«1966-cı ildən
Şirməmməd müəllimin ardınca gedirəm»
Nəsir Əhmədli: «4-5 il
öncə inanmazdım ki, Ali Media mükafatına layiq
görülərəm. Çünki daha çox
müxalif fikirli insan kimi tanınırdım»
Bakı
Dövlət Universitetinin professoru Nəsir Əhmədlinin
168.az-a müsahibəsini təqdim edirik.
- Nəsir müəllim, bu
yaxınlarda Ali Media mükafatına layiq
görüldünüz. Mükafatın təqdimat mərasimində
deyildiyi kimi, bu həqiqətənmi çoxillik fəaliyyətinizin
bəhrəsidir?
-Bu il mənim
üçün ikiqat əhəmiyyətlidir. Birincisi, Həsən
bəy Zərdabinin 170 illiyidir. İkincisi, mənim 70
illiyimdir. Mətbuatımızın ulu babasından düz 100
yaş kiçiyəm.
Məndə
jurnalistikaya həvəs oyadan məhz Həsən bəy olub.
Mükafatın təqdimetmə mərasimində də qeyd
etdiyim kimi, o vaxt orta məktəbdə, 9-cu sinifdə oxuyanda
kitabxanadan bir kitab götürdüm. Müəllifi Zakir Məmmədov
olan əsər H.Zərdabi haqqında idi. Nəşri oxuyandan
sonra qəti qərara gəldim ki, jurnalist olacağam,
özü də Həsən bəyin yolu ilə gedəcəyəm…
- Söhbət
düşmüşkən, bizi uşaqlıq və gənclik
illərinizə aparın bir az…
-
Uşaqlığım müharibə dövrünə
düşüb. 1942-ci ildə anadan olmuşam, sənəddə
isə 1943-cü il göstərilib. Yubileyim bir il davam edəcək
hələ (gülür).
Anadan
olanda atam və qardaşım cəbhədə olub.
Müharibənin doğurduğu aclıq və səfalət
dövrünü keçirmişəm. Ona görə yerə
bir tikə çörəyin düşdüyünü
görəndə əlim-ayağım əsir,
gözümün qabağına həmin acı günlər
gəlir. Anam necə əziyyət çəkirdi, bizi
böyütmək üçün min əzaba
qatlaşırdı – hamı sanki kino lenti kimi canlanır.
Məktəbə
getməyim bir ayrı əhvalatdır. Boyum çox balaca
olduğundan birinci sinfə qəbul etmək istəmirdilər.
Deyirdilər, çovğunda qarın içində itib qalar.
Noyabradək boş-boşuna, sənədsiz-sübutsuz gedib-gəlirdim.
Jurnala adımı yazmırdılar. Gördülər, əl
çəkmirəm, bəhanə gətirdilər ki, artıq
gecdi, uşaqlar hərfləri öyrənib. Sərbəst
yazıb-oxumağı bacardığımı dedim. Hətta
Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni əzbərdən
söylədim. Evdə bacım, qardaşım öyrədirdi,
ordan-burdan kitablar tapıb oxuyurdum. Məcbur qalıb
götürdülər.
10 il
qabaqcıl şagirdlərdən oldum. Ən çox
oxuduğum fənn riyaziyyat idi. Müəllimim eşidəndə
ki, jurnalistikaya meylliyəm, məndən
küsmüşdü. Hər dəfə görəndə
deyirdi: riyaziyyata qarşı satqınlıq eləmisən
(gülür) .
-
Riyaziyyatı jurnalistikaya qurban verib, gələk seçiminizə…
- Hə,
elə gəldik də. O vaxtdan rayon qəzeti üçün
xəbərlər yazmağa başladım. Yazırdım,
göndərirdim, dərc olunurdu, sevinirdim. Bir-iki manat qonarar da
alırdım. Orta məktəbi bitirdiyim il Moskvadan qərar
çıxdı ki, hökmən iki il staj lazımdı. Bu səbəbdən
jurnalistikaya qəbul oluna bilmədim.
İlk
olaraq sənədlərimi Vasim Məmmədəliyevlə birgə
ərəb filologiyasına vermişdim. Yeri gəlmişkən,
hər ikimiz məktəbi 1959-cu ildə bitirmişik. Bal
topladım, amma yetərli deyildi deyə qəbul ola bilmədim.
Sonra staj üçün kəndimizdəki kolxozda
çalışdım.
Tələbə
bileti daşımaq sevincini düz yeddi il sonra yaşadım.
Bunun üç ili əsgərliyin payına düşür.
Amma ötən müddət üçün peşman
deyildim, çünki o mərhələdə
qazandığım bilik və təcrübə indi də
köməyimə çatır. Əsgərliyimi Almaniyada
keçirmişdim. Qarşıma rus dilini mükəmməl
öyrənmək məqsədi qoymuşdum - öyrəndim.
