Bəzi dövlətlər Azərbaycana təzyiq üçün QHT-lərdən istifadə edir 

 

Məhərrəm Zülfüqarlı: “Azərbaycanda strateji marağı olan heç bir ölkə bizim güclü olmağımızı istəmir”

 

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının (İPTA) sədri, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı “Kaspi”nin suallarını cavablandırır.

- Məhərrəm müəllim, “Human rights Watch”, “Amnesty İnternational”, “Freedom Hause”, “Norveç İnsan Haqları Evi” və sair təşkilatlar öz hesabatlarında ölkəmizi qeyri-müstəqil, qeyri-demokratik  dövlət kimi qələmə verirlər. Sizcə, xarici təşkilatların Azərbaycana haqqında belə rəy formalaşdırmasına səbəb nədir?

- Belə hallara münasibətimi bir misalla ifadə etmək istərdim. Bilirsiniz ki, hazırda Türkiyəyə təzyiq üçün qondarma “erməni soyqırımı”ndan istifadə edilir. Yəni, Qərb dövlətləri Türkiyədən nə isə almaq istəyəndə, yaxud da ona nəyisə vermək istəməyəndə yalançı soyqırımı məsələsindən istifadə edirlər. Azərbaycandan da nəyisə almaq məsələsi ortaya çıxanda insan hüquqları ilə bağlı təşkilatlar səs-səsə verməyə başlayırlar. Azərbaycanda bütün sahələrdə əvvəlki dövrlərə nisbətən irəliləyiş var, bunu görməmək mümkün deyil. Ən azı, artıq Azərbaycan dünyaya açıq bir ölkəyə çevrilib, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Burda diqqətçəkən məqam həmin beynəlxalq təşkilatların özlərinin də müstəqil olmamasıdır. Bu, Qərb ölkələrinin siyasətidir. Qərb ölkələri görür ki, Azərbaycan dövləti güclüdür, öz təbii sərvətlərini xalqı üçün istifadə edir, onda başlayırlar bu cür təzyiqlərə. İstəyirlər ki, Azərbaycan dövləti zəif olsun ki, ondan istədiklərini ala bilsinlər. Ən çox da istədikləri Azərbaycanda stabilliyin pozulmasıdır. Çünki stabilliyi pozulan ölkələrdə nə siyasətdən danışmaq olar, nə də güclü iqtisadiyyatdan.

Mən hər zaman tələbələrimə də söyləyirəm ki, Azərbaycanın güclü olmasını ancaq biz istəyirik - Azərbaycan vətəndaşları. Ölkəmizdə strateji marağı olan heç bir ölkə Azərbaycanın güclü olmasını istəmir. Ona görə də onlar Azərbaycanı zəif salmaq üçün müxtəlif təşkilatlar vasitəsilə bəyanatlar verirlər. Azərbaycanın beynəlxalq imicinə xələl gətirirlər. Qərb ölkələri öz sözlərini deyə bilməyəndə, istədiklərini ala bilməyəndə hər zaman nəzarətlərində olan QHT-ləri işə salırlar. Təsəvvür edin, Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən bəzi QHT-lər bu kəmərin əleyhinə kampaniyaya başladılar. Kənardan baxanda görünürdü ki, bu kəmərin çəkilişində maraqlı olmayan İran və Rusiyadır. Bu səbəbdən ehtimal edilirdi ki, yəqin bu ölkələr həmin QHT-lərə dəstək verirlər. Amma araşdırma aparanda aydın oldu ki, bu QHT-lər bilavasitə Qərb ölkələrinin şirkətləri tərəfindən maliyyələşir. Burada sual yaranır ki, niyə QHT-lər o zaman BTC-yə etiraz edirdilər və Qərb şirkətlərinin bunda marağı nə idi? Müqavilədə risklər artdıqca bu kimi layihələrdə həmin şirkətlərin gəliri artır. Yəni, şirkətlər dolayı yolla bəzi QHT-lərə dəstək verməklə öz gəlirlərini artırmaq istəyirdilər. Belə faktlar seçkilərlə, iqtisadi məsələlərlə də bağlı var. Qərb Azərbaycandan nə isə almaq istəyəndə bu cür anormal, qeyri-obyektiv təzyiqləri göstərir. Bir QHT rəhbəri kimi mən bu cür halları pisləyirəm.

- Bəzi xarici ölkə KİV-lərində, xüsusən də Böyük Britaniya, Almaniya mətbuatında “Eurovision-2012” yarışması öncəsi və sonrası Azərbaycan haqqında tənqidi materiallar yer alsa da, ölkəmizin üzləşdiyi işğaldan, qaçqın və məcburi köçkünlərin vəziyyətindən söhbət açılmadı. Sizcə, xarici mətbuat niyə bu cür qərəzli, birtərəfli məlumat yayır?

