Mənim arzum film çəkməkdir… 

 

Ayaz Salayev: «Nəhayət, belə bir təşkilat yarandı. Bu, yeni dövrün təşkilatıdır»

 

Azərbaycan kinosu yeni durum yaşayır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması milli kinonun gələcək inkişafı ilə bağlı optimist fikirlərə əsas yaradır. Tanınmış kinorejissor Ayaz Salayev hesab edir ki, təşəbbüs qrupunun üzvü olduğu yeni təşkilat milli kinoda öz sözünü deməyə qadir olacaq.

 

Yeni dövrün təşkilatı

 

- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis iclasında demişdiniz ki, belə bir yaradıcı birliyin yaranmasına ehtiyac vardı. Bu ehtiyac nədən ibarətdir?

- Mən bu barədə yalnız öz fikirlərimi söyləyə bilərəm. Heç kəsin adından danışa bilmərəm. Onu deyə bilərəm ki, ümumiyyətlə, bu günə qədər fəaliyyət göstərən yaradıcı ittifaqların bəziləri  Stalin dövründə, Xruşşovun vaxtında yaradılıb. O quruluşda hakimiyyətin məqsədi sənət, incəsənət proseslərinin gedişatını öz əllərində saxlamaq idi. Məsələn, sovet dövründə Kino İttifaqının üzvü olmayan ümumiyyətlə, kinematoqrafçı sayılmırdı. O, kino proseslərindən kənarda qalırdı. Sonralar vəziyyət xeyli dəyişib. Yaradıcı ittifaqların sovet dövründə göstərdiyi fəaliyyət artıq yeni dövrə uyğun deyil. Orada iki yol var idi: ya tam strukturu dəyişmək, ya da adamları cəlb etmək. Get-gedə Kino İttifaqda olub-olmamaq kinematoqrafçının taleyinə heç bir təsir göstərmirdi. Adamları ora cəlb etmək problemi vardı. Mən çoxdan fikirləşirdim ki, yeni bir təşkilatın yaranmasına ehtiyac var. Bu təşkilatın yaranmasından çox-çox əvvəl bunu söyləmişdim. 90-cı illərin axırlarında bizdə Kinorejissorlar Gildiyası yarandı. Bu, yeni təşkilatların yaranmasına ehtiyacla bağlı ilk siqnal idi. Nəhayət, belə bir təşkilat yarandı. Ehtiyac ondan ibarətdir ki, bu, yeni dövrün təşkilatıdır. Cəmiyyətdə, ictimai prosesdə vəziyyət indi tam dəyişib. Bu isə yeni bir təşkilatın yaranmasına ehtiyac yaradıb.

- Bu təşkilatlar ictimai qurum kimi fəaliyyət göstərir. Əgər onların böyük maliyyələri yoxdursa, tutaq ki, kinonun inkişafına hansı təkanları verə biləcəklər?

- Heç cür təkan verə bilməzlər. Çünki müəyyən layihələr həyata keçməlidir. Milli kinonun inkişaf proqramı, milli inkişafın kino strategiyası olmalıdır. Mən deyərdim ki, son 5-6 ildə bu işlə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Mən həmişə deyirdim ki, bizdə ən yaradıcı insanlar yaradıcı ittifaqlarda yox, Mədəniyyət Nazirliyində oturan məmurlardır. Bu baxımdan yeni dövrə uyğun belə bir təşkilatın yaranmasına çox böyük ehtiyac duyulurdu.

- Necə bilirsiniz, əgər ictimai təşkilatlar kinonun inkişafına daha çox dəstək olsaydılar, məsələn, milli kinomuzda hansı inkişaf baş verə bilərdi?

- Tarixi nöqteyi-nəzərdən yanaşsaq, min ildən bir belə fürsət ələ düşür. Məsələn, neft vasitəsilə biz inkişaf edə bilərdik. Bu fürsətdən gələcək üçün istifadə etməmək düz deyil. Belə fürsətdən mütləq istifadə edib gələcək kinomuzun dünya kinosuna daxil ola biləcək bünövrəsini qoymaq lazımdır. İnanıram ki, yeni təşkilat bunu həyata keçirə biləcək.