Hətta ondan bir az aşağı səviyyədə alman
dilini də mənimsədim. Hərbi xidmətə yollanmazdan
öncə bir müddət Bakıda zavodda fəhlə də
işləmişdim. Nəhayət, 1966-cı ildə yenidən
sənədlərimi universitetə verdim və yüksək
balla qəbul olundum.
Ustadım Şirməmməd müəllimlə
tanışlığım elə qəbul imtahanından
başladı. Gəldi suallarıma baxdı.
Hazırlaşmamış cavab verə bilib-bilməyəcəyimi
öyrəndi. Hazır olduğumu dedim. Suallardan biri
“Puşkinin ölümünə Şərq poeması” idi.
Şirməmməd müəllim əsərin hansı dildə
yazıldığını soruşdu. Dedim farsca. Azərbaycan
dilinə kimlərin tərcümə etdiyini də sordu.
Adlarını sadalaya-sadalaya (Mikayıl Müşfiq, Cəfər
Xəndan və s.) həmin tərcümələrdən
bir-iki misra söyləyirdim.
Digər
sual Süleyman Rüstəmin
yaradıcılığındakı cənub mövzusu ilə
bağlı idi, indiyədək yaralı yerimizdir. Təbii ki,
ötən əsrin 60-cı illərinin ab-havası duyulurdu. Əsər
qıraqda qaldı, Şirməmməd müəllim
başlıca məqamı soruşdu. Əsas məsələnin
əvvəl-axır birləşməyimizdə olduğu
cavabını verdim. Famil müəllimə əvvəl
aldığım “5”i yenidən köçürməsini
dedi. Beləcə tələbə həyatım
başladı.
Qəbuldan
öncə həyat təcrübəsinə yiyələndiyim
üçün oxumaq asan gəldi. Birinci ustadım H.Zərdabi
idisə tələbəlik illərindən etibarən ikincisi
Şirməmməd müəllim oldu.
Bir epizod
danışım, Şirməmməd müəllim o vaxt
partiya sovet mətbuatından dərs deyirdi. Dərsini həmişə
oxuyurdum, amma heç vaxt məndən dərs soruşmurdu. Bir
dəfə hazırlaşa bilmədim. Həm də arxayın
idim ki, soruşmayacaq. Zəngə təxminən on dəqiqə
qalmış çağırdı. İndiyədək
heç dərs danışmadığımı dedi.
Özümü sındırmadan qabağa çıxdım.
Mövzu nə isə “Pravda” qəzeti ilə bağlı idi.
Başladım, Lenindən sitatlar gətirməyə. “Müəyyən
hadisəni öyrənmək üçün, həmin tarixi
şəraiti bilmək lazımdır” deyə dillənmişdim
ki, “uşaqlar baxın, dərsi belə öyrənmək
lazımdır” dedi.
- Şirməmməd müəllimdən,
söz düşmüşkən, Mətbuat
Şurasının təsis etdiyi Ali Media mükafatının
ilk sahibi, mediamızın ağsaqqalı, Sizin və bizim
müəllimiz Şirməmməd Hüseynovdur.
Mükafatın sonrakı sahibi hansı hissləri
keçirir?
- Şirməmməd
müəllimin mənim üstümdə haqqı
böyükdü. 1966-cı ildən bu günə qədər
ardınca gedirəm. Demək olar, bütün elmi fəaliyyətimdə
onunla daban-dabanayam. “Təfəkkür” Universitetində
jurnalistika kafedrasının müdiri idi, özündən
sonra yerinə məni qoydu. Zarafatca bu barədə
“yaxşı ki, atın yerinə at bağladılar....” deyir.
Tələbəlik
illərində Şirməmməd müəllim xarici ölkələrin
fəhlə və kommunist mətbuatı adlı fənni də
tədris edirdi. Dərsdə tələbələri sanki
bugünümüzə, müstəqilliyimizə
hazırlayırdı. Təsəvvür edin, 60-cı illərdə
bizə müstəqillik dərsi keçirdi.
Şirməmməd
müəllim həm də o vaxtkı yazılarımın bir
növ, sığortaçısı olub. Senzura buraxmayanda
giriş sözü kimi “burjua cəmiyyətlərində
jurnalistlərin başına oyun açırlar” – cümləsini
verirdik və arxasınca çatdırmaq istədiklərimizi
yazırdıq. Başqa cür mümkün deyildi.
