“İnformasiyanı
başlı-başına buraxmaq olmaz”
Aslan Aslanov: «Əgər Azərbaycan
televiziyaları yaxın gələcəkdə insanlara
informasiya çatdırmaq formalarını dəyişməsələr,
o televiziyalara heç kəs baxmayacaq»
(əvvəli
ötən sayımızda)
Bu
ilin oktyabr ayında Bakıda İkinci Beynəlxalq Humanitar
Forum keçiriləcək. Həmin forumda vacib mövzularla
yanaşı, qloballaşan dünya şəraitində
jurnalistika məsələləri də müzakirə
olunacaq. İTAR-TASS və AzərTac tərəfindən birgə
təşkil ediləcək forumdakı müzakirələrdə
ayrı-ayrı ölkələrin nüfuzlu xəbər
agentliklərinin rəhbərləri də iştirak edəcəklər.
Bu günlərdə Moskvada başa çatan Ümumdumya Media Sammitindən qayıdan Azərbaycan
Dövlət Teleqraf Agentliyinin
(AzərTac) baş direktoru
Aslan Aslanov “Kaspi”yə
müsahibəsində qloballaşmanın KİV-lərə
göstərdiyi təsirdən də danışıb.
Gələcəyin
informasiyası
-Siz sammitdəki
çıxışınızda internet KİV-lərin və
sosial şəbəkələrin inteqrasiyasının daha da
genişlənəcəyini və təkmilləşəcəyini
qeyd etmisiniz. İnternet nəşrlərini KİV
adlandırmaq olarmı?
- Bu barədə diskussiyalar az olmayıb.
Lakin mübahisələr öz
yerində, internet isə
«hücuma keçməkdə»
davam edir. Məsələn, Azərbaycanda yalnız
internetə əsaslanan
özəl informasiya agentlikləri AzərTac ilə açıq rəqabət aparmağa başlayırlar. Son vaxtlar sosial şəbəkələr, xəbər
portalları, axtarış
sistemləri xüsusi
cazibə qüvvəsi
qazanıblar. Qloballaşma tamamilə yeni bir informasiya məkanı – konverqasiyaya
məruz qalmış
interaktiv sosial medialar yaradıb. Bunlar ənənəvi və
internet KİV-lərin, o cümlədən
AzərTac-ın işinə
konkret təsir göstərir. Onlar ən
iri nəşrlərin
buraxdığı informasiyanı
tamamlamaq və təhlil etmək imkanına malikdir. Jurnalistlər birliyi bu məkanı sosial şəbəkələrdə dislokasiya olunmuş böyük bir «ordu» ilə tərəfdaşlıq şəraitində
mənimsəməlidir.
- Bəs təsirə tam məruz
qalmamaq üçün AzərTAc vəziyyətdən
çıxış yolunu necə axtarıb tapır?
-
2010-cu ildə AzərTac-ın 90 illiyi qeyd ediləndə
prezidentə məruzə etdim ki, dünya informasiya siyasətinin
qarşılaşdığı problemlərdə AzərTac-ın
da yaxından iştirak etməsi, beynəlxalq alyanslarda və
digər regional qurumlarda qazandığımız yeri əldə
saxlaması üçün biz mütləq yeni xidmət sahəsi
yaratmalıyıq. Onlarla tarazlaşmaq üçün
başqa yol yoxdur. Çünki insanlar artıq televiziyanın
qarşısında oturub xəbər gözləmirlər. Buna
insanın nə vaxtı, nə də həvəsi var.
Ümumiyyətlə, o, bunu özünə yaxın buraxmaq,
vaxtını hədər yerə itirmək istəmir. İnsan istəyir ki,
informasiyanı ona lazım olan
vaxt – oturub
çörək yeyəndə, yolda,
maşında, hansısa bir
görüşdə olarkən düyməni basmaqla
əldə etsin. Ona
görə mən bəribaşdan deyirəm ki,
əgər Azərbaycan televiziyaları yaxın gələcəkdə
insanlara informasiya
çatdırmaq formalarını dəyişməsələr,
o televiziyalara heç kəs baxmayacaq. Onsuz da indi tamaşaçı
xeyli azalıb. Əgər orada
müxtəlif islahatlar aparılmasa, televiziya insanın öz
yaxınına gəlməsə, ona heç kim baxmayacaq. İstənilən ailəyə gedin və görün:
ailənin neçə üzvü
televiziyanın qarşısında əyləşib.
