Gənclər həmyaşıdlarını kimlərinsə aləti olmamağa çağırır 

 

Gənc fəallar həmyaşıdlarını ötən ilin uğursuz mart aksiyalarından nəticə çıxarmağa, müxalifətin ruporuna çevrilməməyə səsləyir

 

Artıq siyasi mübarizədə arqumentləri tükənmiş bəzi müxalifət birlikləri yenə də aksiya keçirmək iddialarını gündəmə gətiriblər. Potensial bazaları geniş aksiyalar təşkil etməyə imkan verməyən müxalifət bu dəfə gəncləri qabağa verib. Bəzi siyasi partiyaların ətrafında yalnız peyk təşkilatı kimi görüntü vermək üçün formalaşmış gənclər təşkilatları müxtəlif səviyyələrdə çağırışlar edirlər. Kimlərinsə ambisiyaları uğrunda alətə çevrilmiş bu zümrəyə elə onların öz yaşıdları cavab verir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva müxalifətçi gənclərin növbəti dəfə aksiya keçirmək istəyinə münasibət bildirərkən, bunu xarici himayədarlara xidmət edən bəzi adamların ölkədə çaşqınlıq yaratmaq məqsədi kimi qiymətləndirib. O, buna misal olaraq, aksiyada səsləndiriləcək şüarlara diqqət çəkib: “Azərbaycanda «Sərbəst toplaşmaq haqqında» qanun var. Bu qanun çərçivəsində Azərbaycan vətəndaşı olan istənilən kəs sərbəst şəkildə toplaşa, aksiya keçirə və öz fikirlərini ifadə edə bilər. Ancaq qanunun tələblərini pozan vətəndaşlar siyasi əqidəsindən asılı olmayaraq cəzalandırılırlar. Belə bir məşhur məsəl var ki, mənim hüquqlarımın bitdiyi yerdə, digərinin azadlığı başlayır. Bu mənada sərbəst toplaşmaq adı altında başqa bir vətəndaşın hüquqlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Qanunu pozan hər bir kəs öz cəzasını almalıdır. Müxalifətçi gənclərin aksiyada irəli sürəcəyi iddialarla da razılaşmıram. Təhsildə rüşvət məsələsinə gəlincə, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparılır, neqativ hallara yol verən kəslər qanun çərçivəsində cəzalandırılır. Bunun üçün ən ali səviyyədə müvafiq qurumlar da yaradılıb. Müxalifətçi gənclərin siyasi məhbus, dini əqidəsinə görə guya kiminsə həbs edilməsi barədə səsləndirdiyi fikirlər də həqiqəti əks etdirmir. Azərbaycanda siyasi məhbus yoxdur. Dini əqidəsinə görə kiminsə həbs olunması isə sadəcə gülüncdür. Azərbaycan demokratik, hüquqi, tolerant, dünyəvi ölkədir. Burada dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsə eyni münasibət var. Bütün dinlərin nümayəndələri sərbəst şəkildə öz inanclarına etiqad edirlər. Bütün bunlar bir daha onu göstərir ki, planlaşdırılan aksiyada səslənəcək şüarlar heç də gerçəyi əks etdirmir. Sadəcə, xarici himayədarlara xidmət edən bəzi adamlar, onların sifarişi ilə söz demək istəyənlər belə aksiyalar keçirməklə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Amma onlar bu istəklərinə çata bilməyəcəklər”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə martın 4-nə təyin edilən aksiyanı müxalifətin gündəmdə qalmaq cəhdləri kimi xarakterizə edib: “Xatırlayırsınızsa, ötən ilin martında da müxtəlif adlarla təşkilatlanan bir qrup gənclər ölkə gəncliyi adından çıxışlar edərək, iddialı bəyanatlar verirdi. Amma son nəticədə, onların bu aksiyasına ictimai dəstək gəlmədi. Bütün bunlar onun göstəricisidir ki, müxalifət gənclərinin bu qəbildən olan bütün aksiyaları konkret məqsədlərə hesablanıb və gündəmdə qalmaq, özlərinin maddi rifahını təmin etməkdən başqa heç nəyə yaramır. Artıq onların özləri də ciddi siyasi iddia irəli sürmək gücündə olmadıqlarının fərqindədirlər. Sadəcə məni üzən məqam odur ki, həmin insanlar bu çirkin oyunlarında bəzi gənclərdən “siyasi kamikadze” kimi istifadə edirlər”.

