Tanış səs, təzə nəfəs 

 

Qəfildən dalğalanan musiqinin ləzifliyinə bürünmüş bir səsin ahəngindəki qeyri-adi məlahət ruhumu çox uzaqlara apardı. Dərbədər olmuş ellərimizin, düşmən tapdağı altında inildəyən torpaqlarımızın harayından sanki qəhərlənən müğənninin avazındakı qəribə xallar, cazibə, təsir adamın iliyinə işləyirdi. Elə bil bu səs minilliklərin o tayından qanadlanırdı. Səslə sözün məlhəmliyi taleyimizin qəmli bir hekayətini musiqin sehrinə bələyərək ağılanırdı:

 

Ağlama, torpaq sərindi,

Ovudar, kiridər dərdi.

Torpaq qurban diləmişdi,

Tanrı sevdiyin göndərdi.

 

Bu səsin ünyetməzliyi bulaq kimi qaynayırdı. Muğamlar, xalq mahnıları, bəstəkar nəğmələri bir-birinə bağlandıqca gözlərimiz önündə qəribə mənzərələr açılırdı. Xəyalımıza kimlərin doğma siması gəlmirdi? Sara Qədimova, Rübabə Muradova, Şövkət Ələkbərova, Nəzakət Məmmədova, Nərminə Məmmədova kimi sənətkarların unudulmaz ifaları yaddaşımızı tərpətdi. Ustadlarına bənzəyən və o tanış səsləri bizə yenidən xatırladan gənc müğənni xanım bu köhnə təzəliyin içində yeni nəfəs və təravətlə, məhz özünəməxsus bir üslubda oxuyurdu:

 

Yoluna güllər düzərəm, sevgilim,

Ay eşqimizi mən bəzərəm, sevgilim!

Yolunda candan keçərəm, sevgilim,

Ay eşqimizə and içərəm, sevgilim!

 

«Sevgilim» adlanan bu xalq mahnısı var olan gündən onu kimlər oxumayıb? Son illərdə ən yaxşı ifaçısı əməkdar artist Yaqut Abdullayeva sayılır. Qəribədir ki, bu qədim nəğmənin yeni ifaçısı tamamilə fərqli ahəng və nəfəsdə ona həyat verirdi. Əla bir şeiri əla bir nəğməyə çevirən nəğməkar xanımın nəfəsindən od tökülürdü. Hərdən mənə elə gəlirdi ki, o, özünü eşitmir. Bütün varlığı ilə nəğmənin çiliklənən sədalarına qarışaraq harasa uzaqlara qanadlanırdı…

Həm ifaçılıq sənətində, həm də qəlblərdə öz yerini tapan Bəyimxanım Vəliyeva çox gənc olmasına baxmayaraq zəngin bioqrafiyaya malik, nailiyyətlər qazanmış istedadlı müğənnidir. O, Bakıda anadan olub. Hələ kiçik yaşlarından musiqiyə böyük maraq göstərib. Doqquz yaşında İslam Rzayev və Əlibaba Məmmədovun məsləhəti ilə Bülbül adına orta ixtisas musiqi məktəbinin üçüncü sinfində muğam ustadı Ağaxan Abdullayevin xanəndəlik bölməsinə daxil olub. 2007-ci ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının solo oxuma fakültəsində yenidən xalq artisti Ağaxan Abdullayevin sinfində təhsilini davam etdirib.

Azərbaycan Dövlət Televiziyasında «Bənövşə» mahnı və rəqs ansamblının solisti kimi «Nargilə» mahnısını ifa edəndə Bəyimxanımın üç yaşı vardı. Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə «Ananın səsi» mahnısına görə birinci yerə layiq görüləndə dörd yaşlı qızcığazın gələcək uğurlarına hamı əmin idi. Sonralar müxtəlif müsabiqələrin, məsələn, «Yeddi on yeddi»nin qalibi, «Pöhrə-97» müsabiqəsinin laureatı olub. Maraqlısı odur ki, Bəyimxanım səkkiz yaşında indiki Heydər Əliyev Sarayında (1997-ci ildə) keçirilən dövlət tədbirində muğam ustadları Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Qəndab Quliyeva ilə birlikdə «Heyratı» ritmik muğamını ifa edib. Elə həmin ili də «İstedadlar axtarırıq» müsabiqəsinin fəxri diplomuna layiq görülüb. Məktəbli qızın muğama marağı, xalq mahnılarını xüsusi şövqlə oxuması sənətkarların diqqətini cəlb edirdi. Həm də Bəyimxanım hansı müsabiqədə, yarışmada iştirak edirdisə, mütləq qalib olurdu. 1998-ci ildə «Kainat» Gənclik Mərkəzinin təşkil etdiyi II uşaq muğam festivalında Bəyimxanım yenidən diploma layiq görüldü və illər sonra da onun ünvanını tanıyan belə təltiflərin sayı artmaqda davam etdi.

