Atam Bakıdan
danışanda ürəyimiz tökülərdi...
Yaqub Zurufçu:
“Sahib olduğumuz gözəl bir mədəniyyət var, amma
dünyada reklamımız yoxdur”
Ayrılığın nə demək
olduğunu hamımız yaxşı bilirik. Zaman-zaman bunu bizə
elə gözəl yaşatdılar ki, Söhrab Tahir demiş,
daha “çöpü də ikiyə bölmürük”. Bizim
gözümüz qorxub ayrılıqdan.
Amma...
Amma
bir “Ayrılıq” var ki, illərdir
köz salar ürəyimizin başına. Ayrı
qaldığımız həsrətin gözünün
yaşını süzdürər... Kimi dindirsən
Ayrılığın o biri cümləsini səninlə bərabər
söylər. Sanki hər kəsin könlünə iz
salıb, bağrının başında dilə gəlib bu nəğmə.
“Ayrılığ”ı bizə bu qədər sevdirən biri
var. Yaqub Zurufçu...
Söhbətimizə
buyurun...
-Azərbaycan sizin üçün
nə deməkdir?
-Azərbaycan
mənim hər şeyim - şərəfim, heysyyətim,
abır-həyamdır.
-Yaqub
Zurufçunu Azərbaycan xalqı “Ayrılıq”la
tanıdı, amma bəlkə də çoxları bilmir ki,
Yaqub bəy çox gözəl musiqilərin bəstəkarıdır.
Götürək elə “Dəniz”i...
- Hələ sözləri yox idi, bir də gördüm musiqisi dilimdən süzülür. Tez nota köçürdüm. “Dəniz” mahnısının musiqisi belə yazıldı. Melodiyanın beynimə gəlməyilə nota köçürməyim sadəcə iki-üç dəqiqə vaxtımı aldı. Sanki birdən ilham gəldi və musiqi öz-özünə dilimdən axmağa başladı. Rəhmətlik Nəbi Xəzri ilə görüşəndə bu musiqini dinlətdim və o, mənə bir şeirinin bu musiqiyə çox gözəl oturduğunu dedi. Kitabında o şeiri oxuyanda gördüm ki, burda həm oğlumun, həm də qızımın adları çəkilir. Beləcə musiqi ilə şeir bir-birini tamamladı.
Bilirsiniz, mənim bəstəkarlıq biliyim
yoxdur, ona istedad lazımdır. Ancaq ilham gələndə ona
dur demək olmur.
-Ümumiyyətlə,
yaradıcı adamlarda Allahdan gələn bir RUH olur...
-Haqlısız.
Bu cür yazılmış çox musiqilərim var. Mən
bu dünyada olmayanda yəqin ki, həyat yoldaşım üzə
çıxaracaq.
-Bu
arada, xanımınız da azərbaycanlıdır, deyəsən...
-Azərbaycanın
xüsusən qadınları həddindən atrıq
yaxşıdır. Desəm ki, dünyada Azərbaycan
qadınlarından yaxşı ailə ola bilməz, siz buna
inanın. Mən bütün dünyanı
dolaşmışam, bizim qadınlardan kişiyə dayaq,
kişinin canından tikanlarını çıxaran, problemləri
həll etməkdə yardımçı olan başqa
xanım görməmişəm. Mən çox məmnunam
bundan, çünki belə bir xoşbəxtlik mənə də
qismət olub.
-Yaqub
bəy , bir az keçmişə gedək...
-Bir
az təvazödən uzaq da olsa deyəcəm, mən Azərbaycan
üçün çox işlər görmüşəm. Bu,
o, zamanlar idi ki, Azərbaycan od
içində yanırdı. Bunu cəsarətlə deyə
bilərəm, Azadlıq Hərəkatında
iştirakımla düşünürəm ki, iynə ucu qədər
də olsa mənim Azərbaycan müstəqilliyində
haqqım var. Heydər Əliyev cənablarıyla da
görüşəndə o dəfələrlə
vurğuladı, dedi ki, “Yaqub, sən öz musiqilərinlə,
çıxışlarınla xalqımıza mənəvi dəstək
oldun. Dedilər ki, bir ifaçı gəlib Almaniyadan, xaricdən
gəlib dəstək olur ”.
