Bu telekanalların
çəkdiyi nə
olacaq ki?
Mütəxəssislər telekanalların cizgi
və uşaq filmləri istehsal etmək səviyyəsində
olmadığını deyirlər
Milli Televiziya
və Radio Şurası
seriallarla bağlı
məsələni müəyyən
qədər yoluna qoyandan sonra telekanalların uşaq filmləri çəkməsi
ilə bağlı məsələni gündəmə
gətirmək niyyətindədir. Şura
sədri Nuşirəvan
Məhərrəmli mətbuata
açıqlamasında bildirib
ki, dövlət tərəfindən cizgi filmlərinin çəkilməsi
ilə bağlı xüsusi bir vəsait ayrılarsa, bu sahədə geniş işlər görülə bilər:
"Uşaqlarla bağlı
verilişlərin azlığı
və verilişlərin
xaricdən gətirilərək
yerli telekanallarda göstərilməsi bizi çox narahat edir".
Şura
sədri bildirib ki,
kifayət qədər
cizgi filmləri çəkildikdən sonra
uşaq telekanalının
açılmasından danışmaq
olar. Belə ki, bunun üçün
əvvəlcə müəyyən
hazırlıq işləri
görülməlidir: “Uşaqlarla
bağlı cizgi filmləri çəkilməli,
verilişlər hazırlanmalıdır
ki, sabah hansısa uşaq telekanalı açılarsa,
onun efirini doldurmaq imkanımız olsun. Bu olmasa,
telekanalı açmaq
doğru deyil".
N.Məhərrəmlinin sözlərinə
görə, sahə xarakterli telekanallar Rusiya, Türkiyə,
ABŞ və Fransa kimi böyük auditoriyası olan ölkələr üçün
xarakterikdir: "Cəmi
9 milyon əhalisi olan Azərbaycan üçün sahə xarakterli telekanallar kommersiya baxımından özünü doğrultmur.
Lakin dövlət buna dəstək verəcəksə,
mədəniyyət, idmanla
bağlı olduğu
kimi, vəsait ayrılarsa, MTRŞ bu işi çox böyük həvəslə
edər".
Nə istədiyimizi bilməliyik
Teleserialların çəkilişinin telekanallara
həvalə edilməsi
və kanalların ortaya qoyduqları məhsul ətrafında yaranan, birmənalı olmayan söz-söhbətlər
hələ də davam edir. İndi də
cizgi filmlərinin və uşaq filmlərinin çəkilişinin
telekanallara həvalə
olunacağı ilə
bağlı fikirlər
o qədər də müsbət qarşılanmır.
Əsas rəylər budur ki, başdansovdu
uşaq verilişlərinin
hazırlanması bir yana, bizim
telekanalların cizgi və ya uşaq
filmləri istehsal edə biləcək personalı yoxdur.
Bu barədə çoxdan
dolaşan söz-söhbətlərə
aydınlıq gətirən
televiziya eksperti Qulu Məhərrəmli hesab edir ki,
ümumiyyətlə, bizim
telekanallar düz-əməlli
verilişlər hazırlaya
bilmirlər. “Bu faciədir.
Onların peşəkarlıq səviyyəsi o qədər
aşağıdır ki,
ortaya heç bir maraqlı veriliş çıxara bilmirlər. Bəlkə uşaq
verilişi hazırlaya
bilərlər. Ancaq bizim
telekanalların heç
biri cizgi filmi çəkə biləcək səviyyədə
deyil. Bunun üçün xüsusi studiyalar yaradılmalıdır və
mütəxəssislər də
var. Televiziyalar böyük
vədlər verirlər,
ancaq ortaya heç nə çıxarmırlar. Telekanalların serial təcrübəsi bunu göstərdi. O yerdə
ki təbii inkişaf qanunları işləmir, o yerdə ki öhdəliklər var, onlar bu
cür “maraqlı” bəyanatlarla çıxış
edirlər. O yerdə ki yaradıcılıq yüksək səviyyədə
deyil, bu cür peşəkarlıq
tələb edən işləri onlar görə bilməzlər.
Mən televiziyalarda çoxlu peşəkar adamlar tanıyıram, istedadlarına
da bələdəm.
Ancaq bütövlükdə bu
sistem oturuşmadığına
görə, onlar bunu yaratmaq iqtidarında
deyillər”. Ekspert hesab
edir ki, yerli televiziyalar peşəkar işləmək
vərdişini tərgidiblər.
