Möhtəşəm
musiqi bayramı start götürdü
Xalq artisti Fərhad Bədəlbəyli
IV Beynəlxalq Musiqi Festivalının proqramının
çox zəngin olduğunu deyir
Azərbaycanda
növbəti möhtəşəm incəsənət
bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı
start götürüb. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən festival dünya musiqiçilərinin
diqqətini ölkəmizə yönəldib.
Festival
iştirakçılarına təqdim olunan bukletdə Heydər
Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın salamlama nitqi yer alıb. Birinci
xanımın nitqində qeyd olunub ki, Azərbaycan son illər
musiqi və incəsənət festivallarının, konfrans və
sərgilərinin keçirildiyi məkan kimi tanınır:
“Hörmətli festival iştirakçıları, qədim
zamanlardan tolerantlıq ənənələrinin qorunub
saxlandığı müxtəlif xalq və dinlərin
nümayəndələrinin əsrlər boyu sülh
içində yaşadığı, mədəniyyət və
sivilizasiyalar arası təbliği və inkişafına daim
öz töhfəsini verən Azərbaycanda fərəhləndirici
haldır ki, müxtəlif mədəniyyətlərin
qarşılıqlı zənginləşməsinə səbəb
olan bu tədbirlər ildən-ilə daha böyük vüsət
alır.
Cəmi
bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın
ən mötəbər yarışması olan “Eurovision-2012”
mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə
milliyyətindən, dinindən və siyasi
baxışlarından asılı olmayaraq Bakıya
toplaşan bütün insanları musiqi birləşdirdi.
2009-cu
ildə Azərbaycanın gözəl guşələrindən
biri olan Qəbələdə Beynəlxalq Musiqi
Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti
tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq
mədəni əlaqələrinin genişləndirilməsi,
zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə
çatdırılması, xalqlar arasında
qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi
işinə xidmət edən bu festival gözəl bir ənənəyə
çevrilərək, öz beynəlxalq nüfuzunu ildən-ilə
artırır. İnanıram ki, hər il olduğu kimi, bir
çox dünya şöhrətli musiqi xadimlərinin
iştirakı ilə keçirilən builki festival da unudulmaz
musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti
tariximizdə mənalı səhifələrdən biri kimi
qalacaq”.
Müslüm Maqomayev sənətinin
əzəməti
“Qafqaz
Resorte” otelinin kamera zalında keçirilən ilk tədbir
dünya şöhrətli musiqiçi, SSRİ xalq artisti
Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı olub. Belə
ki, əvvəlcə unudulmaz opera və estrada müğənnisi
Müslüm Maqomayevin məşhur “Azərbaycan”
mahnısı səsləndirilib.
Tədbirin
təşkil olunduğu zalda quraşdırılan ekranda
Müslüm Maqomayevin böyük fotosu nümayiş
etdirilib. Həmin gün tədbirə toplaşanların
sayı-hesabı olmayıb. Çoxsaylı
tamaşaçıların ürəyi həmin gün
Müslüm Maqomayevin şedevr musiqiləri ilə
döyünüb.
Mərasimdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək dahi musiqiçi
Müslüm Maqomayevin həyat və
yaradıcılığından danışıb. Müslüm
Maqomayev yaradıcılığının yüksəkliyindən
və özəlliyindən söhbət açan nazir bu beynəlxalq
musiqi festivalının keçirilməsi ilə bağlı
irəli sürülən gözəl təşəbbüsə
görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin
minnətdarlığını bildirib. Nazir bu gün
hamının Qəbələyə gözəl səsi ilə
hər bir kəsi sehrə salan dahi musiqiçi Müslüm
Maqomayevin işığına toplaşdığını
qeyd edib. O, bu cür festivallara hər zaman ehtiyac olduğunu
vurğulayıb.
Müslüm
Maqomayevin Azərbaycan musiqisinin dünyada
tanıdılmasında məxsusi rolu olduğunu deyən Ə.Qarayev
Müslüm Maqomayevin çox uca ifaçılıq məktəbinə
məxsus olduğunu diqqətə çatdırıb:
“İllər, əsrlər keçsə də, bu dahi
musiqiçi heç bir zaman unudulmayacaq. Sübhəsiz, burada
yubileyin keçirilməsi olduqca önəmlidir. Bu gün
Müslüm Maqomayevin musiqisi bütün dünyanı riqqətə
gətirir və hamı bu ecazkar səsi doymadan dinləyir. Bu
məkana toplaşan insanların sayından da Müslüm
Maqomayev sənətinin əzəməti hiss olunur”.
Görkəmli
müğənninin həyat yoldaşı Tamara Snyavskaya
Müslüm Maqomayevin adına təşkil olunan bu cür mərasimlərin
onda qürur doğurduğunu söyləyib: “4 ildir ki,
Müslüm Maqomayev həyatdan gedib. Onun adına təşkil
olunan bu cür tədbirlər məni yaşadır. Mən hər
birinizə, ən əsası da Müslümün xatirəsini
hər zaman uca tutan Mehriban xanım Əliyevaya təşəkkür
edirəm”.