- Dünya kinosuna birbaşa daxil olmaq təbii ki, yaxın illər ərzində mümkün deyil. Bununla belə, marafona qoşulmaq üçün hansı proseslər baş verməlidir?

- Konkret tələbat var. Kinematoqrafçıların yaşayışı, beynəlxalq festivalın keçirilməsi, kinonun inkişafı baxımından müəyyən təşkilatların yaradılması və s. Biz hələ təzə başlamışıq. Hələ təkliflər gəlir, biz onları müzakirə edirik. Bunlar bir təkliflər paketidir.

- Hər halda proqnozlarınız deyəsən ümidlidir.

- Bəli. Bu təşkilat həqiqətən də kinonun inkişafı üçün yaradılıb. Onun başqa səbəbləri olsa da, onlar mühüm rol oynamır. Təşkilat kino üçün bu imkanlardan istifadə etməlidir. Etməsə, özüm də bu təşkilatdan çıxaram.

- Analoji təşkilat Rusiyada da fəaliyyət göstərir. Məlumatlarınıza görə, onlar kinonun inkişafına necə dəstək göstərirlər? Əgər biz qonşu təcrübədən öyrənmək istəsək, nələri götürmək istərdik?

- Əlbəttə, gərək o təcrübədən öyrənək. Rusiyadakı yaradıcı təşkilatlar elə sovet dövründən qalan qurumlardır. Biz isə yeni tip təşkilat haqqında düşünürük. Dünya ölkələrində bu cür təşkilatların fəaliyyəti müxtəlifdir. Mənə elə gəlir ki, hər bir ölkədə o ölkənin xüsusiyyətinə uyğun təşkilat olmalıdır.

 

Tədris həmişə problemdir

 

- Bu gün Azərbaycan kinosuna sizin gözünüzlə nəzər salaq.

- Son 5-6 il ərzində Mədəniyyət və Turizm Nazirliyi kinoya yeni nəslin gəlməsinə tam imkan yaradıb. Artıq Azərbaycan kinosunda yeni bir nəsildən söhbət açmaq olar. Sadəcə, çox istərdim ki, kinoya gələn yeni qüvvələr kinematoqrafiyaya həqiqi bir yenilik gətirsinlər. Çünki ətrafımızda həyat çox dəyişib. Biz tamamilə yeni bir dünyada yaşayırıq. Həyat dəyişir və bu dəyişikliklər ekranda da əksini tapmalıdır. Həm həyatın özünün, həm də filmin bədii ifadə vasitələri əks olunmalıdır. Yeni kino yaranmalıdır. Hələlik cavanların addımları çox zəngin deyil. Mən kinoya təzə adamların gəlişini gözləyirəm.

- Siz gənclərin addımlarının zəngin olmamasını nə ilə əlaqələndirirsiniz? Özünüz Moskvada Kinematoqrafiya İnstitutunu bitirmisiniz. Bu geriliyin tədrislə bir əlaqəsi varmı?

- Gəncləri xaricdə də oxutdurmaq olar. Tədris həmişə problemdir və ümumiyyətlə, bunu kənara qoyaq. Söhbət gerçəklikdə və mədəniyyətdə gedən proseslərə daha diqqətli olmaq və yenilikdən qorxmamaqdan gedir. Mən cavanlara, Azərbaycan kinosuna bunu arzulayardım. İstərdim ki, onlar nuh əyyamından qalan mövzulardan yapışmasınlar, təzə bir şey fikirləşsinlər. Ümumiyyətlə, təhsil burada böyük rol oynayır, amma həlledici rol oynamır. Daha çox sənətkarın öz mövqeyi, miqyası rol oynayır.

- Müasir kinonun tələbləri nədir?

