«Sosial
şəbəkənin informasiyası xalq
düşüncəsinə daha
yaxındır»
Aslan Aslanov: «Dünya informasiya nəhənglərinin,
o cümlədən bizi də narahat edən ən aktual
mövzu ondan ibarətdir ki, artıq sosial şəbəkələr
ənənəvi mediaya çox ciddi təsir göstərir»
Rusiyanın
İTAR-TASS informasiya agentliyinin himayəsi ilə Moskvada Beynəlxalq
Ticarət Mərkəzinin “Konqres” salonunda «Dünya mediası:
XXI əsrin çağırışları» devizi altında
Ümumdünya Media Sammiti keçirilib. Sammitin işində
ölkəmizin aparıcı KİV-lərinin nümayəndələri
də iştirak ediblər. Nümayəndə heyətinə
başçılıq edən Azərbaycan Dövlət
Teleqraf Agentliyinin – AzərTac-ın baş direktoru Aslan Aslanov
«Kaspi»yə müsahibəsində sammitdə müzakirə
olunan məsələlərdən, dünya mediasının
qarşısında duran problemlərdən və Azərbaycan
mediasının bugünkü vəziyyətindən söhbət
açıb.
Ümumi vəziyyətdən
çıxmağın yolları
- Aslan müəllim,
Ümumdünya Media Sammitinin keçirilməsində məqsəd
nə idi?
- Bir
sıra beynəlxalq xəbər agentlikləri var ki, bu
alyanslar dünya informasiya siyasətinin əsas istiqamətləri,
faktların toplanması, xəbərin hazırlanması,
yayılması, innovasiyalı texnologiyanın tətbiqi, əsrin
çağırışları ilə əlaqədar
qarşıya çıxan problemlər barədə ildə
bir neçə dəfə yığışır və
geniş müzakirələr aparırlar. Müəyyən təkliflər
əsasında rəylər formalaşır və
dünyanın ən nüfuzlu agentlikləri öz işlərini
məhz bu istiqamətdə qurmağa
çalışırlar. Bu alyanslardan biri Avropa Ölkələri
Xəbər Agentlikləri Alyansıdır. Avropanın 30
ölkəsi burada birləşib. Bu alyansa qəbul olunmaq da
çox çətindir. Onun ağır şərtləri
var. Əvvəla, hər ölkədən bir agentlik bu şərtləri
tam yerinə yetirdikdən və Avropa Xəbər Agentlikləri
Alyansının bürosunda səs alandan sonra bu quruma qəbul
oluna bilər. Burada Avropanın əsas ölkələri təmsil
olunur. O cümlədən, AzərTac 2008-ci ildə dünya
informasiya siyasətində mühüm rol oynayan bu alyansa qəbul
olunub. 29 ölkədən 26-sı bizə səs verib. Onu da
qeyd edim ki, keçmiş sovet respublikalarından yalnız
Rusiyanın İTAR-TASS agentliyi və Ukraynanın UKRİNFORM
agentliyi bu təşkilata üzvdür. İldə iki dəfə
alyansın iclasları keçirilir. Avropa ölkələrinin
informasiya agentlikləri burada toplaşaraq dünya informasiya
siyasətinin qarşıdakı problemlərini ətraflı
müzakirə edir və təcrübə mübadiləsi
aparırlar. İkinci təşkilat isə Asiya və Sakit
Okean Ölkələri İnformasiya Agentlikləri Alyansıdır. Bu təşkilat
demək olar ki, Yer kürəsinin yarıdan çoxunu əhatə
edir və burada dünyanın 33 ölkəsi təmsil olunur.
