“Bu gün
artıq savaş mədəniyyətlər üzərindən
gedir”
Əhməd
Şəfəq: “Biz küçələrə su səpməyi
yaddan çıxarmışıq, birinin o suyu səpməsi
lazım. Artıq küçələr kirli! O küçədən
yar gəlib-gedər, yarın ayaqlarımı tozlu, yarın
könlümü tozlu, bilinməz. Onun ayağının tozu
bizim könlümüzə işlər...”
Heydər
Əliyev Sarayının səhnəsində
bir ifaçının konsertini dinləmişdim bir müddət
əvvəl. Adına Əhməd Şəfəq demisdilər.
Saray başdan-ayağa doluydu. Ön cərgələrdə
onun sevdalıları ayaqüstəydilər.
Bir
anlıq düşündüm, niyə bu qədər sevilir
bu adam? Nə var ki, bunda? Saçları üzünə
tökülən, sığalsız bir adamdı da. Heç
müğənni də səhnəyə beləmi
çıxar?
Yaşım
azdı onda, elə bilirdim dünya mənim gördüyüm
kimidir. Bu adam, bu ifaçı o zalı elə bir titrətdi
ki, indi də yanımda adı çəkiləndə
canımda o titrərtini hiss edirəm. Hələ bir “Yaşa
Azərbaycan” oxumağı vardı...
O, Azərbaycana
yalvarmırdı yaşamağı üçün, hökm
edirdi!
“Adam
gibi”si vardı bu adamın, “Yalnız Kurt”u vardı,
“Sarıkamış”ı vardı...
Anladım!!!
Bu adam mənim adamımdı!!!
Saat
gecənin 3-ü. Əhməd Şəfəqin bir neçə
saatlıq Bakıda olduğunu öyrənən dostlarım bu
söhbət üçün şərait yaratdılar. Eyni zamanda bu mövzuda bizə
sənətçinin qardaşı
Eyyub Şəfəq də kömək etdi. Həm
dostlara, həm Eyyub bəyə təşəkkür edirəm.
Artıq bu dəli adamla həmsöhbətəm:
-Bakıya
xoş gəlmisiz, Əhməd bəy...
-Xoş
gördük.
-Deyə
bilərsizmi, Azərbaycan, Bakı sizin üçün nə
ifadə edir?
-Azərbaycan
mənim üçün kəlmələrlə ifadə
oluna biləcək bir məfhum deyildir. Hər halda ilk növbədə
bunu deyə bilərəm, mənim həyatımda özümü
çox daralmış, çox bunalmış,
sıxılmış, çox bədbəxt hiss elədiyim
zaman ağlımın, könlümün bir tərəfində
bir an düşünüb, “çox
sıxıldım amma bilirəm, Bakı var, Azərbaycan var və
mən oraya gedib bütün bunlardan qurtulacam, özümü
xoşbəxt hiss edəcəm” dediyim bir yerdir. Azərbaycan
mənim üçün bir rahatlıq mərkəzi, bir
rahatlıq atmosferasıdır. Bakı
deyirəm amma əslində mən Azərbaycanı, Quzeyi,
Güneyi çox yaxşı bilirəm. Paytaxtlar ölkələrin,
dövlətlərin, millətlərin də özətini və
imicini öz
içində təkbaşına yansıda bilirlər. Bizdə necə Ankara Türkiyənin imicini əks
etdirən bir yerdirsə, Bakı da Azərbaycanın
duruşunu yansıdır. İctimaiyyətin
ruhu və nəbzi burda atır. Bu səbəbdən
Bakıdan bəhs edirik. Mənim
üçün Bakı rahat olacağımı
düşündüyüm, bir bağça, bir gülüstandır.
Bakı mənim ruhumun yatağıdır.
Ruhumun bağçasıdır burası.
Sizə bir məqamı deyim, Türkiyədə Saba
Tümerin proqramında məndən niyə, Bakı deyə
soruşdu.
