«Mən xahiş etdim ki, utandırıcı əməllər olmasın…» 

 

«O zaman mən «arzuolunmaz şəxs» elan olunanda heç kəs çıxıb demədi ki, niyə belə deyirsiniz, Oqtay müəllim o qədər də pis insan, geridə qalmış ziyalı və istedadsız rejissor deyil»

Yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşəbbüs qrupunun və İdarə Heyətinin üzvü, Xalq artisti Oqtay Mirqasımov milli kinematoqrafiyanın durumu ilə bağlı çıxışlarında daha çox kinoşünaslıq ənənələrinin itirilməsindən gileylənir. Kinorejissor problemdən çıxış yolunu birlikdə çalışmaqda görməklə yeni yaradılan qurumun fəaliyyətinə inamını da gizlətmir.

 

Təklikdə mübarizə

 

- Heç şübhəsiz, ilk sualım kino ictimaiyyəti üçün də, oxucular üçün də maraqlı olan mövzu ilə bağlı olacaq: yeni Azərbaycan Kinematoqrafiya İttifaqının yaradılması ilə bağlı. Siz hələ bir neçə il əvvəl digər eyniadlı qurumun fəaliyyətini tənqid edənlərdən biri kimi demişdiniz ki, aparılan işlərin prinsipial istiqaməti dəyişməlidir. Belə demək olarmı: ənənəvi qurumun fəaliyyətsizliyi yeni qurumun yaradılmasını zəruri etdi?

- Fakt belədir ki, Kino İttifaqın fəaliyyətini tənqid edənlərdən biri yox, yeganə adam olmuşam. Beş il bundan əvvəl öz mövqeyimi çox kəskin şəkildə bildirmişəm. Bunun üçün təklikdə də qaldım. Mənim üçün o vəziyyət dözülməz idi. Əsasən maliyyə və daşınmaz əmlak, festivalların keçirilməsi sahəsində çox ekzotik və narahatlıq yaradan qərarlar qəbul olunurdu. Mən xahiş etdim ki, ciddi məsələ olaraq buna nəzarət edilsin və bəzi qəribə və utandırıcı əməllər olmasın. Demirəm ki, mən əvvəldən bir inqilab etmək istəyirdim. Və ya mənim məqsədim kiminləsə dava etmək deyildi. Mən bu fikirləri səsləndirəndən sonra sevilməyən, qəbul edilməyən, az qala düşmən bir insana çevrildim. Deyirdim ki, gəlin, diqqətlə yanaşaq və əlinizi qaldıranda onun (Kino İttifaqın sədri Rüstəm İbrahimbəyov nəzərdə tutulur-T.M.) gözünün içinə baxın. Kimsə bunu etmədi. Mən onun əleyhinə təklikdə əlimi qaldırdım. Mən düşünməyə çağırırdım. Mən Kino İttifaqdan mənə lazım olan bir işdən çıxdım. Bilirdim ki, son bir ildə ənənəvi ittifaqın fəaliyyətində siyasi baxımdan qəribə addımlar atılır. Mən 1967-ci ildən həmin ittifaqın üzvüyəm, uzun zaman İdarə Heyətinin, katibliyinin üzvü olmuşam. Ta o zamana qədər ki, mən artıq boğaza yığıldım və sözümü dedim. O zaman mən «arzuolunmaz şəxs» elan olunanda heç kəs çıxıb demədi ki, niyə belə deyirsiniz, Oqtay müəllim o qədər də pis insan, geridə qalmış ziyalı və istedadsız rejissor deyil. Amma mənə heç kimin sözü lazım deyildi, mənə Tanrı tərəfindən qiymət verilməlidir.

- Bu illər ərzində ənənəvi dediyimiz Kino İttifaq hansı işlərlə məşğul olub?

