«Təəssüflər
olsun ki, bəziləri yalan danışmağı
xoşlayır»
Mehman Əliyev: «Sonra da həmin
adamlar gəlib otururlar qarşımızda və
başlayırlar bizə istedad dərsi keçməyə»
Ötən
həftə Bakıda Avropa Şurası, Avropa İttifaqı,
Azərbaycan Mətbuat Şurası, ATƏT-in Bakı Ofisi və
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi
ilə “Ənənəvi mediadan On-Line mediaya keçid”
mövzusunda bir günlük konfrans keçirilib. Konfransa bir
sıra məsələlər, o cümlədən ənənəvi
kütləvi informasiya vasitələrindən (KİV) On-Line
mediaya keçidin vəziyyəti, problemlər, qarşıda
duran vəzifələr və sairlə bağlı geniş
müzakirələr aparılıb. Medianın yeni durumu ilə
bağlı “Kaspi”nin suallarını “Turan” İnformasiya
Agentliyinin baş direktoru Mehman Əliyev cavablandırır.
- Mehman müəllim, ənənəvi
KİV-lə On-Line medianın inteqrasiyasını və gələcəyini
necə görürsünüz?
- Azərbaycanda
vəziyyət spesifikdir. Xaricdə, xüsusən də Avropa
ölkələrində, Amerika və sair kimi demokratik dövlətlərdə
isə bununla bağlı təbii bir proses gedir. Orada ənənəvi
medianın On-Lain mediaya keçidi bazarın imkanları ilə
tənzimlənir. Azərbaycanda isə bu süni xarakter
daşıyır. Bu, ondan irəli gəlir ki, ənənəvi
media iqtisadi nöqteyi-nəzərdən biznes mediası deyil,
azad bazara bağlılığı yoxdur. Azərbaycanda
azad iqtisadi münasibətlər yoxdur. Belə şəraitdə
yaranan On-Lain medialar da süni yaranan medialardır. Onlar biznes mediaları deyillər. Çünki ənənəvi media mərkəzdən
maliyyələşdirilir. Yəni,
dotasiyalardadır, asılı vəziyyətdədirlər.
Bu da onların inkişafına öz təsirini
göstərir.
- Hazırda Azərbaycan
dilində çoxlu saytlar var. Bilmək istərdik Siz həmin
saytları izləyirsinizmi? Onlar
arasında hansı saytın fəaliyyəti Sizi daha çox
qane edir?
- İzləmirəm. Nəinki Azərbaycan
dilli, ümumiyyətlə heç bir saytı izləmirəm.
Mənim üçün maraqlı deyil.
- İnformasiya
texnologiyalarının sürətli inkişafı,
sözsüz ki, xəbərin ötürülmə sürətinə
də təsir edib. Sizcə,
sürətli xəbər həm də keyfiyyətli xəbərdirmi?
- Əlbəttə ki, sayıla bilər. Birinci növbədə
peşəkarlıq məsələləri həll
olunmalıdır. O prinsiplər işlənməlidir. Sürət isə öz-özündən əmələ
gəlir. Sürətin keyfiyyəti
jurnalistin biliyinin və məsuliyyətin keyfiyyətindən
asılıdır. Əgər jurnalist
prinsipləri pozursa, peşəkarlıq səviyyəsi
aşağıdırsa, bu, onun sürətli informasiyasına
da təsir edəcək. Əgər
jurnalist professionaldırsa, prinsiplərə riayət edirsə,
deməli onun hazırladığı sürətli informasiya
da keyfiyyətli olacaq. Bəziləri
düşünürlər ki, sürət peşəkarlığa
mənfi təsir göstərir. Ola bilsin ki, insanın
hansısa informasiyanı hazırlayarkən vaxtı azalır,
ona görə də səhvlər ola bilər
və sair. Bu, mümkündür. Ancaq bu, əsas deyil. Sürətin
birbaşa peşəkarlıqla bağlılığı
ondan ibarətdir ki, siz peşəkarsınız, ya yox. Söhbət yalnız bundan gedə bilər. Bu, bir tərəfdir. İkincisi
isə, mən bu yaxınlarda oxudum ki, Amerika mütəxəssisləri
tərəfindən tədqiqat aparılıb. Bəlli olub ki, ənənəvi KİV-lə On-Lain
medianın informasiyanı çatdırma sürətində
heç bir fərq yoxdur. Oxucular demək
olar ki, eyni vaxtda informasiya əldə edirlər. Tədqiqat göstərir ki, fərq demək olar, yox
dərəcəsindədir. Bu səbəbdən,
“oxucular daha çox On-Lain medianı oxumağa
üstünlük verirlər”, fikri yanlışdır. Bəzi ölkələrdəki durum onu deməyə
əsas verir ki, ənənəvi mediaya tələbat var. Buna
misal kimi, Türkiyəni, Norveçi, Almaniyanı və sairi
göstərmək olar. Həmin ölkələrdə
ənənəvi media mövqelərini saxlayıb. Düzdür, orada On-Line medianın ənənəvi
KİV-lərə təsiri var, ancaq bu, o qədər də
çox deyil.