Dedim ki, dünyada sevdiyim üç şəhər vardı:
İstanbul, Paris,
Bakı. Parisi ruh dünyamdan
çıxardım, mənim üçün artıq
Bakı və İstanbul qaldı. Bu indi də
belədir.
Özümü bir millət adamı hesab edirəm və
Azərbaycanı çox sevirəm. Millətinin taleyini
yaşayan, onun yükünü çiyinlərində
daşıyan bütün millət adamlarının bir
çərçivəsi var. Mənim ruhumun divarları arasında
Bakının yeri xüsusidir.
Bir bəstəkar-müğənni kimliyi
ilə qeyd eləsək, mənim üçün Bakı eyni
zamanda çox sevdiyim və Türkiyədə mükafatlara
layig görülən mahnılarımı bəstələdiyim
bir yerdir. “Sarıkamış”ı, “Kader katibi”ni, “Habersiz gitme”
mahnısını burda bəstələdim. Demək
ki, Bakı eyni zamanda musiqi bəstələyə bildiyim bir
yerdir. Bir musiqi bəstələyə bilmək
üçün, Allahın inamını, Allahın
ilhamını könlündə hiss etməlisən. Bu da onu göstərir ki, Bakı həm də mənə
ilham verən bir yerdir. O zaman özümü Allaha
yaxın hiss etdiyim də bir yerdir Bakı.
-Bir RUH adamının, bir mənəviyyat adamının
könlündən xəbərsiz gedən kimdir?
-Könüldən
xəbərsiz getmək mümkün deyildir. Amma bilirsiz, RUH ilə
BƏDƏN dediyimiz, bir-biri olmadan olmayan o iki ünsür bəzən,
xüsusilə də
EŞQ vaxtında bir-birindən uzaq düşər.
Bəzən insanın ruhu bədənə
qürbət olar, bəzən də bədən ruha qürbətə
çevrilər. Xəbərsiz getdiyini
düşünən əlbəttə ki, var. Amma bilməz
ki, EŞQ əslində AŞİQİN yaşatmış
olduğu duyğudur. EŞQ sevən ilə
sevənin sevilənin İÇində şişirdərək
yaşadığı bir hissdir. Bu səbəbdən
sevilən getsə belə, əslində onun EŞQi sevənə
aiddir. Həmişə deyirəm-EŞQdə
sevən böyükdür, sevilən deyil. Bu, illər
sonra Leylinin gəlib Məcnuna”aha, iştə Məcnun, bak, bən
gəldim! Yıllardır, beni aradın çöllərdə,
bak, iştə gəldim! deməsinə bənzəyir.
Məcnun dönər Leylaya “hayır, mənim gözlədiyim
sən deyildin ki... Mənim gözlədiyim
gönlümdəki Leylaydı, sən deyil!”
-Bəlkə
də o EŞQƏ çatmaq elə HAQQa çatmaqdır?
-Əlbəttə ki, elədir. Amma bir məsələ
də var, HAQQa çatmaq və HAQQ eşqi təkcə
kainatın yaradıcısı olan xaliqə duyulan hiss deyil,
belə bir sevgini heç xaliq də istəməz. Xaliqin mövcudiyyətini var edən məxluqun
EŞQi deyil. Var olan Allahdır,
bütün kainatın yaradıcısı odur, bütün
kainat xaliqin və Allahın görüntüsüdür.
Məxluq kimdir ki, Allahın yanında?
İnsan, çiçək, böcək, dağ-təpə,
torpaq, sevgi, ağac və s. hamısı xaliqdir əslində.
