Gənclər fondu: ümidlər, gözləntilər 

 

Gənclər təşkilatları fəalları yeni yaradılan fondun perspektiv fəaliyyətini dəyərləndirir

 

2011-ci ilin iyulunda prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın bəndlərinin biri ölkəmizdə Gənclər Fondunun yaradılması ilə bağlı idi. Bundan sonra həmin ilin dekabrın 19-da dövlət başçısı Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun (AGF) yaradılması ilə bağlı fərman imzalayıb. Ötən dövrdə fondun əsasnaməsi hazırlanıb, fəaliyyət istiqamətləri müəyyənləşdirilib, müxtəlif gənclər təşkilatları, Avropadakı tərəfdaşlar ilə müzakirələr aparılıb.

Cari il iyun ayının 8-də isə Bakıda AGF-nin təqdimat mərasimi keçirilib. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcəkdir. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək də Fondun əsas məqsədləridir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAİT) sədri Gülsel Səfərova AGF-nin yaradılmasını yüksək dəyərləndirib. Bildirib ki, belə bir Fondun bir ideya olaraq ortalığa çıxması, bu gün isə onun tam icra mexanizminə çevrilməsi gənclər siyasətində yeni mərhələyə keçid prosesinin başlanmasına işarədir:

“AGF uzun illərin danışılan mövzularından biri idi. Keçən il cənab prezidentlə bir qrup gəncin görüşü nəticəsində bu ideya təsdiqləndi. Bir ildən sonra bu proses icraya yönəldildi. AGF gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını da dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarəedilməsini stimullaşdıracaqdır. Bununla AGF Azərbaycan gənclər siyasətinə böyük töhfələr verməklə yanaşı, gəncləri birmənalı şəkildə, tam olaraq istiqamətləndirdi.

Hazırda Azərbaycanda bir neçə donor təşkilat var. Bunlar dövlət qurumu olmalarına baxmayaraq, gənclər təşkilatlarına, gənclərə maliyyə yardımlarını etməkdədirlər. Lakin AGF-nin yaradılmasıyla nəinki gənclər təşkilatında fəaliyyət göstərən gənclərin, eyni zamanda sərbəst, heç bir təşkilatlarda fəaliyyət göstərməyən gənclər üçün yeni bir işıq, yeni bir yol açıldı. AGF-nin saytında həm yerli, həm beynəlxalq layihələrin dəstəklənməsi, eyni zamanda beynəlxalq tədbirlərdə iştirakla bağlı müraciət, ərizə formaları yerləşdirilib. Bunlar hamısı onlayndır. Bundan da başqa, Gənclər Fondunun yaradılması ölkə gəncliyində yeni bir abu-hava yaradıb. Bu abu-hava o deməkdir ki, gənclər artıq yeni bir ideyaların formalaşması üçün yeni məkan görürlər. Bu gün Azərbaycanda çox gənclər təşkilatları var. Onların hər birində ideyalarla dolu olan qovluqlar var. Necə deyərlər, gənclər təşkilatları bir ideya yığnağıdır. Belə olan halda, AGF-nin yaradılması bu ideyaların tam gerçəkləşməsi üçün geniş məkandır”.

G.Səfərova öz həmyaşıdlarını AGF-nin imkanlarından maksimum şəkildə yararlanmağa çağırıb: “Biz gənclər Fondun imkanlardan faydalanmalıyıq. Bu dövlət proqramının bir hissəsidir. Azərbaycan gəncləri 2011-2015-ci illərdə dövlət proqramının əsas qayələrindən biri idi Gənclər Fondunun yaradılması. Bu gün artıq bu var gənclərin ideyalarının, fikirlərinin, maraqlı layihələrinin gerçəkləşdirilməsi üçün yeni bir imkandır. Biz gənclər bu fürsətdən istifadə etməliyik. Sonucda, cənab prezidentin sərəncamı ilə verilən bütün dövlət proqramları biz gənclərin inkişafı üçün nəzərdə tutulub. Gənclərin inkişafı dedikdə, mən burada təkcə layihələrin icrasından sonra əldə olunan təcrübədən danışmıram. Burada eyni zamanda, intellektual layihələrə üstünlük verildiyindən intellektuallığın daha da inkişafını da vurğulamaq istəyərdim. O gənclər ki, həqiqətən Azərbaycan üçün, Azərbaycan cəmiyyəti üçün, daha spesifik desək, gənclik üçün nəsə bir töhfə vermək istəyirsə, həqiqətən   AGF-dən yararlanacaq, ölkəmiz üçün uğurlu işlərdə özünü göstərəcək. Bizim təşkilatın da mövqeyi buna çox müsbətdir. Çalışacıq ki, biz özümüz AGF-nin bütün imkanlarından faydalanıb ölkəmiz üçün töhfə verək”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov AGF-nin yaradılmasını müasir dövrümüz üçün, gənclik üçün əlamətdar hadisə kimi xarakterizə edib. O, gənclərin öz fikirlərini formalaşdırmaq, ideyalarını həyata keçirmək üçün AGF-nin geniş imkanlarının olduğunu diqqətə çatdıraraq, yeni yaradılan qurumun gəncliyin böyük dəstəkcisinə çevriləcəyinə əminliyini vurğulayıb: “AGF- bir neçə kateqoriya üzrə layihələr qəbul olunur. Bəzi gənclər öz QHT-ləri vasitəsilə müxtəlif layihələrin həyata keçirilməsinə nail olurlar.

