Kitab satışı çətin biznesdir 

 

Nigar Köçərli: “On il əvvəl bizə az qala dəli kimi baxırdılar”

 

“Bizim “Facebook”da 25 minə yaxın izləyicimiz var. Bu cür təbliğat heç yerdə yoxdur, amma vəziyyət dəyişmir, kitab oxumurlar. Dövlət dəstək verib göstərməlidir ki, bu cəmiyyətə kitab lazımdır. Yaxşı olardı ki, gələcəkdə kitabla bağlı dövlət proqramı olsun. Amma hələ ki real və konkret addımdan söhbət gedir: ƏDV ləğv olunsa, bu, çox gözəl bir addım olacaq”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bu fikirləri dönə-dönə təkrarlasa da, hələ ki əsaslı yeniliklə qarşılaşmadığını deyir.

 

Kitabın dəstəyə ehtiyacı

 

- Kitab üzərindən ƏDV götürülərsə, ədəbiyyat aləmində hansı dəyişikliklərin yarana biləcəyi ehtimalı var?

- Əvvəla, ölkəmizdə doqquz milyon əhalinin cəmi 10 kitab evi var. Əslində bu, çox faciəli rəqəmdir. Çünki bütün dünyada iyirmi min insana bir kitab evi düşürsə, bizim ölkəmizdə bir milyon insana bir kitab evi düşür. Sual yaranır: niyə kitab oxumurlar? Bunun bir neçə səbəbi var. Məncə, dövlət tərəfindən kitaba dəstək olmalıdır. Dövlət Proqramı işlənməlidir. Əlbəttə, bu, uzun bir prosesdir. Ona qədər isə bizə hansısa təcili tədbirlər lazımdır. Hesab edirəm ki, ƏDV-nin ləğvi böyük bir dəstək olacaq. Çünki dünyanın əksər ölkələrində kitaba vergi sıfır faizdir. Kitabın üstünə 18 faiz verginin gəlməsi hədsiz dərəcədə böyük yükdür. Təsəvvür edin, parfümeriyaya, ərzağa görə 18 faiz vergi ödənilirsə, biz də kitaba görə bu faizi ödəyirik. Bu, düzgün deyil. Əgər bölgələrdə kitabın qiymətində 1-2 manat fərq olarsa, bu, onlar üçün çox böyük rəqəmdir. Misal üçün, Böyük Britaniya, İspaniya, İtaliya, Litva və Latviya kimi ölkələrdə ƏDV sıfır faizdir. Məncə, bizim ölkəmizdə də kitab üzərindən vergi götürülərsə effektli olar. Sevinirəm ki, Yazıçılar Birliyi belə bir təşəbbüslə prezidentə müraciət edib. İnanıram ki, bu məsələ həll olunacaq. ƏDV ləğv olunsa, kitabların qiyməti 18 faiz aşağı düşəcək. Bu o deməkdir ki, kitablar daha yaxşı alınacaq, tirajı yüksələcək. Bu o deməkdir ki, əgər indiki zamanda beş yüz, min ədəd kitab çap olunurdusa, yəqin ki, onun sayı iki-üç min olacaq. O zaman yazıçıların kitab yazmağa  böyük marağı yaranacaq, çünki kitab yaxşı satılacaq, sərfəli qazanc gətirəcək. Bu o deməkdir ki, yeni maraqlı kitablar meydana çıxacaq, kitabsevənlərin sayı artacaq. Bununla da, bu prosesdə hamı – həm oxucular, həm yazıçılar, həm nəşriyyatlar, həm də kitab yayım şirkətləri udacaq. 

- Sizin kitab satışı şəbəkəniz fəaliyyətə başlayandan sonra bu aləmdə hansısa canlanmanı hiss etmisinizmi?

- Biz kitab bazarında on ildir işləyirik. On il əvvəl bizə az qala dəli kimi baxırdılar. O vaxt kitab oxuyanlar çox az idi. Biz bütün müştəriləri adları ilə tanıyırdıq. Ancaq getdikcə ayrı tendensiya hiss edirəm - işlər yaxşılığa doğru gedir. Əslində, bizim də burada rolumuz az deyil. Şəraitin hədsiz çətin olmasına baxmayaraq, kitab bazarımızı inkişaf etdirməyə çalışırıq. Bizim nəşriyyat yeni kitablar çap edir. Fikirlər var ki,  sovetlər vaxtında kitablar çox çap olunurdu və yaxşı tərcümə edilirdi. Bu fikirlə razı deyiləm. O vaxtlar Dostoyevskinin cəmi iki-üç əsəri tərcümə olunmuşdu. Yəni dünya klassikləri tərcümə olunmamışdı. Biz bu boşluğu doldurmağa çalışırıq. Yeni kitablar  – dünya klassikləri, uşaq ədəbiyyatı, kulinariya ilə bağlı və s. kitablar çap edirik. Bir sözlə, kitab çap edərək bazarı yavaş-yavaş doldururuq. Demək olar ki, kitab bazarının 60-70 faizi bizim kitablardır. Bu “Əli və Nino” və «Qanun» nəşriyyatının birgə layihələridir.