Buna rəğmən, təkcə
özünün sevilməsini istəməz. Çünki mələkut aləmi ona “biz varıq,
sən bizi nurdan yaratdın, bu, çamurdan yaratdığına
niyə bu qədər güvənirsən?”dediyində
Allah-Təala deyər ki, “mən sizi nurdan yaratdım, siz məni
onsuz da sevmək məcburiyyətindəsiniz, bu,
çamırdan yaratığım da məni sevəcək. Hələ çamurdan yaratdığım bir-birini
sevərsə, yəni çamur-çamuru sevməyi bacarırsa,
baxın, o zaman mənim Xaliq olmağımın qiyməti
ortaya çıxacaq!”
Millət adamlarının önəmli özəlliklərindən
biri də eşqi bacarmalarıdır. Eşq əslində
bir yalnızlıqdır. Önəmli olan
yalnızkən sevməyi bacarmaqdır. Sevdiyini
qarşısına alıb, ona eşqini elan etməyə nə
var ki. Çətin olan şey o bir xəyalkən o xəyalı
yaradan və ona aşiq ola biləndir. Millət adamları da xəyala aşidilər.
O xəyalın ucu xaliqə dayanmazsa gedərək insanlar o xəyalı
ortadan qaldırar və özlərini bəyənməyə
başlayarlar. Məhz bu üzdən aşiq olmaq,
yaradıcı olmaq çox çətindir.
-İnsanlardan istədiyiniz nədir?
-Hə, gəldik
əsas suala. Bu camaatdan əslində bunu istəyirik-həyat
elə bir şeydir ki, maddiyyat-pul, vur-çatlasın
mücadiləsi içərisində insanlar əslində bir
məxluq olduqlarını unudurlar. Bizim etməyə
çalışdığımız, camaatdan istədiyimiz
budur- iki şeyi unutmayın, birincisi, sizi bir Allah yaratdı,
ikincisi, sizin bir millətə aidliyiniz var. Ay insanlar, sizin bir
yaradıcınız var, siz bir məxluqsunuz, xaliqə
yaxınlaşdıqca siz gözəlləşəcək,
daha möhkəm olacaqsınız. Bu da ancaq
EŞQ ilə mümkündür. EŞQi
yaddan çıxaran insan Quranda da deyildiyi kimi heyvandan daha
aşağı olur. Halbuki, insanı
heyvandan daha yuxarı, insandan da üstün qılan şey
ancaq və ancaq Allahı düşünərək edilən
şeydir. Bunu unudan insan bir gün mütləq
özünə səcdə etməyə,
şeytanlaşmağa başlayacaq. Yeni albomumda belə
bir mahnı hazırladım, o mahnıda, sən ey sevgili, Bəqərə
yurdunda (Bəqərə yurdu insanların Allahı unudub
Allahın elçisinə söz verdikləri halda bir inəyə
tapdıqlarından bəhs edir) Orda deyir ki, ey sən,
Allahı unudub Bəqərə yurdunda bir atəşlə kor
olanlardansanmı? Həyat da Bəqərə
yurdudur və onun dəbdəbəsi içində insanlar
gözlərini kor edərlər.
Mən məhz
o insanlara səslənirəm:
Gözlərinizi
iki şeyə açın,
1.
Allahın Xaliq olduğunu və sizin məxluq olduğunuzu
unutmayın,
2. Sizin
bir millətə aidliyiniz var, siz Türksünüz!
Bu
qürbət dediyimiz dünya halında sizin dikbaşlı
yaşamağınıza səbəb olacaq şey budur!
İnsanlar təkbaşına yaşaya bilməzlər. Bunun əyani sübutunu
Daniel Defo “Robinzon
Kruzo” kitabında verib. Yazar Robinzonu
adada tək qoymadı, onun yanına Cüməni göndərdi.
Bu, o deməkdir ki, insanlar təkbaşına yaşaya bilməz,
onlar bu dünyada millət adına xoşbəxtliyi
tapmaq üçün millət halında
yaşamalıdırlar. Allah bizə öz ayətindən TURK
adını verdi. Mənim camaatdan istədiyim
budur-Allahı, kimliyini unutma, sən Türksən!!!