Görəcəksiniz ki, onların böyük əksəriyyəti öz otaqlarında kompyuterin
arxasında oturaraq onlara
lazım olan informasiyanı internet jurnalistikası vasitəsi ilə tapmağa çalışırlar. Ona görə
də biz ölkə prezidentinin
sərəncamı ilə Multimediya,
video-xəbər xidməti redaksiyası yaratdıq. İndi biz həm xaricdəki
alıcılarımız, həm də yerli
oxucularımız üçün görüntülü xəbərlər də
buraxırıq. Hətta, mən bu
redaksiyanı yaradanda bir
çox televiziyalar
«deyəsən, AzərTac televiziya
yaradır» - deyə təşvişlə fikirləşdilər.
Bir halda ki, əgər televiziya
sıradan çıxırsa, insanlar bu televiziyanı qəbul etmirlərsə, onda o televiziyanı nə üçün yaratmalıyam? Dağılan bir şeyi təzədən
nə üçün qurmalıyam? Mən
televiziya yaratmıram, mən insanlara görüntülü
xəbər vermək istəyirəm. Bu
redaksiyanı da məhz buna
görə yaradıram. Bundan sonra bir az
sakitlik yarandı. Demirəm ki, indi biz
məqsədimizə tam
çatmışıq. Amma xeyli bünövrə yarada
bilmişik. Kadrlar
tapmışıq, studiyalar
yaratmışıq, avadanlığımız var. Artıq AzərTac-ın işçiləri
sərbəst olaraq respublika
üçün əhəmiyyətli olan beynəlxalq tədbirləri həm də görüntülü xəbər şəklində
təqdim edirlər. O cümlədən, səsli xəbərlər
də yayırıq. Bu cür xəbərlərin də
dinləyiciləri çoxdur. İnsanlar tıxaclarda qalarkən, uzaq səfərlərə gedərkən informasiya eşitmək istəyirlər. Əgər
bu informasiyanı axtarıb radiodan tapırlarsa, elə isə niyə AzərTac-ın
səsli xəbərindən eşitməsinlər? Düzdür, biz hələ
bu dairəni tam qapaya bilməmişik. Hələ yeni başlamışıq, amma
demək olar ki, səsli
xəbərlər də artıq özünə xeyli dinləyici toplaya bilib. İndi daha yeni bir
janr – infoqrafik janr yaranıb. Amma əslində
bu janrın kökü
daha qədimdir. İnsanlara
daha obyektiv, daha lokanik informasiyalar
lazımdır. Bunu infoqrafik
yolla da əldə etmək
olar. Əgər bir az əvvəl biz gün ərzində 3 infoqrafik
xəbər qoyurduqsa, indi
15 belə xəbər qoyuruq. Görürük ki, buna maraq
da çoxdur. Elə hesab edirəm ki, gələcəkdə
informasiya yükü əsasən
multimedia, video- xəbər
xidmətinin üzərinə düşəcək.
Çap mediası üçün
təhlükə
- Siz internet jurnalistikasının,
sosial medianın televiziyalar üçün
yaratdığı təhlükədən
danışdınız. Bəs çap mediası üçün
hansı təhlükələr hiss olunur?
-
Onda gəlin oradan başlayaq: mən nə üçün
jurnalist oldum? Mən Cəbrayıl rayonunda, sıravi bir ailədə
doğulmuşam. Orta məktəbdə oxuyanda müşahidə
edirdim ki, «Kommunist» qəzetinin müxbiri rayona gələndə
bütün rəhbərlər ona necə diqqət göstərirlər.
Adamlar da sonra onun nə yazacağını səbrsizliklə
gözləyirdilər. Məqalə çıxanda isə qəzet
əl-əl gəzirdi. Məni jurnalistikaya da bu maraq gətirdi.
