«Hiss etməmişəm
ki, kimsə mənim yerimə göz dikib»
Anar: «Onların arxasında
çox böyük ehtimalla dayanan, tapşırıq və
muzd verən var. Bu işləri görənlər
özbaşına deyillər, hər biri buyruq quludur»
Yazıçılar
Birliyinin sədri Anarın Modern.az saytına müsahibəsini
təqdim edirik.
- Azərbaycan Yazıçılar
Birliyinin qurultayının vaxtı niyə bu qədər
uzanır və zamanı artıq bəllidimi ?
- Dəqiq
tarixini deyə bilməyəcəyəm, amma bircə deyə
bilərəm ki, payızda olacaq. Çünki bilirsiniz
cürbəcür tədbirlər oldu, eləcə də ədəbiyyat
tədbirləri ard-arda gəldi. Bax elə bu ili götürsək,
deyə bilərəm ki, Sabir günləri oldu və sonra da Əhməd
Cavadın yubileyi qeyd olundu. Gələn həftə Ordubadinin
də yubileyi olacaq. Mirzə Fətəli Axundzadənin yubileyi
və daha sonra payızda Nizaminin yubileyi qeyd olunacaq. Bu il də
həmçinin Mirvarid Dilbazinin də yubileyi qeyd olunacaq.
Bütün bu yubiley tədbirlərin keçirilməsi
Yazıçılar Birliyinin işidir. Biz hər bir tədbirə
hazırlaşır və müəyyən işlər
görürük. Elə ona görə də qurultayın
vaxtı bir az gecikir. Əvvəlki vaxtın uzanmasına səbəb
burda olan təmir işləri idi. Daha sonra qurumun 75 illiyini qeyd
etdik. Bir də çox sayda qonaqlarımız var idi. Ona
görə də bir az uzandı. İndi də vaxtını
dəqiq deyə bilmirəm. Bu tədbirlərimiz bitsin,
payızda qurultayı keçirəcəyək
Mən öz fikrimi qurultay ərəfəsi
söyləyəcəyəm
- Yazıçılar Birliyinin əleyhdarları
qeyd edirlər ki, qurultay öncəsi bölgələrdə
toplantılar ya gecikir, ya da heç keçirilmir. Bununla
bağlı nə deyə bilərsiniz ?
-
Qurultay qabağı bölgələrdə mütləq tədbirlər
keçirəcəyik. Bilirsiniz, bu qurultay məsələsinin
çətinliyi bundan ibarətdir. Yazıçılar
Birliyinin üzvləri az olanda hamısı qurultayın
iştirakçısı idi. Amma indi bizim üzvlərimizin
sayı çox artıb. 1500-ə yaxın insanla qurultay
keçirmək mümkün deyil. Ona görə də
nümayəndələr seçməliyik. Biz artıq
altı aydır “Ədəbiyyat” qəzetində elan veririk ki,
gəlib qeydiyyatdan keçsinlər. Bir də ki, biletləri
yeniləyirik, həmçinin gəlib onu da alsınlar. Hələ
üzvlük haqqından danışmıram. Onu da ki,
heç kim vermək istəmir. Hər şeyi
Yazıçılar Birliyindən tələb edirlər, amma
öhdələrinə düşənləri yerinə yetirmək
istəmirlər. Bu elanı verməkdə məqsədimiz
üzvlərimizin sayını təyin etməkdi. Ondan sonra da
qurultay olacaq.
- Siz qəti qərar vermisiniz ki, bu
qurultayda öz namizədliyinizi irəli sürəcəksiniz?
- Mən
öz fikrimi qurultay ərəfəsi söyləyəcəyəm.
İndi nə desəm belə, ajiotaja, bir sıra qalmaqala səbəb
olacaq. Ona görə də indi bir söz deməyəcəyəm.
- Son aylar ərzində baş verən
qalmaqalların, problemlərin kökündə nə
dayanır? Sanki bu proseslər yanar bir ocaqdır. Ocaq sönənə
yaxın elə bil kimsə barıt töküb yenidən onu
alovlandırır. Bu haqda nə deyə bilərsiniz?
-
Bunlar bir neçə adamın Yazıçılar Birliyinə
olan nifrətindən irəli gəlir. Onlar
Yazıçılar Birliyinin heç bir işinin
yaxşı olmasını qəti şəkildə istəmirlər.
Bizə ancaq yalan və böhtan atmaqla məşğuldurlar.
