İnkişafın Azərbaycan
modeli: regionların sosial-iqtisadi inkişafı
Lənkəranın göz oxşayan
gözəlliklərini duymaq, füsunkarlığını
seyr etmək üçün günlərlə vaxt
lazımdır
Bakıdan
Lənkərana gediş-gəlişin heç bir çətinliyi
yoxdur. Gün ərzində qatar, elektrik qatarı, sərnişin avtobusları,
“xalturşiklər” yola düşür Lənkərana. 268 km
yolu Bakı-Astara qatarı ilə 9, avtobusla 5-6 saata, şəxsi
maşınlarla 3-4 saata qət etmək mümkündür. Hərçənd
bu nəqliyyat vasitələrində qiymətlər də fərqlidir.
Amma hər kəs öz cibinə sərf edəni seçərək
bölgənin bu dilbər guşəsinə yollanır.
Çətini
isə rayonun simvolu sayılan iri samovarın yanından
keçib, qoşa qala qapısını xatırladan daş
darvazadan içəri daxil olana kimidir. Şəhərə
daxil olan insanları elə girişdəcə mavi Xəzərin
gah sakit, gah da fırtınalı dalğaları salamlayır.
İrəlilədikcə yol boyu qırmızı kirəmitli,
yaraşıqlı, qırmızı kərpicli evlər, səkilərdəki
yamyaşıl ağaclar, sanki indicə salınan asfalt yollar,
rəngli hasarlar, qədim memarlıq nümunələrini seyr
etmək “cənub mirvarisi”nə daha yaxından bələd
olmağa kömək edir.
Qədimliklə müasirliyin
körpüsü
Şəhərə
gəlib çatanda günün günorta çağı
idi. Ancaq havanın istiliyinin
şəhərin qaynar həyatına təsirinin
olmaması dərhal hiss olunur. İş dalınca gedənlər,
dükan-bazara tələsənlər, səkilərdə
qaçışan uşaqlar, parklarda dincələnlər...
Xüsusən təsbeh
çevirən və özlərini yaşıl
ağacların sərininə verib keçmiş xatirələrini
bölüşən qocalar - sinədəftər insanlar.
Yadımda
ikən deyim ki, Lənkəran
keçən il “Azərbaycanın folklor paytaxtı” elan
edilib. Mədəniyyət və Turizm Nazirliyinin bu seçimi
isə təsadüfi olmayıb. Axı Lənkəranda camaat
arasında elə folklor nümunələri yaşayır ki,
onlar hələ də yazıya alınmayıb. Lənkəran
sözün, sənətin ilk qaynağı hesab olunur.
Bu qədim
ərazidə folklorumuzun çox qədim variantları
yaradılıb və yaşayır. Burada rəqslər,
laylalar, halaylar, çağırışlar və s. nümunələr
diqqəti cəlb edir. Əgər Lənkəran folklor
mühitini götürsək, bura orada yaşayan azsaylı
xalqların folklorunu daxil etməmək şərtilə, bu ərazidə
yaranan folklorun, poetik nümunələrin, ayrı-ayrı
deyimlərin tarixi çox arxaikdir. Folklorşünaslar hələ
də bu nümunələrin sona qədər
toplanmamasından təəssüf hissi keçirirlər. Məsələn,
deyirlər ki, Lənkəranın özündə yaranan elə
miflər var ki, onlar öyrənilməyib, qədim laydır,
bir mənbədir. Burada yaranan əski xorlar, əmək nəğmələri
və s. araşdırılmalıdır.
Əlamətdar
tarixlə əlaqədar keçən il Lənkəranda
nominasiyalara uyğun olaraq təntənəli mərasimlər,
respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar,
“dəyirmi masa”lar, konsertlər, müsabiqələr,
festivallar keçirilib.
Hazırkı
Lənkəranı müasirliklə tarixilik arasında
körpü adlandırmaq olar. Şəhərin qədim və
gün-gündən müasirləşən siması bunu deməyə
əsas verir.
Lənkəranın
gəzməli-görməli yerləri həddən artıq
çoxdur. Bura gələnlər təbii ki, bir və ya iki günə rayona
yaxından bələd ola bilməzlər. Rayonu gəzmək,
tarixinə bələd olmaq, göz oxşayan gözəlliklərini
duymaq, füsunkarlığını seyr etmək
üçün günlərlə vaxt lazımdır.
Ümumiyyətlə,
şəhəri gəzdikcə Lənkəranda regionların
sosial-iqtisadi inkişaf proqramının uğurla həyata
keçdiyini hiss etmək olur. Hamar yollar, şəhərin gecələrini
nura qərq edən işıqlar, yeni tikililər, qədimliyini
itirməyən evlər, tarixi abidələr, şəhərin
ümumi görkəminə nəinki yaraşıq verir, hətta,
turistlərin də diqqətini bu bölgəyə yönəldir.
Əvvəllər asfaltın əsər-əlamət
olmadığı ara yolların çoxu indi xeyli rahat və
işıqlıdır.