O
zaman mən yeni-yeni tanınırdım və xalqın
hörmətini qazanmışdım. Baxın, bu, mənim fəxrimdir.
O günlərdə çıxışımla,
iştirakımla Azadlıq Meydanında sözümü deyə
bildim.
-Necə oldu İrandan getməyiniz?
-1980-cı
illərdə İrandan çıxıb getdim. İran adlanan
yerdəki dövlətlə yola gedə bilmədim. Orda musiqiyə
imkanı verilmirdi, mən 23 yaşımda cavan bir
oğlanıydım və oxumaq istəyirdim. Hələ o
yaşda Azərbaycana gələndə üç min dənə
xalq mahnısını əzbər bilirdim. Onu da deyim, bu məqamı
heç bir yerdə dilimə almamışam, ilk dəfədir
ki, “Kaspi” üçün deyirəm. Hətta Ağasəlim
Abdullayevlə Amerikada konsert verəndə belə bir söhbətimiz
də oldu. O məndən bu mahnıları hardan
tapdığımı soruşdu. Cavab verdim ki, mən
bunları Azərbaycan radiosunun Təbrizdə ölü
dalğalarıyla yayımından dinləmişəm.
İndi də deyəndə kövrəlirəm. Onların
sözləri düz olmasa da, yazıb öyrənirdim. Təbrizdə
yaşamaq üçün iranlı olmaq lazımdır. O
dövrdə belə mən özümü bu hərəkatda
iştiraka hazırlayırdım. Bu Allahın işiydi. Atam
burda iyirmi beş il yaşamışdı və
qayıdıb Təbrizdə evlənmişdi. Bakı deyəndə
ağzımızın suyu axardı, “ata, Bakıdan de,
Bakıdan danış” deyə israr edərdik. Atam da deyərdi,
“elə qəşəng musiqi var orda, camaat elə qəşəngdi
ki”. Bu o zamanın Azərbaycanıydı. İndi bir az bundan
uzaqlaşmışıq, mənəvi baxımdan bir-birimizi
itirmişik sanki. Atam danışanda ürəyim tökülərdi,
görəsən Bakını görmək bizə qismət
olacaqmı?
Üzümü
tutdum Almaniyaya, orda “Ayrılıq” oxuyanda musiqi sənətindən
bir neçə not bilirdim ki, onu da Təbrizdə öyrənmişdim.
Nə not bilirdim, nə
vokal oxumşdum, nə də solfec bilirdim. Mən
“Ayrılığ”ı elə öz aləmimdən
oxumuşdum. Almaniyada vokal müəllimlərim bu ifanı bəyəndilər
və bu mahnı Azərbaycanda sevildi. Ordan Amerikaya getdim,
Amerikanın bütün ştatlarında konsert verdim.
Avropanın elə bir ünvanı yoxdur ki, mən Azərbaycan
adını yaymayım. Bunu açıq ürəklə, fəxrlə
eləmişəm. Nəhayət, 1989-cu ildə Azərbaycana
gəldim və gördüm ki, ayrı yer mənə
lazım deyil, gəldiyim yer düz yerdi. Mən neçə
illər Avropada qalandan sonra döndüm Azərbaycana. Burda da
problemlər var, hələ çox məqamlar
yaxşılaşıb.
-Gördüyünüz problemlər
nədir və bunlarla mübarizə yolu sizcə, necə
olmalıdır?
-Hər
azərbaycanlı vətəndaşının borcudur ki, Azərbaycanda
problemlərin həlli üçün müsbət işlər
görsün. Hamımız əl-ələ verib dövlətçiliyimizə
dəstək olmalıyıq, problemlərə sinə gərməliyik.
Biz özümüz bu problemləri qabartmalı və həllinə
çalışmalıyıq. Çünki bunu bizim
üçün heç kəs etməyəcək.
-Sizin
Los-Ancelesdə Ququşla Azərbaycan mədəniyyətini təbliğ
edən bir kanal açdığınız söyləndi...