Beş
ildə ancaq “5” qiyməti almışam. Diplom müdafiəmi də əla nəticə
ilə bitirdim. Amma dövlət imtahanında bir az gənclik
ab-havası, az-maz da prinsipiallığım başıma bəla
oldu. Elmi kommunizm kafedrasının müdiri rəhmətlik Həsən
müəllim var idi – Həsən Şirəliyev. Məndən
imtahanı o götürürdü. Bilet çəkdim,
birinci suala kommunizmin tərifi düşmüşdü. Dedim,
cavabı bilmirəm. Həsən müəllim təəccübləndi.
Əla qiymətlərlə oxuyan tələbənin bu cür
asan sualın cavabını nə üçün bilmədiyini
soruşdu. Dedim, - bilirəm, amma necə söyləyim ki,
kommunizm maddi nemətlər bolluğu aşıb daşacaq
sinifli cəmiyyətdir?! O biri suallara da “bilmirəm”
cavabını verdim. Hətta “2” yazmaq istəyirdilər.
Şirməmməd müəllimin müdaxiləsindən
sonra “4” aldım. Beləcə, qırmızı diplomdan məhrum
oldum.
- Beləliklə, işgüzar
mühitə atıldınız?..
Sonra
Azərbaycan Televiziyasına təyinat verdilər. Həmin vaxt
komitə adlanırdı. Orada “Tikinti, nəqliyyat, rabitə”
redaksiyası var idi. Öz evim olmaya-olmaya başladım
ölkədə tikinti sahəsinin inkişafından, insanlara
ev verilməsindən danışmağa. Başqa cür
mümkün də deyildi.
Bu
minvalla komitədə dörd il işlədim. Sonra fakültədə
yer boşaldı və Şirməmməd müəllim məni
ora dəvət etdi. Gəldim və başladım işləməyə.
1981-ci ildə Tiflis Universitetində namizədlik
dissertasiyasını müdafiə etdim. Mövzum da Şirməmməd
müəllimdən gəlmişdi: “Xarici publisistika və Azərbaycan”.
Üstüörtülü şəkildə burjua mətbuatı
ilə Azərbaycan mətbuatı arasında müqayisələr
aparırdım.
Doktorluq
işi yazmağa başlayanda artıq vəziyyət dəyişmişdi
- 20 Yanvar, Qarabağ hadisələri, meydan hadisələri. İşim
də yarımçıq qaldı. Ona bir də 2007-ci ildə
qayıtdı və həmin ilin yanvarında vaxt itirməmək
üçün rus dilində yazdığım doktorluq
işimi müdafiə etdim.
Bundan
əvvəl isə 2004-cü ildə BDU-da Beynəlxalq
Jurnalistika kafedrası yaranmışdı. 6 ay kafedra müdiri
olmuşdum. Sonra seçki keçirildi və Həmid müəllim
qalib gəldi. Onu təbrik etdim, hətta qonaqlıq da verdim. Məncə,
yaxşı oldu, çünki kafedra müdiri seçilsəydim,
başqa işlərə vaxtım qalamayacaqdı. Oturub
dissertasiyamı yazdım. Belə, sonrası da məlumdur...
- Nəsir müəllim, uzun
zamandır jurnalistika fakültəsində dərs deyən bir
pedaqoq kimi o dövrkü tələbələrlə
indikilər arasında bir qədər müqayisə
aparmağınızı istərdik?
-
Bizim nəsil iki müxtəlif sistemdə yaşayıb - müstəqillik üçün
mübarizə və müstəqillik mərhələlərində.
Sovet dövrünün də öz müsbət cəhətləri
vardı, amma çatışmayan cəhətləri daha
çox idi. Söhbət fikir, ideya azadlığı və
sair bu kimi dəyərlərdən gedir. Amma vahid standart tətbiq
edilirdi - jurnalistika fakültəsinə gələn uşaqlar
qabiliyyət imtahanı verir, üç tur keçirdilər.
İndi bununla bağlı bir sıra fikirlər səslənir,
bəzi adamlar razılaşırlar, bəziləri istəmirlər.
Belə düşünürəm ki, jurnalistikada qabiliyyət
imtahanı olmalıdır. Bəzən dostlarımızdan da
fikrimə narazılar olur. Məsələn, biri elə Zeynal
Məmmədli. Zeynal müəllim deyir ki, 17-18 yaşlı
uşaqlardan hansı jurnalistik fəaliyyəti gözləmək
olar. Məsələ burasındadır ki, xariqələr, sənət
əsərləri yaratmalarını istəmirik, belə deyək,
pislər içərisindən yaxşısını
seçirik. Belə izah verim: əyninizə paltar tikdirəndə,
dərzi ilk növbədə parçanı seçir, daha sonra
gözəl əlbisə tikir. Yaradıcılıq
emalatxanasında abituriyentlər bizim məhsulumuzdur. Onlara
jurnalistika fakültəsində cümlə qurmaq öyrədilməməlidir.