Universitetin
jurnalistika fakültəsini bitirdiyim vaxtlar Mərkəzi Komitə
hüquq, şərqşünaslıq və jurnalistika
fakültələrinin təyinatlarına xüsusi nəzarət
edirdi. Məlum oldu ki, Ağcabədi rayonunda bir nəfər də
ali təhsilli jurnalist yoxdur və bir neçə nəfər
o rayona getməlidir. Siyahıda adı olanlardan biri də mən
idim. Mən Ağcabədiyə getdim. 10 gündən sonra bizi
pambıq yığımına apardılar. Çox əzablı
idi, amma mən pambıq yığımında iştirak
edirdim. Lakin mən orada respublika mətbuatı ilə müntəzəm
əlaqə saxlayır, yazılar yazırdım. Qəlbimdə
«Kommunist» qəzetində işləmək arzusu hələ də
qalırdı. O zaman bu qəzetə Tofiq Rüstəmov rəhbərlik
edirdi. O, universitetdə müəllimim olmuşdu. Mən ərklə
onun yanına gəldim və arzumu bildirdim. Bir həftədən
sonra Tofiq müəllim əmrimi verdi və işə
götürüldüm. Mən bu redaksiyada təxminən bir
il işləyəndən sonra müşahidə etdim ki,
artıq yazılı mətbuat təxminən öz təsirini
itirir. Artıq televiziya yavaş-yavaş yazılı mətbuatı
üstələyir və onu meydandan çıxarmağa
başlayır. İnsanlar qəzet oxumağa yox, daha çox
televiziyaya baxmağa meyil edirlər. Onlar öz
informasiyalarını televiziyadan almaq istəyirdilər.
Böyük əksəriyyət özünü efirdən
görmək istəyirdi. Bir az əvvəl isə hamı
arzulayırdı ki, onun haqqında «Kommunist» qəzetində
yazsınlar və ya heç olmasa adı-soyadı qəzetdə
getsin. İndi isə artıq insanlar kütlə şəklində
televiziyaya meyl edirdilər. Bu, onu göstərirdi ki, televiziya
yazılı mətbuatı əməlli-başlı üstələyir.
Çünki operativlik, informasiyanın insanlara
çatması baxımından televiziya daha böyük
imkanlara malik idi. Ölkənin ən ucqar nöqtəsində
insanlar xəbəri eşidə bilirdilər. Ancaq qəzetin
oralara gedib çatması üçün ən azı bir
gün vaxt lazım idi.
Hazırda isə belə bir vəziyyət yaranıb ki, artıq internet jurnalistikası televiziyanı üstələyir. Televiziya vaxtilə yazılı mətbuata göstərdiyi təsirdən 5 qat artıq zərbəni alır. Düzdür, biz o vaxtlar deyirdik ki, qəzetlə televiziyanın mübarizəsində yazılı mətbuat xeyli dərəcədə məğlub oldu, ancaq sıradan çıxmadı. İndi də dünyada bu mübarizəyə nəinki tab gətirən, hətta meydandan heç cür çıxmaq istəməyən nümunələr var. Yenə də onların milyonlarla oxucuları var, insanlar onlara inanır, onları oxumaqdən həzz alırlar. Mən demirəm ki, televiziya da 5-10 ilə tam sıradan çıxacaq. Duruş gətirən, mübarizədə yerini qoruyub saxlaya bilən televiziyalar sözsüz ki, olacaq. Hər halda sosial jurnalistikanın ənənəvi mediaya çox ciddi surətdə zərbə vurması və onu sıxışdırıb meydandan çıxarmağa çalışması faktdır. Həyat göstərəcək ki, buna nail olacaq, ya yox. Şəxsən mən hesab edirəm ki, buna hələ uzun müddət vaxt lazımdır.
- Əgər bu gün naşı
adamlar da sosial şəbəkələrdə informasiya ilə
oynayırlarsa, onda cəmiyyətdə jurnalistin rolu nədən
ibarətdir?
- Bu,
təkcə sizi yox, bütün dünyanı
düşündürür. Hətta, «Sinxua»nın,
«Röyter»in direktoru da “nə etmək lazımdır?” deyə
düşünür. Bax, bunu tapmaq lazımdır. Biz insanlara
informasiyanı elə sürətlə
çatdırmalıyıq ki, onlar informasiyanı bizdə - ənənəvi
mediada axtarsınlar. Mən bir jurnalist kimi qətiyyən sosial
medianın üstündən xətt çəkmək istəmirəm.
