Vurğun daha çox uğur qazanardı, mən belə
düşünmürəm.
– Onda belə
çıxır ki, özlərini dissident, müxalif
mövqeli göstərən bizim Sovet
yazıçıları “icazəli” imişlər, hə?
– Tam yox,
amma müəyyən qədər. Sovet dövrü yüyəni
öz əlində saxlayırdı, amma elə ki, kimsə
az-maz irəli getdi, o dəqiqə yüyəni geri çəkirdilər
və onların qantarğası çox tikanlı idi. Bir də
bu gün çoxları ya özlərini dissident kimi qələmə
verməyə çalışırlar, ya da milli azadlıq hərəkatının
iştirakçısı kimi. O hərəkatın elə fəal
oğlanları olub ki, heç bir dəfə də olsun elədiklərini
dilə gətirmirlər. Dissidentlik məsələsinə gələndə
isə, Azərbaycanda heç vaxt sovet dövrü ilə
böyük mənada mübarizə olmayıb, olanda da dərhal
qarşısı alınıb. Cahid Hilaloğlu adlı
bir nəfər vardı 1958-ci
ildə Qız Qalasının üstündə Azərbaycanın
indiki bayrağını dalğalandırmışdı. Həbs
elədilər, bir mddət qaldı türmədə, narkoman
oldu, azadlığa çıxandan az müddət sonra da
öldü. Yəni, o rejim çox rəhimsiz idi. Ondan sonra o
bayraq bir də 1988-ci ildə qaldırıldı. Gültəkin
ana vardı, hər gün iki və ya üç bayraq tikirdi.
Mən o vaxtı Əbülfəz Elçibəyə və
digər məsul şəxslərə təklif elədim ki, əksər
dövlətlərin bayrağının adı var. Gəlin
biz də Bayrağımızın adını Gültəkin
qoyaq. Amma o məsələ o vaxtdan elə quruca söz kimi də
qaldı.
– Nədənsə
Vaqif Bayatlı Odər, Ramiz Rövşən və sizin
adınızı həmişə bir yerdə çəkirlər,
sizcə bu nəylə bağlıdır?
– Biz ədəbiyyata
gələndən bəri belə olub, düzü, bunun səbəbi
mənə də tam aydın deyil. Mən qısa
yazmağı xoşlayıram, Vaqif Bayatlının şeirləri
isə uzun olur. Ramizin şeirləri isə öz ifasında
birə on güclənir, bəli, birə on. Məsələn,
mən ən yaxşı şeirimi belə öz ifamda
heç eləyə bilərəm, amma R.Rövşən ən
zəif şeirini də, bir dəfə oxusa xalqa sevdirə bilər.
Ümumiyyətlə, bizim şeirlərimizdə heç
mövzu, ideya, struktur oxşarlığı yoxdur.
Görünür, ədəbi və həyati prinsiplərimizi
bir-birinə bənzədirlər. Rus
və türk ədəbiyyatında belə
üçlüklər olub.
– Bir dəfə
Göyəzənin ətəyində gənclərlə səfərə
çıxmışdıq, onda bir yaşlı kişiylə
söhbət edəndə dedi ki, Səməd Vurğun bizim
şairdi, Vaqif Səmədoğlu yox, çünki o “rus
şeiri” yazır. O yerlərdə modern şeirlərə,
sizə və S.Vurğuna münasibət necədir?
– Əvvəla sənə deyim ki,
Qazax çox maarifçi bir yer olub, indi də elədir. Bu
sözləri Qazaxlı olduğuma görə demirəm, həqiqət
belədir. Qazax nə qədər kökünə
bağlı yerdirsə, o qədər də dünya dəyərlərinə
açıqdır. Məsələn, Qazaxın
çayxanalarını gəzsən, orda sən caz
haqqında da söhbət eləməyə adam tapa bilərsən.