Müəyyən istedada, dünyagörüşünnə
malik tələbələr daha da təkmilləşdirilməli,
cilalanmalıdır.
Yaxşı uşaq qəbul olub, pis qurtarırsa,
günah bizimdir. Həvəssiz, təsadüfi uşaqlara
görə məsuliyyəti niyə daşımalıyıq
ki? Quyuya su tökməklə quyu dolmaz axı.
Bir məsələ
də var ki, indiki dövrdə müəllimlər öz
üzərilərində daha çox işləməlidirlər.
Çünki komputerin bir düyməsi ilə tələbə
nə var, nə yox – hamsını öyrənmək
imkanındadır.
- İndiki tələbələrdən
razısınızmı?
-
Birmənalı cavab vermək olmaz. Onlardan heç vaxt narazı ola bilmərik.
İstənilən halda gəlibsə, onu öyrətməliyik.
Amma indi müəyyən problemlər var, xüsusən də
tələbələrin təcrübəsi ilə
bağlı. Redaksiyalar bunun üçün pul istəyir. Məsələni
nizama salmaq məqsədilə vahid mexanizm
yaradırlmalıdır.
- Jurnalist tələbələrdən
danışdıq, bir az da indiki jurnalistlərdən söhbət
açaq. Siz dediniz ki, biz azadlıqla mübarizə və
müstəqillik dövründə yaşamışıq. O
dövrdə müstəqillik üçün mübarizə
aparanda arzuladığınız azadlıq bu idimi?
- Müəyyən
mənada bəli. Əsas faktdır, fakt isə odur ki, Azərbaycan
müstəqildir. Tarix boyu bunu arzulamışıq. Xüsusən
də biz 60-cı illərin gəncləri. İki arzumuz olub -
Azərbaycan bütöv olsun, Azərbaycan müstəqil
olsun. Şükür Allaha, birinə nail olmuşuq. Əminəm
ki, ikinciyə də nail olacağıq. Jurnalistikanı və
jurnalistlərin müqayisəsini götürsək, bir var,
jurnalist təhsili olanlar, bir də var, jurnalistikaya aidiyyatı
olmayan təsadüfi adamlar.
İkincilər jurnalistikamızın ən böyük
problemidir. Amma məsələ belə qalmayacaq. Zaman
özü hər şeyi yoluna qoyacaq - pisi, yaxşını
saf-çürük edəcək.
Xarici ölkələrin əksəriyyəti bu prosesi
keçib.
- Həm iqtidar, həm də
müxalifət yönümlü media orqanlarında
görünürsünüz. Hər iki tərəfin də
sizə münasibəti çox yaxşıdır. Bunu nə
ilə əlaqələndirirsiniz?
-
Bilirsiniz, əsas dövlətdir. Dövlət də
üç komponentdən ibarətdir: 1. iqtidar və
müxalifət 2. cəmiyyət 3. ərazi. Bunlardan biri
yoxdursa, dövlətin tam formalaşmasından söhbət
gedə bilməz.
Əslində
hər üçü ilə bağlı problemlər var
- ərazimiz tam deyil, əhali də
istənilən səviyyədə yaşamır. Bu mənada,
tam ideal dövlətimiz yoxdur. Amma
çalışırıq onu quraq. İqtidar, müxalifət
hər iksinin kökü birdir. Əsas dövlət və
dövlətçilikdi. Fərqi yoxdu, ali məqsəd
üçün hansı yollardan keçirsən,
başlıca məqam kökünü unutmamaqdadır. Mənim
üçün heç bir önəmi yoxdur - iqtidar və
ya müxalifət yönümlü mətbuat. Əgər
düz sözümü deyirəmsə və məqsədim
dövlətçiliyə xidmətdirsə, bunu harda və
necə etdiyimin nə əhəmiyyəti var? Hansı yolla
gediriksə, gedək məqsəd ümumi mənzilə
çatmaqdır.
-Yəni, inanırsınız ki,
bu iki qütb arasında uzlaşma mümkündür?
-Təbii
ki, inanıram və proseslər də buna doğru inkişaf
etməkdədir. Başqa yolumuz yoxdur. Məsələn, 4-5 il
öncə inanmazdım ki, Ali Media mükafatına layiq
görülərəm. Çünki daha çox müxalif
fikirli insan kimi tanınırdım. Amma zaman keçdikcə
hamıya aydın olur ki, məqsədim dövlətimizin
inkişafına xidmət etməkdir. Bunu cənab Əli Həsənov
mənə Ali Media Mükafatını təqdim etdikdən
sonra da dedim. Hamımız bir yumruq olub birləşməli və
yalnız inkişafı düşünməliyik.
Ellada MUSTAFAYEVA
Kaspi.-2012.-27 iyul.-S.12.