“Sarı gəlin” filmi bir sualdır 

 

Sənədli film erməni kimliyini tamamilə yeni müstəvidə araşdırmağı təklif edir

 

Dünən Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” sənədli filminin təqdimatı keçirilib.  Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edib. Eyni zamanda, təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Xakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivləri “Sarı gəlin” mahnısını öz dillərində, hər xalqın özünə məxsus musiqi alətində ifa ediblər.

Layihənin rəhbəri Nazim Abdullayevin sponsorluğu və təşəbbüsü ilə çəkilən filmin ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır. İdris Heydərli qəzetimizə müsahibəsində filmin elmi müzakirələrə səbəb olacağını istisna etmədi.

- «Sarı gəlin» filminin ideyası necə yarandı?

- Əslində burada ssenari söhbəti yoxdur, araşdırma var. Azərbaycanın tarixi konsepsiyası uzun illər yanlış bir pəncərədə olub. Bu konsepsiyaya uzun illər rus pəncərəsindən yazılan metodologiya üzərindən baxılıb. Bu da yanlışdır. Biz sadəcə olaraq müstəqillik dövrümüzdə tarixi konsepsiyamızı dəyişməli idik. Bizim üçün tarix hazırlayanların konsepsiyası yox, özümüzün tarixi konsepsiyamız olmalı idi. Təəssüf ki, bu konsepsiya hələ mövcud deyil. Ona görə Azərbaycan tarixi yalnız parçalardan ibarətdir. «Sarı gəlin» ya «dolma bizimdir» söhbətlərinə son qoymaqdan ötrü əslində Azərbaycanın tarix konsepsiyası işlənilməlidir. Biz «Sarı gəlin»ə bu mövqedən yanaşdıq. Onuncu yüz illə iyirminci yüzilin müqayisəli təhlili gedir. Onuncu yüz ildə - Xəzər dövlətinin dağıldığı ərəfədə hansı proseslər baş vermişdisə, iyirminci yüz ilin əvvəlində hansı proseslər baş verdisə, müqayisəli bir mövqe qoyulur. Onuncu yüz illə iyirminci yüz ilin əvvəllərinin müqayisəsi Qafqazlarda baş verən proseslərə güzgü ola bilər. Çünki biz onuncu yüz ili tanımadan iyirminci yüz ildən danışa bilmərik. O zaman bəlli edə bilərik ki, erməni kimliyinin mahiyyətində dayanır. Erməni bir camaatdırmı, yoxsa etnik kimlikdir? Azərbaycan tarix müstəvisi erməniyə etnik kimlik mövqeyindən baxır. Bu da doğru deyil. Onlara daima qondarma erməni tarixi deyirik. Amma anlada bilmirik ki, bu qondarmaçılıq nədən ibarətdir. Bununla da əslində erməni tarixini qəbul etmiş oluruq. Bu da ondan yaranır ki, biz onları etnik kimlik kimi qəbul edirik erməni tarixini qəbul etmək məcburiyyətindəyik. Əgər ermənini etnik kimlik kimi qəbul etmiriksə, o zaman araşdırmalıyıq ki, bu prosesin kökündə nələr var. Əgər xristian məzhəbləri içərisində gedən savaşların konturlarını bilsək, o zaman müəyyən edə biləcəyik ki, bu, nədən ötrüdür. Pavlikyanların, süryanilərin, yaqubilərin məhv edilməsi, onların yaşadığı ərazilərdə erməni kimliyinin yaradılması hansı xristian məkanına xidmət edir? Biz bu tarixlərə Qıpçaq üzərindən baxdıq. Yəni Azərbaycan tarixində mövcud olmayan, amma publisistikasında mövcud olan Qıpçaq faktorunu tarix faktoruna gətirdik yoxladıq. Tarixi müstəvidə qıpçaqların əldə etdiyini ya itirdiklərinə, hansı izlər buraxdıqlarına baxmağa çalışdıq. Yəni əslində «Sarı gəlin»in mahiyyətində «bu kimindir fikri yoxdur. Bu, dahi Üzeyir bəyin 1909-cu ildə bəstələdiyi «Şeyx Sənan» operasında istifadə etdiyi bir mahnıdır. Bu operanın da üzə çıxması onuncu yüz ildə baş verən proseslərlə bağlıdır. Mahnı o dövrdə səsləndi. Əslində mahnı bizim üçün elə bir mahiyyət daşımır. Yəni söhbət mahnının bizim ya kimin olmasından getmir. Biz tarixlərə doğru düzgün işıqların qoyulmasının tərəfdarıyıq. Burada söhbət tariximizdə olan qaranlıq dəhlizlərin işıqlanmasından gedir. Azərbaycan tarixi yalnız qaranlıq dəhlizlərdən ibarətdir.