-Xeyr,
1994-cü ildə 24 saatlıq bir İran kanalı
açıldı, Amerikada. Ququş o zaman orda deyildi, o, yeddi-səkkiz
ildir gedib Amerikaya. İran inqilabından sonra da o, İranda
qalıb. O kanalda bizə iki saatlıq efir vaxtı verildi. Hər
kəs kanal sahibini qınadı ki, 24 saatlıq da kanalmı
olar? Amma o adamın özü də azərbaycanlı idi, Təbrizdən,
adı da Əmir Şəcərə idi. O kanal hələ də
fəaliyyət göstərir. Bunu cəsarətlə deyə
bilərəm ki, o proqram Azərbaycan mədəniyyətinə
çox böyük dəstək verdi. İndi isə həmin
televiziyada və digər bir kanalda da həftədə iki efir
saatını almışam və burda ancaq və ancaq Azərbaycan
mədəniyyətindən söhbət gedir. Azərbaycanlılar
məhvarələrdə
“Türksat”a daha çox üstünlük verir,
iranlılar isə “hotbird” istifadə edir ki, o kanalın tezlikləri
məhz orda var. Biz Torontoda konsertimizi məhz orda gedən
reklamlarımız sayəsində çox gözəl verdik.
İnanırsız, Torontoda ən az yeddinci dəfəydi
konsert verirdik, amma bu dəfə çox gözəl
alındı. Ordakı səfirimiz Fərid bəy də
Ottavadan konsertimizə gələrək bizə maddi-mənəvi
dəstək oldu.
-Bir incəsənət xadiminin siyasi
mövqeyi olmalıdırmı?
-Maraqlı
sualdır. Mənə bu günəcən heç bu sualı
verməmişdilər. Mənim fikrimə gəlincə, xanəndənin
siyasi mövqeyi olmasa, o, gərək meydanı tərk eləsin.
O getməlidir. Bir incəsənət adamı mütləq
mütərəqqi biri olmalıdır. Siz mənim musiqilərimə
diqqət eləsəniz, bunun şahidi olarsınız. Mütləq
o tay, bu tay milli məsələmiz olmalıdır. Hətta
Vahid Əziz mənim Azərbaycandan ailə
qurmağımı da belə vurğulayıb:
Sən o
taydan, mən bu taydan,
Könül
doymaz aydan, nurdan. (Aynur xanımımın adıdır)
Sən
Kürdənsən, mən Arazdan,
Elimizə
qurban olum.
Bu məsələlərə
diqqət etmək bizim borcumuzdur. Ola bilsin bu, kimlərinsə
xoşuna gəlməsin. Biz, bizə gələn zülmlərin
qarşısında durmalıyıq.
-Sizə İran dövlətinin
münasibəti necədir?
-Mənim
orada siyasi problemim yoxdur. 25-26 ildən sonra ilk dəfə ora
getdim. Mənə maneçilik yaratmadılar və
açıq ürəklə qəbul etdilər. Çox
çalışdım ki, orada konsertimi təşkil edim.
Çünki proqramımdan dolayı, azərbaycanlı, eləcə
də fars pərəstişkarlarımız var. Amma konsertə
izn vermədilər, məcbur olub geri döndüm. O zamandan bəri
də mən İrana getməmişəm. bunu fəxrlə
deməliyəm ki, bizim prezidentimiz mənə Azərbaycan vətəndaşlığını
verdi. Bu, dünyanın ən böyük hədiyyəsi oldu.
Nə Almaniyanın, nə Kanadanın, nə Amerikanın, nə də
İranın. Mən bu pasportla fəxr edirəm, Amerika
pasportumdan istifadə etmirəm, çünki Amerikaya nifrət
edirəm. Amerika dünyanın bütün ölkələrindən
qeyri-demokratik ölkədir. Bu mövzuda kimsə mənim
fikirlərimi dəyişə bilməz.
-Necə bilirsiz, İranın
qeyri-demokratik davranışlarını, ordakı azərbaycanlılara
edilən zülmləri, haqsızlıqları, onlara
hüquqların verilməməsini dünyaya çatdırmaq
sizin də boynunuza düşməlidirmi?
-Gəlin,
mən bunu mədəni baxımdan dəyərləndirim.
Bizim o keçmiş şah dövründə də mədəni
hüquqlarımız tam pozulmuşdu. Ona görə ki, nə
musiqimiz azad idi, nə teatr var idi Təbrizdə. İndi də
vəziyyət eynidir. Mən ancaq bunu İran dövlətinə
sual edə bilərəm ki, burda bir şey yoxdur, hər kəs
harda anadan olubsa, ora onun şəhəridir də. Ola bilməz
ki, biri Təbrizdə anadan olub, farsca danışa. İmkan
verin Təbrizdə Azərbaycan dilində danışsın,
fars dilini də bilir, Tehrana gedəndə isə artıq
İranın ən böyük ədəbi alimləri Azərbaycandandır.