- Qərəzli münasibətin səbəbi bayaq söylədiyim kimi, Azərbaycanın güclənməsində maraqlı olmamalarıdır. Əgər onlar Azərbaycanın problemlərini önə gətirsələr, 20 faiz torpaqlarının işğal olunmasını göstərsələr, bu işğaldan azadlıq məsələsinə kömək etsələr, əlbəttə ki, Azərbaycanın mənafeyinə xidmət etmiş olacaqlar. Bu isə onların, eləcə də bir sıra təşkilatların maraq dairəsində deyil. Diqqət yetirin, xarici donorlar hansı layihələrə üstünlük verirlər. Əsasən Azərbaycan ailəsini zəiflətməyə yönələn, qondarma gender layihələrinə. Bizim bəzi QHT-lər də buna aludə olublar. Hər kəsə bəllidir ki, Azərbaycan dövlətçiliyi Azərbaycan ailəsi ilə güclü olur. Azərbaycan ailəsi nə qədər güclü olsa, dövlət də bir o qədər güclü olacaq. Bunlar da birbaşa elə məsələyə diqqət yetirirlər ki, nəticədə Azərbaycanda boşananların sayı çox olsun, ailələr dağılsın və dövlət zəifləsin. Ona görə də Azərbaycanın taleyüklü problemlərindən deyil, bu kimi məsələlərdən danışmağa üstünlük verirlər. Hətta bizdə bəzi QHT-lər var ki, donor təşkilatı pul verəcəyi təqdirdə, çox böyük həvəslə Azərbaycanda olmayan problemləri də “üzə çıxarmağa” çalışacaq, yaxud da tez-tez bəyanatlar verib mətbuatda çıxış etməyə çalışacaqlar.

Bilirsiniz ki, Qərb ölkələrinə nisbətdə Azərbaycanda cinsi azlıq məsələsi yox səviyyəsindədir. Lakin buna baxmayaraq, sabah hansısa donor təşkilatı bu barədə sifariş versə, onlarla işləyən QHT-lər hadisələri şişirdərək elə qələmə verəcəklər ki, guya Azərbaycanda cinsi azlıq məsələsi ölkə üçün taleyüklü problemə çevrilib. Halbuki, belə bir şey yoxdur. İndisə diqqət yetirək görək, QHT-lərə Dövlət Dəstəyi Şurası hansı layihələrə maliyyə ayırır. Qarabağla bağlı saytların açılmasına, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün təbliğatın aparılmasına, vətənpərvərlik ruhunun güclənməsinə və sair. Bir dəfə də olsun heç bir xarici donor təşkilat Azərbaycanda vətənpərvərliklə bağlı layihə maliyyələşdirməyib. Niyə? Ona görə ki, bu, həmin donor təşkilatların maraq dairəsinə daxil deyil. Əgər onlar Azərbaycan vətənpərvərliyini istəmirlərsə, buna zidd məsələlərə dəstək verirlərsə, deməli Azərbaycanın güclü olmasını da istəmirlər.

- Bəzən Azərbaycan əleyhinə təbliğatda QHT-lərlə yanaşı, avropalı deputatlar da “fəallıq” nümayiş etdirilər. Sizcə, ictimaiyyət tərəfindən kifayət qədər tanınan belə şəxslərin həqiqətləri deyil, qərəzi təbliğ etməsi nə dərəcədə düzgündür?

- Avropa ölkələri belə hesab edirlər ki, onlar demokratikdirlər. Bu normaldır. Fikir plüralizmi çərçivəsində hər bir kəsin öz düşüncə tərzi olur. Amma burada yenə də hər şey Qərb ölkələrinin maraqlarına yönəlib. U.Çörçilin bir fikri var. Deyir ki, İngiltərənin daimi dostları yoxdur, daimi maraqları var. Avropalı deputatlar da özlərini demokratik elan etmələrinə baxmayaraq, daim öz dövlətlərinin maraqlarından çıxış edirlər. Məncə, bu, müsbət qiymətləndirilməlidir. İstərdim ki, Azərbaycandakı QHT-lər də hər zaman dövlət maraqlarından çıxış etsinlər. Azərbaycana qarşı almaniyalı deputatların fikri ölkəmizin son illər Cənubi Qafqazda lider dövlətə çevrilməsi ilə daha çox bağlıdır. Yəni onların hay-küyünə səbəb Azərbaycan iqtisadiyyatının, ordusunun güclənməsidir. Ölkəmizin vətəndaşlarının həyat səviyyəsinin əvvəlki illərə nisbətdə daha da yaxşılaşmasıdır. Bəzi dövlətlər bu qısqanclığı birbaşa dilə gətirə bilmədikləri üçün müxtəlif insanların, QHT-lərin vasitəsilə olmayan problemləri qabardırlar.

