«Təhsilimiz o qədər
əzbərçiliyə xidmət edib ki, əlavə biliklər
verilmir»
Səlahəddin Xəlilov: «Elmi-fəlsəfi
prinsiplər üzərində qurulmayan cəmiyyət kor-koranə,
başlı-başına buraxılan cəmiyyətdir»
(əvvəli ötən
sayımızda)
Bu
günlərdə prezident İlham Əliyev Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin
Xəlilovu “Şöhrət” ordeni ilə təltif edib.
Ölkənin ictimai həyatında fəal iştirakına
görə yüksək mükafata layiq görülən
görkəmli alim “Kaspi”yə müsahibəsində də
elmin, təhsilin bugünkü vəziyyətinə toxunmaqla
yanaşı, mənəvi prinsiplərin müəyyənləşməsi
yollarından da danışıb.
Təhsil haçalanıb
- Siz ölkə daxilində də
təhsilin yenidən təşkilatlanması işinə
toxundunuz. Bu gün təhsilimizlə bağlı real faktlar
çox acınacaqlı görünür. Təhsilin, müəllimlərin
ümumi səviyyəsinin aşağı olması, müəllimlərin
daha çox repetitorluğa can atması, şagirdlərin dərsə
maraqlarının olmaması və s.-lə bağlı kifayət
qədər faktlar var. Sizə elə gəlmirmi, bu sahədə
çoxlu işlər görülməlidir?
-
Bizdə təhsilin səviyyəsi çox yüksək
olsaydı, gənclərimizi xaricə göndərməyə
heç ehtiyac da yaranmazdı. Yüksək bal toplayan
abituriyentlərin xaricə göndərilməsi tələbatı
ondan irəli gəlib ki, bizim təhsilimiz dünya
standartları baxımından lazımi tələblərə
cavab vermir. Çətinliklər çoxdur. İndiki
dövrdə biz hələ təhsilin öz daxili strukturunda
monolitliyi təmin edə bilməmişik. Vahid təhsil sistemi
əvəzinə ikiləşmiş alternativ təhsil
yaranıb. Yəni təhsil haçalanıb. Bu, çox
ziyanlı hadisədir. 1990-cı illərin əvvəllərindən
biz tələbə qəbulu üçün test sisteminə
keçdik. O dövrdə təhsilin sağlam mənəvi
əsaslarla həyata keçirilməsi mümkün deyildi.
Çoxlu rüşvət halları, başqa subyektiv faktorlar
önə keçirdi. Belə qərara gəlindi ki, mərkəzləşdirilmiş
test sistemi tətbiq olunsun. Ancaq bu, həmişəlik ola bilməzdi.
Cəmiyyətimiz inkişaf etdikcə, yeni iqtisadi sistemə
keçid qərarlaşdıqdan sonra, biz artıq öz yeni
ictimai strukturumuzu və yeni ictimai oriyentirlərimizi dərk etməyə
başlamışıqsa, bu yeni şəraitdə yeni mənəvi
prinsiplər də formalaşmış olmalıdır. Biz
dünyanın qabaqcıl ölkələrində olduğu
kimi daha rüşvətxorluqdan qorxub hansısa mexaniki
üsullar tətbiq etmək məcburiyyətində
olmamalıyıq. Təhsil sistemində də rüşvətə
yol verməmək üçün digər metodlar işləyib
hazırlamalıyıq. Mən düşünürəm ki,
bunun üçün yeni işçi qrupları
yaradılmalıdır. Artıq ikiləşmiş təhsilə
son qoyulmağın vaxtı gəlib çatıb. Məktəblərin
çoxunda yuxarı sinif şagirdlərinin əksəriyyəti
alternativ təhsilə gedir, repetitorlarla işləyirlər və
onların alternativ dərslikləri var. Konstitusiyamıza
görə, bizdə dövlət təhsil sistemi pulsuzdur. Ancaq repetitorlar sistemi pulsuz deyil axı. Deməli,
insanlar öz uşaqlarını pulu məktəblərə
qoymağa məcbur olurlar. Özü də çox yüksək
qiymətlərlə. Əgər pulsuz məktəb
uşağın tələbatını ödəsə, kim
öz uşağını pullu məktəbə aparıb
qoyar və ya onlar üçün müəllim tutar?