Çox vaxt da mətbuata yol tapırlar. Mətbuat da bildiyimiz
kimi ancaq qalmaqal dalınca qaçır. Təki qəzet
satılsın və oxucu bol olsun. Demək bir gün
böyük hərflərlə yazırlar ki, mən kimisə
qurumdan kənarlaşdırmışam. Sabahsı gün isə
yazırlar ki, yox bu yalan imiş. Bəs yalan idisə niyə
yazırdınız? Bəs yalanı başlığa
çıxartmaq olarmı? Təki oxuyanı çox olsun? Bu
işləri görən və hər şeyi qatan bir
neçə şəxsdir. Onların da arxasında çox
böyük ehtimalla dayanan, tapşırıq və muzd verən
var. Bu işləri görənlər özbaşına deyillər,
hər biri buyruq quludur.
Ona görə də gənclərlə
bağlı heç bir problemimiz yoxdur
- Siz necə
düşünürsünüz, bu mübarizə gənclərlə
yaşlı nəslin, yoxsa nəhənglərin mübarizəsidir?
- Bu
heç də yaşlı nəsillə gənc nəslin
mübarizəsi deyil. Bu fikri də kimlərsə qəsdən
ortalığa atıblar. Əvvəla o cavan dediyiniz şəxslərin
50-dən çox yaşları var. Onlara da cavan demək olmaz.
Cavanların əksəriyyəti Yazıçılar
Birliyinin ətrafındadır. “Ulduz” jurnalı var, orda ancaq gənclər
çap olunur. Daha sonra gənclər şurası var və
digər qəzet, jurnallarımız var. Qapılar gənclərin
üzünə açıqdı, biz onları ezamiyyətlərə
göndəririk, kitablarını çap edirik və hər
zaman dəstək olmağa çalışırıq. Ona
görə də gənclərlə bağlı heç bir
problemimiz yoxdur. Problem bir neçə qrafomanın
yazıçı olmaq iddiasındadır. Ola bilməmələrinin
heyfini bizdən çıxmaq istəyirlər.
- Belə deyirlər ki, bu gün ədəbi
aləmdə piyadalarını önə verib, arxada dayanan
generallar var. Bu sıraya bəziləri Kamal Adbullanı və
Aqil Abbası da aid edir. Məsələyə sizin münasibətiniz
necədir ?
- Mən
belə bir generalların varlığından xəbərdar
deyiləm. Amma Aqil Abbas da, Kamal Abdulla da çox yaxşı
dostlarımdı və Yazıçılar Birliyi ilə də
münasibətləri normaldı. Yazıçılar
Birliyinin təsis etdiyi mükafatların münsiflər heyətinin
sədri mənim xahişimlə Kamal Abdulla olub. Bildiyiniz kimi
bu il “Nəsimi” mükafatını canlı klassikimiz İsa
Muğannaya verdik. Gələn il də bir neçə mükafatlar
olacaq və təbii ki, onları təyin edəcək
münsiflər heyətinin başında Kamal Abdulla duracaq.
Bilirsiniz, intriqalarsız yaşaya bilməyən adamlar belə
yalan sözlər uydurub ortaya atırlar və guya, filankəsin
filankəslə arası yoxdur. Filankəs də filankəsin
yerinə keçmək istəyir. Mən şəxsən
hiss etməmişəm ki, kimsə mənim yerimə göz
dikib, ya da bunun üçün fəaliyyət göstərir.
Mən demək olar ki, hər
gün gənclərlə görüşürəm
- Bu yaxınlarda həm “Qanun” nəşriyyatı,
həm də “Əli və Nino” mağazalar şəbəkəsi
ƏDV-yə “yox” dedi. Siz bir ziyalı kimi rəsmi orqanlara daha
yaxınsınız və bu işdə bir qatqınız ola
bilərmi?
-
Kitabların qiyməti aşağı olanda daha çox şəxs
bu işdən yararlana bilir və oxucular da artır. Amma deyim
ki, bu məsələni birinci dəfədir ki, sizdən
eşidirəm və xəbərim yox idi. Bu iş
kitabların satılması və oxucu qazanılması
baxımından yaxşı sayıla bilər. Kitab da baha
olanda axı hər kəs ala bilmir.
- Sizin bir ziyalı, bir böyük
kimi bütün gənc yazarları ətrafınıza
yığıb bir görüş keçirtmək fikriniz
varmı? Bəlkə o zaman hər birinin mövqeyini daha
yaxından öyrənmiş olarsınız?