Tamara
Sinyavskaya ilk dəfə olaraq Qəbələdə
olduğunu qeyd edib: “İlk dəfədir ki, Qəbələdəyəm
və bura olduqca xoşuma gəldi. Heç zaman
düşünməzdim ki, Azərbaycanda Qəbələ
kimi gözəl guşə var. Müslüm özü bu
yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən
razı qalardı. Konsert yüksək səviyyəli təşkil
edildi, olduqca mədəni və intellektli insanları cəmləşdiyi
bir məkanda bütün ifaçılar əsərlərini
ürəkdən və sevərək təqdim etdilər. Hər
birinizə dərin hörmətlərimi və təşəkkürümü
bildirirəm”.
T.
Sinyavskaya onu da bildirib ki, həyatında ilk dəfə 1972-ci
ildə Azərbaycana ayaq basıb və bu ilin oktyabrında bu
tarixdən 40 il keçəcək: “Çox, lap çox,
xoşbəxt yaşayın və bir-birinizi sevin. Mən sizləri
sevirəm”.
Müslüm
Maqomayevin 70 illik yubileyinə həsr edilən konsert məşhur
rus bəstəkarı Sergey Raxmaninovun “Qəm etmə” və
“Vokaliz” əsərləri ilə başlanıb. Daha sonra
konsertdə R.Ştrausun “Serenada”, İ.Bramsın “Yasəmən
çiçəklənəndə”, R. Şumanın
“Fantaziştük”, Ü. Hacıbəylinin “Sevgili canan”, T.
Quliyevin “Sənə də qalmaz”, M. Əhmədova və
V.Mustafazadənin “Düşüncə”, S.Rüstəmovun
“İntizar”, F.Bədəlbəylinin “Şuşa”, Q.Qarayevin və
C.Hacıbəyovun “Vətən” operasından Mərdanın
ariyası, M.Maqomayevin “Elegiya” əsərləri səsləndirilib.
Konsertdə
Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii
rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, professor, “Şöhrət” ordenli Fərhad
Bədəlbəylinin ABŞ və Rusiyanın dünya
şöhrətli məşhur violonçel
ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin
dirijoru, festivalın bədii rəhbəri Dmitri Yablonskinin, Azərbaycan
Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad
Adıgözəlzadənin, tanınmış
vokalçılar - Azərbaycan Dövlət Opera və Balet
Teatrının solistləri Fəridə Məmmədovanın,
Xalq artisti, Prezident təqaüdçüsü Əvəz
Abdullayevin, Opera və Balet Teatrının və Ş.Məmmədova
adına Opera Studiyasının solisti Səbinə Əsədovanın,
Dövlət Akademik Opera və Balet Teatrının solisti,
Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist,
Prezident təqaüdçüsü Gülnaz
İsmayılovanın ifasında klassik musiqilər
alqışlarla qarşılanıb.
Yubiley
konsertini izləyənlər arasında həmçinin Milli Məclisin
deputatı Fəttah Heydərov, tanınmış
musiqiçilər, dövlət və hökumət nümayəndələri,
musiqisevərlər olub.
Musiqisevərlərə unudulmaz
anlar
Qəbələ
IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən
biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
builki festivalın proqramının çox zəngin
olduğunu bildirib. Belə ki, festival çərçivəsində
gündə iki dəfə rəngarəng konsertlər
keçiriləcək və fərqli
musiqi əsərləri səsləndiriləcək: “Ona
görə də Qəbələ IV Beynəlxalq Musiqi
Festivalı haqqında hələ çox
danışılacaqdır”.
F.Bədəlbəyli
konsertlərdə Rusiya, Böyük Britaniya, Polşa,
Sloveniya, Fransa, ABŞ, İtaliya və İsveçrənin
müasir ifaçılıq sənətinin zirvəsində
duran dünya şöhrətli ustad sənətkarlar və məşhur
kollektivlərin iştirak edəcəyini bildirib: “Festivalda
simfonik və kamera konsertləri, muğam gecəsi musiqisevərlərə
dünya musiqisinin zənginliyini bir daha musiqi kimi əsrarəngiz
təbiətlə harmoniyada duymağa imkan verəcək”.
Bu il
festivalın proqramında yubileylərə həsr olunmuş
konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli
bu sırada görkəmli müğənni Müslüm Maqomayevin
70 illiyinin, görkəmli bəstəkar, SSRİ Xalq artisti
Fikrət Əmirovun 90 illiyinin və SSRİ Xalq artisti Niyazinin
100 illiyinin qeyd edilməsi ilə yeni bir ənənənin təməlinin
qoyulduğunu qeyd edib. “Artıq dördüncü ildir ki, Azərbaycanın
füsunkar guşələrindən biri olan Qəbələ ənənəvi
beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Təbiətin
bu qədim diyara bəxş etdiyi gözəllik və əzəmət,
burada səslənən musiqinin parlaq bədii təsiri təqdim
olunan ifaların mükəmməlliyi ilə qovuşaraq nadir,
unudulmaz bir aura yaradır”. F.Bədəəlbəyli festival
çərçivəsində daha bir maraqlı təqdimatın
da keçiriləcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə,
gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq
Montrö caz müsabiqəsinin qalibi İsfar Sarabski həm də
“Beltmann” piano şirkətinin əsas siması kimi təqdim
olunacaq.