- Mədəniyyət turizm naziri Əbülfəs Qarayev filmin təqdimatı zamanı çıxışında deyib ki, “bundan sonra mədəniyyətimizi oğurlayanlara deyiləsi sözümüz olacaq”. Sizcə «Sarı gəlin» filmi bu kontekstdə ermənilərə ən tutarlı cavabdır?

- Ermənilər bütün mövqelərdə elə bir şərait yaradıblar ki, biz onların arxasınca gedib onlara cavab vermək məcburiyyətində qalmışıq. Son illərin bütün yazışmalarında, mübahisə müstəvilərində ermənilər nəsə deyirlər biz onlara cavab veririk. İlk dəfədir ki, Azərbaycan tarixində teleməkanında bir müstəvi yaranır ki, erməni kimliyi məsələsinə fərqli bir baxış bucağından baxılır. Bu baxış da artıq sırf Ermənistanın dini kimliyi üzərindən araşdırmadır. O zaman artıq söhbət burada «Sarı gəlin»dən getmir, qlobal mənada dünya tarixi müstəvisində erməni kimliyinin mahiyyətində qoyulan arqumentlər etnik kimliyin mövcud olmamasını bu din camaatının necə formalaşdığı faktorlarını üzə çıxarır. Buna görə bu araşdırma onların qarşısına kifayət qədər problemlər çıxaracaq. Onu da qeyd edim ki, ermənilər uzun müddətdir ki, sosial şəbəkələrdə bu müstəvini qıcıqla qarşılayırlar.

- Yəqin ki, siz bu araşdırmalarınızı ölkəmizin sərhədlərindən kənara çıxarmağa çalışacaqsınız?

- Artıq uzun müddətdir ki, bu araşdırmalar ölkədən kənarda kifayət qədər mübahisələr yaradıb. Film internetdə yayımlanıb böyük müzakirələr gedir. Erməni forumlarının çoxunda bu filmlə bağlı kifayət qədər qıcıqlandırıcı ifadələr yer alıb. Biz artıq bu faktoru ortaya qoyduq:  yəni erməni etnik kimliyi tarixlərdə mövcud olmayıb. Ona baxış nöqtəsi din kimliyi üzərindən olmalıdır. Bizim filmimiz «Sarı gəlin»lə yola çıxıb erməni kimliyinə baxmaq cəhdidir.

- Mənbələrinizi haradan əldə etmisiniz?

- Filmdə Azərbaycan tarixçisi Kərəm Məmmədov söz deyir. Danışan digər tarixçilər dünyada tanınan tarixçilərdir. Rusiya Elmlər Akademiyasının tarixçiləri, türk tarixçiləri fikirlərini bildirirlər. Yəni sırf tarixi mənbələrə istinad edən dünyanın tanınmış tarixçiləri filmdə danışırlar. Filmdə nağıl ya publisistik yanaşma yoxdur. Ekran əsərində tarixi kontekstdən yanaşma var.

- Yəqin ki, filmin festival taleyi olacaq?

- Bu film festivallardan daha çox elmi konfranslarda müzakirə olunmalıdır. Əslində «Sarı gəlin» filmi bir sualdır. Bu suallara hər kəs öz cavabını verəcək elm bu sualların alt qatını öyrənməyə başlayacaq. Bizim cəhdimiz bu idi. Biz tarix üzərindən bu sualların cavablandırılmasına cəhd edirdik. Başqa bir məqsədimiz olmayıb.

- Bəs filmin geniş auditoriya üçün təqdimatı nəzərdə tutulubmu? Məsələn, yerli telekanallarda ya kinoteatrlarda nümayişi...

- Bu artıq bizim işimiz deyil. Biz öz vəzifəmizi yerinə yetirdik. Azərbaycan teleməkanı hələ nağıllar danışır. Qoy danışsın. Amma dünya uşaqlıq zamanını çoxdan keçib. Dünya elmlə savaşır. Bizsə hələ nağıllarla savaşırıq...

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2012.-15 iyun.-S.16.