- Mən
demək olar ki, hər gün gənclərlə
görüşürəm. Çünki gənclərin
hamısı hər gün burda olur. Ümumi görüşlər
də olur. Onu da deyim ki, onların kitablarının təqdimatları
olur və biz də iştirak edirik. Mənim qapılarım da
hər birinin üzünə açıqdır və istədikləri
vaxt buyurub gələ bilərlər.
- Ədəbiyyatda daha çox
60-cı illərin adı çəkilir. Siz özünüz
də həmin illərin nümayəndəsi
sayılırsınız. Bəs 70-ci, 80-ci, 90-cı illər
necə, kimlərin adı ilə bağlıdır ?
- Mən
kimsənin adını çəkmək istəmirəm. Amma
deyim ki, ədəbiyyat dayanmır və 70, 80, 90-cılar da
var əlbəttə. Hətta XXI əsrin də nümayəndələri
var. Bu təbii bir prosesdir və biz də ən
istedadlılarına həmişə yardım edirik.
Bu, Yazıçılar Birliyinin təqsiri
deyil
- Müasir Azərbaycan ədəbiyyatında
gedən proseslərə bir nəzər salsaq, sizin fikrinizcə
inkişaf edən və nqösanlı tərəflər
hansılardır?
- Ədəbiyyat
yaxşı əsərlərdən ibarətdir. Yaxşı əsərlər
yazılırsa demək ki, ədəbi proses də canlanır.
Belə əsərlər yaranmırsa bu Yazıçılar
Birliyinin təqsiri deyil. Amma Yazıçılar Birliyi
yaxşı əsərlərin çapına kömək edə
bilər. Bir misal üçün deyim, bu jurnal və qəzetləri
qoruyub saxladıq. Bunun da ədəbiyyat üçün nə
qədər böyük bir əhəmiyyət kəsb etdiyinin
fərqinə heç kim varmadı. Bu jurnallar olmasaydı, bizi tənqid
edən insanlar harda çap olunardılar? Çox çətinliklə
qoruyub saxladıq. Əvvəl kirayəmiz hesabına, daha sonra
Heydər Əliyev dəstək oldu. İndi bizim bir neçə
qəzet və jurnalımız var. Hər kəs də gen-bol
orda çap olunur. Burda gəlib əsərlərini çap
edirlər və qonorar da alırlar. Bunları
Yazıçılar Birliyi eləməlidi və eləyir də.
Amma Yazıçılar Birliyi heç kəsə istedad
paylamır və paylaya da bilməz. Kimin qabında nə varsa
o da olacaq. İstedad varsa, yaxşı əsərlər
yazırlarsa, gözlərimiz üstündə yerləri var,
yox əgər yaxşı yaza bilmirlərsə, o da ki, bizim təqsirimiz
deyil.
- Biz sizi bir nasir kimi
tanımışıq, amma son dövrlər siz mətbuatda
şeirləriniz də çıxır. Sizi şeir
yazmağa məcbur edən bir qüvvə oldumu?
- Məcburiyyət
deməzdim buna. Bir də kimsə gəlib mənim əlimdən
tutub şeir yazdırmayıb ki... Bir də görürsən
biri deyir ki, çox zəif şeirlər idi. Mən də tənqidi
qəbul edirəm. Amma mənim şeirlərim haqqında Bəxtiyar
Vahabzadə yüksək fikirdə olub. Vaqif Səmədoğlu,
Fikrət Qoca, Ramiz Rövşən indi də yaxşı
fikirdədi və mənim üçün də bu dörd nəfərin
rəyi bəs edir. Tərifə ehtiyacım yoxdu. Kim bəyənmir
öz işidi, mən də çoxlarının
yazılarını bəyənmirəm. Amma kimsəyə bu
günə kimi deməmişəm ki, sən nə yazma.
- Bildiyimizə
görə, siz bir neçə filmdə epizodik rolda çəkilmisiniz.
Bu haqda çox az adam bilir. Bir az bu barədə
danışardınız...
- “Var olun
qızlar” filmində çəkilmişəm. O vaxt mən
çox cavan idim. Mənə təklif elədilər, mən
də çəkildim. Nə baş, nə də epizodik rol
deyildi. Bir də Üzeyir bəylə bağlı film çəkiləndə
mən də bir mərasimdə oturmuşam və bu da kadra
düşüb. Xüsusi olaraq isə heç bir filmdə
çəkilməmişəm.
- Sizin ekranalaşdırmaq
üçün yeni ssenariləriniz varmı?
- Mirzə
Fətəli Axundzadə haqqında yazdığım ssenari əsasında
iki hissəli ssenarinin filminin çəkilişləri gedir.
