Müqəddəs
Ramazan ayı başlayır
Bu ayda müsəlmanlar oruc
tutmalı, bacardıqca yaxşılıqlar etməlidirlər
Bu gündən müqəddəs
Ramazan ayı başlayır. İslamda ilin ayları
arasında Ramazan ayı ən şəfaqətli
və ən müqəddəs ay hesab edilir. Onu
məcazi mənada “on bir
ayın sultanı” da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər
(ə.s.ə) tərəfindən Mədinədə bu məqsəd üçün
Ramazan ayı təyin olandan
öz tarixini
başlayır. Məhz, Ramazan ayının axırıncı on gecəsinin
birində “Quran” nazil edilib. Qədr gecəsinin konkret
hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif
rəvayətlər var. Amma
ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Bu gecə “leylət al-Qadr” – qüdrətli, əzəmətli gecə
adlanır. Quranda
bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər
və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə
kimi salamatlıqdır!
(Qədr surəsi,
3-5).
Məlumdur ki, Ramazan ayında
insanlar oruc tutur, bacardıqca yaxşılıqlar etməyə
çalışır. Ayın sonunda
isə Ramazan bayramı (Fitr bayramı) qeyd edilir. Ramazan bayramı ayın
sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir. Ümumilikdə, Ramazan ayı
insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü
yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz
vicdanlı olmağa yönəldir. Oruc Ramazan
ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Bəs, Ramazan ayında kimlər oruc tuta bilməz
və bu ayın insanlara nə kimi əhəmiyyəti
var? Allah-Təala “əl-Bəqərə” surəsinin
183-cü ayəsində buyurur
ki, “ey imanı
olanlar, sizlər üçün oruc tutmaq yazılmışdır”.
Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullah bunu belə
izah edir: ““Yazılmış” sözü
təhlil olunanda burada məna tərcümədə Allah-Təalanın
bəndələrinə müraciətlə
“vacib edilmişdir, əmr olunmuşdur” anlamına gəlir. Orucluğun vacib edilməsi düz yolu tapmış,
təmiz, əqidə
sahibləri olmaqdan ötrü vacib buyurulur. İnsan öz imanını
saflaşdırmaq, Allah yoluna
hidayət üçün
onun əmrinə itaət və ona ibadət etməlidir. İbadətdə oruc vacib şərtlərdəndir.
Oruc hər il bir
ay ərzində tutulur,
lakin il ərzində də insan sünnət və müstəhəb orucları tuta bilər. Ramazan ayında tutulan
oruc mütləq və vacib sayılır.
Yəni sağlam insan əgər işi, sağlamlığı ilə
bağlı qayğıları
yoxdursa, oruc tutması mütləqdir.
İşi və sağlamlığı
ilə bağlı problemi olan şəxsə
rüsxət verilir ki, həmin ayda oruc tutmasın,
daha sonra qəza oruclarını tuta bilər”.
Oruc tuta bilməyən şəxs
hər kəsin gözü qarşısında
oruc vaxtı yeyib içməməlidir. Bununla onlar
orucun hörmətini,
Ramazan ayının ehtiramını pozmuş olurlar. Bununla bağlı Hacı Fuadın dediklərinə baxaq: “Bəzən sual verirlər, xörəyin duzlu və ya
duzsuz olduğunu bilmək üçün
onun dadına baxmaq orucu pozarmı?
Belə olan halda qaşıq
vasitəsi ilə xörəyin dadına baxıb sonra ağzındakını tüpürməlidir
ki, xörək boğazından keçməsin.
Bu zaman oruc
batil olmaz. Diş protezləri əgər ağızdan çıxarılıbsa, gün
ərzində geri taxıla bilməz. Çünki protezlə bərabər
yad maddələr mədəyə daxil olar ki, bu
da orucu pozan əlamətlərdir.
Bilmədən nə isə
yemək və ya içmək orucu batil etməz.
Ailəli insanlar gün ərzində yaxınlıq
etməməlidirlər. İnsan hava
qaralandan sübhə kimi Allah-Təalanın ona bəxş etdiyi bütün imkanlardan faydalana bilər. Səhər sübh namazına
qədər isə qüsl etmək vacibdir. Bilə-bilə qüsl etmədikdə
oruc batil olar. Gün ərzində iynə
vurdurmaq olar. Lakin əgər bu iynələr vitamin tərkiblidirsə,
yəni orqanizmi qüvvətləndirməyə meyllidirsə, həmin iynələr mütləq
iftardan imsaka qədər edilməlidir.
Amma ağrıkəsici iynələrin
vurulması orucu batil etməz. Həb, tablet
şəklində dərmanların
qəbul edilməsi də orucu batil
edər. İmalə (klizma) orucu pozan
hallardandır. Qusmaq orucu
batil etməsə də, qəsdən özünü qusdurmaq batil edər.