- Yaxşı sualdır. Amma nəzəri bir məqalənin mövzusudur. Hər şey həqiqətən dəyişir. Kino isə sürətlə, demək olar ki, hər gün dəyişir. Cəmiyyətlə, internetlə bağlı hər şey dəyişir və kino tamamilə ayrı bir sima alır. Bu baxımdan bu cavabı bir sual çərçivəsində əhatələmək çətindir.

- İndicə dediniz ki, internet dövrüdür. Fikirlər var ki, internet kinonun inkişafına, daha çox reklamına kömək edir. Hansı ki, əvvəllər «İnternet yarandısa, kino öləcək» - deyirdilər.

- İnternet təkcə kinoya deyil, hər şeyə kömək edir. İnternet həyatımızı dəyişir. Bəli, belə bir fikir vardı ki, internetin inkişafı ilə kinoya maraq azalacaq. Amma əslində diqqət daha da çoxaldı. Yenə peşəkarlıq qalır. İndi hər kəs kamera ilə film çəkib internetdə yerləşdirə bilər, bu, çox müsbət prosesdir. Bu, bununla bağlı peşəkarlığın əhəmiyyətliliyini artırır.

- Tanınmış rus rejissoru Andrey Konçalovski dünya kinosunda gedən prosesləri bir cümlə ilə xarakterizə edib: «Kino ölür, can üstədir. Ancaq özünü yalandan sağ göstərməyə çalışır». Sadalanan problemlər fonunda bu sözlərin bizim kinoya aidiyyatı yoxdur ki?

- Mən bu fikirlə tam razı deyiləm. Baxın, İranda son illər kino necə çiçəklənir. Sənət tarixinə nəzər salsaq, görərik ki, müxtəlif dövrlərdə ayrı-ayrı millətlərdə bu və ya digər sənət növləri inkişaf edib. Məsələn, müəyyən dövrdə Fransada ədəbiyyat və təsviri sənət, İspaniyada dramaturgiya inkişaf edib. Hər ölkə üçün kinonun da intibah dövrləri var. İran intibah dövrünü indi yaşayır. İran kino vasitəsilə dünyaya tanındı. Hələ bizim bu cür dövrümüz gəlməyib. Deyə bilərik ki, kino bu günə qədər ədəbiyyatdan, musiqidən, təsviri sənətdən geri qalmışdı. İnanırıq ki, gələcəkdə kinoda da intibah dövrü yaranacaq. Necə ki, 60-cı illərdə milli rəssamlıqda dünya səviyyəli adlar yarandı.

- Yəqin ki, siz içində olduğunuz bu aləm – kinematoqrafiya haqqında fikirləşəndə qonşu İran və Türkiyə kinosunda baş verən sıçrayışın səbəbləri haqqında da düşünürsünüz. Məsələn, Nuri Bilgə Ceylan Kann festivalının Qran-prisini Türkiyəyə gətirdi. İran filmləri də bu festivala qatılır, mükafat qazanır...

- Bunun kompleks səbəbləri var. Tarixin gedişatı, ictimai-mədəni vəziyyət, cəmiyyət, həmin ölkədə ictimai rəy, siyasi proseslər bəzən gözlənilməyən nəticə verir. Bu sıçrayış müxtəlif proseslərin nəticəsində yaranır.

- Azərbaycan Kinematoqrafiya İttifaqının təsis konfransında səslənən təkliflərdən biri də xaricdən mütəxəssisləri dəvət edib ustad dərslərinin keçirilməsi ilə bağlı olub. Sizcə 10 gün və ya bir ayın içərisində keçirilən «master-klass»lar gənclərin tam təşəkkülünə kömək edə bilərmi?

- Mən ömrümdə iki «master-klass»da iştirak etmişəm. Hər ikisindən də özümə əhəmiyyətli nəsə götürmüşəm. Çox mühüm fikirlərə orada yiyələnmişəm. Bu baxımdan «master-klass»ların əhəmiyyəti son dərəcə böyükdür. Başqa bir təfəkkürlə, başqa bir sənətkarla görüşmək, toqquşmaq – bu təhsilin bəlkə də ən mühüm tərəflərindən biridir. Dünya sənətkarları ilə keçirilən «master-klass»lara ayrılan vəsait havaya atılan pul deyil.