2004-cü ildə AzərTAc-da bu alyansa qəbul olunub. Mən
iki dəfə dalbadal bu alyansın İdarə Heyətinə
üzv seçilmişəm. Bundan başqa, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv olan ölkələrin informasiya agentlikləri
alyansı fəaliyyət göstərir və burda 14 ölkə
birləşib. İki il bundan əvvəl bu təşkilatın
Bakıda iclası keçirildi. Hazırda ona AzərTac sədrlik
edir. O cümlədən, Türkdilli Ölkələrin Xəbər
Agentlikləri Alyansına da uzun müddətdir AzərTac rəhbərlik
edir. Heç bir agentlik qarşılaşdığı
problemləri təkbaşına həll edə bilməz. O,
mütləq müəyyən qurumlarda iştirak etməlidir
ki, öz işini düzgün qura və dünya informasiya
siyasətinə uyğunlaşdıra bilsin. 2009-cu ildə
dünyanın ən nəhəng informasiya agentlikləri
fikirləşdilər ki, daha yeni bir qurum lazımdır. Məsələn,
Dünya İnformasiya Agentlikləri Konqresi fəaliyyətdə
idi. Amma bu, özünü doğrultmadı. Onda
dünyanın “Sinxua”, “Assoşieyted Press”, “Röyter”, «Kiodo»
kimi nəhəng agentliklər yeni bir qurumun yaranması ilə
bağlı təşəbbüs qaldırdılar. Elə
bir qurum ki, orada dünya informasiya siyasətinə az-çox
töhfə verməyi bacaran, onun işində iştirak edə
bilən agentliklər bir yerə toplaşsın və 2-3 ildən
bir medianın qarşıda duran qlobal problemləri ilə
bağlı müzakirələr aparsınlar və ümumi vəziyyətdən
çıxmağın yollarını
araşdırsınlar. Ona görə də 2009-cu ildə
Çin Xalq Respublikası təşəbbüsü öz
çiyninə götürdü. Mən həmin tədbirə
dəvət olunsam da, təəssüf ki, müəyyən səbəblərə
görə iştirak edə bilmədim.
Bu il
isə İTAR-TASS agentliyi təşəbbüs göstərərək,
dünya sammitinin Moskvada keçirilməsini məsləhət
bildi. Həmçinin təmsilçilərin dairəsi bir qədər
genişləndirilirdi, beliklə, medianın bütün sahələri
əhatə olundu. Dünyanın 102 ölkəsindən 300-dən
çox mətbuat nümayəndəsi Moskvaya dəvət
olundu və demək olar ki, dünya sammiti çox
böyük uğurla başa çatdı. Mənimlə bərabər
sammitdə «Trend» agentliyinin baş direktoru İlqar Hüseynov
və «Azerbaydjanskie izvestiya» qəzetinin baş redaktoru
Gülnarə xanım da orada iştirak etdi.
- Rusiyanın dövlət rəsmilərinin
forumun işinə reaksiyası necə oldu?
-
İTAR-TASS-ın baş direktoru, Ümumdünya Media Sammitinin
prezidenti Vitali İqnatenko forumu açaraq Rusiya prezidenti
Vladimir Putinin zirvə görüşünün
iştirakçılarına ünvanlanan təbrik məktubunu
oxudu. Rusiyanın baş naziri Dmitrii Medvedyevin təbrik məktubu
da oxundu. O cümlədən, BMT-nin baş katibi Pan Gi Munun zirvə
görüşü iştirakçılarını video
müraciətlə təbrik etdi. Rusiya Dövlət
Dumasının sədri Sergey Narışkin
çıxışında KİV-lərin bu
gününü və gələcəyini necə
gördüyündən, həmin prosesdə parlamentarizmin əhəmiyyəti
rolundan söz açdı və həmçinin jurnalistlərin
suallarını cavablandırdı. Çinin «Sinxua»
agentliyinin prezidenti Li Suntszyun, «Röyter» agentliyinin mətbuat
üzrə prezidenti Syuzan Teylor Martin və başqaları
forumda çıxış etdilər. Birinci gün dünya
informasiyasını maraqlandıran bir sıra aktual məsələlər
müzakirə edildi. İkinci gün isə iclası Mixail
Qusman açdı. Yaponiyanın “Kiodo», Çinin «Sinxua» və s. agentliklərin
baş direktorları çıxış etdilər. O
cümlədən, mən özüm də
çıxış etdim və suallara cavab verdim. Hesab edirəm
ki, bu sammit bir daha göstərdi ki, regional xəbər alyansları
ilə birlikdə Avropa Xəbər Agentlikləri Alyansı nə
qədər mühüm, nüfuzlu olsalar da, hələ
dünya informasiya siyasətinin
qarşılaşdığı problemlərin tam həll
olunmasında lazımi effekti tam verə bilmirlər. Dünya
mediasının nəhəngləri də belə hesab edirlər
ki, dünya sammiti davam etdirilməlidir. Heç olmasa, iki ildən
bir dünya mediasının nəhəngləri bir yerə
toplaşmalı və qarşıya çıxan bu cür
problemlər müzakirə olunmalıdır. Problemlər isə
xeyli çoxdur.
