Musiqimizin Bəhram
Mansurovu
Azərbaycan
Respublikasının Xalq artisti Bəhram Süleyman oğlu
Mansurov 12 fevral 1911-ci ildə Bakıda musiqiçi ailəsində
anadan olmuşdur. Uzun müddət XX əsrin məşhur
müğənniləri Cabbar Qaryağdıoğlu,
Hüseynqulu Sarabski, Seyid Şuşinski, Zülfü
Adıgözəlov, Həqiqət Rzayeva kimi müğənniləri
müşayiət etmişdir.
1932-ci
ildən ömrünün sonuna qədər Mirzə Fətəli
Axundov adına Opera və Balet Teatrının solisti və
konsertmeysteri olmuşdur. Muğam operaları üçün
müğənnilərin hazırlanmasında əvəzsiz
xidmətlər göstərib.
Bəhram
Mansurovun ifasında "Bayatı-Şiraz",
"Humayun", "Nəva", "Nişapur",
"Şur", "Mahur-hindi",
"Bayatı-Kürd" və "Cahargah"
muğamları musiqi tariximizdə ilk dəfə olaraq YUNESKO xətti
ilə qrammofon valına yazılmışdır (1971- 1975).
Onun ifasında "Cahargah" (1976) və "Rast" (1978)
muğamları nota salınmışdır. 1941-ci ildən
(fasilələrlə) Asəf Zeynallı adına Bakı
Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir.
Azərbaycan
mədəniyyətini dünyanın bir çox ölkələrində
şərəflə təmsil edən Bəhram Süleyman
oğlu Mansurov 1956-cı ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 1978-ci ildə isə
Xalq artisti adına layiq görülmüş, orden və
medallarla 1əltif olunmuşdur.
1985-ci
il may ayının 5-də vəfat etmiş, Bakıda dəfn
edilmişdir.
İnsan
dünəninə görə niyə belə həsrət
çəkir? Niyə belə göyür-göyür
göynəyib: "Ötən günə gün
çatmaz", - deyir? Bu əbədi-əzəli suala
"dünən axı gedər-gəlməz
yollarımdı, yana düşən qollarımdı, unuda
bilmədiyim doğmalarımla, əzizlərimlə
bağlı mürgülü, günəşli,
yağışlı xatirələrimdi,
uşaqlığım, ilk sevgim, sevincim, göz
yaşlarımdı, - demişdim bir vaxt...
"Unudulacaq
bütün sevdalar" bu da bir mahnının sözləridir,
amma mən unudulan sevdalara inanmıram nəsə...
Böyük sevgilər, böyük sevdalar unudularmı? Bəhram
Mansurovun böyük Azərbaycan sevgisi kimi.
Sağ
olsaydı, fevralın 12-də Bəhram müəllimin 93
yaşı tamam olacaqdı. Ad gününə az qalan bir ərəfədə
biz Eldarla - indi təkcə Azərbaycanda yox, dünyanın
bir çox ölkələrində öz mahnıları ilə
tanınan məşhur bəstəkarımız Eldar Mansurovla
üz-üzə oturub Bəhram müəllimi, dünyada
olmayan neçə-neçə unudulmaz sənətkarlarımızı
yad edirik. Ürək adamıdır, sızıldayan neydir
Eldar. XX əsrin ən böyük sənətkarlarından
biri olan tarzən Bəhram Mansurovdan danışa-danışa
Azərbaycanın böyük dərdlərinin də
ağrısını çəkir. Və
danışdıqca hiss edirəm ki, uzun i11ə r
tanıdığım, sənətinə heyran olduğum Azərbaycanın
Xalq artisti, görkəmli tarzənimiz Bəhram Mansurovu elə
bil yenidən tanıyıram, yenidən kəşf edirəm.
Uzaq, çox uzaq, əlçatmaz planet kimi. Söhbətin yarıda
qırılacağından qorxuram, susuram... Danışan,
için-için alışansa Eldardır və bir də Bəhram
müəllimin unudulmaz xatirələridir.
"Xatirələr
qızıl donu, gümüş donunda
Dünənini
geyindirər, bəzər, yorulmaz.
Xatirələr
ömrü boyu dərviş donunda
Qapı-qapı
itiyini gəzər, yorulmaz".
Bəhram
Mansurovun lentə alınmış səsi: "1911-ci il fevral
ayının 12-də Bakıda, İçərişəhərdə
anadan olmuşam. Bizim nəsil musiqiçilər nəsli olub.