Heydər Əliyev Fondunun təşkil etdiyi müğam müsabiqələrində müxtəlif dərəcə və diplomlara layiq görülən Bəyimxanım Vəliyeva nəhayət, 2002-ci ildə respublika muğam müsabiqəsinin «Qran-pri» mükafatını aldı. Demək olar ki, hansı müsabiqədə iştirak edirdisə, qələbə onun adı ilə bağlanırdı.

2009-cu ildə keçirilən beynəlxalq müsabiqənin diplomunu alan gənc xanəndə on ildən çoxdur ki, Azərbaycan muğamını vətəndən kənarda, Avropa ölkələrində də uğurla təmsil edir. Fransa və Almaniyada keçirilən silsilə konsert proqramlarında avropalılar onun səsinə valeh oldular. Bəyimxanım oxuyanda onu ayaqüstü alqışlayırdılar. Xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət günlərində ölkəmizi layiqincə təmsil edən Bəyimxanımın 2007-ci ildə səsi Kanadada düzənlənən «Niaqara» festivalından gəldi. O, 2009-cu ildə Qüds şəhərində keçirilən İsrail muğamı ilə Azərbaycan muğamının sintez konsertində təkbaşına İsrail musiqiçiləri ilə iki saatlıq muğam konserti verib. Tamaşaçılar böyük həvəslə və yorulmadan birnəfəsə muğamları belə ustalıq və məharətlə ifa edən azərbaycanlı qıza sürəkli alqışlarla öz məmnunluqlarını çatdırırdlar.

Beş il Azərbaycan Dövlət Muğam Teatrının solisti olan Bəyimxanım Vəliyeva 2011-ci ildə Zirvədəkilər mükafatı üzrə «Xalq musiqisi janrında ilin qadın müğənnisi», «İncilər» media qrupunun təşkil etdiyi mükafatlandırmada «İlin muğam incisi» nominasiyaları ilə təltif edildi. Bu il isə «Yaxşıların yaxşısı» milli mükafatında «Xalq musiqisi janrında ən yaxşı gənc ifaçı» kimi dəyərləndirildi. Üç albomu işıq üzü görüb. Ailəlidir. Oxuduğu nəğmələrin içində ən gözəli gecələr qızı Aylaya zümzümə etdiyi laylalardı.

Bu söylədiklərimiz gənc müğənninin həyatındakı rəqəmlərlə ifadə edilən mühüm məqamlardır. Xalq şairi Məmməd Araza məxsus fikirdir: «Nəğmə oxunacaq musiqi də, mətn də bir növ «ölüdür». Elə ki müğənninin dilindən qopur, o, artıq eşidənin, dinləyənin var-dövlətinə, sənətinə, sərvətinə çevrilir». Bu fikirlərdən gələn bir məqamdır ki, Bəyimxanım Vəliyeva oxuyanda onun sinəsindən qanadlanan avaz ürəyindən su içir. Səs səni saxlayır, onu dinləməyə sövq edir. Əlində yağın daşsa da belə, dayanmağa məcbur olursan. Bu, hər oxuyana nəsib olan sənət qüdrəti deyil. Onun üç albomuna da qulaq asdım, kliplərinə baxdım. Muğamlarımızı da, xalq mahnılarımızı da gözəl ifa edir. Neçə tanış səsi yadına salır. Məftunluqla qulaq asırsan. Bəlkə də ilk baxışda qeyri-adi bir şey duya bilmirsən. Minillərdir yol gələn, dəfələrlə səslənən bu mahnılar artıq həyatımızın, duyğularımızın içinə hopub. Amma o bəstəkar mahnıları var ki, ilk dəfə məhz Bəyimxanım Vəliyeva oxuyur, başqa aləmdir. Sanki müğənni bütün ürəyini, hisslərini, duyğularını o şərqinin ahəngində dilə gətirir:

 

Sənsiz bu dünyanın dadı, duzu yox,

Sənsiz fəsillərin qışı, yazı yox.

 

Sənsiz həyatımın inan, özü yox,

Qaytar bu dünyamı, nolar qayıt gəl.