-Necə ki Azərbaycanda hər millətin
öz dil-din azadlığı var...
-Bəli.
Mənim konsertimə imkan versəydilər, ordakı
xalqımız da öz nümayəndəsini görərdi.
Ona görə də təəssüf edirəm və arzu edərdim
ki, bu vəziyyət günbəgün
yaxşılaşsın. Mən başa düşə bilmirəm
ki, İran niyə bunu qəbul etmək istəmir?
İranın öz xarici işlər naziri deyir ki, “İranda
70% iranlılar türk dilində danışırlar”. İstərdim
ki, xalqımıza hüquqlarını versin İran dövləti,
bunu siyasiləşdirməsin. Mədəniyyətində, təhsilində
bu öz əksini tapsın. Bunu Sovet imperiyası belə Azərbaycana
etmədi.
-Yaqub bəy, bu gün Azərbaycan mədəniyyətinin
yetərincə qorunmasından daha çox, yetərincə
oğurlanması göz önündədir. Sanki bir xəzinədir,
hər gələn əlini çalıb bir ovuc
götürür, hardan götürdüyünü deməyə
isə xəsislik edir. Bunun qarşısını almaq
üçün sənətçilər nə etməlidir?
-Bunun
üçün incəsənət xadimlərinin öz cəmiyyətləri
olmalıdır. Amerikada belə bir cəmiyyətə üzvəm
və hər ay müəyyən məbləğdə pul
ödəyirəm. 3 milyon üzvü var, təkcə mən
20 ildir ora pul ödəyirəm. Dövlət bu cəmiyyəti
yüksək səviyyədə tanıyır. Əgər mədəniyyətə
hər hansı bir təcavüz olarsa, bu məsələni cəmiyyətlər
tez həll edərlər. Təəssüf ki, belə bir qurum
Azərbaycanda yoxdur.
Ayrı-ayrılıqda
qurumlar ola bilər, amma bunlar birləşməli və hədəfə
bir vurmalıdırlar. Bu təşkilat hər ölkədə
bir nümayəndəsini saxlamalıdır. Orda konsertlərin
təşkili, təbliğatıyla məşğul
olmalıdır. Sahib olduğumuz gözəl bir mədəniyyət
var, amma dünyada reklamımız yoxdur.
-Bizim başqa bir dərdimiz də
var, bu gün Azərbaycanda öz mədəniyyətindən
qaçıb Avropa mədəniyyətinə
sığınma halları var. Axı, bizim
insanımızı o mədəniyyətə çəkən
nədir?
-Bu məni
də narahat edən, hər gün dostlarımla, ailəmlə
paylaşdığım dərdlərdəndir. Heydər Əliyev
Fondu mədəniyyətə bu cür dəstək verir, bir
yandan da ara musiqisi baş alıb gedir. Mən bunun necə
olduğunu anlamıram. Axı bizim bir belə xanəndəyə
ehtiyacımız yoxdur. Nədən bu qədər gözəl
musiqilərimiz varkən Avropa melodiyalarıyla Azərbaycan
sözlərinə yazılmış mahnıları səsləndirək?
Bunlar bizim cavan uşaqları avropalaşdırır, pis yola
çəkir, azərbaycançılıqdan
çıxarır. Gənclərdə muğam
anlayışı zəifdir. Mənə görə uşaq
yeddi yaşında məktəbə başlayanda muğama da
başlamalıdır. İnsanın beyninə 25 yaşda
muğamı salmaq olmaz. Muğam ağır musiqidir.
Ağacı yaşkən yönəltmək lazımdır.
Muğam məktəbin ən önəmli dərslərindən
biri olmalıdır.
-Bizə
son sözünüz...
-“Kaspi” qəzeti
çox oxunur. Sizə xüsusu təşəkkürüm
var, sizlər və sizin kimilər Azərbaycana
lazımsınız.
-Sizdən
sonra...
-Təşəkkür
edirəm!
Nigar İsfəndiyarqızı
Kaspi.-2012.-6 iyul.-S.11.