- Mətbuat Şurasında Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovla
görüşündə bəzi sayt redaktorları bildiriblər
ki, onların aylıq reklam büdcəsi kifayyət qədərdir.
Bu səbəbdən onlar öz internet səhifələrində
reklam yerləşdirməyə yer tapmırlar. Sizcə, söylənilən fikirlər nə dərəcədə
realdır?
- Mən
bilmək istərdim, o hansı saytlardır ki, orada reklam
üçün yer yoxdur və 100 minlərlə pul əldə
edirlər. Mən ad çəkməyəcəm, ancaq əksər
populyar saytları açırsan və görürsən ki,
belə bir cümlə yazılıb: “Burada sizin
reklamınız ola bilər”. Əgər doğrudan da həmin saytın reklam verməyə
yeri yoxdursa, orada belə bir cümlə
yazılmamalıdır. Bu, birinci məsələdir.
Digər tərəfdən, mən deməzdim
ki, orada reklam bolluğu var və yer kifayət qədərdir.
Üçüncüsü reklamların qiyməti
çox aşağıdır. Məsələn,
Azərbaycanda fəaliyyət göstərən ən məşhur
mobil operatorlardan birinin verdiyi reklamın qiyməti min
manatdır. Təsəvvür edin, bu Azərbaycanda
fəaliyyət göstərən ən böyük şirkətin
reklam üçün xərclədiyi puldur. Belə olan halda söhbət hansı yüz minlərdən
gedir? Əgər yüz minlər varsa, onda
həmin saytlar dövlətdən niyə pul alırlar?
- Mehman müəllim, ənənəvi
KİV-lə On-Line medianın reklam bazarındakı disbalans nədən
irəli gəlir?
-
Ümumiyyətlə, disbalans yoxdur. Bunu kimsə
yalandan deyir. Təəssüflər olsun
ki, bəziləri yalandan danışmağı xoşlayır.
Bununla öz işlərini uğurlu göstərirlər.
Bu zaman isə sözügedən maliyyəyə
əsaslanırlar. Həmin maliyyələr
nəinki ayda 100 min, hətta bundan da artıqdır. Bəzi saytlar bu məbləğdə pul alırlar.
Özlərini də uğurlu göstərirlər.
Onların maliyyə hesabatlarına baxanda
görürsən ki, qazancları, rəsmi maaşları
çox aşağı səviyyədə göstərilib.
Bu zaman belə bir sual yaranır ki, qazanılan
pullar hardadır? Bununla yanaşı, vergidən
yayınma və sair kimi məsələlər də ortaya
çıxır. Bəyəm həmin
saytlara reklam qeyri rəsmi şəkildə verilir? Bütün bunlar məsələnin bir tərəfidir.
Digər tərəfdən isə gəlin
reklamlara baxaq. Ən çox oxunan saytlar
deyək ki, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri və
sairdir. Biz həmin saytlarda demək olar ki,
reklam görmürük. Ancaq elə saytlar
var ki, oxucusu bayaq adını çəkdiyim saytların
oxucusundan 3 dəfə aşağıdır. Amma həmin saytlarda reklam var. Bu onu göstərir ki,
reklam siyasi nəzarət altındadır. Kimdən
xoşumuz gəlirsə ona reklam verilir, kimdən xoşumuz gəlmirsə,
reklam verilmir. Biz vaxtı ilə bunun tədqiqatını
da aparmışıq. Məsələn,
elə qəzetlər var ki, gün ərzində cəmisi
30-40 nömrəsi satılır. Ancaq
onların reklam bazarının illik həcmi 250-300 min
manatdır. Bu, tamamilə anormal bir vəziyyətdir
və ümumiyyətlə bazar münasibəti
sayılmır. Deməli hansısa məmura
bağlılığı olan şirkətlər bu yolla
öz pullarını leqallaşdırırlar.
- Bəzən belə təkliflər
səslənir ki, dövlət müəssisələri reklam
üçün öz büdcəsindən mətbuata 1 faiz vəsait
ayırmalıdır. Siz bu fikri necə dəyərləndirirsiniz?