Dünyanın əksər dövlətlərində olduğu kimi, Azərbaycanın da üzləşdiyi müəyyən problemlər var. Bunu heç kim gizlətmir. Korrupsiya ilə mübarizə aparmaq üçün Azərbaycan prezidentinin sərəncamı ilə müvafiq qurumlar yaradılıb. Bu o deməkdir ki, biz korrupsiyanın olduğunu dövlət səviyyəsində görür və bununla mübarizə aparırıq. Belə olan halda bunu şişirdərək Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək nə dərəcədə ədalətlidir? Seçki məsələsində də eyni proses təkrarlanır. Halbuki Azərbaycan seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi üçün addım-addım irəliləyir, yeniliklər tətbiq edir. Hətta QHT-lərə qadağan edilən müşahidəçilik missiyası da prezidentin sərəncamı ilə tamamilə aradan götürülüb. İndi istənilən QHT, istənilən vətəndaş seçki prosesində müşahidəçilik missiyası yerinə yetirə bilər. Amma çox qəribədir ki, bütün bunlara göz yumulur, nailiyyətlər qeyd olunmur, hardasa bir xırda nöqsan tapılan kimi onu şişirdirlər. Bunu da hansısa qeydiyyatda olmayan, saxta bir QHT vasitəsilə həyata keçirirlər. Burda əsas məqsəd Cənubi Qafqazın lider dövləti olan Azərbaycanda stabilliyi pozmaq cəhdləridir. Təbii ki, bu cəhdlərin qarşısı alınmalıdır. Hər bir vətəndaş öz mövqeyini ortaya qoyaraq qərəzə, yalana, iftiraya qarşı mübarizə aparmalıdır. Çətinliklə əldə etdiyimiz stabilliyi qoruyub saxlamalıyıq.

- Özünü müxalifət adlandıran kəsim də “Eurovision-2012” yarışması öncəsi müxtəlif etiraz aksiyaları, “Demokratiya naminə oxu” kimi kampaniyalar həyata keçirməklə xüsusi fəallıq nümayiş etdirirdi. Amma indi bu fəallıq hiss olunmur. Sizcə, nəyə görə onlar məhz beynəlxalq tədbir öncəsi belə addımlar atırlar?

- Uzun müddət siyasətlə məşğul olan bir adam kimi tam məsuliyyətimlə bildirirəm ki, bu tədbirlərin heç biri təsadüfdən meydana gəlmir. Bütün bunlar qabaqcadan planlaşdırılmış şəkildə, kimlərinsə sifarişi ilə həyata keçirilir. Hətta Azərbaycanda elə təşkilatlar var ki, ölkə daxilində müxtəlif aksiyalar keçirmək üçün dolayısı yolla xaricdən maliyyə yardımı alırlar. 1988-1991-ci illərdə meydanlara çıxan insanlar yalnız öz ürəklərinin səsinə səs verirdilər. İmperiyaya qarşı milli azadlıq hərəkatına dəstək olurdular. Bunun da nəticəsi olaraq, Azərbaycan təkrar müstəqillik əldə etdi. Amma indi sifarişli şəkildə keçirilən aksiyalarda heç kim ürəyinin səsi ilə iştirak etmir. Bu aksiyalar kimlərəsə lazımdır deyə həyata keçirilir, müxtəlif şəkillər çəkilərək sonradan hesabat verilir. Hər bir etiraz aksiyasının arxasında dayanan təşkilatlar, adamlar var ki, onlar da bundan yalnız öz maraqlarını güdürlər. Təəssüf ki, Azərbaycanda bəzi adamlar da bu yolda həmin qüvvələrə dəstək verirlər. Əsl vətəndaş hansısa xarici təşkilatın sifarişçisinə çevrilməməlidir.

- Son dövrlər İran İslam Respublikasının bəzi din xadimləri tərəfindən də Azərbaycanın ünvanına hədyan dolu bəyanatlar səsləndirilməkdədir. Ölkəmizin ictimaiyyət nümayəndələri, bir sıra qurumlar buna sərt cavab versələr də, son anda bəzi müxalifət təmsilçiləri dolayısı ilə iranlı mollaları müdafiə etdilər. Siz bu kimi halları necə qiymətləndirirsiniz?

- Azərbaycan və İran münasibətlərinin korlanmasında maraqlı olan tərəf ABŞ-dır. Çünki ABŞ-ın İranla bağlı problemləri var. Bunun üçün milyonlarla vəsait ayrılıb ki, İranda daxili proseslər sürətlənsin, oradakı rejim dəyişsin. İstəyirlər Azərbaycanı da öz siyasətlərinə qoşsunlar. Bunu bacarmayanda isə bu cür təxribatlar başlayır. Azərbaycan dövlət başçısı səviyyəsində bəyan edib ki, hansısa dövlətin başqa bir dövlətlə ədavəti varsa, bunun həll yeri Azərbaycan ərazisi ola bilməz. Azərbaycan ərazisi yalnız əməkdaşlıq üçün hazırdır. Təəssüf ki, Azərbaycan tərəfinin hər zaman həssaslıqla yanaşdığı, qoruyub saxladığı Bakı-Tehran münasibətlərinə son vaxtlar xələl gətirmək istəyən qüvvələr meydana çıxıb. İranda hansısa dini nümayəndə Azərbaycan əleyhinə bəyanat verirsə, bu, İran-Azərbaycan münasibətlərinin korlanmasına hesablanmış, dolayı yolla Amerikaya xidmət edəcək addımdır. Azərbaycan vətəndaşları da bu amili nəzərə almalıdırlar. Kəskin bəyanatlardan çəkinməli, ölkələrimiz arasındakı münasibətlərə xələl gətirən fikirlər səsləndirməməlidirlər.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2012.-7 iyun.-S.5.