 

Mənim 52 yaşım var

 

- Tanınmış rejissor Eyzenşteynin belə bir sözü var: «Kiməsə rejissor olmağa iki gün, kiməsə 200 il vaxt lazım olur». Şəxsən sizə rejissor olmağa nə qədər vaxt lazım olub?

- Çox… Çünki mən əvvəlcə kinoşünaslıq fakültəsinə daxil oldum. Sevinirəm ki, bu cür olub. Mən bir çox talelərin şahidi oldum. Orta məktəbdən sonra məzunlar rejissorluq fakültəsinə daxil olurdular və ondan sonra film çəkə bilmədilər. Çəkəndə də zəif çəkirdilər. Çünki bu, insanın içində püxtələşməlidir. Burada həyat təcrübəsi, düşüncə, sənəti başa düşmək təcrübəsi çox böyük rol oynayır. Mən ilk filmimi demək olar ki, 33 yaşımda çəkdim.

- «Yarasa»nı nəzərdə tutursunuz.

- Bəli. Mən bilirdim ki, ondan tez fərli bir şey ortaya çıxara bilmərəm. Yaxşı ki, mən əvvəl nəzəriyyəni öyrəndim.

- Fikirlər var ki, rejissorlar ən yaxşı filmlərini 50 yaşına qədər çəkirlər. Hərçənd, Polşanın kinometri Ancay Vaydanın timsalında bu fikirlər özünü o qədər də doğrultmur...

- Mənim 52 yaşım var və mən gələcəyimə ümidlə baxıram. Bu baxımdan, mən böyük mənəvi dəstəyi Madriddə “Prado” muzeyində aldım. Gördüm ki, bir çox rəssamlar şah əsərlərini 70-75 yaşdan sonra yaradıblar. O yaşda ki, artıq o adam bir çox şeylərdən azaddır. O, artıq qadın istəyindən, hansısa fiziki tələbatdan azaddır. O, ancaq ruh aləmindədir və öz işi ilə məşğul olur. Bu baxımdan isə rejissorlar üç tipə bölünür: birinciləri şah əsərlərini ilkin dövrlərdə çəkir və sonralar inkişaf eləmirlər. Rejissorların bir qismi get-gedə daha kamil əsərlər yaradır. Bəzi rejissorlarda isə proses eyni səviyyədə gedir. Get-gedə kamilləşən rejissorlar azdır. Mən sənətkar da onlara deyərdim.

- Siz özünüzü hansılardan sayırsınız?

- Mən bunu deyə bilmərəm. Ümumiyyətlə, adam öz-özündən danışa bilməz. O adam ki, öz fəaliyyətini başlayır mənimsəməyə, demək o, bir sənətkar kimi artıq qurtarıb. Mən bu baxımdan özüm haqqında fikirləşmirəm. Mən həmişə başqalarının çəkdiyi filmlərdən böyük həvəslə danışıram, amma öz filmlərim haqqında bir kəlmə də deyə bilmirəm. Baxmayaraq ki, o filmlər mənim içimdə yaşayır, amma onların haqqında danışa bilmərəm.

- Bu sualı verməyə bilmərəm: Niyə az çəkirsiniz?

- Çünki mənim nəfəsim bu qədərə çatır. Başqa səbəblər yoxdur. Məndə fikir yarananda həmişə istəyimə nail oluram. Elə rejissor var ki, ildə bir film, elə rejissor da var ki, on ildən bir çəkir. Hərəsinin müəyyən bir nəfəsi var. Mənim imkanlarım budur.

- İndiki dövrü yaradıcılığınızda fasilə adlandırırsınız?

- İndiki vaxtı yox. İndi mən film çəkirəm. Amma hələlik

Bu barədə danışmaq istəmirəm.

- “Mənim kino ilə bağlı arzularım var” Bu sözləri müsahibələrinizin birində demisiniz. Nədir azularınız?

- Film çəkmək...

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-7-9 iyul.-S.5.