Aksiyanın doğura biləcəyi nəticələrdən danışan F.Şahbazlı deyib ki, təbii olaraq xalqdan dəstək almayan bütün aksiyalar kimi, bu mitinqi də uğursuz sonluq gözləyir: “Bu adamlar nəinki mitinq etmək, hətta təşkil etdikləri aksiyalara şüar və məqsədlər seçmək qabiliyyətində deyillər. Məsələn aksiyada tələblərdən biri kimi, ölkənin ərazi bütövlüyünün bərpası məsələsi qoyulub. Nə qədər gülüncdür… Mitinq keçirməklə ərazi bütövlüyü bərpa olunmaz. Bunun üçün hərbi xidmətə gedib, vətənə borcunu vermək lazımdır. Ancaq bu aksiyanı keçirənlərin bir çoxunun adı dəfələrlə hərbi xidmətdən qəsdən yayınmaqda hallanıb. Bu mənada onların ərazi bütövlüyündən danışmağa mənəvi haqları yoxdur”.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova da müxalifətçi gənclərin keçirmək istədiyi aksiyanı əhəmiyyətsiz hesab edib: “Yuxarıda adları sadalanan təşkilatlar, əsasən də siyasi partiyaların gənclər bölümləri bir neçə dəfə Azərbaycanda bu cür məsələləri qaldırmaqla müxtəlif aksiyalar keçirməyə çalışıblar. Ancaq biz heç uzağa getmədən, keçən ilin təcrübəsindən bilirik ki, bu aksiyalar çox uğursuz və cəmiyyətə heç bir müsbət mesaj çatdırmaq iqtidarında olmayan hərəkətlərdir. Hazırda Azərbaycan demokratik, suveren bir ölkə olaraq Avropaya inteqrasiya edir. İnteqrasiya prosesində hər bir xalqın, hər bir ölkənin qarşısında müəyyən maneələr çıxır. Belə vəziyyətdə hər bir dövlət vətəndaş cəmiyyətinin köməkliyi ilə bu maneələri aradan qaldırmaq gücündə olmalıdır. Azərbaycan da müxtəlif istiqamətdə nəhəng layihələr həyata keçirərək, inkişaf edir. Ölkəmiz inkişaf tempinə görə bir çox MDB ölkələrini geridə qoyur. Belə bir vaxtda müxalifətçi gənclərin aksiya keçirməsini, Azərbaycan dövlətini, hakimiyyətini nədəsə ittiham etməsini birmənalı şəkildə mənfi qarşılayıram. Azərbaycan gəncliyi söz azadlığının olduğu bir cəmiyyətdə yaşayır. Məncə aksiyalar keçirilən zaman bu səpkidə deyil, ölkəmizin 1 milyona yaxın vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsi, onların hüquqlarının bərpa edilməsi istiqamətində şüarlar səsləndirilib, tələblər irəli sürülməlidir. Belə aksiyalar xarici ölkələrdə də keçirilməli, bununla bağlı Avropa Birliyinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmalıdır. Əgər müxalifətçi gənclər bu tip aksiyalar keçirsələr, o zaman mən inanaram ki, onlar Azərbaycan vətəndaşı kimi öz ölkəsinin keşiyində dayanırlar. Bizdə müxalifəti təmsil edən gənclər yalnız hakimiyyət əleyhinə ünvanlanan və idarəetməyə qarşı yönələn aksiyalar keçirirlər. Bu günə kimi müşahidə etməmişəm ki, bu gənclər milli maraqların müdafiəsi, 20 Yanvar və Xocalı hadisələrinin günahkarlarının cəzalandırılması tələbi ilə Azərbaycanda, eləcə də xarici ölkələrdə  hər hansı aksiya keçirsin. Ona görə də martın 4-də keçirilməsi planlaşdırılan bu aksiyanı əhəmiyyətsiz hesab edirəm”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici qüvvələrin müxalifətçi gənclərdən istifadə etdiyini dilə gətirib. O, müxalifətçi gənclərə səslənərək, mənasız yerə istifadə olunmaqdansa, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət ətrafında birləşib ölkəmizi daha da inkişaf etdirməyi düzgün sayıb: “Azərbaycan demokratik respublikadır. Burada yaşayan hər bir kəs sərbəst şəkildə öz fikirlərini ifadə edə bilər. Bu fikirlərə də hər kəs hörmətlə yanaşmalıdır. Ancaq elə məsələlər var ki, onunla bağlı söylənilən fikirlər həqiqəti əks etdirmir. Belə olan halda bu fikirləri dilə gətirən insanları başa düşmək bir qədər çətin olur. 4 mart aksiyası öncəsi müxalifətçi gənclərin söylədiyi fikirlər də məhz bu səpkilidir. Şəxsən mən təhsil aldığım 6 il müddətində heç kimə qiymət yazdırmaq, yaxud da hər hansı işimi görmək üçün rüşvət verməmişəm. Məndən də heç kim qiymətə görə rüşvət tələb etməyib. Belə olan halda kiminsə təhsildə rüşvət barədə fikir səsləndirməsini səmimi qəbul etmirəm. Burada diqqət çəkən başqa bir məqam da var. Fikrimcə müxtəlif aksiyalar keçirməklə Azərbaycana, onun hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparanlar idarə olunur, kiminsə alətinə çevrilirlər. Bir sözlə, istifadə olunurlar. Bilirsiniz ki, Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edir. Yaxın gələcəkdə də “Eurovision” yarışması Bakıda keçiriləcək. Müxalifətçi gənclərin aksiya keçirməsi də belə tədbirlər qabağı çaxnaşma yaratmaq, ölkəmizin imicinə xələl gətirmək məqsədinə xidmət edir. Azərbaycanın əldə etdiyi uğurlara sağlam düşüncəli hər bir vətəndaş yalnız sevinə bilər. Ancaq bəzi xarici qüvvələr Azərbaycanın bu nailiyyətlərinə qısqanclıqla yanaşdığından müxalifətçi gənclərdən istifadə edir, onları hakimiyyət əleyhinə qaldırmağa çalışırlar. Fikrimcə, həmin gənclər mənasız yerə istifadə olunmaqdansa, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət ətrafında birləşib ölkəmizi daha da inkişaf etdirməlidirlər”.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-29 fevral.- S.5.