Belə bir fikrim də yoxdur. Hesab edirəm ki, ona hörmətlə
yanaşmaq, onun inkişafına kömək etmək
lazımdır. Amma bununla bərabər gərək elə edək
ki, ənənəvi medianın da faydalı nəticələri
– informasiyanın daha zənginliyi, faktın dəqiqliyi, xəbərin
dil, üslub, redaktə baxımından ahəngdarlığına
əməl olunsun. Elə şeylər var ki, bunu inkar etmək
gələcəkdə pozuqluq yaradar. Hesab etmirəm ki, hər
şeyə əl-qolumuzu soyudaq və deyək ki, sosial şəbəkələr
var və artıq agentlikləri, televiziyaları bağlayaq.
Xeyr, mən qətiyyən bu fikirdə deyiləm. Mən deyirəm
ki, insanların dünyagörüşü, mili-mənəvi
dəyərlərimizi, əxlaqımızı, tərbiyəni
qoruyub saxlamaq lazımdır. Biz çalışıb ənənəvi
medianın işini elə qurmalıyıq ki, mübarizədə
çox məğlub olmasın, tərəzinin
aşağı gözündə durmasın. Heç bir
ağıllı adam belə düşünməz ki, ənənəvi
medianın da axırı gəldi. Heç kəs belə
düşünmür. Onda cəmiyyətdə də bir
qarmaqarışıqlıq yaranar, idarəolunmaz bir vəziyyətə
gəlib çıxar. İnformasiyanı idarə etmək
lazımdır, onu başlı-başına buraxmaq olmaz.
- Milli Mətbuat Gününə
sayılı günlər qalıb. Azərbaycan mətbuatının
bugünkü mövqeyini, yerini, vəziyyətini necə
xarakterizə edərdiniz?
- Ulu
öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
gələndən sonra onu narahat edən ən mühüm məsələ
Azərbaycanın dünyada təbliğ olunması, ideoloji
işin aparılması ilə bağlı idi. O, deyirdi ki, gərək
Azərbaycan mətbuatı dünya arenasına
çıxsın, dünya informasiya şəbəkələrində
yer tuta bilsin. Ümummilli lider Elmlər Akademiyasında
keçirdiyi ilk tədbirinə başlayanda “gərək AzərTac-ın
müxbiri burada olsun” demişdi. O bilirdi ki, görülən işlər
gərək dünyaya çıxarılsın. Ona görə
də ulu öndər hakimiyyətə gələn kimi mətbuata,
ilk növbədə AzərTac-a xüsusi diqqət yönəltdi.
3-4 ilin ərzində agentlik haqqında çox ciddi fərman
və sərəncamlar çıxdı. İndi AzərTac
Avropa Ölkələri Xəbər Agentlikləri Alyansında
digər nüfuzlu agentliklərlə tam bərabər
mövqeli və ən fəal üzvlərdən biridir. AzərTac-ın
artıq 18 ölkədə müxbir məntəqəsi fəaliyyət
göstərir. Dünyanın 30-dan çox ölkəsi ilə
ikitərəfli müqaviləmiz var. Dairə hər il genişlənir.
Hazırda AzərTac altı
dildə materiallar buraxır. Əvvəllər biz əsasən Azərbaycan,
rus və ingilis dillərində xəbərlər buraxırdıqsa,
artıq keçən
ildən həm də alman, fransız və ərəb dillərində
materiallar yayırıq.
Bu gün AzərTAc-la yanaşı Azərbaycan mətbuatı, televiziyalarımız, o cümlədən internet jurnalistikamız çox inkişaf edir. İstənilən ölkənin mətbuatı ilə Azərbaycan mətbuatını müqayisə etmək olar. Mən həmişə bütün çıxışlarımda da demişəm ki, Azərbaycanda demokratik mətbuatın inkişafı dünyanın heç bir ölkəsindən geri qalmır. Hətta, bir çoxları üçün nümunə ola bilər. Mən şəxsən Azərbaycan mətbuatının vəziyyətindən çox razıyam. Azərbaycan mətbuatı düzgün istiqamətdədir.
Təranə Məhərrəmova
Kaspi.-2012.-12 iyul.-S.9.