Babam Məşədi Məlik Ağasalah oğlu Mansurov
dövrünün açıqfikirli şəxslərindən
biri, həm də bilikli musiqişünas, mahir
çalğıçı idi. Məşədi Məlik
Bakının İçərişəhər hissəsində
yaşayırdı. Evimizin pəncərəsindən hər
axşamçağı muğamların və xalq
mahnılarının ecazkar, həzin melodiyaları
dalğa-dalğa axıb bütün küçəyə
yayılırdı. Qonşuluqda yaşayan molla qəzəblə
lənət yağdırırdı: "Allah sizə qənim
olsun, bu evdə şeytanlar yuva salıb", - deyərdi.
Qonşular mollanın bu lənətlərinə gülərdilər.
Köhnə Bakıda hamı yaxşı bilirdi ki, Məşədi
Məlikin evində axşamlar musiqi məclisi olur. Təkcə
Abşerondan yox, Azərbaycanın bütün rayonlarından
gəlmiş muğam biliciləri, musiqiçilər, xanəndələr
bura toplaşardılar. Bu məclislərdən nəinki
görkəmli musiqiçilər faydalanmış, həm də
Seyid Əzim Şirvani, Xurşudbanı Natəvan, Əbdürrəhim
bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz
onunla yaxın əlaqədə olmuş, məclisin fəaliyyətinə
yüksək qiymət vermiş, onun şəninə şerlər
yazmışlar.
Babamın
təşkil etdiyi məclislərdə Mirzə Sadıq, Seyid
Mirbabayev, Hacı Hüsü, Mirzə Fərəc, Məşədi
İsi, Ala Palaz oğlu, Molla Rza, Ağa Kərim Salik, Bəylər,
Əli Zühab, şamaxılı Mirzə Məmmədhəsən,
içərişəhərli Baladadaş, Əbdülbağı
Bülbülcan, Seyid Şuşinski, İslam Abdullayev,
kamançaçalan Mirzə Səttar kimi adları dillər əzbəri
olmuş musiqi xadimləri iştirak edirdilər.
Məşədi
Məlik körpülərdə, vağzalda adam qoyar və
tapşırarmış: "Elə ki, gördünüz bir
adam əlində musiqi aləti gəlir, onu gətirin evə".
Onlar da Məşədi Məlikin istəyini yerinə yetirirlərmiş.
Musiqiçi kasıb olanda onu geyindirib-keçindirir,
yedirib-içirir, çalıb-oxutdurur, ona qulaq asandan sonra ədəb-ərkanla
yola salırmışlar. Bakıda nə qədər
musiqiçi vardı, hamısı bizim evdə olmuşdu. Mən
onların çoxunu görmüşdüm".
Məşədi
Süleyman Mansurovun ocağında dünyaya göz açan Bəhram
atası ilə əmisinin və evlərində tez-tez
gördüyü məşhur xanəndə və sazəndələrin
ifalarından çox şeyi öyrənirdi. Və sonralar
özünün də etiraf etdiyi kimi, onun üçün ən
böyük məktəb eşitdiyi bu təkrarsız ifalar
olmuşdu.
"Evimizdə
çoxlu tar var idi. O tarlar divardan asılardı. Atam evdən
bir yerə gedəndə mən tarlardan birini
götürüb çalardım. Atam tarı əlinə
alan kimi görürdü tar kökdən düşüb, o
saat bilirdi ki, tarı mən götürüb
çalmışam. Atam mənə deyərdi ki, sən
musiqiçilər ailəsində boy atırsan, birdən
çalmağa başlayacaqsan. Doğrudan da, mən 8
yaşımdan tarı sərbəst çalmağa
başladım. Babamın böyük çanaqlı bir
tarı var idi. Bu cür tarları Tiflisdə düzəldirdilər.
Sonralar atam bu tarı təkmilləşdirib ona 22 sim
bağlamışdı. O tar həmişə divardan
asılardı. Divardakı mıx boş olduğundan bir dəf
ə mən onu götürmək istəyəndə, yerə
düşüb sındı. Bunun üstündə atam məni
döydü. Dedi: "Neyçün sən bunu
sındırmısan? Bu tarixi şeydir, atamın yadigarı
idi".
İlk təhsilini
Üzeyir Hacıbəyovun təşkil etdiyi musiqi məktəbində
alan Bəhram Mansurov həm də konservatoriyada muğam sinfini
aparan əmisi Mirzə Mansurdan muğamların sirlərini
öyrənmişdir. Bundan sonra o, 1925-ci ildə birinci dərəcəli
10 nömrəli şura məktəbini bitirmiş, müxtəlif
vaxtlarda iqtisadi, əczaçılıq, inşaat
texnikumlarında, nümunəvi və RABFAK məktəblərində
oxumuş, 1927-ci ildə isə Mehdi bəy Hacınskinin
direktoru olduğu 33 nömrəli məktəbdə təhsilini
davam etdirmişdir. Sonuncu təhsil aldığı yer Pedaqoji
Texnikum olmuşdur. Musiqiçi kimi yetişməyində isə
məşhur xanəndə Cabbar Qaryağdıoğlunun
böyük rolu olmuşdur. Sonralar Cabbar
Qaryağdıoğlunu 12 il ə yaxın bir müddətdə
müşayiət edən məşhur tarzən: "Cabbar
Qaryağdıoğlundan yüksək zirvə yoxdur", -
demişdi.