Yaxud dəqiq bir şeyi sənə deyim, 1960-70-ci ilərdə
Qazaxın hələ çayxanalarında ekstensializm cərəyanından,
Kamyunun, Sartrın konsepsialarından danışan oğlanlar,
gənclər var idi. Qaldı ki, mənə və Səməd
Vurğuna: mən heç vaxtı Səməd Vurğun qədər
sevilə bilmərəm. Onu da deyim ki, bu gün Qazaxda mənim
şeirlərimi əzbər bilən minlərlə adam tapa
bilərsən.
–
Müasir şeirimizdə bəyəndiyiniz imzalar kimlərdir?
– Məsələn,
mən çox sevirəm Musa Yaqubun şeirlərini, onun
çox incə poeziyası var və bu oxucunu da
rahatlaşdırır. Eləcə də Məmməd
İsmayılın şeirləri. Yaxud Salam çox
maraqlı və yeni düşüncəli şairdir, onun da
şeirlərini bəyənirəm. Gənclərdən isə
heç kəsin adını çəkmək istəmirəm,
çünki onların çoxu mənim “Facebook”
dostlarımdır, ola bilər ki, kiminsə adını
unudaram, uşaqlar məndən inciyər.
–
Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının
sədirisiz, sizdən “Ədəbiyyat” qəzetinin fəaliyyətsizliyi
barədə soruşmaq istəyirəm. “Ədəbiyyat” qəzeti
ilə bağlı məsələlər müzakirə
olunur, hətta rəhbərlik səviyyəsində
tapşırıqlar olur, amma heç nə dəyişmir.
Sizcə, bunu səbəbi nədir?
– 44
ildir Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm,
amma heç bir iclasına qatılmamışam. Qabil öləndən
sonra isə Ağsaqqallar Şurasının sədirliyini mənə
həvalə elədilər, indi də baxıram ki, o
şurada diri elə bircə mənəm. Heç maaş-zad
da vermirlər. Yəni, bu cür işlər məni heç
vaxt maraqlandırmayıb, inanmıram bundan sonra maraqlandıra.
Təəssüf ki, “Ədəbiyyat qəzeti”ni oxumuram.
İndiki vaxtımda ya kitab oxuyuram, ya da mənə göndərilən,
rəyimi, fikrimi bilmək istəyən adamların
yazılarını. Hər gün bir neçə saat
internetdə oluram. Qəzeti o vaxt alıram ki, nəsə
özüm haqda bir yazı olur və s. “Ədəbiyyat qəzeti”ni
də idarə edən qüvvələr sənin mənim kimi
yazı-pozu adamlarıdır, subyektlərdir. Onlar da elə
düşünür və elə də nəşr edirlər.
Dünyada elə bir ədəbi orqan tapa bilməzsən ki,
orda tam obyektivlik olsun.
–
Eldar Baxışın, İsi Məlikzadənin adı az-az
çəkilir. Onları təbliğ edəcək
adamları yoxdur deyə, adları get-gdə undudulur. Amma bu
gün çox adamlar öz atalarını təbliğ etməklə
məşğuldurlar.
–
Eldar Baxışla mənim çox yaxın münasibətim
olmayıb. Amma İsi Məlikzadə ilə dost olmuşuq. Dəfələrlə
evlərinədə olmuşam. Atası çox baməzə
adam idi. Çox incə yumor hissi var idi. Həmişə
zarafatla İsiyə deyirdim ki, sənin əsərlərində
nə qədər duzlu, maraqlı yer varsa hamısı atandan
“oğurladıqlarındır”. Allah rəhmət eləsin
ona.
Ataların
təbliği ilə bağlı deyim ki, əgər atan təbliğ
etməyə layiqdirsə, eləmək olar. Amma elə adamlar
da var ki, atasını öz gücündən güclü
göstərir. Elə adam tanıyıram ki, atasının
dörd şeir kitabını buraxdırıb, amma şeirlər,
şeir deyil cəfəngiyayatdır. Amma narahat olmayın, hər
şey zamanın axırda öz dəyərini alır.
Fərid
Hüseyn
Kaspi.-2012.-25-27 fevral.-S.15.