-Bunu
camaatın çox yaralı bir yerindən istəyirsiz,
axı. Siz öz mahnılarınızla, öz sevdanızla
insanların ürəyinə nüfuz edirsiz və hökm edərək
bu sevgini onlardan tələb edirsiz...
-Məncə
insanların heç də hamısı bu təəssüratı
almır.
-Azərbaycanda
sizi həddindən artıq sevirlər...
-Bu, nə
qədər belədir, bilmirəm. Əgər
dediyiniz kimidirsə, bu, məni çox xoşbəxt edər.
-Bu saatda
burda olmağım buna əyani sübut deyilmi?
-O sənin
öz ruhunun gözəlliyidir, Nigar. Mən millətin
sevgisini gözləmirəm axı, bu, məni özümdən
razı birinə çevirər. Xalqımın
məni böyük bir EŞQlə, sevgiylə sevməyini
anlamıram mən, çünki həyat məmnim
mahnılarımı unutduracaq qədər çətin və
əzablıdır. Nəinki mənim
mahnımı, bu həyat Alim Qasımovu unutdurur, Rəşid
Behbudovu unutdurur.
-Hər
şey KÖNÜLdə qalır, axı...
-Könüldə
qalır amma insanların iradələrinə, könüllərinə
birbaşa təsir edən ən önəmli amil
gözdür. Dünya dediyimiz bu dairədə
GÖZ qəlbimizi çirkləndirir. Türkiyədə
çap olunan “Şöhrət sənəti
öldürdü, cinayəti mən gördüm” adlı
kitabımda Balzakın “gözün qastronomisi” fikrinin üzərində
dayandım. O iddia edir ki, gözün də
qastronomiyası var, halbuki bu, ağızla olmalıdır. Aldığın qidanı ağzından udub mədədə
həzm edirsən. Göz də belədir.
Bu gün bütün elm adamları bunu
düşünür. Kütlə gözlə
düşünür, göz isə qəlbin çox ciddi bir
düşmənidir.
-Hər
şey qəlbə gözdən getmirmi?
-Təbrik
edirəm, bəs mənə deyərsənmi, bu gün
dünyada görərək bizi çox xoşbəxt eləyən
və qəlbimizi ifadə edən nə qədər gözəllik
görürük? Efirlərdə, küçələrdə,
bax elə burda, Nizami küçəsində, İstambulun
Taksim meydanına çıxaq, görək, bizi nə
xoşbəxt edəcək? Bunu görə
bilirikmi? Xeyr. Çünki
gözlərimizin önünə elədiyimiz çirkin əməllərin
toru sədd çəkib. Özdəmir Asaf deyir ki,
“Bütün rənglər bərabər kirləndilər
amma öncəliyi bəyaza verdilər”. Əslində
bəyaz olan KÖNÜLdür. Bizim
könlümüz hər şeydən əvvəl çirklənir,
çünki gördüyümüz və
baxdığımız hər yerdə pislik görməyə
başladıq. İnsanlar bir-birlərinə
olan inamı, etibarı itirdilər. Paxıllıq
hissi çoxalıb, Allahı unuduruq. İnsanlar
materialist olduqları anda gözləri kirlənər. Birinin buna dur deməyi lazımdır, bu yolun
çıxmaza dirəndiyini kimsə deməlidir artıq.
Bu pis tamaşanın ssenaristləri də,
oyunçuları da, rejissoru da bizik amma ərsəyə gətirəndə
qəbahəti kənardakılara yükləyirik.
Mahnıda deyilir e,
“Küçələrə
su səpmişəm,
Yar gələndə söz olmasın.
Elə gəlsin,
elə getsin,
Aralıqda
söz olmasın...”
Biz küçələrə su səpməyi yaddan
çıxarmışıq, birinin o suyu səpməsi
lazım.
Artıq küçələr kirli! O küçədən
yar gəlib-gedər, yarın ayaqlarımı tozlu, yarın
könlümü tozlu, bilinməz. Onun ayağının tozu
bizim könlümüzə işlər...
