«Tapdığımız 37 qızıl sikkənin hər biri 3500-7000 avro dəyərindədir”

 

Qafar Cəbiyev: “Ağsu ekspedisiyası indiyə kimi 15000 kvadrat metrə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb”

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası apardığı qazıntı işləri zamanı qədim dəfinə tapıb. Həmin dəfinə və ümumilikdə Ağsu rayonu ərazisində aparılan arxeoloji qazıntıların nəticəsi ilə bağlı “Kaspi”nin suallarını Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev cavablandırır.

- Qafar müəllim, Ağsu arxeoloji ekspedisiyası nə vaxtdan fəaliyyət göstərir və əsasən hansı ərazilərdə qazıntı işləri aparıb?

- Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası 2009-cu ildən fəaliyyət göstərir. Ağsu Arxeoloji ekspedisiyası MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır. Bu ekspedisiya indiyə kimi 15000 kvadrat metrə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb. 2010-cu ilin mart ayında abidədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Mart ayı ərzində arxeoloqlar tərəfindən orada 600 kvadrat metr sahədə qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə və istehsalat çıxarları, metalişləmə sənətində istifadə olunan alətlər tapılıb. Bütün bunlar həmin ərazidə əsasən metalişləmə sənətinin müxtəlif sahələri üzrə ixtisaslaşmış emalatxanaların mövcudluğundan xəbər verir. İçərisində qırmızı və çəhrayı rəngli boya qalıqları olan küplər və toz şəklində boyaq isə həmin ərazidə həm də boyaqçılıq emalatxanasının fəaliyyət göstərdiyinə dəlalət edir. Əldə edilmiş çoxsaylı şirli və şirsiz saxsı qab nümunələri, daş, sümük və şüşədən olan məişət və təsərrüfat əşyaları dulusçuluq, daşişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı sahələrinin geniş şəbəkəsinin mövcudluğunu təsdiqləyir. Tapıntılar içərisində digər yerlərdən gətirilmiş bir çox məişət əşyaları və bəzək nümunələri də vardır. Bunlar bəhs edilən dövrdə Ağsu şəhərinin dünyanın bir çox şəhərləri ilə ticarət və mədəni əlaqələrinin olduğunu göstərir.

- Arxeoloji qazıntı nəticəsində tapılan maddi mədəniyyət nümunələri Ağsu şəhərinin qədim tarixə malik olduğunu tam əks etdirirmi?

- Ağsu XVIII əsrə aid şəhərdir. 1731-ci ildə Nadir şahın göstərişi ilə salınıb. Azərbayacanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olub. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır. Şəhər 40 hektara qədər sahəni əhatə edir. Kvadrat formalıdır. Qiblə istiqamətində tikilmiş sırf İslam şəhəridir. Qazıntılar nəticəsində bu şəhərin bir sıra ictimai binaları, sənətkarlıq məhəllələri, emalatxanaları, əsas ara küçələr, meydanlar, şəhərin su təchizatı kanalizasiya şəbəkəsinə aid geniş qurğular, möhtəşəm hamam binası, şəhərin 56 sütundan ibarət Cümə Məscidinin qalıqları, iki ədəd nəhəng su anbarı nəhayət hazırda tədqiqatını apardığımız çox böyük anbar binası aşkar etdik. Anbar 250 kvadrat metr ərazini tutur.

- Sizin ekspedisiyanın apardığı qazıntılar nəticəsində əldə etdiyi ən uğurlu nəticələrdən biri Ağsu rayonu ərazisində dəfinənin tapılmasıdır. Deyə bilərsinizmi, bu dəfinə əsasən nədən ibarətdir neçənci əsrə aid edilir?

- İyunun 22-də səhər saat 08:30-da şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxdı. Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürüldü. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir. Sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunub.

Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə var. Üzərində qısa olaraq “MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP.” yazılıb. Yazının latın dilində açılışı belədir: “MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii”. Yazı tərcümə olunur ki, sikkənin üzərindəİmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin sikkəsidir”, sözləri yazılıb. Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunub. Üzərində qısa olaraq latın dilində “CONCORDIA.RES.PAR.CRES.HOL.” yazılıb. Yazının latın dilində tam açılışı belədir: “CONCORDIA RES PARvae CREScunt HOLlandiae”. Yazı hərfi mənada belə tərcümə olunur: “Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". YəniGüc birlikdədir”. Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi. Bunlarla yanaşı, iyulun 9-da Ağsuda daha bir qızıl nümunə tapılıb. Bu isə qızıl sinəbənddir. Hazırda Ağsuda tədqiqatlar davam edir.