- Bu təklifi
vaxtıilə mən səsləndirmişəm. 2006-cı ildə bu barədə təkliflər
paketi hazırlamışam. İndi həmin
təkliflər arasından birini seçib öz fikirləri
kimi çatdırırlar. Mənim təkliflərim
konseptual və sistemli xarakter daşıyır. Bura mətbuatın inkişafı ilə
bağlı bütün məsələlər aiddir. İndi kimsə kontekstdən çıxarır bir
təklifi və onu ayrıca təklif kimi gündəmə gətirir.
Bu, heç bir fayda verməyəcək. Heç düzgün də deyil bu. Bizim məsələyə
prinsipial yanaşmamız olmalıdır. Əgər
biz bu sistemə keçmək istəyiriksə, birinci növbədə
şəffaflıq olmalıdır. Biz açıq
şəkildə görək ki, bu pulları kim
qazanır, haradan qazanır, real tirajları, real oxucusu və
maaşları nədir? Burda xeyli məqamlar var.
Yalnız bundan sonra danışa bilərik ki, hansısa
prinsiplərə keçib, hansı yolla biz reklam bazarını
canlandırırıq, ayağa qaldırırıq və
sair. Mənim hazırladığım təkliflər
çox idi. Orada əsas yanaşma məsələsi
idi. Bu yanaşma da ondan ibarətdir ki,
KİV-lərin birinci növbədə qanuna, Azərbaycan
jurnalistinin peşə-əxlaq kodeksinə uyğun fəaliyyəti
olmalıdır. Bura məsuliyyəti və
sair məqamları aid etmək olar. Bunlar
olduqca vacibdir. Ədalətli yanaşma da əsas
olmalıdır. Yəni, hər bir KİV
öz nailiyyətinə görə, - bizdə bu kriteriya
oxucunun sayına görə və sair olur - dövlətdən
dəstək alır. Ölçü
oxucunun sayıdır. Bir oxucunun şərti
olaraq qiyməti olur 20 və ya 30 qəpik. Bu
məbləğ real oxucuların sayına vurulur. Alınan nəticə əsas götürülərək,
KİV-ə aylıq reklam verilir. Ancaq mən
bunu dəstək və ya yardım hesab etməzdim. Dəstək yalnız sosial reklam formasında olmalıdır.
Misal üçün deyək ki, hazırda
KİV-lərə Dövlət Dəstəyi Fondu qəzetlərə
maliyyə vəsaiti ayırır və bunun müqabilində
həmin mətbuat orqanı hansısa mövzuda yazılar
verir. Mən hesab edirəm ki, bu metod
yanlışdır. Belə bir addım
sosial yardım formasında atılmalıdır. Yəni, qəzetlərdə “Vergiləri vaxtında
ödə”, “Evdən çıxarkən işıqları
söndür. Həm enerjiyə qənaət
elə, həm də təhlükəsizliyini təmin et”,
“Sürət həddini aşma, sağlamlığını
düşün” və sair kimi sosial əhəmiyyətli
reklamlar verilir. Yaxud, bizdə çox sayda
Dövlət Proqramları həyata keçirilir. Onların həyata keçirilməsinə reklam
xarakterli dəstək də olmaq mümkündür. Sosial reklamın əsas məqsədi bunlardır.
Belə olsa həm ictimai, həm də dövlət
maraqlarına da xidmət edilər. Eyni
zamanda bu, KİV-lərin iqtisadi nöqteyi-nəzərdən
inkişafına da xidmət edir. Digər tərəfdən
bu addım dövlətə real gəlir gətirir. Beynəlxalq təcrübə onu göstərir ki,
reklama yatırılan hər bir dollar, 2 - 250 dollar arası
xeyir gətirir. Yəni, effektivliyi olur
bunun. Əgər reklamın təsiri
altında biz işığa qənaət etməyə
başlasaq, həm cibimizə, həm də dövlətə
xeyir vermiş oluruq və sair. Yenə də
qayıdıram əvvəlki fikrimə ki, burada hər şey
şəffaf olmalıdır. Mən
heç bir maliyyə qaynağı olmadan, min bir əziyyətlə,
süni problemlərlə qarşılaşaraq, mübarizə
apararaq “Turan” İnformasiya Agentliyini yaratmışam. Ancaq son 7-8 ildə yaranan iddialı KİV-lərin
haradan maliyyə tapması, ofislərlə, bahalı
maşınlarla, iri məbləğdə maaşlarla və
sairlə necə təmin olunmasını başa düşə
bilmirəm. Bunlar nədir? Sonra da həmin adamlar gəlib otururlar
qarşımızda və başlayırlar bizə istedad dərsi
keçməyə. Bizneslə məşğul
olduqlarını dilə gətirir, bizləri isə
bacarıqsızlıqda ittiham edirlər. Bu
kimi məsələlər var ortalıqda.
Rufik İSMAYILOV
Kaspi.-2012.-25 iyul.-S.5.