Filmi Ramiz Həsənoğlu çəkir. Payızda Axundzadənin
yubileyi ərəfəsində film ekranlara çıxacaq.
- Ənənəvi sual da vermək
istəyirəm. Oxucularınız sizdən indi nə gözləsinlər,
yaradıcılığınızda nə kimi yeniliklər
var?
-
Bilirsiniz əsər bitməmiş onun haqqında
danışmaq istəmirəm. Olub ki, demişəm ki, filan əsəri
buraxacağam. Ondan sonra da oxucular əl çəkmir və tələb
edir. Mən bir neçə ildi memuar xarakterli bir kitab
yazıram, amma nə vaxt bitirəcəyimi dəqiq deyə
bilmirəm. Çalışacağam bu yay bitirim.
- Sizin çox güclü yumor
hissiniz var və bu səpkidə kitablarınız da çap
olunub. Bəs indi belə bir yazılarınız varmı?
- Mənim
belə kitablarım çoxdu və son dövrlər də
çap olunanlar var.
İstədiyim odur ki, az əl-ayağıma
dolaşsınlar
- Yeni bir yazı olsa, o zaman cəmiyyətin
hansı eybəcərliklərini əks etdirmək istərdiniz?
- Mən
cəmiyyətdə olan və sizin də bildiyiniz eybəcərlikləri
göstərməyə çalışmışam.
- Yenidən bir məqama qayıtmaq
istəyirəm. Həcvinizdə Sirkə Badımcan adı
hallanırdı. Çoxları onu Seymur Baycan kimi qələmə
verdi. Buna münasibətiniz ?
- Niyə?
Belə bir məsəl var ki, soğan yeməmisən
için niyə göynəyir. Mən heç kəsi nəzərdə
tutmamışam. Amma onlar özləri o cəhətləri
özlərində görüblərsə, demək ki,
güzgüdən küssünlər. Bir də ki, bir dəfə
də onların özlərinə sual verin ki, bax onlar məndən
nə istəyirlər? Onlara heç bir pisliyim dəyməyib
və çoxusunu da heç üzdən də
tanımıram. Bunlar özlərinə bu mövqeyi
seçiblər ki, yazıları daha çox oxunsun. Yəni
Anardan yazanda daha çox oxucuları olacaq?
- Bəs yeni həcv olacaq?
- Biri oldu
və deyəsən şapalaq yaman tutub. İndiyəcən
sakit ola bilmirlər. Məndən əl çəksinlər,
heç kimlə işim yoxdur. Mənim missiyam var və nə
qədər ki, sağam, bu xalqın ədəbiyyatına, mədəniyyətinə
xidmət edəcəm. Nə qədər əl-ayağıma
dolaşsalar da mən bu işi görəcəm. İstədiyim
odur ki, az əl-ayağıma dolaşsınlar, mən də
daha çox işlər görə bilim.
- Bəs ictimai-siyasi prosesləri nə
qədər yaxından izləyə bilirsiniz?
- Mən
çalışıram daha çox ədəbiyyatla məşğul
olum. Siyasətlə vaxtilə məcbur idim məşğul
olmağa. Bütün ictimai həyat Qarabağ problemi
başlayandan bəri Yazıçılar Birliyinin ətrafında
idi. Mənim bir kitabımda burda və xaricdə bu sahədə
bütün çıxışlarım toplanıb. Daha sonra
partiyalar yarandı və mən də siyasət adamı
olmadığım üçün kənara çəkildim.
Bəzən mənə sual verirlər ki, siyasətdən
uzaqlaşmamışdınsa, niyə deputat seçilirdin? Mən
deputat kimi Milli Məclisdə mədəniyyət məsələləri
ilə məşğul olurdum. Çünki elə mədəniyyət
də siyasətin tərkib hissəsidir. Siyasətçilər
yalnız siyasətlə məşğul olsalar
yaxşıdır. Ədəbiyyat məsələlərinə
qarışmasınlar...
…amma mənim mövqeyim dəyişməz
qalır
- Bəzən
yazıçıları, ziyalıları siyasi proseslərə
münasibət bildirmədikləri üçün ittiham
edirlər ?
- Bu
ittiham edənlər hər gün bir fikrə gəlirlər.
Niyə o vaxt sən filankəsi müdafiə etmirdin və
s... Sonra baxıram ki, onların əleyhinədirlər.
İndi də deyirlər ki, sən niyə onu tənqid etmirsən?
Bunların mövqeyi daim dəyişir, amma mənim
mövqeyim dəyişməz qalır.
- Ziyalılar Forumuna münasibətiniz
necədir ?