Amma bu Fondun özəlliyi ondan ibarətdir ki, hər bir gənc fərdi şəkildə bura müraciət edə biləcək. Yəni, gənclər heç bir QHT, yaxud da hər hansı təşkilat üzvü olmadan, müstəqil şəkildə Fonda müraciət etmək imkanı əldə edirlər. Bununla onlar öz ideyalarını gerçəkləşdirə biləcəklər. Fondun təqdimatından da göründüyü kimi bu qurumun qarşısında kifayət qədər böyük məqsədlər dayanıb. Bu səbəbdən gənclər arasında Fonda böyük maraq var. O ki, qaldı QHT rəhbəri olaraq bu Fonddan gözləntilərimizə, üçüncü sektoru təmsil edən istənilən şəxs kimi mən AGF yönümlü qurumların yaradılmasında maraqlıyam. Bu cür Fondların olması QHT rəhbərlərinə, gənclərə, yaradıcı şəxslərə bir dəstəkdir. Müxtəlif layihələrin həyata keçirilməsi baxımından AGF-dən bizim gözləntilərimiz böyükdür. Düşünürəm ki, çoxsaylı gənc üzvlərimizin təklif etdiyi ideyalar bu Fondun dəstəyi nəticəsində reallaşacaq. Ehtimal edirik ki, Fond ona bəslənən bu kimi ümidləri tam doğruldacaqdır. AGF-nin varlığı bizim üçün tarixi hadisədir. Düşünürəm ki, Fondun imkanlarından geniş şəkildə yararlana biləcəyik. Fondda cəmləşən insanlar da kifayət qədər bacarıqlı, istedadlı, dünyagörüşlü insanlardır. Bu Fond Azərbaycan gəncliyinin arzularının reallaşdırılması baxımından əvəzolunmaz vasitəyə çevriləcəkdir”.

Müasir İnkişafİctimai Birliyinin sədri Mübariz Aşırlı AGF-nin yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı fərmanı da, çox qısa zamanda gənclərə dəstək olacaq Fondun fəaliyyətə başlamasını da sevinclə qarşıladığını dilə gətirib. Qeyd edib ki, Fond gənclər üçün, onların yaratdığı təşkilatların daha geniş çərçivədə fəaliyyət göstərməsi üçün stimul rolunu oynayacaqdır: “Fondun yeni təyin olunmuş rəhbərini, eləcə digər üzvlərinin əksəriyyətini şəxsən tanıdığım üçün məhz bu cür olacağına əminəm. Onlara yeni fəaliyyətlərində uğurlar arzulayıram. Prezident İlham Əliyevin təşəbbüsü ilə AGF- ilkin olaraq beş milyon manat vəsait ayrılıb. Fond təşkilatlara deyil, müstəqil gənclərin fərdi layihələrinə dəstək verəcək. İstərdim ki, Fond gənclərin rəhbərlik etdiyi təşkilatların ideyaları ilə yanaşı, digər QHT-lərin gənclərə yönəlik layihələrinə dəstək versin. Həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasında olduğu kimi AGF- siyasi mənsubiyyətə fikir verilmədən layihələr, təşəbbüslər dəstəklənsin. İqtidarı yaxud da müxalifəti təmsil etməsindən asılı olmayaraq, əgər gənclərə, gəncliyə yönəlik layihə uğurludursa, dəstəklənsin”.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-12 iyun.-S.4.