Mən bəlkə də mahnılarımda EŞQdən
bəhs edirəm amma bütün hər şey insana xidmət
edir. İnsandan kənar qaçmış EŞQ məncə
saxtakarca bir hissdir. Allahın sevdiklərini
sevməyənlər Allahın özünü sevə bilməzlər.
Mən Allahın çamurdan
yatadığını çox sevirəm, ona aşiqəm.
-SEVDA nədir?
-SEVDA
insanın ÖZünü itirməsidir. Özünü
itirməsə sevdalı deyildir. Insan nə
zaman ki, özünü dərk edər artıq sevdalı
olmaqdan çıxar.
-DƏLİLİK
nədir?
-Dəlilik
sevdalı olmaqdır.
-Əhməd Şəfəqin axşamlar
başını yastığa qoymadan əvvəl dərdləşdiyi
Əhməd necə biridir, kimdir?
- Bu
günlərdə İstambulun gözəl bir səmtində,
Ortaköydə yeni bir evə köçdüm. Evimin eyvanından Boğaz körpüsü
görünür. Onun işıqları yanıb-sönər
və mən zavallı, aciz bir yaratıq olaraq o işıqlar
yanıb sönərkən o gecənin qaranlığında
dua oxuyaram ”Rəbbim, gecənin şərindən,
ins və cindən məni qoru! Rəbbim, bütün bu şəraiti
mənə sən yaratdın, dünən bundan yaxşı
deyildim, bunu da sən yaratdın, bu gün dünəndən
daha yaxşıyam, mənə dünənimdən dərs alan müdrik Əhməd Şəfəq
olmağı nəsib et!”
Əhməd Allahın qarşısında aciz bir
zavallı olduğunu unutmayan bir insandır. Amma Allahın
verdiyi bir iradə var, o iradə məni şərəfli bir
insan qılar. Mən nə qədər
acizsəm o ölçüdə də şərəfliyəm.
-ŞƏRƏFin bir ölçüsü varmı?
-Var.
Allahı, Allahın yaratdığı çamuru Allah
üçün sevmək!
-QÜRUR
nədir?
-Qürur
düşmənə qarşı olandır, özünə
qarşı olan düşmənlik deyil, çünki adam düşmən anlayışını
özü ilə mütənasib qılarsa Həzrət Əlinin
məqamına düşər. Həzrət Əli
düşmənin başını kəsmək istədiyi
anda düşmən onun üzünə tüpürür və
Həzrət Əli qılıncı atır. Deyir ki, mən onu öldürəcəkdim, amma
üzümə tüpürdüyümə görə ona
şəxsi kinim yarandı. Baxın, şərəf
anlayışı budur. Mənim şərəfim
anlayışı olmamalıdır. Millət
adamlarında belə bir şey var. Millətlər öz iradələrilə
yollarını tapa bilməzlər. Onların
yollarını təyin edən adamlardır millət adamları.
Xalqla, millətlə bağını qoparmayan,
millətinə doğru yol göstərən adamlar. Millət adamları şərəflidirlər.
Sual edilə bilər, nə qədər millət
adamı var? Bilmirəm. Mən sadəcə millət adamı olmağa
çalışıram.
-Bir sənətçinin
siyasi mövqeyi olmalıdırmı?
-Hələ
bu gün daha çox olmalıdır. Dünyada baş verən
bir proses var. XVIII əsrdə yaşamış Tomas Hops
adlı bir ingilis liberal filosofu dövləti “Levitan”
adlandırır. Levitansa əjdaha deməkdir.
Dünyanın əjdahası da Amerikadır.