- Orada
Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Cəmil
Həsənli mənim yaxın dostlarımdır və bu həmişə
də belə olacaq. Onlara böyük hörmətim var.
- Bəzi insanlar deyir ki, biz Anar müəllimi
tərif elədik bizi başa çıxartdı, amma tənqid
edən kimi də kənarlaşdırır. Buna münasibətiniz
necədir?
- Biz
heç kimi tərifə görə başa
çıxartmamışıq. Mən bu günə kimi də
heç kəsə deməmişəm ki, məndən tərif
yaz, səni başa çıxardacağam. Kimsə bunları
təmənnalı edirsə, ona sadəcə ayıb olsun. Yox
əgər ürəkdən gəlib yazıbsa, sağ olsun.
Bir nəfər ictimai yerdə tərbiyəsizlik etdiyi
üçün kənarlaşdırılıb.
Mən yazıçılara
yaxşılıq etmək üçün bu mənzilləri
aldım
- Bəs
Südabə Sərvi ilə bağlı nə deyə bilərsiniz?
Onun işdən kənarlaşdırılmasında sizin də
adınız hallandı...
- Bu məsələ
barədə danışmamışdan öncə ev məsələsinə
toxunum. Mən yazıçılara yaxşılıq etmək
üçün bu mənzilləri aldım. Bu, çətinlik
içində olanlara az da olsa, kömək edə bilərdi.
Amma bu yenə mənim başımda çatladı. Südabə
Sərvi də mənim ona xeyli yaxşılığımdan
sonra haqqımda nalayiq şeylər yazdı. Amma eşidəndə
ki, onu işdən çıxardıblar, elə birinci mən
Vahid Mustafayeva zəng elədim və onun yenidən işə
bərpa olunmasını xahiş etdim. O da dedi ki, Südabə
Sərvi bizim daxili qanunlarımızı pozub və ona görə
də kənarlaşdırılır. Mən heç kəsin
çörəyinə bais olmamışam və heç vaxt
da olmaram. Əleyhimə olanlara bəzən cavab verirəm,
amma ayrı heç bir hərəkət etmirəm. Mən
onun yenidən işə qayıtması üçün zəng
edib xahiş edirəm, amma qəzetlər nə yazır? Guya mən
onu işdən çıxartmışam. Bunu yazanlarda
azacıq vicdan olsaydı, belə etməzdilər. Bir də bəziləri
də açıq şəkildə yazır ki, belə etməklə
məqsədimiz Anarı öldürməkdir. Yaxşı məni
öldürsəniz, sizə heykəl qoyacaqlar? Mən bilmirəm
bunların arxasında kim dayanır. Sahiblərini bilsəm
sözümü onlara deyəcəm.
- O zaman siz bizim mətbuatda obyektivlik
görmürsünüz?
-
Bütün mətbuatı bura aid etməzdim, amma bir hissəsi
obyektiv iş görmür. Min dənə müsbət işlərimiz
olsa belə, yenə də Yazıçılar Birliyinə
qarşı neqativ materiallar çap edənlər də var.
Bu da yəqin ki, kimlərinsə tapşırığı ilə
olur. Baxın stolun üstundə gördüyünüz yeni nəşirdi.
Moskvada çap olunub, mənim “Dədə Qorqud”
kitabımdı. İndi sizi inandırım ki, bu barədə
nə “Azadlıq”, nə də ki, “Yeni Müsavat” qəzeti verəcək.
- Bəs bu cür haqsızlıq edən
jurnalistlərə nə demək istərdiniz?
- Mənim
ən hörmət etdiyim bir sahə jurnalistikadır.
Yazıçılar Birliyinin üzvü olmamışdan
öncə mən Jurnalistlər Birliyinin üzvü
olmuşam. 19 il “Qobustan” jurnalının redaktoru işləmişəm.
Ona görə mən özümü həm də jurnalist
sayıram. Bu peşəyə böyük hörmətim var.
Çox namuslu jurnalistlər var. Amma bəziləri də var
ki, ancaq təxribatla, böhtan atmaqla məşğuldur. Hətta
televiziya kanallarına çıxıb bu qurumun
bağlanması haqqında danışanlar da var. Amma
hal-hazırda Yazıçılar Birliyinə üzv olmaq
üçün 200-ə yaxın ərizə var. Bu 1500
adamın da özü gəlib, biz heç kimi dartıb bura gətirməmişik
ki…
- Son olaraq gənclərə məsləhətiniz
varmı?
- Adam
olsunlar...
Könül Səid
Kaspi.-2012.-8 iyun.-S.12.