Diabet xəstələri üçün
oruc tutulması qaydaları da ən çox verilən suallardandır:
“Əgər insanda şəkərin miqdarı
həddən artıq
çoxdursa, o zaman onun oruc tutması
vacib deyil. Lakin şəkərinini miqdarı az
olan insanlara oruc tutmaq nəinki
vacibdir, hətta orqanizmi üçün xeyirdir. Həkim məsləhəti isə bu yerdə
gərəklidir. Əgər həkim
həmin şəxsə
oruc tutmağı məsləhət görürsə,
o oruc tuta bilər. Mədə və bağırsaq
xoraları olan xəstələr həkim
icazə vermədiyi təqdirdə yenə də oruc tutmağa
davam edərlərsə,
günah etmiş olarlar. Yaşlı və qoca insanlara oruc tutmaq olmaz, onlar
güzəştlidirlər. Belə insanlar bir ay müddətində hər gün öz maddi imkanına
uyğun olaraq bir fəqiri yedizdirəcək qədər
(orta hesabla 4-5 manat)
fidyə vermələri
məsləhətdir. Hamilə qadınlara
da burada yer verilib. Belə ki, əgər onlar oruc tutan
zaman bətnindəki körpəyə ziyan gələrsə, tutmamaqları
məsləhətdir. Süd verən analar əgər körpəsini
oruc tutaraq gün ərzində qidalandıra bilirsə, yəni orqanizmi buna imkan verirsə,
orucunu tuta bilər. Ramazan ayında 10 gündən
artıq səfərə
çıxanlar həmin
müddətdə oruc
tutmamalıdırlar, daha
sonra qəza orucları ilə əvəzini ödəyə
bilərlər. Lakin mütəmadi
olaraq yolda, səfərlərdə olan
insanlar oruc tuta bilərlər. Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq
oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə
15 yaşından etibarən,
sağlamlıqları, orqanizmi
imkan verirsə, əməl etsinlər.
Bu yaşdan kiçiklərə
oruc vacib deyil.
Oruc tutmağın
insan orqanizminə və mənəviyyatına
təsirinə gəldikdə,
orucun insan orqanizminə faydası çoxdur. Belə ki, oruc həm fiziki, həm də mənəvi dünyanı
tamamlayır. İnsan Ramazan
ayında fiziki olaraq cismini haramdan, günahdan, pis vərdişlərdən
qoruyursa, o zaman onun mənəviyyatı da formalaşır, paklaşır. Bədən qidalanırsa,
ruhu da qidalandırır.
Bu barədə bir çox tədqiqatçı, həkimlər
elmi məqalələrlə
çıxış ediblər.
Orucluq bütün dinlərdə
mövcuddur. İnsan nəfsini
idarə etməyi öyrənir. Əgər
insan dərk edirsə ki, Allah-Təala onun hər addımını görür, o halal olan qidanın həmin ayda haram olunmasını dərk edərək əlini ona uzatmır. Və Tanrını şahid
bilir. Bu zaman o başqa günahlardan da çəkinəcək. Allah
bilən, eşidən
və görəndir.
Bunu dərk edən insan nəfsinə qalib gələrək özünü islah edir. Oruc tutan insan nalayiq, naqis sözlər danışmamalıdır.
Allaha dua edən şəxs
düşünür ki,
Tanrının ona verdiyi dil dualar
zikr etmək, yaxşı sözlər demək üçün verilib. Dil bilmədən pis
söz deyərsə
“əstəğfurullah” deyir,
dilini islah edir. Göz haram və ya qadağan olunmuş tərəfə
baxmır, özunü,
gözünü haramdan
qoruyur. Qulağını qeybətdən, pis
sözdən çəkindirir.
Ramazan ayında qulaq, göz, dil ibadətdə
olar, əl harama uzatmaz, ayaq günaha və harama getməz. Bir ay ərzində bunu
özünə təlqin
edən insan on bir ay ərzində də onlardan azad olunmuş olur.
Hacı
Fuad Ramazan ayında yer alan Qədr
gecəsinin məntiqi,
fəziləti savabı
kimi, onun böyük mükafatının
olduğunu deyir: “Müqəddəs kitabımızda
deyilir ki, kimlər ki, yatmayaraq sübhü diri gözlü açarlar, Allah-Təala deyir ki, həm
bu dünyada, həm axirətdə onun mükafatını mən verərəm. Allahın mükafatının nə
olacağını ondan
başqa bir kimsə bilməz.
Allah-Təalanın verdiyi
mükafatdan qiymətli
mükafat ola
bilməz”.
Sonda müqəddəs
Ramazan ayı münasibətilə sizi təbrik edirik. Allah orucunuzu
qəbul etsin!
Elgün
Kaspi.-2012.-21-23 iyul.-S.5.