Eldar Mansurovun dediklərindən:
"Mansurovların
nəsli Bakıda çox kötüklü nəsil olub. Mən
öz şəcərəmizi axtara-axtara hələ ki, gəlib
çıxmışam 1670-ci ilə. Nəslimizin
sorağı ilə bütün dövlət arxivlərini, məscidlərin
arxivlərini axtarmışam. Kəbin
kağızlarının, doğum kağızlarının,
ölüm kağızlarının hamısını səliqə-sahmanla
toplamışam. Güman edirəm ki, 1670-ci ildən o
yandakı qaranlıq səhifələrə də gedib
çatacağam. Atamdan sonra böyük bir arxiv qalıb.
Kağızları
bir-bir vərəqlədikcə mənə çox şeylər
əyan olur. Ev sənədlərinə baxıram, təkcə
İçərişəhərdə 20-dən yuxarı,
Bayır şəhərdə isə 40-a yaxın
mülkümüz və bundan başqa neft mədənlərimiz
olub. Şüvəlandakı ikimərtəbəli evimiz, hər
cür şəraiti olan bağımız, bol məhsullu
münbit torpaq sahələrimiz indinin özündə də
durur. O bağda sonradan Əzizbəyovneftin pioner düşərgəsi
yerləşirdi (indi Mansurovların o bağını bir nəfər
öz mülkiyyətinə çevirib)”.
Bəhram Mansurovun lentə
alınmış səsi:
“İlin
6 ayını şəhərdə, 6 ayını bağda
olardıq. 1920-ci ilin yay ayları idi. Bir gün Qəzənfər
Musabəyov və Nəriman Nərimanov bizə gəldi.
Onların bizim bağa gəlməsi təsadüfi deyildi.
Çünki onlar yaxşı bilirdilər ki, atam Məşədi
Süleyman, babam Məşədi Məlik, əmim Mirzə
Mansur təmiz, xeyirxah işlərlə məşğul olan əsilli-nəcabətli
insanlar olmuşlar. Hətta el arasında onlara "kefkom
Mansurovlar" deyərdilər.
Nəriman
Nərimanov axşamlar atamla oturub söhbət edərdi. O
zaman mən kiçik idim, 9 yaşım vardı. Buna
baxmayaraq, lazım olanda çayı da , yeməyi də mən
verirdim. Çünki evdə qadın yox idi. Mən 5
yaşında ikən anam Həcər xanım vəfat
etmişdi. Anamın vəfatından sonra atam evlənməmişdi.
O, bizi ögey ananın ümidinə qoymaq istəməmişdi.
Qardaşlarım Məlik, Nadir, bacım Saranı və məni
özü böyüdüb tərbiyə etmişdi. Odur ki,
atam bizə xörək bişirməyi, özümüzə,
qonağa xidmət etməyi öyrətmişdi. Nəriman Nərimanov
səhərlər durub idarəyə işə gedərdi.
Onun bir
atlı "prolyotka"sı var idi. İndi də xatirimdədir,
ağ, çil-çil qəşəng at idi.
"Prolyotka"
hər gün səhər gəlib onu aparardı işə,
axşam isə gətirərdi bağa.
Bir
gün mən bunlara çay süzüb verirdim. Atam mənə
dedi ki, oğlum, Nəriman əmin sabah başqa bağa
köçür. Nəriman əmi atama dedi: "Süleyman,
məndən incimə, inan ki, ancaq səhhətimə görə
burdan köçürəm. Doğrudur, burada hər cür
rahatlığım var, sizdən də çox razıyam.
Lakin bura çox hündür olduğundan mənə nəfəs
almaq çətindir. Rza bəy Səlimxanovun
bağındakı ev həm birmərtəbəlidir, həm də
idarə ordadır. Axı, mən buradan birdəfəlik getmirəm,
sizin yanınıza söhbətə hələ çox gələcəyəm".