Bölgədə
yeganə olan Lənkəran Dövlət Universitetində isə
təkcə cənub bölgəsindən deyil, respublikanın
hər yerindən, o cümlədən Türkiyədən
olan tələbələr də təhsil alır.
Ümumilikdə
isə rayonda universitetdən savayı Humanitar Kollec, Tibb
Kolleci, Peşə Liseyi, 89 orta ümumtəhsil məktəbi,
53 məktəbəqədər və 6 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Hansı evin qapısını
açsan...
Lənkəranda
əhali dolanışıq səviyyəsindən narazı
deyil. Yaxın kəndlərin sakinləri məhsullarını
bazara çıxarıb satır, təsərrüfatları
hesabına dolanırlar. Şəhər camaatı da müxtəlif
müəssisələrdə çalışır və
daha çox xırda ticarətlə məşğul olurlar.
Şəhərin Böyük bazar adlanan ərazisi
insanların potensial dolanışıq yeridir. Bu bazar Lənkəran
kəndləri ilə şəhər əhalisinin qarşılıqlı münasibəti
şəraitində inkişaf edir. Burada hər cür ticarət
növünə rast gəlmək, az qala can dərmanı tapmaq
da mümkündür. Belə demək olar: şəhər və
kənd camaatı burada bir-birini dolandırır. Son illər
bölgədə çoxlu iş yerlərinin
açılmasına baxmayaraq, insanlar daha çıx
çörəklərini xırda ticarətdən
çıxarır və dolanışıqlarına da
şükranlıq edirlər. Tez-tez İrana və Türkiyəyə
də ticarət dalınca gedənlər çoxdur. Rayonda
Rusiyaya üz tutub gedənlər də istənilən qədərdir.
Bəlkə hər üç və ya dörd evdən birinin
övladı Rusiyada çalışır.
Lənkəranın
insanları çox mehriban və qonaqpərvərdir. Son tikələrini
də gələn qonağa verməyə hazırdırlar.
Onların səmimiyyəti də bu diyara qədəm
basanların yaddaşına həmişəlik yazılır.
Burada istənilən bir evin qapısını açıb əziz
qonağı ola bilərsən.
“Fırtınalar meydanı”
Lənkəranda
futbolu çox sevirlər. Demək olar ki, böyükdən-kiçiyə
hamı yerli “Xəzər” komandasınıın
azarkeşidir. Klubun idman arenası isə keçmiş
SSRİ ərazisində ən yaxşılar
sırasındadır. 15 min
azarkeş tutumu olan stadionu burada “Fırtınalar
meydanı” adlandırırlar. Ev oyunlarında stadionda boş
yer tapmaq çətindir. Hətta sevimli komandaları
haqqında xoş söz deyən hər kəsi az qala gözləri
üstə tutmağa hazırdır lənkəranlılar.
Bundan əlavə,
Lənkəran Dram Teatrı da yerli sakinlərin ən çox
üz tutduqları məkandır. Bu teatrın tarixi 19-cu əsrdən
başlayır. Vaxtilə səhnəsində Sidqi Ruhulla kimi
görkəmli aktyorun oynadığı teatr uzun illərdir
ki, əsl məbədə çevrilib. Teatrda hazırlanan
dünya klassiklərinin və müasir dramaturqların əsərləri
tamaşaçıları bu sənət ocağına cəlb
edir.
Rayonun
Boladi, Veravul və Vilvan kəndlərində ənənəvi
xalq sənətləri – xalçaçılıq, zərgərlik,
məişətdə işlədilən qamışdan əşyaların
toxunması ilə tanışlıq da marağımıza səbəb
oldu. Şəhərdə bəzi sənətkarlar daş,
ağac və metal üzərində oyma kimi xalq sənətləri
ilə məşğul olurlar. Ən maraqlısı isə bu
işlərlə məşğul olan insanların öz sənətlərini
ürəkdən sevmələri və incəliklərini
gedib-gələnlərə həvəslə
danışmalarıdır.
Keçmiş şöhrəti necə qaytarmalı?
Lənkəran
mülayim iqlimi, bol günəşi və məhsuldar
torpaqları burada çay, yapon xurması, feyxoa, limon və
naringi kimi subtropik bitkilərin yetişməsinə imkan
yaradıb. Belə ki, sovet
dövründə Lənkəran rayonu Azərbaycanın
çayçılıq və tərəvəzçilik
bazası rolunu oynayıb. Lənkəran tərəvəzi
subtropik meyvələri və çayı ilə nəinki
respublikanın şəhər və rayonlarının, o
cümlədən ittifaq respublikalarını təmin edib. Lənkəran
çayı 1981-ci ildə Leypsiqdə keçirilən
müsabiqədə "Azərbaycan buketi"
mükafatına və qızıl medala layiq
görülüb. İndisə çayçılıq
özünün o qədər də rahat olmayan günlərini
yaşayır. Müstəqilliyin ilk illərində çay
plantasiyalarının dağıdılması bu sahənin
geriləməsinə gətirib çıxarıb. Hazırda
Azərbaycan çaya olan tələbatının 95 faizini
xarici məhsullar hesabına ödəyir.