 

Çətin biznes

 

- Sizin «Əli və Nino» adlı kafeniz də fəaliyyət göstərir. Eyni adlı kitab şəbəkəsi müştəriləri daha çox cəlb edir, ya kafe? Və ya hansının fəaliyyəti digərinə təkan verir?

- Heç mən özüm də indiyə kimi bu suala cavab tapa bilmirəm. Biz sadəcə düşündük ki, həmin kafedə kitab təqdimatları təşkil edə bilərik. Demək olar ki, hər şənbə günü orada kitab təqdimatları keçiririk. Həm də bu təqdimatlar pulsuz keçirilir. Bu, yazıçılarımıza böyük bir dəstəkdir. Çünki başqa yerdə pul ödəyirlər. Çox maraqlı tədbirlərimiz olur. Həm gənc, həm də tanınmış yazıçılara dəstək veririk.

- Yaş fərqinə görə indi alıcılarınız əsasən kimlərdir?

- Belə bir statistika əldə etmişik: 75 faiz alıcılarımız qadınlardır. Bu, yaxşı bir göstəricidir. Adətən deyirlər ki, qadınlar kitab oxumurlar, savadsızdırlar və s. Amma bu fikir səhvdir. Ümumiyyətlə, hər bir şeyin əsas alıcısı elə qadınlardır. Bu, sevindirici haldır. Həm də deyirlər ki, gənclər kitab oxumur. Əvvəllər mən də elə düşünürdüm. Sən demə, kitab oxuyanlar elə gənclərimizdir. Bu fakt da məni çox sevindirir.

- Gənc yazarların kitablarının satışı necədir? Yoxsa yalnız Əkrəm Əylislinin, Çingiz Abdullayevin, Anarın – yaşlı nəsil yazıçıların əsərlərini alırlar?

- Gənc oxuculara daha çox gənc yazarlar maraqlıdır, yaşlı təbəqə üçün isə bizim klassiklərimiz. Çox sevinirəm ki, gənc yazıçıların sayı getdikcə artır. Onlar çoxlu kitablar yazırlar  – həm şeir kitabları, həm də romanlar. Bu, sevindirici haldır.

- Sizcə, Azərbaycanda kitab satışı yaxşı biznesdir?

- Çətin biznesdir. Hesab etmirəm ki, dünyanın hansısa ölkəsində belə bir kitab şəbəkəsi var ki, dörd dildə kitab satır və bu nəşrlərin  hamısının maraqlı olmasına çalışır. Bizdə bazarın xüsusiyyəti belədir. Əlbəttə, Azərbaycanda ana dilimizdə oxuyanların sayı daha çoxdur. Deyim ki, normal bir seçim də yoxdur. Bu üzdən kitab bazarında boşluq var. Ona görə də oxucularımız məcburdurlar ki, kitabları rus, türk və ya ingilis dilində oxusunlar. Biz də tələbata uyğun belə bir mühit yaratmağa çalışırıq – həm rusca, həm ingiliscə, həm türkcə, həm də Azərbaycanca kitablar çap edirik. Digər tərəfdən, kitab dükanlarının rəqabəti azdır. Axı ölkə üçün oxucuların da sayı çox azdır.

- Kitab şəbəkənizi genişləndirmək məqsədiniz varmı?

- Bizim əsas məqsədimiz də budur. Rayonlardan bizə tez-tez müraciət edərək Sumqayıtda, Gəncədə, Mingəçevirdə də «Əli və Nino» kitab mağazalarının olmasını istədiklərini deyirlər. Əlbəttə, çox istərdim ki, rayonlarda da belə dükanlar açılsın. Ancaq hər dəfə belə düşünəndə fikirləşirəm ki, axı, hələ Bakıda işlər mən istədiyim səviyyədə getmir, satışlar zəifdir. Bizim kimi zəngin ölkədə kitab dükanlarının və oxucuların sayı hədsiz dərəcədə azdır. Hesab edirəm ki, bu problemin əsas yolu elə ƏDV-nin ləğv olunmasıdır. 

 

Əvvəldən bəlli olsaydı...

 

- Milli Kitab Mükafatı ilə bağlı iki dəfə müsabiqə elan etmisiniz. Hər dəfə də nəticələr birmənalı qarşılanmayıb. Siz fikirləşirsiniz ki, hər şey ədalətli idi?