- Kino İttifaq əsasən iqtisadi fəaliyyətlə məşğul olurdu. Ona görə də iş düzgün qurulmamışdı. Mən dərinə getmək istəmirəm. Atalar deyib ki, «Daldan atılan daş topuğa dəyər». Ona heyfsilənirəm ki, hamı bunu görürdü, amma susurdu. Bir də ona təəsüf edirəm ki, mən yanılırdım, İbrahimbəyov mənim gözümdə çox böyük idi. Mən hətta fəxr edirdim ki, elə bir azərbaycanlı ilə eyni ittifaqda üzvəm. Ancaq yavaş-yavaş həqiqət açılmağa başladı. İbrahimbyov bir kinematoqrafçı kimi böyük iz qoyub. Sonradan nə üçünsə onun maraqları işgüzar sahəyə - bizneslə əlaqəli, daşınmaz əmlakla əlaqəli işlərə yönəldi. Rusiyada da hansısa dartışmalar, məhkəmələr baş verdi. Bunu özü bilər. Çünki son illər biznesi leqal bir sahəyə döndərmişik və burada hər kəsin öz marağı var. Amma bu, ictimai təşkilatın hesabına olmaz. Bizim mübahisəmizin əsasları da bundan ibarətdir. Heyfsilənirəm ki, o ittifaqda xeyli üzvlər, idarə heyəti, katiblər, istedadlı və niyyəti pis olmayan insanlar var. Onlar çaşdılar və bu vəziyyətdə qaldılar. Onlar özlərini çox böyük gərginliyə saldılar. Kimə lazım idi ki, bir ittifaqı qoyub digər ittifaq yaradasan? Ancaq əlac nə idi? O istiqamət qəbul olunmazdır, dağıdıcıdır. O sistemlə ki, ittifaqın işi idarə olunur, o, qəbul olunmazdır. Nəticə də yoxdur. Festival hansısa xırda və şəxsi maraqlara qulluq edən festivala çevrilib. Ancaq xalqa, kinematoqrafçılara, gənclərə böyük miqyaslı festivallar lazımdır. Burada kadr problemi, məsləhət və məşvərət məsələsi var. Hökumət orqanı Mədəniyyət və Turizm Nazirliyidir. Bizdən tələb olunurdu ki, təkliflərimizi verək. Onlar bunu gözləyirdi, umurdu. Ancaq hansısa konkret şəxsi maraqlara aid olan məsələləri həll edirdilər. Mən bunu tam məsuliyyətimlə deyirəm. 

 

Dağıdıcı istiqamət

 

- Rüstəm İbrahimbəyov 1990-cı ildən Kino İttifaqının sədri vəzifəsini daşıyır. Ancaq bu illər ərzində kinomuzda heç bir inqilabi dəyişiklik baş verməyib. Bir kino adamı kimi deyə bilərsinizmi, bu sahədə daha çox nələri itirdik?

- Sahibi olduğumuz əmlakın hamısını demək olar ki, itirmişik. Mən çox istərdim ki, bunu sənədli formada araşdırasınız. Bu, qəbul olunmuş formadır. Mən sizə bəzi materialları təqdim edə bilərəm. Amma əsas materialların hamısı Kino İttifaqdadır. Bilirsinizmi, biz azərbaycanlıyıq. Bəzi sözləri demək etikadan kənardır. Qeyrət, namus, ailə məsələlərinə aid nəsə varsa onu danışmırıq. Çox formal və düzgün araşdırmalar aparılmalıdır. Bəzi şeylər saxtakarlıqla həll oluna bilər. Buna görə mən cavab vermirəm. Bəlkə yanılıram. Mən mühasib deyiləm. Mən sadəcə, ailə arasında bu məsələni qaldırdım və xahiş etdim ki, gəlin, bir az abırlı yollar seçək ki, işimizi görək. Və alınmadı...

- Nəhayət, alındı. Siz yeni Kinematoqrafiya İttifaqının təsis iclasında da demisiniz ki, iş üçün yalnız birlik lazımdır. Belə deyək, bu birlikdən nə gözləyirsiniz?

- İngilislərdə belə bir deyim var: “Körpüyə çatmamış körpünü keçməyə çalışmayın”. Biz əvvəlcə körpüyə çatmalı və sonra ilk addımımızı atmalıyıq. Biz hələ ki, təsis olunmuşuq. Hər kəs bilir ki, qarşımızda hansı problemlər durur. Ancaq hansı cədvəllə, hansı ardıcıllıq və proqramla bunu həll etməyə çalışacağıq – bu, bir qədər sonranın işidir. Bir də ki, məsuliyyət də var. Mən sanki kiçicik bir qurumun üzvüyəm. Biz hələ strategiyamızı rəsmən müzakirə etməmişik.

- Hər halda kiçicik adlandırdığınız qurumda kifayət qədər görkəmli kino xadimləri birləşib. Ümidlər var ki, kino ilə bağlı böyük işlər görüləcək.