İstehsalçılar bildirirlər ki, vaxtı ilə Azərbaycanda
çay plantasiyalarının sahəsi 13 min hektara
çatırdısa, indi bu rəqəm 1000 hektara
düşüb. Başqa bir rəqəm isə belədir: hər
il ölkədə 16 min ton çay içildiyi halda, onun cəmi
320 tonu yerli çaydır. Qalanı xaricdən gətirilir.
Mütəxəssislər hesab edirlər ki, çayçılığı
dirçəltmək üçün bu sahəyə uzunmüddətli
kreditlər verilməlidir.
Hər kəsin cibinə uyğun
Lənkəran
turizm rayonu kimi məşhurlaşıb. Hərçənd bəzi
istirahət mərkəzləri xeyli baha olduğundan hər kəs
buralara yaxın düşə bilmir. Bununla belə həmin mərkəzlərin
öz müştəriləri var və boş yer tapmaq da
çətindir. O cümlədən, ortabab qiymətli və
xidmətli mərkəzlərə axışanlar da
saysız-hesabsızdır.
Yolustu yeməkxanaların
xidmətləri isə o qədər
də ürəkaçan deyil. Məsələn,
Masallıdan Lənkərana gedən yolda yerləşən “Cənnət
bağı” yaşıllığın içərisində
məskən tutmasına, böyük bir ərazini əhatə
etməsinə baxmayaraq, xidmət
elə də yüksək səviyyəli deyil. Xidmətçiyə
bir çaynik çay sifariş etmək üçün ən
azı yarım saat gözləməyə məcbursan.
Yol boyunca
ağacların arasında yerləşən bu cür xidmət obyektlərinə
çox rast gəlmək olur.
Elə Lənkəranın
özündə də mövsümi xarakterli bu cür xidmətlər
yüksək səviyyədə təşkil olunmayıb. Məsələn,
dənizin kənarında istənilən qədər belə obyekt fəaliyyət göstərir.
Hərçənd Avropa futbol çempionatına təsadüf
etdiyindən müştərilərin çoxu dəniz kənarında
çay və ya pivə içə-içə geniş
ekranlı “kinoteatrda” oyunları
seyr etməyə üstünlük verir. Bu baxımdan bu
cür “bisetkalar”da boş yer tapmaq da çətindir. Tapanda isə...
ətrafda natəmizlik və xidmətin primitiv səviyyəsi
hiss olunur. Zibil qutularının
qoyulmasına baxmayaraq, müştərilər boş
butulkaları, siqaret qutuları və kötüklərini,
konfet kağızlarını və s. ərzaqların
tör-töküntüsünü hara gəldi atırlar. Bu
natəmizliyi təkcə xidmət təklif edənlər yox,
həm də xidmətdən yararlanmaq istəyənlər
yaradır. Belə demək olar, sadə və ya ortabab
yaşayışlı adamlar üçün dəniz sahilində
elə dənizdən gözəl heç nə yoxdur.
Son illər
Xəzərin sahilində “Palıdlı Sahil”, meşəlik ərazidə
“Xanbulan”, “Bəşəru” istirahət mərkəzləri,
tam müasir tələblərə cavab verə biləcək
“Palmalife” oteli tikilib istifadəyə verilib. Bu cür obyektlərin
ərazisində isə təmizliyə, səliqə-sahmana
riayət olunmaqla bərabər qiymətlər də ucuz deyil.
Yerli sakinlər hərdən “bu obyektlər imkanlı qonaqlar
üçündür” deyə zarafatla dillənirlər.
Dənizin
sahilində həmçinin gözəl qumlu çimərliklər
salınıb və kiçik, rahat kotteclər tikilib. Yenə
təkrar edirəm, sadə adamların cibinə uyğun
olmayan qiymətə. Daha dəqiq desək, müasir turizm qiymətlərinə.
Rayona gələn
turistlərin sayı isə ildən-ilə artır. Qonaqlar
ilk növbədə rayonun zəngin flora və faunası ilə
maraqlanırlar. Talış dağlarında bitən nadir və
endemik ağaclar gələnləri heyran edir. Bütün
dünyada məşhur olan dəmir ağacı, ipək,
akasiya, palıd, evkalip, mantar ağacı və s. haqlı
olaraq Lənkəran florasının inciləri sayılır.
Hirkan Milli Qoruğunda isə nəsli kəsilməkdə olan
ağac növlərinə daha çox rast gəlmək olur.
Lənkəran
istər sıx meşələri, istər mavi dənizi, istər onu əhatələyən
yamyaşıl dağları, istərsə də
üzügülər, mehriban insanları ilə bu torpağa
qədəm basanlara isti qucağını açır. Gedəndə
isə bu cənub şəhərindən özünlə
yalnız xoş və unudulmaz təəssüratlar
aparırsan...
Təranə Məhərrəmova
Bakı-Lənkəran-Bakı
Kaspi.-2012.-12 iyun.-S.6.