Eldar Mansurovun dediklərindən:
“Zülfüqar
müəllim, həmin o Nəriman Nərimanovun dincəldiyi dədə-baba
bağ evimizə bu yaxınlarda elə-belə baş çəkməyə,
ziyarət etməyə getmişdim. Burda atamın, babamın, əmimin,
əzizlərimin səsi, nəfəsi yaşayır. Sizi
inandırım, məni tanısalar da, Bəhram Mansurovun
oğlu, Süleyman bəyin nəvəsi olduğumu bilsələr
də, içəri buraxmadılar. Mən çox
sarsıldım. Ay qardaş, mən bu evi əlindən
almağa yox ey, yarım saat oturub xəyala dalmağa, dədə-babalarımı
yad etməyə gəlmişəm. O qapıdakı daşda mənim
atamın əllərinin istisi qalıb axı. Gör, biz nə
qədər insanlıq hissini itirmişik ki, heç
qapını da üzümə açmadılar.
Atam həmişıə
deyərdi ki, tarın allahı Sadıqcan olub. Onun qədər
tarda yeniliklər edən olmayıb. Sadıqcandan sonra mən
gördüyüm ilk virtuoz sənətkar Qurban Pirimovdur. Atam
Qurban əminin tələbəsi olmasa da, həmişə
böyük f əxarətlə deyərdi ki, mən Qurban əminin
davamçısıyam. A kişi, indi bəzi tar çalanlar
var ki, Qurban əmini bəyənmirlər. Guya bunlar elə
hazır sənətkar doğulublar, bunlardan qabaq heç kəs
olmayıb. Az qala qışqırmaq istəyirsən ki, a
nankor, a nadan, Qurban Pirimov, Bəhram Mansurov Azərbaycan milli
musiqisi yolunda bütün həyatlarını qoyublar. Sən
neyləyibsən? Hansı daşı, daş üstə
qoyubsan? Ona görə də ömrünün
axırlarında atam darıxırdı, bağrı
çatlayırdı. Tay-tuşları dünyadan
köçmüşdü, yan-yörəsi
boşalmışdı. Axırıncı nəhəng Xan əmiydi.
O da gedəndən sonra kişi elə bil yetim
qalmışdı. Özünə yer tapa bilmirdi. O çox həssas,
kövrək, duyğulu insan idi. Belə adamlar indi tək-təkdir.
- Eldar,
Xan əmidən söhbət düəndə və "Məşədi
İbad"da Rüstəm bəyin evindəki unudulmaz o toy səhnəsi
gözlərim önündə canlandı. Bu səhnə təkcə
milli kinomuzun tarixində deyil, həm də dünya kinosu
tarixində bəlkə də ən koloritli və şedevr səhnələrdən
biridir. Burda kimlər yoxdur, ay Allah... Bu səhnəni gözəlləşdirən
həm də Xan əminin ilahi səsi və Bəhram əminin
parlaq ifasıdır.
Bəhram Mansurovun lentə
alınmış səsi:
"...
1956-cı ilin yay aylarından birində evə gələndə
həyat yoldaşım Münəvvər xanım mənə
dedi ki, kinostudiyaya zəng vur, səni axtarırlar. Mən ora zəng
etdim. Rejissor Hüseyn Seyidzadə mənə dedi ki, səni
Xan ilə "Məşədi İbad" kinosuna çəkəcəyik.
Mən etiraz etdim, dedim ki, Xan qardaşı Allahyar
Cavanşirovla oxuyur. Siz Xanı onunla çəkin. Dedi, biz səni
çəkəcəyik.
Mən
kinostudiyaya getdim. Rejissor mənə dedi ki, çox tar
çalanlara baxmışıq, bizi razı salmayıb.
Söhbət qurtardı. Rejissor Hüseyn Seyidzadə dedi ki, Bəhram,
sabah saat 11-də burda ol, özünlə orta yaşlı bir
kamançaçalan da götür gəl. Hansı
kamançaçını dedimsə, razılaşmadı.
Axırda
Tələt Bakıxanovu apardım. Ona da
razılaşmadılar ki, cavandır, olmaz. Çox
danışıqdan sonra dedim: "Azərbaycanın musiqi
tarixində deyilir ki, kamançaçalan həmişə
cavan olmalıdır. Ona görə ki, adətən
kamança tarın dalınca gəlir, tarın
çalğısını təkrar edir və o həm də
oxuyan üçün dəm saxlayır ki,
tonallığı tutsun". Beləliklə,
razılaşıb məni, Xanı, Tələti milli geyimdə,
"O olmasın, bu olsun" kinofilmində Rüstəm bəyin
qonaqlığı səhnəsində,
"Kürdü-Şahnaz" muğamını
çalıb-oxuyarkən filmə çəkdilər".
Ardı
var
Zülfüqar ŞAHSEVƏNLİ
Kaspi.-2012.- 19 iyul.- S. 12.