- Bu, real bir işdir. İctimai qurum əsasən təmənnasız fəaliyyət göstərməlidir. Amma bəzən başqa cür də olur. Burada işlər entuziazim üzərində qurulmalıdır. Nə qədər ki, mən o biri ittifaqda çalışmışam, bir qəpik də maaş görməmişəm. Ancaq bütün yığıncaqlarda nizam-intizamla iştirak etmişəm. Konfranslarda fikrimi söyləmişəm, yazılarımı yazmışam, proqramların hazırlanmasında iştirak etmişəm, tədbirlərdə məruzələr etmişəm, komissiyaların sədri də, üzvü də olmuşam. Amma maaş almamışam. Sistem budur – əsas üzvlər bu qayda ilə işləyir. Amma konkret iş görməkdən ötrü, məsələn, festival təşkili, tədbir keçirilməsi və s. maliyyə ilə bağlı işlərdir. Festivalın təşkili ən aktual məsələlərdəndir. Festival öz fəaliyyətini maddi baza olmadan göstərə bilməyəcək. Kadrların hazırlıq proqramı - hansısa kursların təşkili, ustad dərsləri, xaricdən kino mütəxəssislərinin dəvət olunması və s. də maliyyə tələb edən işlərdir. Kütləni, xüsusən gənc nəsli kino-teatrlara qaytarmaq məsələsi var. Əgər bu fəaliyyəti həyata keçirmək üçün bizə maddi köməklik olunarsa, biz işləyə bilərik. Yəni baza olmalıdır. Mən heç də demirəm ki, vəsait İttifaqa verilməlidir. Əsas proqramı tərtib etmək, onu müzakirəyə çıxarmaq və büdcəni müəyyənləşdirməkdən ibarətdir. Büdcə olmasa, onun uğrunda mübarizə aparmaq lazımdır.

- Sponsorların köməyinə ümidiniz yoxdur?

- Sponsorların köməyinə ümid etmirəm - birmənalı şəkildə. Bizim yeganə sponsorumuz var – o da dövlətdir. Bu gün kinoya aid bütün qurumlar dövlətin hesabına fəaliyyət göstərir. Dövlət milli mədəniyyətin inkişafında maraqlıdır. O cümlədən, milli kinematoqrafiyanın inkişafında maraqlıdır. Milli kinematoqrafiya sənayedir. İncəsənət sahəsində bundan daha bahalı bir proses yoxdur. Düzdür, film çəkilişi zamanı ayrı-ayrı  qurumlara, banklara, şəxslərə müraciətlər edirik. Bu, çox ağır məsələdir. Bunun analizini etmək iqtidarındayam, ki, buna lüzum var. Sadəcə, vəziyyət belədir. Biz əvvəlcə proqram tərtib etməliyik. Hesab edirəm ki, yaxın zamanlarda proqramımız təqdim olunacaq, ona baxılacaq qiymət veriləcək.

 

Mənəviyyat uduzur...

 

- Yaradıcılığınızdan danışaq. Hazırda hansı film üzərində işləyirsiniz?

- Hazırda şərti adı «Qisas almadan ölmə. Keçmişdən məktublar» filmi üzərində işləyirik. Çəkilişlər montaj yekunlaşır. Hazırda səsləndirmə mərhələsindəyik. Mətn dəqiqləşdirilir, sonra dialoqlar, musiqi, fon səslər, sinxron səslər s. işlər həyata keçiriləcək. İşimiz çox mürəkkəbdir. Film bir neçə dildədir. Əlbəttə, əsas olan Azərbaycan dilidir. Alman dili Almaniyada, gürcü dili Gürcüstanda yazılmalıdır. Ona görə bir qədər çətindir. Çox güman ki, filmin adı dəyişdiriləcək. Mən belə bir ad da düşünmüşəm: «İcraçı».

- Hazırda dünya kinosunda maraqlı proseslər gedirmi?

- Bu suala cavabım subyektiv olacaq: kino fəaliyyəti həmişə industrial olub. Kinematoqrafiya həmişə maliyyə ilə bağlı olub. Başqa sənət növlərinə nisbətən kino həmişə daha çox bazarın qanunları ilə tənzimlənib. Teatr isə daha yığcam, daha muxtar bir sahədir. Ancaq nədənsə son zamanlar belə düşünürəm ki, kino sahəsində mənəviyyat bir qədər iqtisadiyyata, daha doğrusu, proqmatizmə uduzur. Bu, bütün dünyada belədir. Allah eləsin, bu, müvəqqəti olsun! Bu o demək deyil ki, mənəvi filmlər yoxdur. Bu, səhv fikirdir. Dünya tənqidçiləri vurğulayır ki, effektlər bir qədər dramatizmi üstələyir. Effekt ön plana çıxmağa başlayır. Bu, insanı o qədər çaşdırır ki, daha mənəviyyat axtarmırlar. Bəşəriyyətə mənəvi dəyərlər həmişə lazımdır. Düzdür, indi ritmlər, hansısa normativlər zaman-zaman dəyişir. Ekranda nələr göstərilmir? Təkcə Hollandiyanın deyil, Azərbaycanın ekranında da göstərilir. Bu, normativlərin artıq genişlənməsi deməkdir. Amma abır, həya, mənəviyyat həmişə olub, həmişə olacaq.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.30 iyun-2 iyul.-S.5.