Festivalın
bədii rəhbəri konsertlərin musiqisevərlərə
unudulmaz anlar, təəssüratlar bəxş edəcəyinə
ümid etdiyini vurğulayaraq Heydər Əliyev Fondunun möhtəşəm
mədəniyyət layihələrindən biri kimi beynəlxalq
aləmdə böyük əks-səda doğuran bu
festivalın təkrarolunmaz simasının və dəst-xəttinin
olduğunu qeyd edib.
Qəbələ
IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən
biri, ABŞ və Rusiyanın dünya şöhrətli məşhur
violonçel ifaçısı, “Yeni Rusiya”
Dövlət
Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski AzərTAc-a müsahibəsində
Qəbələ IV Beynəlxalq Musiqi Festivalının
yüksək səviyyədə təşkil edildiyini bildirib.
Onun sözlərinə görə, musiqisevərlər 13
gün davam edəcək festivalda bir çox dünya
şöhrətli musiqi kollektivlərinin maraqlı konsert
proqramından həzz almaq imkanı əldə edəcəklər.
Məşhur dirijor qeyd edib ki, Qəbələ festivalı
xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla
yanaşı, çoxsaylı yerli musiqisevərləri
dünya bəstəkarlarının klassik əsərləri
və məşhur musiqiçilərlə yaxından
tanış edir: “Qəbələ festivalı çərçivəsində
keçirilən konsertlərin hər birinin özünəməxsus
gözəlliyi vardır. Buradakı bir konsert digərlərindən
fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən
və ətraf rayonlardan 1000-ə yaxın tamaşaçının,
o cümlədən xarici vətəndaşların gəlməsi
insanların bu festivala olan böyük marağından xəbər
verir”.
Heydər
Əliyev Fondu tərəfindən festivalın çox
yüksək səviyyədə təşkil olunduğunu
bildirən Dmitri Yablonski avqustun 5-dək davam edəcək bu
incəsənət bayramında dünya şöhrətli
musiqiçilərin çıxışlarının xoş
anlar bəxş edəcəyini qeyd edib. Bu festivalın
proqramının əvvəlkilərlə müqayisədə
çox zəngin olduğunu vurğulayan D.Yablonski bildirib ki,
iştirakçılar və qonaqlar arasında məşhur
kollektivlər, müasir ifaçılıq sənətinin
zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar
vardır.
Rəngarəng konsertlər
Festivalın
zəngin proqramına Üzeyir Hacıbəyli adına Simfonik
Orkestrinin konserti də daxildir. Konsertləri
məşhur dirijorlar Rauf Abdullayev və Azad Əliyev idarə
edəcək. İyulun 26-da isə Fikrət Əmirovun 90 illik
yubileyinin, iyulun 27-də vokal konsertinin keçirilməsi
planlaşdırılır. Eyni zamanda, festivalda Bakı Musiqi
Akademiyasının Orkestrinin konserti keçiriləcək və
proqramda Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə
çıxış edəcək.
İyulun
28-də festival çərçivəsində muğam
konserti baş tutacaq. Konsertdə muğam ifaçıları
İlkin Əhmədov, Arzu Əliyeva, Ehtiram Hüseynov səhnəyə
çıxacaqlar. Muğam ifaçılarını tarda
Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov,
qanunda Təranə Əliyeva, nağarada Emin Cəbrayılov,
balabanda Mehman Nuriyev müşayiət edəcək.
İyulun
29-da maestro Niyazinin 100 illiyi, iyulun 30-da Fərhad Bədəlbəyli,
Murad Adıgözəlzadə, Dmitri Yablonskinin, avqustun 1-də
Yuri Başmetin, avqustun 2-də Boris Berezovskinin konsertləri
keçiriləcək. İyulun 31-də və avqustun 3-də
Qəbələdə dünya şöhrətli Royal
Filarmonik Orkestri konsert verəcək. Konsertlərdə Charles Dutoit,
Lisa de La Salle, Mchal Nesterovçz
çıxış edəcək.
İyulun 5-də festival Murad Adıgözəlzadə, Fərhad
Bədəlbəyli və
Teymur Süleymanbəylinin
çıxışları ilə öz işini yekunlaşdıracaq.
Qeyd edək
ki, Qəbələ şəhərində iyulun
24-dən avqustun 5-dək keçiriləcək
musiqi bayramında Azərbaycan və xarici ölkələrdən
görkəmli musiqiçilər,
bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edəcəklər.
Təranə Məhərrəmova
Kaspi.-2012.-25 iyul.-S.11.