Milli mətbuatımızın 137 illiyi qeyd olunub 

 

Əli Həsənov: “Söz azadlığının qorunması və mətbuatın inkişafı daim dövlətin marağındadır”

 

İyulun 22-də Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) və Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 137 illiyi qeyd olunub. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə mediasının nümayəndələrini, jurnalistika sahəsində çalışan bütün mətbuat işçilərini milli mətbuatımızın 137-cı ildönümü münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra o, mətbuatın inkişaf tarixindən, keçdiyi yoldan söz açıb. Qeyd edib ki, söz azadlığının qorunması və mətbuatın inkişafı daim dövlətin marağındadır. Ə.Həsənov jurnalistlərin ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını diqqətə çatdıraraq, 22 iyulun bayram kimi təmtəraqlı qeyd edilməsinin artıq ənənəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan mətbuatında tanınmış simaların olması, böyük bir nəslin yetişməsi məmnunedicidir: “Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuat gününün geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq sərəncamı ilə qoyulmuşdur. O vaxtdan qeyd olunan mətbuat günlərində ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində dəyərli yazıları ilə fərqlənmiş və dövlətçilik ənənələrimizə xidmət edən media mənsubları mükafatlandırılmışlar. Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edilmiş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, “Əkinçi” qəzetinin xalqımızın həyatında xüsusi rol oynadığını dilə gətirib. Qeyd edib ki, prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli sərəncamına uyğun olaraq Zərdab və Gəncədə də tədbirlər keçirilib və bu istiqamətdə işlər davam etdiriləcəkdir: ““Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. O vaxtdan ötən 137 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər”.

Ə.Amaşovun sözlərinə görə, Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub: “Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsipi olaraq əksini tapması ölkədə medianın azadgüclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir”.

Tədbirdə KİV DF-nin icraçı direktoru Vüqar Səfərli də çıxış edərək son illər ölkəmizdə medianın inkişafı naminə görülmüş işlərdən danışıb. O, Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə də məlumat verərək bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazılar Fondun 9 eksperti tərəfindən araşdırılaraq qiymətləndirilib. İcraçı direktorun sözlərinə görə, ayrı-ayrı istiqamətlər üzrə ən yüksək bal toplamış 30 yazı müsabiqənin qalibi elan edilib. Elə bu tədbir zamanı qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondun xüsusi diplomu verilib.

Bunun ardınca, Mətbuat Şurasının təsis etdiyi Ali media mükafatının da təqdimetmə mərasimi olub.

İlk olaraq səhnəyə Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə 5 laureat dəvət edilib. «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu jurnalistika sahəsindəki aktiv fəaliyyətinə, «Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi irsinin öyrənilməsindəki xidmətlərinə, fəal jurnalist mövqeyinə, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı mətbuat tariximizdəki araşdırmalarına, mövcud istiqamətdəki yaradıcılıq nümunələrinə görə təltif ediliblər. Eyni zamanda rəhbərlik etdiyi nəşrin timsalında bölgə mətbuatı ənənələrinin dirçəldilməsindəki fəaliyyətinə görə Yevlaxın «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı və Təfəkkür Universitetinin professoru, jurnalist Tofiq Yusifov «Azad cəmiyyət və mətbuat» kitabına, nəşrdə müasir jurnalistikanın cəmiyyət həyatındakı rolunun dolğun şəkildə çatdırılmasına görə Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə mükafatlandırılıblar.

Mükafatın ikinci dərəcəsi üzrə «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid Azərbaycan mətbuatının inkişafındakı, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı ölkəmizdə müasir media ənənələrinin formalaşmasındakı xidmətlərinə görə təltif olunublar.

Ali Media Mükafatının 2012-ci il üçün əsas, birinci dərəcəsi üzrə yeganə laureatı adını isə Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli jurnalistika sahəsindəki çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətinə görə qazanıb.

Tədbirdə qaliblərə mükafatları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim edib.

Ə.Həsənov artıq üçüncü təqdimatı keçirilən AMM-in qısa zaman ərzində təkcə media camesində deyil, bütövlükdə ölkənin ictimai həyatında mühüm mövqe tutduğunu, kifayət qədər populyarlıq qazandığını vurğulayıb. Azərbaycan mətbuatının inkişafında xidmətləri olan ən layiqli şəxslərin əməyinin qiymətləndirilməsini vacib məqam kimi xarakterizə edib.

Ə.Amaşov çıxışında bildirib ki, AMM-in məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatlar 1000 (min), 2-ci dərəcəsi üzrə 2000 (iki min), birinci dərəcə üzrə laureat isə 5000 (beş min) manat məbləğində pulla mükafatlandırılıb. Laureatlara ənənəyə uyğun olaraq mükafatın tökmə bürüncdən olan rəmzinin əks olunduğu plaket və xüsusi diplom da təqdim olunub.

Tədbirin sonunda milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı media mənsublarına “Bakcell” şirkətinin mükafatları da təqdim olunub. Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2012.-24 iyul.-S.9.