Moskvada “Qaya” qrupunun 50 illiyi qeyd olunub
Rusiyanın
paytaxtında “Qaya” vokal qrupunun 50 illik yubileyi münasibəti
ilə konsert keçirilib. APA-nın verdiyi məlumata görə,
Moskva Musiqi Evində keçirilən konsert Azərbaycanın
Rusiyadakı səfirliyi və “Rus Art” prodüser kompaniyası
tərəfindən təşkil olunub.
Konsertdə
ilk olaraq “Qaya” vokal qrupunun yaradıcılığına həsr
olunan film nümayiş olunub. Filmdə qrupun təşəkkül
tapması, qastrol səfərləri və “Qaya” qrupu
haqqında tanınmış şəxslərin fikirləri
yer alıb. Azərbaycanın Rusiyadakı fövqəladə
və səlahiyyətli səfiri Polad Bülbüloğlu
çıxışında “Qaya” vokal qrupunun Azərbaycan mədəniyyətinə
verdiyi töhfələrdən danışıb. Səfir
“Qaya”nın üzvü Rauf Babayevin hal-hazırda da Azərbaycan
incəsənətinə töhfələrini davam etdirdiyini
söyləyib.
Daha
sonra Rauf Babayevin rəhbərlik etdiyi, əvvəllər “Bəri
bax”, hazırda isə “Qaya” adlandırılan ansambl konsert
proqramı ilə çıxış edib. Ansambl üzvləri
50 yaşını qeyd edən “Qaya”nın ifa etdiyi və
yaddaşlara həkk olunan mahnıları səsləndiriblər.
Yeni “Qaya”nın ifası tamaşaçıların
alqışları ilə müşayiət olunub.
Xatırladaq
ki, “Qaya” 1960-80-cı illərdə SSRİ-nin ilk ən məşhur
caz kvarteti olub. Böyük səhnəyə 1961-ci ildə gələn
qrup, qısa bir zamanda SSRİ-yə öz ifaları ilə səs
sala bilib. Böyük maraq oyadan qrup keçmiş SSRİ-nin
bütün şəhərlərində qastrollarda konsertlər
verib, 40-dan çox ölkədə çıxış
edib. Konsert verdikləri ilk xarici ölkə isə Əlcəzair
olub. Vaxtilə Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev,
Vasif Adıgözəlov, Fərəc Qarayev və Tofiq Babayev
kimi görkəmli bəstəkarlar məhz “Qaya” kvarteti
üçün mahnılar yazıb. 80-ci illərdə tərkibi
tez-tez dəyişən qrup dağılandan sonra, gənclərdən
ibarət kvartet kimi Rauf Babayevin rəhbərliyi ilə yenidən
səhnəyə qayıdıb.
Kaspi.-2012.- 7 iyun.-S.15.