Q.Məhərrəmlinin fikrincə, ümumiyyətlə, uşaqlar
üçün çəkilən
cizgi filmi ilə bağlı dəqiqləşmələr olmalıdır:
“Biz nə istədiyimizi
dəqiqləşdirməliyik. Bilməliyik ki, uşaqlara nə aşılayırıq.
Bilməliyik ki, peyk kanallarında uşaqlar üçün hansı ideyalar verilir. Təkcə telekanal açıb, bir-iki cizgi filmi göstərməklə
iş bitmir. Bu kanalların düzgün
konsepsiyası olmalıdır.
Bunun üçün güclü
mütəxəssislər, prodüserlər, menecerlər
olmalıdır. İntellektual baza yaradılandan sonra nəsə etmək olar”. Uşaq kanalının açılmasına da münasibət bildirən
ekspert bu işin uğurlu alınacağına inamsızlığını
ifadə edib: “«İdman» kanalının təcrübəsi göstərdi
ki, bu iş
bizdə uğurlu alınmır. Əslində, geniş texnoloji
imkanları olan bir televiziyada «Mədəniyyət» kanalı
çox primitiv və bəsit səviyyədədir. Əgər uşaqların
da zövqünü elə korlayacağıqsa,
elə həmin kanalın açılmaması
məsləhətdir”.
Mütəxəssis qıtlığı
«Azanfilm» studiyasının direktoru Elçin Hami Axundov da
hesab edir ki, animasiya filmlərini
çəkmək üçün
mütəxəssis olmalıdır:
«Hazırda animator çatışmır.
Hətta
mənim studiyamda cəmi iki qoca
animator qalıb. Məsələ ondadır ki, indi istənilən gənc hansısa kompyuter proqramında nəsə hazırlayaraq
«Mən animasiya etmişəm» - deyir.
Mənsə deyirəm ki,
sən animasiya yox, “hərəkət” etmisən. Sən canlandırmamısan”. E.Axundov 2006-cı ildə
Milli Animasiyanın İnkişafına dair Proqram yazaraq Mədəniyyət və
Turizm Nazirliyinə təqdim etdiyini bildirir: “Bu, hətta Nazirlər Kabinetinə qədər gedib çatıb. Hər yerdə «Proqram
əladır» - desələr
də, pul ayrılmır. 150-160 min manat pul lazımdır
ki, kurslar açıb gənc rəssamları ora cəlb edək və animatorlar yetişdirək. Onlar
gərək 2-3 il işləsinlər
ki, fərli bir film çəksinlər.
Əgər teleşirkətlərin səviyyəsiz verilişləri
kimi animasiya lazımdırsa, qoy çəksinlər. Naşı, həvəskar
səviyyədə işləsinlər.
Bizim bütün telekanallar bu vəziyyətdədir.
Onlar bütün milləti korlayırlar. Bu cür
animasiyanı yaradıb
uşaqları necə
tərbiyə edəcəklər?» E.Axundovun sözlərinə
görə, Rusiyada animasiya ayrı-ayrı studiyalarda çəkilir:
«Ola bilsin ki, hansısa şirkətdə
animatorlar çalışır.
Çünki Rusiyada animatorlar
çoxdur. «Soyuzmultfilm» studiyası dağılandan sonra onun işçiləri ayrı-ayrı studiyalara səpələnərək animasiya
çəkməklə məşğuldurlar.
Ancaq onlar kurs keçiblər,
püxtələşiblər. Kurs keçməmiş heç
bir hərəkət yarada bilməzdilər.
Ola bilər ki,
hərəkət etsinlər,
ancaq obraz yaratmaq onlarda alınmayacaq. Mənim əsas
tələbim animatorun
aktyor olmasıdır.
Əgər o yaxşı rəssamdır,
ancaq aktyorluğu yoxdursa, ondan animator çıxmayacaq. Özü də
animator-aktyor olmaq adi aktyor olmaq
demək deyil. Bir sözlə, peşənin elə spesifik cəhətləri
var ki, hər
adam bunu
bacarmaz”.
Ekspertlərin dediyi kimi, ən
böyük problem spesifik
bir sahədə mütəxəssislərin olmamasıdır. Mütəxəssis hazırlamaq üçün
təkcə pul yox, həm də
vaxt lazımdır.
Ancaq bu tarazlığın yaranacağı, cizgi filmləri və uşaq filmlərinin çəkilişinin telekanallara
etibar olunacağı təqdirdə, milli serialların taleyi yaşanmayacaq ki?
Təranə Məhərrəmova
Kaspi.-2012.-6 iyul.-S.15.