- Deyə bilərsinizmi həmin dəfinə indi harada saxlanılır? Qızıl sikkələri görmək istəyən vətəndaşlar hara üz tutmalıdırlar?

- Biz qazıntıdan sonra dərhal yerindəcə dəfinənin fotosunu çəkdik. Sonra ekspedisiya elmi heyətinin iştirakı ilə akt tərtib olundu. Sikkələr yerindən götürülüb ekspedisiya heyəti tərəfindən iki gün ərzində oxundu. Fotoları gələcək nəşrlər üçün çap olundu. İki gün ərzində ilkin zəruri tədqiqat işləri başa çatdırılaraq, iyunun 25-də dəfinəni Arxeolgiya Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdik. İndi həmin dəfinə Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

- Real bazar qiymətlərinə görə xəzinədəki sikkələrin dəyəri təxminən qədərdir?

- Tapılan qızıl pulları iki cür dəyərləndirmək olar. Birincisi tarixi yadigar kimi. O dəyərin həcmini müəyyən etmək olmaz. Çünki bu böyük dəyərdir. Bunu rəqəmlə ifadə etmək olduqca çətindir. İkincisi isə hazırda dünyadakı kommersiya bazarında həmin sikkələrin birinin hardasa 3500-7000 avro arasında dəyəri vardır. Bütövlükdə dəfinənin kommersiya dəyəri 130 min avroya bərabərdir. Ümumiyyətlə, Azərbaycan ərazisində yerli pullar çox tapılıb. Bundan əvvəllər belə tapıntılar olub. İlk nümunələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək zərb olunmuş Alban pullarıdır. Bunlar Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qəbələdə aşkar olunub. Ağsu tədqiqatları zamanı ilk dəfə olaraq Lahıc zərbi ilə olan pullar tapılıb. Yəni, pul hər yerdə deyil, ayrı-ayrı şəhərlərdə zərb olunurdu. Misal üçün, Şamaxıda, Dərbənddə, Qəbələdə, Bakıda sair yerlərdə zərb olunmuş pullar var. Amma Lahıcda zərb olunmuş pullar ilk dəfə olaraq bizim tərəfimizdən tapılıb ki, bunlar da Ağsu qazıntılarında aşkar olunanlardır. Bir daha qeyd edim ki, təkcə bu pullar deyil, eləcə digər çoxsaylı tapıntılar Ağsunun orta əsrlərdə, o cümlədən XVIII əsrdə Avropa şəhərləri ilə intensiv ticarət mədəni əlaqələrdə olmasını göstərir. Ağsu tədqiqatı zamanı biz bir miniatür-kaşı tapmışıq. Miniaturun üstündə təsvir olunmuş süfrədəki əşyalar, qablar qazıntıdan tapdığımız materiallarla uyğunluq təşkil edir. Bunların hamısı isə Avropa istehsalıdır. Bu faktın özü Ağsu şəhərinin digər şəhərlərlə əlaqələrini bir daha təsdiq edir.

- Apardığınız arxeoloji qazıntılara, gördüyünüz işlərə, o cümlədən son olaraq qızıl dəfinəsini aşkarlamağınıza ictimaiyyətin və müvafiq dövlət qurumlarının diqqəti sizi qane edirmi?

- Bizim fəaliyyətimiz AMEA rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılıb. Son qazıntılar zamanı əldə etdiyimiz nəticə isə daha yüksək qiymətləndirilib. AMEA Rəyasət Heyətinin sərəncamı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun və Ağsu ekspedisiyasının rəhbərliyinə təşəkkür elan edilib və ekspedissiya üzvlərinə pul mükafatının verilməsi qərara alınıb. Arxeoloji tapıntılarla bağlı keçirilən mətbuat konfransı, bura çoxsaylı jurnalistlərin gəlməsi də bizim fəaliyyətimizə olan diqqətin göstəricisidir. Uzun illər belə bir praktika mövcud idi ki, arxeoloqlar axtarırlar, tapırlar, yaxud bu barədə yazırlar və bütün bunlar qalır Akademiyanın divarları arasında. Bu tapıntılar, onların Azərbaycan tarixindəki əhəmiyyəti və yeri barəsində isə cəmiyyətin ümumiyyətlə məlumatı olmur. Media qurumlarını təmsil edən jurnalistlərin əməyi sayəsində geniş ictimaiyyət bu barədə xəbər tutur. Ən azından Azərbaycan cəmiyyəti bilir ki, harda nə tapılıb və bunun elmi əhəmiyyəti nədir.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-12 iyul.-S.6.