Az-çox imkanı olan valideynlər yaxşı repetitorlar
tuta, uşaqlarını bahalı kurslara düzəldə
bilir, imkansızlar yenə də naəlac qalır. Bu,
haqsızlığa gətirib çıxarır. Deməli,
biz vahid təhsil sisteminə qayıtmalıyıq, bunun
yolları axtarılmalıdır. Bir təhsil mütəxəssisi
kimi mənim konkret təkliflərim var və lazım gəlsə
prosesdə iştirak edə bilərəm. Və mənə
elə gəlir ki, ölkəmizdə bu sahədə mütəxəssislər
var və onların fikirlərindən istifadə etmək lazımdır.
- 12 illik təhsil sisteminə
keçidlə bağlı fikirlərinizi bilmək də
maraqlı olardı.
-
Burada il əsas deyil. Qarşıda duran aktual məsələ
ondan ibarət deyil ki, təhsil 11 və ya 12 il olsun. Bu,
sonrakı məsələdir. İndi lazım olan bu ikiləşməni
aradan qaldırmaqdır. Ondan sonra və ya paralel surətdə
bu barədə düşünmək olar. Faktorlardan biri
odur ki, dövlət təhsil müəssisələrində
maaşlar artmalıdır ki, müəllim məcbur olub
repetitorluğa getməsin. Digər tərəfdən,
dövlət təhsil müəssisələrində təhsilin
səviyyəsi qalxmalıdır ki, şagird məcbur
qalıb repetitorlara müraciət etməsin. Həmçinin, tələbə qəbulu prosesi sadəcə
testlərlə yox, yaradıcı təfəkkürü
yoxlamaq metodları ilə, xüsusən yazılı
imtahanlarla tamamlanmalıdır ki, onda şagirdlər dövlət
təhsilindən istifadə etmənin üstünlüklərini
dərk etsinlər. Baxmayaraq ki, “Təhsil
haqqında” qanun bu yaxınlarda qəbul olunub, ancaq bu qanuna
yenidən baxılmasına ehtiyac var. Bu qanun qəbul olunarkən
də orada çoxlu mübahisəli məsələlər
vardı. Onlar yenidən nəzərdən
keçirilməli və təkmilləşdirilməlidir.
Hərçənd Milli Məclis nəzərdə tutub ki, “Təhsil
haqqında” qanundan başqa, ali və orta təhsil
haqqında ayrı-ayrı qanunlar qəbul eləsin, ancaq mənə
elə gəlir ki, öncə təhsil haqqında ana qanuna
yenidən baxılmalıdır. Onu da deyim ki, təkcə
qanunvericiliklə iş düzəlmir. Nazirlik
sistemində də yəqin bu barədə
düşünürlər.
- Bu
yaxınlarda vətəndaş cəmiyyətinin həyata
keçirdiyi bir neçə layihənin yekunundan məlum olub
ki, orta məktəblərdə şagirdlər nə muzeylərin,
nə də teatrların yolunu tanıyırlar. Hətta
onlar tərcümeyi-hallarını belə yaza bilməyiblər.
Necə düşünürsünüz, vahid təhsil
sistemi şagirdlərin mili-mənəvi ruhda böyümələrinə
təsir göstərə biləcəkmi, yoxsa bunun
üçün ayrı metodlar tətbiq olunmalıdır?
- Təhsilin
məzmunu o qədər əzbərçiliyə xidmət
edib ki, əlavə biliklər verilmir. Siz
teatrı, muzeyi misal gətirirsiniz, ancaq mən deyərdim ki, ən
böyük bəla kitab oxumamaqdır. Bədii
ədəbiyyat qədər şəxsiyyəti
formalaşdıran ikinci bir vasitə yoxdur. Bunların hamısının günahkarı televiziyadır.
Televiziya kanallarının proqramlarına nəzarətsizlikdir.
Burada təhsil sistemi acizdir. Yəni
məktəb neyləsin ki, ondan daha güclü bir vasitə
peyda olub? Bu vasitə televiziya və
internetdir. Biz televiziya proqramlarının
müəyyənləşdirilməsi, nələrin
mümkün olması və mümkün olmaması barədə
yüksək səviyyəli müzakirələr
aparmalıyıq. Senzuranın aradan
götürülməsi yalnız siyasi, ideoloji mənada
baryerlərin götürülməsi kimi başa
düşülməli idi. Ancaq bizim
jurnalistika bunu özbaşınalıq kimi başa
düşdü. Yəni kim nə istəsə
efirə verə bilər, kim nə istəsə yaza bilər. Biz bunun ziyanlarını çəkirik. Özəl televiziya kanalları özünü
reklam hesabına dolandırır. Reklam
bazarının formalaşdırılması istiqamətində
müəyyən işlər görülməyibsə, reklam
sifarişçilərinin çoxu xarici şirkətlərdirsə
və onlar bizim mili-mənəvi dəyərlərimiz
üçün məsuliyyət hissi keçirmirlərsə
– belə faktorlar ortaya çıxır. Burada
bizneslə məşğul olan, televiziyada çalışan
adamların mənəvi, ümumi intellektual səviyyəsi
rol oynayır. Bunlar hamısı sonunda
bizim təhsil sisteminə bağlanır. Çünki
bu adamlar bizim təhsil müəssisələrinin yetirmələridir.