Amerikanın, xristianların qaidəsi Azərbaycanın
bütövlüyünü, Türkiyənin
bütövlüyünü məhv etməkdir. Əjdaha kimi Azərbaycanı da, Türkiyəni də
udmağa çalışır. Bu gün
sənətçi mövqeyini bu əjdahaya qarşı
tutmalıdır. Milləti yox edilərkən, dili, mədəniyyəti,
dini, tarixi, laylaları yox edilmək istərkən Azərbaycanın
bütövlüyü təhlükə altındadırsa sənətçi,
müğənni şöhrətli ola
bilməz. Bu sözüm Azərbaycan, eləcə
də Türkiyə sənətçiləri
üçün keçərlidir. Bölünməkdə
olan bir millətin ya da bir dövlətin şöhrətli sənətçisi
olmaq sizə heç bir şey qazandırmaz! Bu, şərəfsizlikdir!
Təhlükə altında olan bir millətin çox
şöhrətli bir sənətçisi olmaq kimə
lazımdır? Bu gün artıq savaş mədəniyyətlər
üzərindən gedir. Azərbaycan
müğənnisi, eləcə də Türkiyə sənətçisi
öz mədəniyyətinin ətrafında toplanmalı, onun
bayrağı və sancağı altında olmalıdır.
Başqa cür niyə musiqi yapalım ki?
Sən
bir az öncə Yunus Əmrədən
dedin,
“Onlar bir
vaxt bəylər idi,
Qapıçılar,
korlar idi,
Şimdi
bax gör nə haldelər,
Bəy kimdir, ya kulları?
Sonunda bir
gömlək geydirilər,
Onun da
yokdur cepləri...”
O biri
dünyada bizə veriləcək sualları cavablandıra biləcəyikmi?
Ay aman, mən röyayam, mən faiqəm, mən sezen aksuyam,
bunlar kimə lazımdır? Biz şöhrətin
arxasında deyil, sazımızla, sözümüzlə, fikir
və düşüncəmizlə millətimizin yanında
olmalıyıq.
-Mənə
bir az sazdan danışın...
-Saz odur
ki, Marağalının əlində bütün dünyaya
eşqin, insanlığın və millətin notlarını
yayan...
Saz odur
ki, Dədəm Qorqud əlində bütün Oğuz elini
birləşdirən...
Saz odur
ki, Aşıq Veysəlin əlində “iki qapılı bir
handa, gediyorum gündüz-gecə” deyərək insanın əslində
bu dünyadakı varlığını anladan...
Aşıq
Ələsgərə
“nə qədər bu dünyada eşq varsa, o qədər
də aşiq vardır” dedirdən...
Saz odur
ki, Türkün böyük mədəniyyətini bu mədəniyyətdən
xəbərsiz olanlara çatdıran...
Saz odur ki, sadəcə üçtelli, beştelli,
yedditelli halıyla deyil, böyük mədəniyyətin dili
ilə Türkün, İslamın halını
çağdaş şəkildə anladan, millətimizin
kimliyini zəmanədən asılı olmayaraq anladan və
axtaran.
Saz bizik! Biz sazıq!
Saz
TÜRKDÜR! Türk SAZDIR!
Dünyada Türkdən başqa sazı istifadə edən
başqa bir millət yoxdur, o sadəcə bizdədir. Bir diqqət
edin, Türklüyə qarşı haqlı bir aidiyyət
duyğusu ilə çalışan etniklərə,
misalçün, kürdlərə, onlardan soruşuruq ki, nə
söyləyirsən, deyir Türkü. Axı,
ay balam, sənin türkü deyil, kürdü söyləmən
lazımdır. Amma o türkü söyləyir.
Saz Türkü anladır. Aşıq Veysəl
oxuyur e “Türküz Türkü
çağırırız...”
-Siz səhnədə
olanda və ya musiqi bəstələyəndə ürəyinizdən
o tikan çıxara bilirsizmi?
-Bir sənət
admının ürəyindən o tikan heç vaxt
çıxmamalıdır. O tikan həmişə onun ürəyini
qanatmalıdır, ağrıtmalıdır. Çünki
insanı dərddir adam edən. Mənim
“Yalqız Kurt” adlı mahnımda deyir ”Hüzn
taze baharlar gibidir, nereye gidersen içindeki baharı
götürürsün”.
