IV Qəbələ
Beynəlxalq Musiqi Festivalının rəsmi
açılış mərasimi keçirilib
APA-nın
məlumatına görə, dünən Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
keçirilən festivalın açılış mərasimi
“Qafqaz Resorte” otelinin qarşısındakı parkda
açıq səma altında baş tutub. Mərasimdə
Milli Məclisin deputatı Fəttah Heydərov, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
rektoru, xalq artisti Fərhad Bədəlbəyli
çıxış ediblər. Natiqlər bu festivalda
iştirak etmək üçün dünyanın müxtəlif
yerlərindən ölkəmizə gəlmiş bütün
qonaqları, istedadlı ifaçıları, musiqiçiləri
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın adından salamlayıblar.
Fəttah
Heydərov qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə
xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrini
dünyada tanıtmaq üçün bir vasitədir. Millət
vəkili Qəbələdə keçirilən beynəlxalq
musiqi festivalının artıq gözəl bir ənənəyə
çevrildiyini deyib: “Bu festival günləri səhnədə
Azərbaycanın və dünyanın dahi bəstəkarlarının
əsərləri səsləndirilir. Bu səhnəyə gənc
ifaçılarla yanaşı, dünya şöhrətli
musiqiçilər də çıxırlar. Burada klassik və
kamera musiqisi, muğamlarımız ifa olunur. Azərbaycan
öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir
və Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin
qorunub saxlanılması və təbliği yolunda bir sıra
iri layihələr həyata keçirir”.
Fərhad
Bədəlbəyli isə qeyd edib ki, bu festival bütün
iştirakçılar, xüsusilə də gənc
ifaçılar üçün həddindən artıq
önəmlidir.
Çıxışlardan
sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor
Kapellasının çıxışları olub. Konsertin
birinci hissəsində Ü.Hacıbəylinin “Koroğlu”
operasından “Çənlibel” xoru, Hendelin “Alliluya”, Bethovenin
piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci
hissədə isə Rossininin “Sevilya bərbəri”
operasından uvertüra, Verdinin “Siciliya axşamı”
operasından Yelenanın bolerosu, “Nabukko” operasından xor və
“Traviata” operasından Violettanın ariyası və “Riqoletto”
operasından Riqolettonun ariyası, Motsartın “Don Juan”
operasından Tserlina və Don Juanın dueti, Leonkovallonun
“Payatsı” operasından Kanionun ariyası, Ü.Hacıbəylinin
“Koroğlu” operasından Həsən xanın ariyası,
Q.Qarayevin “Vətənimizdir” və F.Bədəlbəylinin “Azərbaycan”
əsərləri səsləndirilib.
Xalq
artisti Rauf Abdullayevin, Azərbaycan Dövlət Xor
Kapellasının bədii rəhbəri və baş dirijoru,
xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının kafedra müdiri, professor Gülbacı
İmanovanın və Bakı Musiqi Akademiyasının professoru,
əməkdar incəsənət xadimi Azad Əliyevin
dirijorluğu ilə baş tutan konsertlərdə məşhur
vokalçılar - Azərbaycan Dövlət
Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə,
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti, xalq artisti Əvəz Abdullayev (bariton),
Opera və Balet Teatrının və Ş.Məmmədova
adına Opera Studiyasının solisti Səbinə Əsədova
(messo-soprano), Dövlət Akademik Opera və Balet
Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti,
əməkdar artist, Prezident təqaüdçüsü
Gülnaz İsmayılova (soprano), Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti Fəridə Məmmədova
(soprano), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi
Azər Rzazadə (tenor) çıxış ediblər.
Kaspi.-2012.-27 iyul.-S.16