Biz əgər onları kifayət qədər
mükəmməl insan kimi yetişdirə bilsək,
dünyagörüşləri geniş olsa, heç vaxt 5-3 qəpik
qazanmaq üçün milli mənəvi dəyərlərimizi
satmazlar. Ancaq biz bunu yetişdirə
bilmirik. Fəlsəfəni kifayət qədər
mənimsədə bilmirik. Fəlsəfə
proqramlardan çıxarılıb, ancaq ixtisas bilikləri
öyrədilir. İxtisas bilikləri
insanı mütəxəssis kimi yetişdirməyə gətirib
çıxara bilər. Bəs insanı
insan kimi yetişdirmək nəyin sayəsində
mümkün olsun? Məktəblərdə
fəlsəfə, etika, estetika keçilmir. Bəs zövq, əxlaq necə inkişaf eləsin?
Biz bu istiqamətdə də
çalışmalıyıq. Qarşımızda
vəzifələr durur ki, təhsilin məzmununu inkişaf
etdirək – bir tərəfdən əmin olaq ki, gələcəyimiz
etibarlı əllərdədir. Digər tərəfdən
məcburuq ki, dövlət qurumlarından kömək gözləyək.
Görünür, cəmiyyət
özünüidarə səviyyəsinə yetərincə
yüksələ bilməyib. Görünür,
dövlətin inzibati metodları olmadan televiziya
proqramlarına nəzarət məsələsi həll oluna
bilmir. Mənə elə gəlir ki, Milli Televiziya və
Radio Yayımları Şurası öz fəaliyyətini bir az da aktivləşdirməlidir. Həm
də onların səlahiyyətləri bir qədər
artırılmalıdır ki, nəzarət edə bilsinlər.
İdeal heç nə yoxdur
- Cəmiyyətdə qəribə
hadisələr baş verir. Bu yaxınlarda Kürdəmirdə
üç qızın evdən qaçaraq Bakıya gəlməsi,
dəhşətli cinayət hadisələri, intiharlar...
- Bunlar
televiziyanın günahıdır. Qorxulu filmlərin
nümayişi, bütün telekanalları tutan məzhəkəçi
aktyorların formalaşması. O məzhəkələr
o qədər aşağı səviyyədədir ki,
gözümüz görə-görə əxlaqi dəyərlərimizi
dağıdırlar. Uşaqları
televiziyanın qarşısından
yığışdırmaq olmur. Çünki
onlar maraqlıdırlar. Bəzi telekanallar
elmi, maarifçi proqramları «Sizin tamaşaçılar
azdır» - deyə qəbul eləmir. Ancaq mən sual edirəm:
«Tamaşaçını cəlb etmək üçün
komediantlıq, eybəcərlik nə dərəcədə məqbuldur?». Televiziyanın başqa
missiyası var. Biz həmçinin ictimai nəzarətin
formalarını tapmalıyıq. Dünya
praktikasında belədir, cəmiyyətdən kənarda
heç nə yoxdur. Mən nə istəyirəmsə,
onu tətbiq edə bilmərəm. Demək
elə şeylər var ki, onlara qadağa var. Bu sahədə də
müəyyən məhdudiyyətlər müəyyənləşməlidir.
Bazar münasibətləri iqtisadiyyat
üçündür, mənəviyyat üçün
deyil. Mənəviyyatı bazara çevirmək
olmaz.
- Sizcə, ideal cəmiyyət
varmı?
-
Heç bir sahədə ideal olan şey yoxdur. İdeal
ideya sferasındadır, gerçək həyatda heç nə
ideal deyil. İdeal odur ki, biz həmişə
ona doğru gedirik, heç vaxt çatmırıq. Əgər çatdınsa, bu, artıq ideal deyil.
Bu mənada ideal cəmiyyət də yoxdur.