Hüzün bahardır, əslində. Mən
hüznü çox sevirəm. İnsan qəhqəhə
atarkən insan deyil, ağlarkən də deyil. İnsanı insan edən bax bu orta haldır,
hüzünlü halı. Dərdini ürəyinə
basdırır, tikanı üstünə qoyub deyir ki, ey dərdim,
səni sevirəm! İçimdəki
hüznü tükətmədim deyə mən musiqi bəstələyə
bilirəm. Allah qoysa on beş gün ərzində
yeni albomum çıxacaq, orda öz bəstələrim var.
-Sizin Azərbaycan
sevdanız Türkiyədə sizə problem yaratmır ki?
-Əksinə mən bu sevdanın çox gücləndiyini
görürəm. Əvvəllər mən Azərbaycanda
konsert verməkdən qayıdanda sənət yoldaşlarım
mənə “Azərbaycanda nə görmüsən” deyə
irad tuturdular. Cavab verirdim ki, siz heç mənim
gözümlə baxmadınız ki, Azərbaycana. Azərbaycan türkcəsinin bu gözəl, şəkər
halıyla danışılmasına gülürdülər.
Amma indi bu düşüncələr,
baxışlar dəyişib.
-Burda sizin
rolunuz danılmazdır...
-Xeyr, elə
deməyin. Biz televiziya proqramlarında çox təbliğat
apardıq, bəstələr hazırladıq. Bu gün artıq hər kəs bilir ki, Türklər
əslində miladdan əvvəl Sibirlərdən, Saxalardan Azərbaycana
gəliblər.
Bizim Türkiyədə
danışdığımız dil İstanbul dilidir.
-Bizim
dilimizdəki sözlərə sizdə əski türkcə
deyilir...
-Halbuki,
bu bizim XIV əsrin sonu XX əsrin əvvəllərində
İstambulda danışılan dillə Bakıda
danışılan dil eyniydi. Hüseyn Cavidin
oğlu Ərtoğrulun öz əliylə yazdığı
məktubları oxudum, sırf Anadolu türkcəsiydi. Allah rəhmət eləsin, Ərtoğrulun folklor
araşdırmaları toplusunu gördüm Cavid muzeyində.
Daha sonra İstanbul türkcəsi də pozuldu,
Azərbaycan türkcəsi də. Və bu
bizim günahımız deyil. Zaman gələcək
orta yolu tapacağıq. Hər kəs bir-birini
anlamaq məcburiyyətindədir və beləcə ortaq bir məxrəcə
gəlinəcək.
Mən
burdan Azərbaycanlı, türkiyəli iş adamlarına səslənirəm,
iqtisadcıyam, biznesim var deyə özünüzü
aldatmayın, iqtisadiyyat siyasətlə əlaqəlidir.
Dünyanın bütün iş adamları, kapitalistləri
siyasətlə məşğuldur. Corc Soros ən
böyük təbliğatı aparır dünyada.
Bir vaxtlar Zeynalabdin Tağıyev də bunu elədi. Türkiyədə iş
adamları da eləcə. Kapitalistlərə,
imperialistlərə özənməyin, Zeynalabdin
Tağıyev olun, Nuri Dəmiralp olun. O, mən bu ölkədə
milli təyyarə hazırlayacam deyə öldü. Zeynalabdin
Tağıyev dedi ki, mənim ölkəm Azərbaycandır,
bu ölkə heç bir gücün önündə əyilə
bilməz mütləq və mütləq müstəqil
olmalıdır. Füyuzat dərgisinə, Həyat dərgisinə
pul buraxdı, ilham verdi. Bakıdakı
bu gün də ən önəmli binaları miras qoydu. Ən əsası gəncləri xaricə oxumağa
göndərdi. Dağlardan Şollar suyunu alıb buralara
gətirdi. Bax, bu böyük insanlara bənzəməyə
çalışmaq lazımdır. Bizim
daha gözəl sabaha çatmaq üçün kənar
obraz lazım deyil, onlar bizim içimizdədir.