 

Bu çağırışın ahəngindəki yalvarışın özü də səsin qəribəliyinə qoşularaq dinləyəni düşüncələr aləminə aparır. Dünya nə qədər köhnə olsa da, onun sevgiləri həmişə təzədir. Oxuduğu nəğmələrin mətninə fikir verəndə duyulur ki, Bəyimxanım musiqi ilə yanaşı, sözə də həssas və tələbkardır. Elə bu səbəbdən də onu dinləyəndə adama elə gəlir ki, müğənninin dodağından qopan səslərin ahəngində rüzkara köklənmiş alov dilimləri sayrışır. Nəğmələri çoxdur. Yəqin ki, pərəstişkarları da təsdiqləyərlər ki, onun yaradıcılığında «Sarı çiçək» mahnısı zirvədir. Vaxtilə cənublu Ququşun (Faiqə Atəşi) oxuduğu «Ayrılıq» mahnısı cəmiyyətdə hansı rezonansı doğurmuşdusa, Bəyimxanımın «Sarı çiçək»i də eyni ahəngdə səsləndi:

 

Sevda yolçusuyuq, yolu bitməyən,

Sevgisin mələklər göydən gətirən.

İçimdə göyərən, içimdə bitən,

Solan sevdaların sarı çiçəyi.

 

Bu nəğməni sakit bir ürəklə dinləmək mümkün deyil. Sanki bir qürbət qasırğası üstümüzü kəsdirir. Qəribə bir nur var onun üzündə. Hələ ömrünün yaz çağındadır. Könlünün işığı mahnılarına da hopub. Silsilə zirvələr isə qarşıdadır. Səsində İlahinin bağışladığı sehr, əfsun var. Ovqatın bütün məqamlarında onu dinləmək istəyirsən. Kövrələ-kövrələ saflaşırsan, təzələşirsən, dincəlirsən, hissinə, duyğuna sanki bir həmdəm tapırsan:

 

Bitdi, hər şey bitdi,

Mən ölüncə əmanətdi,

Əlini mənə verib getdi,

Balamı əzizləyim.

 

«Anamın əlləri» adlanan bu mahnı anasını itirmiş hər kəsin ruhunu dara çəkir. Xəyallar bizi yırğalayır. O kövrək səs nəyəsə toxunmuş kimi çiliklənir: «Öz əlim quruyan budaq, anamın əllərin verin». Açığı, Bəyimxanımın bu nəğməsi çox yanıqlı bir nalədir. Nə ona qulaq asmaq mümkündür, nə ondan doymaq!

Bəyimxanım Vəliyevanın çox dərin xiffətlə ifa etdiyi bir nisgilli mahnısı da var:

Gəl gedək, gedək bu şəhərdən,

Bu payız mənlik deyil.

Ruhum saralan, saralan yarpaq,

Ayrılığın əl eləyir…

 

Həm sözlər, həm səsin ahəngi ürəyə köz kimi basılır, dinləyəni için-için odlandırır, əriyib yox olmaq istəyirsən. Hərdən heyrətlənirəm ki, bu cavan, gözəl xanımın sinəsində qərar tutan tonqalın mənbəyi hardandır? Bir dəfə söhbətinə qulaq asmışdım: «Anamı erkən itirmişəm» - söyləyirdi. Sonra da fikirləşirəm: bəs bu dağılan ellərin fərağı, işğal altında olan torpaqların dərdi, azdır ki?! Xalq artisti Arif Babayevin bir haqlı deyimi var: «Əzəldən belədir, muğam oxuyanlar ağırtaxtalı olurlar». Sanki bu düşüncələrin içində vurnuxarkən Bəyimxanım Vəliyevanın şövq və həvəslə ifa etdiyi «Barama» xalq mahnısının şən notları tamam başqa bir məqamı düşünməyə məcbur etdi:

 

Əzizinəm barama,

Qara telin darama.

Sənə qurban olaram,

Yara vurma yarama.

Ədalı yar, nisgilli yar,

Onu burax bana gəl,

Olurmu, yar?

İki sevda çəkənlərin

Cəzası var.

 

Vaxtilə bu mahnını ustad Hacıbaba Hüseynov oxuyardı. Məzəli təsir bağışlayırdı. Bəyimxanım isə tamam başqa avazda, amma adamın ürəyinə yağ kimi yayılan bir şirinliklə ifa edir. Sanki bütün dərdlərin üstündən xətt çəkilir. Demək, səsin ruhu sözün ahənginə görə dəyişir. Bu da bir istedaddır. Mahnı mətnini onu tələb edən səviyyədə tamaşaçıya çatdırmaq ifaçıdan sənət qüdrəti və qeyri-adi səs məlahəti, ən başlıcası isə ürək tələb edir.

…Üç yaşından səhnəyə gələn, «Nargilə» mahnısı ilə mütəxəssislərdə ümid oyadan Bəyimxanım Vəliyeva bu gün möhtəşəm səhnələrdə böyük sənətkarlarla birlikdə ən çətin muğamları ustalıq və məharətlə ifa edərək öz müəllimləri ilə bir sırada – halal yerində dayanır!

 

 

Flora XƏLİLZADƏ,

yazıçı-publisist 

 

Kaspi.-2012.-7-9 iyul.-S.12.