Amma nisbətən daha optimal, daha münasib təşkilatlanmış,
inkişafa daha çox şərait yaradan cəmiyyətlər
var. Biz təmin edə bilsək ki, idealımız, mənəvi dəyərlərimiz olsun və
digər vasitələr ona xidmət eləsin – bu çox
gözəl olar. Elmi-fəlsəfi prinsiplər
üzərində qurulmayan cəmiyyət kor-koranə,
başlı-başına buraxılan cəmiyyətdir. O
cəmiyyət nəinki heç vaxt ideala yaxınlaşa bilməz,
heç vaxt fərdlərin inkişafına da yol aça bilməz.
Ən yaxşı cəmiyyət odur ki, orada fərdlər
özlərini azad hiss edə bilsin və öz
imkanlarını reallaşdırmaq imkanları olsun.
- Dünyamız çox
qarışıb. Ölkələr arasında
siyasi gərginlik hökm sürür. Bir tərəfdə qan axıdılır, insanlar
qırılır. Digər tərəfdən uzun illərdir “Dünyaya
sülh gərəkdir” şüarı səslənir. Nə üçündür bu paradoks?
- «Sülhlə yaşayaq»
prinsipindən başqa tutaq ki, insan haqları, vətəndaşların
hüquq və vəzifələrinin qorunması, dünya vətəndaşlarının
haqlarının qorunması prinsipləri var. Hansısa bir
ölkədə bir diktator vətəndaşlarını
qırırsa, digər ölkələr ona oturub tamaşa edə
bilməzlər. Hazırda aktual olan Suriya məsələləridir.
O ölkələr ki, vaxtında öz cəmiyyətlərini
optimal təşkilatlanmasını həyata keçirə
bilməyiblər, onlar tez-tez belə problemlərlə üzləşə
bilərlər. İndi dünyaya qapılar
açılıb. Belə bir şəraitdə
hər bir ölkə dünyada baş verən prosesləri
izləməlidir. Beynəlxalq proseslərin
öyrənilməsi, səbəblərinin
aydınlaşdırılması və vaxtında
qabaqlayıcı profilaktik tədbirlərin görülməsi
vacib şərtdir. Bu vəziyyət
ölkələrin yeritdiyi siyasətdən, ictimai təşkilatlanma
məsələlərindən, iqtisadiyyatın vaxtında
proqnozlaşdırılmasından da asılıdır.
İnsan dünyaya hansı missiya ilə
gəlibsə
- Fəlsəfi tədqiqatların son
məqsədi nədir?
- Fəlsəfədə
zaman və məkan o qədər böyükdür ki, min illər
boyu insanın ən böyük arzu və məqsədləri,
bütöv bir bəşəriyyət miqyasında insan
qarşısında duran problemləri
araşdırılır. Min illər bundan əvvəl
aparılan tədqiqatlar, müdrik fikirlər indi də tətbiq
oluna-oluna gedir. Biz ulu
babalarımızın bizə miras qoyduğu ideyaların tətbiqi
ilə öz həyatımızı qururuq və bizim
ideyalarımız da elə olmalıdır ki, nəvə-nəticələrimiz
onları tətbiq edə bilsin. Yəni
zaman və məkanca çox uzağa hesablanmış nəticə
formasıdır.
- Ömrünüzü tədqiqatlara
həsr edən bir alim kimi necə fikirləşirsiniz, həyatın
mənası nədir?
- Min illərdir
filosoflar bu suala cavab axtarırlar və hər biri öz
düşüncəsi səviyyəsində bu sualı
cavablandırıb. Ancaq siz istəyirsiniz ki, mən
iki kəlmə ilə bu suala cavab verim? Bu,
çox çətindir. Mənim fikrimcə,
ən önəmli olan mənəvi prinsiplərin prioritetliyidir.
Həyatın mənası da bundan ibarətdir
ki, insan dünyaya hansı missiya ilə gəlibsə, onu da
gerçəkləşdirə bilsin. Yəni
yaradıcılıq xoşbəxtliyin əsasında durur.
O şərait, o mühit bizi xoşbəxt edir ki, öz
potensialımızı gerçəkləşdirə bilirik.
İnsan öz qabiliyyətinin imkan verdiyi sahədə
fəaliyyət göstərirsə, bu sahədəki fəaliyyəti
üçün şərait olursa və əməyinin nəticəsinə
cəmiyyətdə qiymət verilirsə demək, o xoşbəxtdir.
Təranə Məhərrəmova
Kaspi.-2012.-25-27 fevral.-S.5.