Qlobal problem
- Sammitdə müzakirə olunan əsas
problemlər nədən ibarət idi?
-
Bütövlükdə XXI əsrdə informasiyanı nə
gözləyir? Bu sual hamını
düşündürür. Dünya informasiya nəhənglərinin,
o cümlədən də şəxsən bizi narahat edən ən
aktual mövzu ondan ibarətdir ki, artıq sosial şəbəkələr
ənənəvi mediaya çox ciddi təsir göstərir.
Hətta, nəinki təsir göstərir, onu vurub sıradan
çıxarmağa xeyli dərəcədə
yaxınlaşır. Səbəb odur ki, insanlar innovasiya
texnologiyalarının yeniliklərindən çox
ağılla, dərrakə ilə istifadə edərək
artıq özləri bir-birlərinə müxtəlif janrlı
- həm görüntülü, həm səsli, həm də
infoqrafik xəbərləri göndərir, özləri
bir-birləri ilə xəbərləşirlər. Ənənəvi
media bu operativlikdən xeyli geri qalır. Tutaq ki, cənab
prezidentin “Qaradağ sement” zavodunun
açılışında iştirak etməsi ilə
bağlı xəbər AzərTac-ın müxbiri və ya
istənilən ənənəvi medianın bir nümayəndəsi
tərəfindən yazılır. Müxbir xəbəri
yazaraq redaktora, o da öz növbəsində
buraxılış redaktoruna verməlidir... Bu, xeyli dərəcədə
vaxt aparır. Ancaq orada iştirak edən, ancaq heç bir
jurnalist təhsili və jurnalistika ilə əlaqəsi olmayan
bir adam hadisə baş verən kimi onunla bağlı bir
cümləni Facebook-da yerləşdirəcək.
Bu cümlə baş-ayaq olacaq və orada heç bir dil və
üslub qaydalarına əməl olunmayacaq. Ancaq buradakı ən
vacib olan fakt insanları cəlb edəcək. Bir dəqiqənin
içərisində 4-5 min adam bu xəbərə baxacaq. AzərTac-ın
və ya Azərbaycanda olan istənilən informasiya agentliyinin
və yaxud elektron mətbuatın nümayəndəsinin
buraxdığı xəbər isə gün ərzində
özünə 1000-2000 oxucu toplamayacaq. Demək, bu prosesin
qarşısını almaq mümkün deyil. Moskva sammiti də
göstərdi ki, sadəcə reallıqla razılaşmaqla bərabər,
əgər ənənəvi media təcili tədbirlər
görməsə, innovasiyalı texnologiyaların
imkanlarından yüksək, daha yaradıcı səviyyədə
istifadə etməsə, onda bu mübarizədə əsaslı
surətdə geri qalacaq və uduzacaq. Ən çox
narahatlıq gətirən problem sosial şəbəkələrlə
ənənəvi media arasındakı gərginliyi aradan
qaldırmaqdır. Moskva sammitinin keçirilməsinin əsas
məqsədlərindən biri məhz bu idi. Bu, çox qlobal
problemdir.
Operativlik qeyri-adi dərəcədə
sürətlənməlidir
- XXI əsrin digər
çağırışları hansılardır?
- XXI
əsrin başqa çağırışları da var. Elə
çağırışlar var ki, onlar mütləq
müzakirə olunmalı, fikir mübadiləsi
aparılmalıdır. O cümlədən, medianın bazar məsələsi
də, onun reklam məsələsi də çox böyük
problemdir. Bütün bunlar Moskva sammitində ətraflı
müzakirə olundu.
- Ənənəvi medianın
mövqeyini necə qoruyub saxlamaq olar? Forumda problemin həlli ilə
bağlı hansı təkliflər səsləndi?