- İndi görürəm ki, bu müsabiqənin onluğuna, ya iyirmiliyinə düşmək böyük uğurdur. Bizim əsas məqsədimiz ədəbiyyatımızı ictimailəşdirmək, onu gündəmə salmaq, yazıçılarımızı meydana çıxarmaq idi. Düzdür, istədiyim kimi deyil, amma böyük irəliləyiş var və bu, məni çox sevindirir. Bu müsabiqə bir qədər də geniş təşkil ediləcək, iştirakçıların da sayı daha çox olacaq. 

Müsabiqə ilə bağlı yaranan söz-söhbətlərə gəlincə, bu o deməkdir ki, birmənalı qarşılanmır. Uğurlu bir iş hər zaman birmənalı qarşılanmamalıdır. Bu, şəffaf bir layihədir. Əgər əvvəldən bəlli olsaydı ki, yarışmanın qalibi kim olacaq, o zaman hər şey birmənalı, maraqsız olardı. Əlbəttə, yarışmanın bu qədər qalmaqallı olması mənim üçün xoş deyil. Çünki ədəbiyyat layihəsidir və istərdim ki, qalmaqaldan uzaq olsun. Amma digər tərəfdən də baxıram ki, elə “Nobel” mükafatı da qalmaqalla qarşılanır.

- Bu il Milli Kitab Mükafatı müsabiqəsi elan olunmayıb. Bu, ədəbi materialın olmaması üzündəndir, yoxsa təşkilatlanma baxımından?

- Mən belə qərara gəldim ki, Milli Kitab Mükafatı 2 ildən bir keçirilsə, daha yaxşı olar. Bir balaca fasilə vermək lazımdır. Təşkilatçılıq həddən artıq vaxt aparır. Düzdür, köməkçilərim də var, yaxşı komandayıq. Amma yenə də hədsiz vaxt aparır. Mənim fikrimcə, bir az fasilə versək, böyük problem olmaz. İkincisi, ədəbiyyat aləmi üçün də yaxşı olardı. Birinci dəfə Milli Kitab Mükafatı layihəsi başlayanda mən çox idealist idim. Mənə elə gəlirdi ki, hardasa uca dağlarda dahi yazıçılar var, dünya onları tanımır, biz onları kəşf edəcəyik. Amma indi başa düşürəm ki, bu belə deyil.

Biz layihəni davam etdirəcəyik. Hələ ki sponsorla razılıq əldə olunmayıb. İnanıram ki, razılıq əldə ediləcək və biz avqustda layihəyə start verib 2013-cü ilin iyununda başa çatdıracağıq.

 

Beş ildən sonra

 

- Xarici ölkələrə səfərləriniz zamanı kitaba məhəbbətdə böyük fərqlilik hiss edirsinizmi?

- Əlbəttə, maraq tam fərqlidir. Məsələn, bizdə ictimai nəqliyyatda kitab oxuyan görəndə adam çox təəccüblənir. Bizdə ümumiyyətlə az kitab oxuyurlar. Amma Türkiyədə metroda, avtobusda, tramvayda hər kəsin əlində bir kitab olur. Həmçinin onlarda kitab dükanlarının sayı qat-qat çoxdur – iki minə yaxın kitab dükanı var. Gürcüstanda əhali dörd milyon yarımdır, onlarda yetmiş beş kitab dükanı var. Məgər bu böyük fərq deyil? Xaricə gedəndə adam bir az pis olur ki, niyə bizdə kitaba maraq belə olmalıdır? Bizdə də ən azı dörd-beş mərtəbəli böyük kitab marketi qurula bilər.

- Necə bilirsiniz, müasir texnologiyalar dövründə insanların kitab əhli olması mümkündürmü?

- Əlbəttə, mümkündür. Belə deyim – televiziya, kino yarananda hamı deyirdi ki, daha teatr öləcək, artıq teatrın dövrü bitib. Amma gördüyümüz kimi bu, baş vermədi. Teatr daha da çox inkişaf edir və teatrsevərlərin sayı azalmır. Kitab da eyni şeydir. Baxmayaraq ki, kitabların sayı artır, ancaq beş ildən sonra hər beşinci alıcı elektron kitabı alacaq.

- O zaman kitab mağazalarının zəifləməsi və ya məhv olma təhlükəsi yarana bilərmi?

- Əlbəttə, bu təhlükə var. Ötən il Amerikada böyük bir şəbəkə müflis olaraq bağlandı. Bizdə hələ ki belə təhlükə yaranmayıb. Elektron kitab haqqında bizdə hələ anlayış yoxdur. Bizdə elə bilirlər ki, elektron kitab odur ki, pulsuz yükləyirsən və oxuyursan. Amma elektron kitab da kitabdır. Onu da satırlar və satışından qazanırlar – həm müəllif, həm də kitabı elektron formatda çap eləyən qazanır. Əslində, elektron kitab normal kitabdan heç nə ilə fərqlənmir. Sadəcə, o, elektron formatda çap olunur, bu da kağızda. Hələ ki biz bu prosesdən uzağıq.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-24 iyul.-S.11.