-Bu
gün Azərbaycanın Qarabağ məsələsi
Türkiyə sənətçiləri tərəfindən
yetərincə təmsil olunurmu?
-Xeyr. Türkiyənin sənətçiləri Güney
Doğu məsələsi ilə maraqlanmırlar ki,
Qarabağı da düşünsünlər? Türkiyənin sənətçiləri təəssüf
ki, bu gün Kürd açılımı məsələsinə
təslim olmuşlar. Onun Qarabağ dərdi
yoxdur ki, Qarabağ bir millət davasıdır, onu ancaq millət
adamları sahiblənir.
-Türkiyədə
o dediyiniz millət adamları kifayət qədər varmı?
-Var amma
onlar da doğru siyasət apara bilmədikləri
üçün millətə öz münasibətlərini
çatdıra bilmirlər. Millət adamları
millətlə bir araya gəlməyi bacarmalıdır. Onlar elə bilirlər
ki, doğru və düz yoldadılar və onları millət
axtarıb-tapmalıdır. Belə bir
şey yoxdur. Milləti sevirsənsə onu
axtarıb tapacaq, uğrunda mübarizə aparacaqsan. Biz
bu davanı aparacağıq!
- Bizə
son sözünüz...
-Kaspi qəzetini
çox önəmsəyirəm, çünki bu qəzet
yüzillik bir adət-ənənənin
davamçısıdır. Kaspi deyincə mənim
ağlıma Əli bəy Hüseynzadə, Zeynalabdin
Tağıyevlər gəlir, dolayısıyla müasir,
çağdaş, Azərbaycan türklük davasının
xadimləri gəlir. Mən onların
önündə baş əyirəm. Onlar
artıq Azərbaycana deyil, artıq bütün Türk
dünyasına aiddirlər. Əsərləri
ilə Türkiyənin də bir yolbaşıdırlar. Əli bəy Hüseynzadə Türkiyədə
Türkiyə Cümhuriyyəti dövlətinin başçısı
və qurucusu Mustafa Kamal Atatürkün müəllmi olan Ziya
Gökalpın müəllimidir. Mən
bunları öyrənirəm və bu qüruru
yaşayıram. Hüseyn Cavidləri
oxuyuram, bilim onların dramaturgiyası necədir, fikirlərimi
yeni nəsillərə əksiksiz çatdıra bilim deyə.
-Əhməd
bəy, bizim də sözümüz heç zaman
türküləriniz susmasın. O türkülər
Qarabağı, bizi anlatsın. Anlatsın ki, TÜRK
olduğumuzu heç unutmayaq.
Bu, türkü diliylə daha asandır, çünki
Türkü bizim İÇ səsimizdir. Bir də mən
türkünü bilirsiz nə vaxt tanıdım, TRT kanalının
Azərbaycanda yeni yayımlandığı vaxtlarda Fatih
Kısaparmağın qarabağlı nənəsinə
oxuduğu “Qadanalım” türküsüylə...
-Əmin
ol, bu anlatdığın şeyləri mən Fatih abiyə
çatdıracam. Deyəcəm ki, Azərbaycanda bir Nigar
qızımız var, jurnalistdir, türküyü ilk dəfə
səndə görmüş, deyəcəm.
-Deyin
ki, o Nigar nə jurnalistdir, nə ədəbiyyatçıdır,
sadəcə vətənini, millətini, türkünü,
TÜRKlüyünü sevən bir dəli adamın biridir!!!
-Mən
bunu eynən çatdıracam!!!
Söhbətləşdi Nigar
İsfəndiyarqızı
Kaspi.-2012.-15 iyun.-S.8-9.