- Əsas
güc ondan ibarətdir ki, operativlik qeyri-adi dərəcədə
sürətlənməlidir. Bunun üçün isə
innovasiyalı texnologiyadan maksimum istifadə olunmalıdır. Əgər
10 il bundan əvvəl AzərTac-ın işlərinin xeyli
hissəsi teletayp vasitəsilə görülürdüsə,
4-5 il bundan əvvələ qədər əsas məhsulumuzun
buraxılmasında faks maşınları və elektron
poçtlar rol oynayırdı. İndi daha yeni innovasiyalı
texnologiyalardan istifadə olunmalıdır. Mən özüm
də, o biri agentliklərin baş direktorları da
çıxışlarında bildirdik ki, informasiyanın dəqiqliyi,
operativliyi, ahəngdarlığı və dilin zənginliyinin
qorunmasına əməl olunmasına
çalışmalıyıq. Bu, əsas şərtlərdən
biridir. Lakin sosial şəbəkələrdə buna nəzarət
etmək mümkün deyil. Faktlar cəlbedici olsa da, onların
dürüstlüyü tam təminat vermir. Halbuki artıq
dünyanın ən nüfuzlu ölkələri – ABŞ da,
Avropa ölkələri də bir az əvvəl öz siyasətini
ənənəvi medianın əldə etdiyi
informasiyaların üzərində qururdusa, indi hətta,
dövlətlər özləri də sosial şəbəkələrin
informasiyasına daha çox meyillidirlər.
- Səbəb nədir?
- Səbəb
ondan ibarətdir ki, bu, xalqın içindən gəlir. Sosial
şəbəkənin informasiyası xalq düşüncəsinə
daha yaxındır. Bütün dərinliklərə vara
bilir. Sosial şəbəkədə heç bir qadağa,
heç bir redaksiya, kənar müdaxilə yoxdur, tam sərbəstlikdir.
Yəni insanın ürəyində nə varsa - gözlə
gördüyü, qulağı ilə eşitdiyi nə varsa
ondan istifadə edir. Sadəcə, orada informasiya var. Bəs o
informasiyanı necə götürməli? Bu informasiya dəqiq
süzgəcdən keçirilməlidir. Ona görə də
bir neçə il bundan əvvəl
«Sinxua», «Assoşieyted Press», “Röyter, «Kiodo» agentlikləri
sosial şəbəkələr şöbələri
yaratmağa məcbur olublar. Azərbaycanda da informasiya siyasətləri
ilə məşğul olan təşkilatlarda mütləq
sosial şəbəkələrlə iş şöbələri
yaradılmalıdır. Bu, elə bir sahədir ki, diqqətdən
kənarda qala bilməz. Düzdür, o idarəolunmazdır,
ancaq oradakı faktlardan istifadə çox vacibdir. Bir halda
dünyanın nəhəng ölkələri öz siyasətlərini
sosial şəbəkələr üzərində qurmağa
nəinki meyillidirlər, hətta, bunu edirlərsə, onda
başqa ölkələrdə də ənənəvi medianın
təsir dairəsindən çıxmaq lazım gələcək.
Başqa yol yoxdur. Ənənəvi media da
çalışır ki, nə varsa obyektiv çatdıra
bilsin. Amma sosial media bunu xeyli dərəcədə üstələyir.
Yenə deyirəm, burada çox dəqiq süzgəc
lazımdır. Sənə lazım olan informasiyanı
seçib götürməli, informasiyanı yenidən
yoxlamalısan. Hər halda rəsmi dövlət siyasəti ilə
məşğul olan təşkilatlar ondan olduğu kimi istifadə
edə bilməzlər. Lakin o, çox gözəl bir mənbədir,
xammaldır. Ona görə də mən bir neçə
ştatları ləğv etmişəm və onların əvəzinə
yeni bir şöbə – sosial şəbəkələrlə
iş şöbəsi yaratmışam.
-Siz sammitdəki
çıxışınızda da internet KİV-lərin və
sosial şəbəkələrin inteqrasiyasının daha da
genişlənəcəyini və təkmilləşəcəyini
qeyd etmisiniz. İnternet nəşrlərini KİV
adlandırmaq olarmı?
Təranə Məhərrəmova
(Ardı var)
Kaspi.-2012.-11 iyul.-S.9.